Milli inkişaf strategiyasının uğurlarla zəngin mərhələsi

Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 7 illik inamlı fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun həyata keçirən, təkmilləşdirən qətiyyətli lider olduğunu təsdiqləmişdir. Liderlik xüsusiyyətinin xalqın mütləq əksəriyyəti tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq, beynəlxalq səviyyədə cərəyan edən proseslərə nüfuz etmək, cəlbedici və real ideyalarla, işlək proqramlarla cəmiyyəti ümumi rifah və tərəqqi naminə səfərbərliyə almaq kimi vacib məqamları özündə ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək olar. Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşmış, hər bir fərdin maraq və mənafeyini uca tutmuşdur.
Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifədə xalqın ona bəslədiyi ümidləri tam doğrultmuşdur. Yüksək siyasi iradəsi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi cənab İlham Əliyevi dövlət rəhbəri olaraq xalqa sevdirən, şəxsiyyətinə yüksək rəğbət və etimad formalaşdıran xarakterik cizgilər sırasında xüsusi vurğulanmalıdır.
Ümumiyyətlə, son yeddi il ərzində sosial-iqtisadi sahələrdə müsbət göstəricilərin əldə edilməsinin, ölkənin tərəqqi və dinamik inkişaf yolu keçməsinin ən mühüm səbəbi yuxarıda sadaladığım keyfiyyətlərə malik Prezident İlham Əliyevin dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. Elə buna görə də möhtərəm dövlət başçımızın həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmış, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi təmin etmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsiplərinin qorunması, vətəndaşlarımızın rifahı naminə mövcud imkanlardan maksimum səmərəli istifadə dövlət başçımızın yeddi illik prezidentlik fəaliyyətini səciyyələndirən xarakterik xüsusiyyətlər kimi mühüm əhəmiyyətə malik olmuşdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev yüksək siyasi qətiyyət nümayiş etdirərək ötən yeddi ildə ölkə üçün bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng transmilli layihələr Azərbaycanın siyasi və iqtisadi mövqelərini böyük dərəcədə möhkəmləndirmişdir.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə reallaşdırılan tədbirlər respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Avropa İttifaqı ilə enerji sahəsində anlaşma memorandumu imzalamış respublikamız bu gün bütövlükdə MDB və Avropa məkanında Rusiyadan enerji asılılığı olmayan, müstəqil siyasət yeridən dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini xeyli artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.
Yeri gəlmişkən, bir mühüm məsələyə də münasibət bildirmək istərdim. Dünya maliyyə böhranının təsiri nəticəsində hətta bir çox aparıcı ölkələrin iqtisadiyyatında durğunluq, geriləmə özünü göstərdiyi halda, bu, Azərbaycan iqtisadiyyatından yan keçmişdir. Səbəbi aydındır: cənab İlham Əliyevin rəhbərliyilə sistemli iqtisadi islahatlar keçirilmiş, dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması ilə bağlı tədbirlər görülmüşdür.
Cənab İlham Əliyevin yeddi ildə sosialyönümlü siyasət strategiyasına üstünlük verməsi bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bəşər cəmiyyəti sivilizasiyanın yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılmalı, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilməlidir. Büdcədən maliyyələşən təşkilatlarda məvaciblərin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması da deyilənlərin əyani təcəssümüdür.
Cənab İlham Əliyevin yeritdiyi sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlət başçımız sosial ədalət prinsipinin cəmiyyətdə bərqərar olması vacibliyini dəfələrlə önə çəkmişdir: "Bu gün biz öz işimizi bazar iqtisadiyyatı prinsipi əsasında qururuq. Ancaq bununla bərabər, sosial ədalət prinsipləri də tam şəkildə təmin olunmalıdır... Heydər Əliyevin siyasətinin əsas istiqamətləri məhz bunlar idi. Azərbaycanda sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. İnsanları narahat edən problemlər aradan qaldırılmalıdır. Biz hamımız insanlara böyük diqqət və qayğı ilə münasibət bəsləməliyik. Prezidentdən tutmuş onun yerlərdəki nümayəndələrinə qədər hamımız bu amala qulluq etməliyik. Azərbaycanın hərtərəfli inkişafı, əlbəttə ki, həm ölkəmizi gücləndirəcək, həm yeni iş yerlərinin açılmasına imkan yaradacaq və həm də insanların yaşayış səviyyəsini yaxşılaşdıracaqdır".
Cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi ötən müddətdə respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafı təmin edilmişdir. İqtisadiyyatın liberallaşdırılması, balanslaşdırılmış xarici ticarətin təşəkkülü, qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin əlaqələndirilmiş şəkildə reallaşdırılması əsasında regionların makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmışdır. Bundan başqa, iqtisadi resursların istifadəsində maksimum səmərəlilik əldə olunmuş, sahibkarlıq fəaliyyəti daha da genişləndirilmiş, yerli istehsal və emal müəssisələri işə salınmışdır. Bütün bunlar isə təbii ki, yoxsulluğun azaldılmasında və yüksək məşğulluq səviyyəsinin təmin olunmasında mühüm rol oynamışdır.
Düzgün iqtisadi strategiya nəticəsində Azərbaycanda maliyyə-iqtisadi sabitliyə nail olunmuş, bazar iqtisadiyyatına keçidlə bağlı lazımi hüquqi və iqtisadi baza yaradılmış, uğurla həyata keçirilən özəlləşdirmə proqramı iqtisadiyyatın dinamik inkişafına müsbət təsir göstərmişdir. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapmışdır. Belə ki, respublikamızda 2005-ci ildə 12522,5 milyon manat (adambaşına 1494,3 min manat) olan ümumi daxil məhsul istehsalı 2009-cu ildən 34578,7 milyon manata (adambaşına 3917,3 min manat) çatmışdır. 2010-cu ilin yanvar-oktyabr aylarında 2009-cu ilin eyni dövrü ilə müqayisədə ÜDM-də 4,1 faizlik artım əldə olunmuşdur. Dövlət büdcəsinin gəlirləri 2005-ci ildəki 2055,2 milyon manatdan 2010-cu ildə 11505 milyon manata çatmış, 2011-ci ilin dövlət büdcəsinin gəlirləri isə bu illə müqayisədə 4,8 faiz artıq, yəni 12061 milyon manat nəzərdə tutulmuşdur. Azərbaycanın strateji valyuta ehtiyatları 27 milyard ABŞ dollarını, Dövlət Neft Fondunda toplanan vəsait isə 14 milyard ABŞ dollarını ötmüşdür.
Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar beynəlxalq maliyyə qurumlarının ölkəmizə inamını da artırmış, onun nüfuzunu daha da gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə əlaqələrini getdikcə genişləndirir. İpək yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsinə başlanılması, habelə AGRİ qaz kəməri layihəsi dövlət başçısının düzgün siyasətinin nəticəsidir.
Ölkəmizdə formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla icra olunur. Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, özəl sektorda ÜDM-də xüsusi çəkisi 85 faizə çatmışdır. Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.
Ölkədə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrılmış vəsaitlər əsasən kənd təsərrüfatı, sənaye məhsullarının istehsalı və emalı, turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilmişdir. Aqrar sektorun inkişafında vacib rol oynayan "Aqrolizinq" Səhmdar Cəmiyyətinə bu il dövlət büdcəsindən 38,4 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz fəaliyyətində regionların inkişafına xüsusi diqqət yetirir, ölkənin ayrı-ayrı bölgələrinin tərəqqisi üçün infrastruktur layihələrinin icrasına mühüm əhəmiyyət verir. Bu, təsadüfi deyil. Çünki belə layihələrin həyata keçirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edir və qeyri-neft sektorunun dirçəlməsini, yüksəlişini şərtləndirir. Elə buna görə də son illər infrastruktur layihələrinə böyük həcmdə dövlət vəsaiti yönəldilmiş, elektrik stansiyaları tikilmiş, qaz xətləri, magistral yollar çəkilmiş, su və meliorasiya məsələləri həll edilmişdir.
Sevindirici haldır ki, birinci regional inkişaf proqramının icrası uğurla başa çatdırılmış, hazırda isə 2009-2013-cü illəri əhatə edən ikinci regional Dövlət Proqramında nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilir.
Cənab İlham Əliyev Azərbaycanda həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün ilk növbədə siyasi sabitliyə və düşünülmüş, dünya təcrübəsində özünü doğrultmuş iqtisadi sabitliyə üstünlük verir: "...Bunların hər ikisi Azərbaycanda var və ona görə də ölkəmiz gələcəyə inamla baxır... Azərbaycanda bütün infrastruktur layihələri həyata keçirilir. Ölkəmizin qarşısında duran bütün mühüm məsələlər öz həllini tapacaq, insanları narahat edən problemlər aradan qaldırılacaqdır. Elektrik enerjisi təminatı, qaz, su təchizatı, səhiyyənin səviyyəsi, təhsil ocaqlarının şəraiti - biz ilk növbədə bunlara böyük diqqət göstəririk. Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar sadəcə bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var. Bütün bunlar bir yerdə olduğu halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər.
İlk növbədə düşünülmüş siyasət, iqtisadi islahatlar, ölkəmizin dünya birliyinə inteqrasiya edilməsi prosesi və xalqla iqtidar arasında birlik. Bu amillər olduğu halda, ölkə istənilən məsələni həll edə bilər. Başqa ölkələrin təcrübəsinə fikir versək görərik ki, bu amillər olmadığı təqdirdə ölkədə inkişaf o qədər də sürətlə getmir, bəzi hallarda isə geriləmə də müşahidə olunur".
Mən yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim. Rəhbərlik etdiyim səhmdar cəmiyyətin fəaliyyəti birbaşa taxılçılıqla bağlıdır. Bu, elə bir sahədir ki, daim əkinçi mehri-ülfəti, qayğısı ilə əhatə olunmalıdır. Taxılçılıq təbiətin şıltaqlıqlarından da az əziyyət çəkmir. Bunları nə üçün deyirəm?!. Bu ilin əvvəllərində təbiətdə baş verən iqlim dəyişiklikləri və müxtəlif təbii fəlakətlərlə əlaqədar dünyanın bir çox ölkələrində aqrar sahəyə və ərzaq istehsalına xeyli ziyan dəymişdir. Məhz bunun nəticəsində bəzi ölkələr taxıl və digər əmtəələrin ixracının reallaşdırılmasına embarqolar tətbiq etmək məcburiyyətində qalmışlar. Belə vəziyyət isə taxılın və bir çox ərzaq məhsullarının qiymətlərində artım baş verməsinə gətirib çıxarmışdır. Bütün bunların qarşısının alınması məqsədilə 2010-2011-ci illər üçün tədarük olunan taxıl məhsullarının həcminin əlavə olaraq 250 min ton artırılmasına dair dövlət büdcəsinin Ehtiyat Fondundan 50 milyon manat vəsait ayrılmışdır. Bu da öz növbəsində ölkənin daxili bazarında taxıl və ərzaq məhsullarının qiymətlərinin sabit qalması üçün zəmin yaratmışdır.
Mən neçə gün bundan qabaq hamımızı sevindirən bir məqamı da xatırlatmaq istərdim. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycana xaricdən gətirilən buğda və una əlavə dəyər vergisi (ƏDV) ləğv edilmişdir. Belə halda dünya bazarlarında baş verən proseslərdən asılı olmayaraq, ölkəmizdə çörəyin qiymətlərinin sabit qalması, hətta qiymətlərin aşağı düşməsi şübhəsizdir...
Prezident İlham Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyi üçün mütəmadi olaraq önəmli tədbirlər həyata keçirir. Dövlət başçımızın "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nı imzalaması bunun bariz nümunəsidir. Həmin sənəddə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün bu ilin doqquz ayında 102 milyon manat, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının dəyərinin orta hesabla 50 faizinin ödənilməsinə 55,5 milyon manat, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədilə 23 milyon manat, taxıl elevatorlarının tikintisi və ərzaq bazası tədarükünün nəqliyyat xərclərinə 11 milyon manat vəsait yönəldilmişdir. Cari ilin 9 ayı ərzində kənd təsərrüfatı istehsalında xüsusi əhəmiyyət daşıyan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi ilə bağlı 12,5 milyon manat, o cümlədən dövlət büdcəsinin Ehtiyat Fondundan əlavə olaraq 5,9 milyon manat vəsait ayrılmışdır.
Mən bir az əvvəl qeyd etdim ki, Sahibkarlığa Kömək Milli Fondu ölkədə sahibkarlığın genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bunu rəhbərlik etdiyim səhmdar cəmiyyətin timsalında da aydın görmək olar. Belə ki, adı çəkilən fondun maliyyə dəstəyi ilə istehsalat avadanlıqları, texnoloji xətlər müasirləşdirilir. Belə halda isə müəssisədə həm iş şəraiti yaxşılaşır, həm də keyfiyyət göstəriciləri yüksəlir.
Cənab İlham Əliyevin düzgün, əsaslandırılmış xarici və daxili siyasətinin uğurlu nəticəsi barədə fikrimi yekunlaşdırıb onu deyə bilərəm ki, son illərdə ölkəmizdə əsas parametrlər üzrə ciddi irəliləyişə nail olunmuş, sosial-iqtisadi inkişafın dinamikası təmin edilmişdir. Bütün bunlar onu göstərir ki, möhtərəm dövlət başçımız Azərbaycanın modernləşməsi xəttini, müasirləşməsi prinsipini yeritməklə ilk növbədə ulu öndər Heydər Əliyevin ideyalarını reallaşdırır. Cənab İlham Əliyevin dediyi sözlər də bu fikri təsdiqləyir: Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir. Ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin..."

{nl}

Məhərrəm ŞƏFİYEV, "Bərdə-Çörək" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında