Belqraddan Qərbi Avropaya “Azərbaycan yolu” ilə

AzVirt şirkəti Serbiyadan Qərbi Avropaya yol çəkib. Şirkət tezliklə Belqradın ətrafında dolama yol tikintisinə başlayacaq

Azərbaycan Balkanlarda öz adını yenidən əbədiləşdirib. Təqribən 70 il bundan əvvəl, İkinci Dünya müharibəsi zamanı azərbaycanlı Mehdi Hüseynzadə Yuqoslaviya partizanları ilə birlikdə faşizmə qarşı mübarizədə hərbi şücaətlər göstərmişdi. Bu dəfə isə AzVirt tikinti şirkəti Belqraddan Cənubi Adriatik avtomagistralına qədər yol hissəsini inşa etməklə Azərbaycan biznesinin hünərini göstərib. İndi Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya səfər edənlər müasir tələblərə cavab verən, ən yaxşı dünya və Avropa standartlarına müvafiq olaraq inşa edilmiş “Azərbaycan yolu” ilə gedəcəklər.

Şirkətin baş direktoru Kamil Əliyev deyir: “Azərbaycan iqtisadiyyatının tərkib hissəsi olan AzVirt beynəlxalq tikinti bazarına da öz töhfəsini verməyə çalışır. Biz uzunluğu 40,3 kilometr olan 4 zolaqlı ikitərəfli yolu 3 il ərzində inşa etmişik. Üç yol qovşağı, hər birinin uzunluğu 200 metrdən 890 metrə qədər olan 4 tunel, 23-ü çoxyaruslu olmaqla 66 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikmişik. 22 kilometr məsafədə çayın deltası dəyişdirilib. Biz səmimi beynəlxalq kollektiv şəklində çalışırdıq. Bu, ərazinin relyefi və hava şəraiti ilə bağlı çətinliklərin öhdəsindən gəlməkdə bizə kömək edirdi. İşin gedişində ilkin plana müəyyən dəyişikliklər edilib. Layihənin reallaşdırılmasında təxminən 1800 adam iştirak edib”.

Şirkətin rəhbəri ölkəmizdə biznesin inkişafı və genişlənməsi, xarici bazarlara çıxış üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. K.Əliyev bu layihənin həyata keçirilməsini dəstəkləmiş Serbiya hökumətinə də minnətdarlığını bildirib.

Yolun bu sahəsinin açılışı münasibətilə AzVirt tərəfindən çəkilmiş yol qovşaqlarının birində - yol tikintisinin həmin şirkət tərəfindən işlənib hazırlanmış texnologiya üzrə həyata keçirilməsi üçün zəruri materialların istehsal edildiyi zavodun və şirkətin ofisinin yaxınlığında təntənəli mərasim keçirilib. Tədbirin başlanmasından xeyli əvvəl dəstə-dəstə insanlar təntənəli yığıncağın keçiriləcəyi yerə toplaşırdı. AzVirt tərəfindən tikilmiş körpü Serbiya və Azərbaycanın dövlət bayraqları rəngində şarlarla bəzədilmişdi. İnsanlar əllərində bu ölkələrin bayraqlarını tutmuşdular. Bu ümumi sevinci görəndə qürur hissi keçirir, inanırsan ki, Azərbaycan Prezidentinin ölkədə sahibkarlığın inkişafına göstərdiyi qayğı artıq konkret nəticələr verir. Azərbaycan xaricdən investisiya alan ölkədən özü xaricdə sərmayə qoyan ölkəyə çevrilib. Avropanın Azərbaycan şirkətinə göstərdiyi etimad, orada neçə onilliklər üçün nəzərdə tutulan yollar inşa edilməsi Azərbaycan biznesinin inkişafına, ölkəmizin populyarlığına, onun gələcəyinə inama əyani sübutdur.

Serbiyanın tikinti, infrastruktur və nəqliyyat nazirinin müavini Saşa Stoyanoviç Azərbaycan jurnalistlərinə müsahibəsində deyib: “Yolun planlaşdırılan hissəsinin inşasının tamamlanması Azərbaycan şirkəti ilə əməkdaşlığın sonu olmayacaq. “AzVirt” daha böyük bir layihədə – Belqrad ətrafında dolama yolun tikintisinin tamamlanmasında da iştirak edəcək”. Onun sözlərinə görə, AzVirt tərəfindən bu layihədə görülmüş iş regionda sonrakı işlər üçün çox gözəl tövsiyə olub.

Yolun açılış mərasimi əsl xalq bayramına çevrildi. İnsanların üzündən sevinc, şənlik yağırdı. Ölkənin Baş naziri Aleksandr Vuçiç, həmçinin onun müavini, tikinti, infrastruktur və nəqliyyat naziri Zorana Mixayloviç bu ümumxalq şənliyinə şərik olmaq üçün oraya gəlmişdi.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin məxsusi olaraq yolun açılış mərasiminə gəlməsi, habelə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun mərasimdə iştirak etməsi Azərbaycanın bu layihənin reallaşmasına verdiyi əhəmiyyətə və Azərbaycan biznesinin dəstəklənməsinə dəlalət edir.

Serbiya KİV-lərində verilən məlumata görə, yeni tikilmiş yol boyunca yerləşən yaşayış məntəqələrinin beş mindən çox sakini bu ümumxalq bayramına toplaşmışdı.

Açılış mərasiminin başlanmasından əvvəl Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan ilə Serbiya arasında dostluğun rəmzi olan pannonu açdılar. Panno üzərində Azərbaycan və serb dillərində bu sözlər yazılıb: “Dostluq olan yerdə uzaq ölkələr yoxdur! Bu yol xalqlarımızı birləşdirən yoldur! Serbiya-Azərbaycan dostluğu sarsılmazdır!”

Aleksandr Vuçiç çoxtonluq maşının sükanı arxasında əyləşərək AzVirt tərəfindən tikilmiş tunellərin biri boyunca sürdü.

Natiqlərin çıxışları arasında “Rayats” folklor ansamblının milli geyimli üzvləri xalq və mahnı və rəqslərini ifa edirdilər.

Liq şəhər bələdiyyəsinin başçısı Droqan Lazareviç, Çaça şəhərinin meri Milun Todoroviç, Milanovats şəhərinin meri Deyan Kovaçeviç, Magistral Yollar İdarəsinin direktoru Dmiter Curoviç yolun açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını çoxdan gözlənilən bu hadisə münasibətilə təbrik etdilər. Onlar Serbiyanı Xorvatiya, Macarıstan, Monteneqro, Bosniya və Herseqovina, Albaniya kimi Avropa ölkələri ilə birləşdirməyə imkan verəcək müasir yol infrastrukturu yaradılması ilə Serbiyanın bu regionunda gözlənilən dəyişikliklər barədə məlumat verdilər. Çıxış edənlər ölkə hökumətinə və layihənin icraçısına – Azərbaycanın AzVirt tikinti şirkətinə təşəkkür etdilər.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev tədbir iştirakçılarını bu avtomagistralın açılışı münasibətilə təbrik edərək dedi ki, bu layihə bizim əməkdaşlığımızın ən gözəl nümunələrindən biridir. Nazir dedi: “Ən yüksək standartlara cavab verən avtomagistralın tikintisi Azərbaycanın aparıcı şirkətlərindən biri – AzVirt MMC tərəfindən həyata keçirilib. Əminəm ki, əməkdaşlığımız gələcəkdə də bu formatda inkişaf edəcək, yeni layihələrin həyata keçirilməsinə şərait yaracaq”. Şahin Mustafayev əminliyini bildirdi ki, bu yol Serbiya iqtisadiyyatının, xüsusən onun nəqliyyat infrastrukturunun inkişafına şərait yaradacaq.

Baş nazirin müavini, tikinti, infrastruktur və nəqliyyat naziri Zorana Mixayloviç AzVirt şirkətinə təşəkkürünü bildirərək dedi ki, yol yüksək peşəkar səviyyədə və keyfiyyətlə inşa edilib.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç Serbiya-Azərbaycan münasibətlərinin vəziyyətini yüksək qiymətləndirib, Serbiyanın bu diyarının sakinlərinin çoxdankı arzusunu həyata keçirmiş AzVirt şirkətinin bütün əməkdaşlarına təşəkkürünü bildirdi. Baş nazir dedi: “Bu yol ölkəmizin gələcəyinə töhfədir. Bu gün biz nə ediriksə, hamısı uşaqlarımıza qalacaq. Əvvəllər ölkənin bu regionundan insanların çıxıb getməsi müşahidə olunurdusa, indi onlar getməməlidirlər. Bunun üçün səbəb var: axı bu yol diyar iqtisadiyyatının inkişaf yolu, investisiyaların cəlb edilməsi yolu, turizmin inkişafı yoludur”.

Baş nazir Azərbaycan şirkətinin peşəkarlığını yüksək qiymətləndirərək bildirdi ki, azərbaycanlı tərəfdaşlar başqa layihələrdə də iştirak edəcəklər, ölkə hökuməti artıq bu cür layihələri nəzərdə tutub. Avtomobil yolunun açılışına həsr edilmiş iki saatlıq mərasim Serbiyanın bir neçə televiziyası tərəfindən birbaşa efirdə translyasiya edilib. Yolun bu sahəsinin açılışı mövzusu bir neçə gün aktual olub və xəbər kanallarının mövzusu kimi qalmaqda davam edir. Baş nazir Aleksandr Vuçiçin magistral yol sahəsinin açılışı münasibətilə RTS-1 telekanalına verdiyi müsahibə vaxtaşırı translyasiya edilir.

AzVirt şirkəti 1995-ci ildə Azərbaycan-Almaniya müştərək müəssisəsi kimi yaradılıb, sonradan MMC kimi fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanla bərabər Serbiya, Rumıniya, Monteneqro, Latviya, Qazaxıstan və başqa ölkələrdə yaxşı tanınır. Serbiyadakı yol 2012-ci ilin fevral ayında Azərbaycan və Serbiya hökumətləri arasında imzalanmış 300 milyon avro məbləğində kredit sazişinin vəsaitləri hesabına inşa edilib. Kontraktın şərtlərinə görə, baş podratçı kimi Azərbaycan şirkəti çıxış etməli idi. Bu imkan AzVirt şirkətinə verildi. Heydər Əliyev Aeroportunun və onun ərazisindəki aviasiya obyektlərinin, Azərbaycanın bir sıra başqa beynəlxalq aeroportlarının, həm Bakıda, həm də ölkənin regionlarında magistral yolların, Azərbaycanda “Formula-1” Avropa Qran-pri yarışları üçün yürüş yolunun inşa edilməsi bu şirkətə etibar olunub.

Laçın Sultanova,
 AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Belqrad-Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında