Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatında gələn il artım olacağını proqnozlaşdırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank Reconstruction and Development, EBRD) baş iqtisadçısı Sergey Quriyev  bildirib ki, Azərbaycan iqtisadiyyatında müşahidə olunan neqativ tendensiya artıq azalmaqdadır.

S. Quriyevin sözlərinə görə, neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir edib. Lakin neqativ tendensiya azalmaqdadır. Milli valyutanın məzənnəsi isə bir qədər stabilləşib. 2017-ci ildə Azərbaycanda iqtisadi artım gözlənilir.

Xatırladaq ki, EBRD son icmalında Azərbaycanda 2017-ci ildə   1 faizlik iqtisadi artımın olacağını proqnozlaşdırıb.

Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) noyabrın 4-də dərc etdiyi icmalda isə gələn il Azərbaycanda 1,4 faiz  səviyyəsində iqtisadi artım gözlənildiyi xatırladılır.  Fondun analitikləri bunu Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqələndirirlər. Onlar, eyni zamanda, vurğulayırlar ki, növbəti illərdə  neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər.

 Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində qeyri-neft sektoru həlledici rola malikdir. Məhz bunun nəticəsidir ki, yerli və xarici investorlarla birgə investisiya qoyuluşu vasitəsilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərindən olan Azərbaycan İnvestisiya Şirkəti fəaliyyətə başladığı vaxtdan indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

İnvestisiya layihələrinin maliyyələşdirilməsinə göstərilən diqqətin nəticəsidir ki, son illər Azərbaycanda qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm islahatlar aparılıb. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, istehsal və ixracda qeyri-neft məhsullarının çəkisini artırmaqdır. Statistik rəqəmlər də bu sahədə irəliləyişin olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 9 ayında qeyri-neft sektorunda ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artım müşahidə edilib, sənayedə qeyri-dövlət sektorunun payı 80,6 faizə çatıb. Ümumi istehsalın 87,2 faizi sənaye məhsulu istehsalı, 12,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

“Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir”. Prezidentin hələ neçə il əvvəl dediyi bu sözlərin aktuallığını zaman özü təsdiqləyir. Dövlət başçısının məhz belə praqmatik fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün özündən asılı olmayan səbəblər üzündən yaranan bütün çətinliklərdən ağrısız və fəsadsız çıxmağı bacarır.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında