Neft strategiyası davamlı inkişafın və rifahlı cəmiyyət quruculuğunun təməl daşıdır

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 7 ölkəsini təmsil edən 11  neft şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və  hasilatın pay bölgüsü haqqında”  imzalanmış saziş yeraltı təbii sərvətlərimizdən xalqımızın rifahı naminə  səmərəli istifadə olunmasına imkan yaratdı. Əsrlərdən bəri zəngin neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu artırmaqla yanaşı, bir sıra parlaq zəfərlərə yol açdı.

Heydər Əliyevin dərin zəkası, müdrik siyasətinin məntiqi nəticəsi olan yeni neft strategiyası ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyması üçün təməl daşı rolunu oynadı. Xalqımızın xoşbəxt gələcəyi, işıqlı sabahı naminə inkişaf və tərəqqi konsepsiyasına çevrilmiş bu strateji kurs ölkə iqtisadiyyatının gücləndirilməsinə, nüfuzlu xarici şirkətlərlə milli maraqlara söykənən səmərəli əməkdaşlığın qurulmasına, müasir texnologiyaların, yeni nəsil avadanlıqların neft sənayesinə tətbiqinə imkan yaratdı.

“Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə ümummilli liderimiz Heydər Əliyev demişdir: “ Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şikətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.

 “Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq aləmə qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanıtmaqla yanaşı, ölkə neft sənayesinin infrastruktur imkanlarını əhəmiyyətli dərəcədə  artırdı. Ötən illər ərzində yeni neft strategiyası çərçivəsində Xəzər dənizində dünya standartlarına cavab verən 6 hasilat və 2 texniki təchizat platforması inşa edilərək istismara verildi,  neftin sahilə nəqlini təmin etmək məqsədilə sualtı boru kəmərləri çəkildi, Səngəçal  terminalı inşa olundu. Xam neftin dünya bazarlarına çıxarılmasını təmin etmək məqsədilə alternativ ixrac marşrutları – Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri çəkildi. Bu qurğu və obyektlərin hər biri artıq uzun illərdir ki, Azərbaycanın yeni neft strategiyasının inkişafına, ölkəmizin iqisadi qüdrətinin artmasına xidmət edir.

1997-ci il noyabr ayının 7-də “Çıraq” yatağında hasilata başlanması   Azərbaycanın neft sənayesinin tarixinə möcüzənin reallığa çevrildiyi gün kimi düşdü. Sonrakı illərdə isə “Azəri” yatağının və “Günəşli” yatağının dərin sulu hissəsinin istismara daxil edilməsi ilə Azərbaycanda böyük neft hasilatına başlanıldı. İllər ötdükcə ölkəmizdə neftin hasilatı sahəsində rekord göstəricilər əldə olundu. Belə ki, “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin çıxarıldığı 1997-ci ilin noyabr ayından ölkə üzrə neft hasilatı təxminən 5,6 dəfə artaraq 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona çatdırıldı. Bütövlükdə isə 1997-ci ildən indiyədək “Əsrin müqaviləsi” çərçivəsində təqribən 410 milyon ton neft hasil olunmuşdur.

1996-cı ilin yayında Bakıda “Şahdəniz” yatağının əcnəbi şirkətlərlə birgə işlənməsinə dair imzalanmış hasilatın pay bölgüsü sazişinin uğurla həyata keçirilməsi Azərbaycanı, həm də dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirdi. Artıq 10 ilə yaxındır ki, “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac olunur.  2013-cü ilin sonlarından etibarən isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinə start verildi. “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək əlavə qaz həcmlərinin Avropaya çatdırılması “Cənub” qaz dəhlizi ixrac marşrutunun yaradılmasına yol açdı. Artıq sözügedən dəhlizin reallığa çevrilməsi üçün mövcud Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə, eləcə də TANAP və TAP boru kəmərlərinin inşasına başlanılıb. “Cənub” qaz dəhlizinin istifadəyə verilməsi isə il ərzində 25 milyard kubmetr “Şahdəniz” qazını Avropa bazarlarına çatdırmağa imkan verəcək. Bu isə Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolunu əhəmiyyətli dərəcədə artıracaq.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin qeyd etdiyi kimi, neft bizim üçün məqsəd deyil, ölkəmizin  qarşıya qoyduğu məqsədlərə çatması üçün bir vasitə rolunu oynadı. Yeni neft strategiyasının uğurla reallaşdırılması iqtisadiyyatın sürətli inkişafına imkan yaratdı, əhalinin rifah halının yaxşılaşdırılması üçün ölkədə sosialyönümlü  tədbirlərə diqqət artırıldı. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi strategiya nəticəsində son 13 ildə ümumi daxili məhsul, eləcə də sənaye istehsalı üç dəfədən çox artmışdır. Ölkənin maliyyə imkanlarının xeyli dərəcədə artması iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaratdı. Ötən illər ərzində neftdən əldə olunan gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqmətində konkret tədbirlər həyata keçirildi. Bunun da hesabına ümumi daxili məhsulda qeyri-neft sektorunun payı təqribən 70 faizə çatdırıldı. 

Neft və qazın satışından əldə olunan gəlirlərin Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisinə istiqamətləndirilməsi dövlət siyasətinin başlıca məqsədidir. Bunu nəzərə alaraq ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən ümummilli layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı. Dövlət başçısının 2000-ci il dekabrın 29-da imzaladığı digər fərmanla isə fondun Əsasnaməsi təsdiq edildi. Dövlət Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” təsdiq olundu. Həmin strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın, infrastruktur sahələrinin geniş miqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, “insan kapitalının” inkişafında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur.

Təsadüfi deyil ki, bu məqama toxunan Prezident İlham Əliyev demişdir: “Əldə olunan bütün gəlirlər şəffaf şəkildə qorunur, saxlanılır, idarə olunur və indiki mərhələdə ölkəmizin inkişafı ilə bağlı layihələrə yönəldilir. Gələcək mərhələdə maliyyə resurslarımızı şaxələndirmək üçün biz bu vəsaitdən müxtəlif ölkələrdə müxtəlif layihələrə investisiya şəklində də istifadə edəcəyik”.

 Ötən müddətdə Neft Fondunun Əsasnaməsinə uyğun olaraq, qurumun vəsaiti hesabına ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli problemlərin həlli və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və bərpası həyata keçirilib. Belə ki,  Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 297,9  milyon manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə 779,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak payının maliyyələşdirilməsinə 87,6 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 534,4 milyon manat,  Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli  sərəncamı ilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının formalaşdırılmasına 90 milyon manat vəsait ayrılıb.

Bununla yanaşı,  yeni neft strategiyasından əldə olunan gəlirlər hesabına  bir çox dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası və maliyyələşdirilməsi təmin edilib. Belə ki, fond tərəfindən “Məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi” və Bakı, Sumqayıt, eləcə də digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları obyektlərdə kommunal infrastrukturun yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlərə, ümumilikdə, 1 milyard 981,5 milyon manat vəsait yönəldilib. Eyni zamanda, Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair  Dövlət Proqramı”nda nəzərdə tutulmuş “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 278,7  milyon manat,  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 177,6 milyon manat xərclənib. Məlum olduğu kimi, 2003-cü ildən etibarən Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılmasında Dövlət Neft Fondunun vəsaitlərinə böyük üstünlük verilir. Ötən illərdə fondun vəsaitlərindən dövlət büdcəsinə 67 milyard 162 milyon manat  transfert edilib.

 2013-cü ildən etibarən Dövlət Neft Fondu yeni layihələrin maliyyələşdirilməsini həyata keçirir. Bu baxımdan Azərbaycanın uğurlu investisiya siyasətinin məntiqi nəticəsi sayılan "Star" neft emalı kompleksinin tikintisi layihəsi diqqət çəkir. Qardaş Türkiyə Cümhuriyyətində  reallaşdırılan  həmin layihədə Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 723,2  milyon manat, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında Azərbaycan dövlətinin iştirak payının maliyyələşdirilməsinə isə 974,7  milyon manta ayrılıb. Bununla yanaşı, yaxın gələcəkdə Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun, eləcə də Bakı yaxınlığında yeni neft-qaz və neft-kimya kompleksinin tikintisi layihələrinin reallaşdırılmasında da Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməsi nəzərdə tutulur.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əlıyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Güclü, qüdrətli Azərbaycan quruculuğu yolunda davam etdirilən qlobal neft-qaz və nəqliyyat layihələri, dövlət proqramları da ən ümdə məqsədə – ölkəmizin iqtisadi qüdrətınin və beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan dovlətinin iqtisadi qüdrəti bundan sonra da artacaq, iqtisadiyyat sürətlə inkişaf edəcək, xalqımızın maddi-rifah halı bir qədər də  yaxşılaşacaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 

Məqalə “Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında