Avropa Yenidənqurma və İnkişaf Bankı: Gələn il Azərbaycan iqtisadiyyatında artım gözlənilir

Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank Reconstruction and Development, EBRD) regional iqtisadi icmalında Azərbaycanın 2017-ci ildə iqtisadi inkişafında artım müşahidə ediləcəyi  proqnozlaşdırılır.

Xatırladaq ki, bir müddət bundan əvvəl Beynəlxalq Valyuta Fondunun məlumatında da gələn il Azərbaycanda iqtisadi artım olacağı bildirilirdi. Bütün bunlar isə onu göstərir ki, dünyada qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi ötən 2-3 ildə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə olunub. Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində respublikamızda sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.

Aydın həqiqətdir ki, hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: “Bu, doğrudan da, böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir”.

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Beynəlxalq təşkilatlar Azərbaycanın sosial-iqtisadi uğurlarını qiymətləndirməklə yanaşı, ayrı-ayrı fəaliyyət sahələrinin gələcək inkişaf proqnozlarını da verirlər. Məsələn, “Fitch” agentliyinin məlumatına görə,  Azərbaycanda adambaşına düşən ÜDM  bu il 3813 dollar və 2017-ci ildə 4434 dollar, 2018-ci ildə isə 4948 dollar səviyyəsində gözlənilir.

“Fitch”in Azərbaycanda inflyasiya üzrə proqnozu da nikbinlik doğurur. Belə ki, bu beynəlxalq reytinq agentliyi   2017-ci ildə ölkədə inflyasiya üzrə proqnozu müvafiq olaraq 7-dən 6 faizədək yaxşılaşdırıb. Agentliyin hesabatına əsasən, 2018-ci ildə ölkədə inflyasiya 3 faiz səviyyəsində gözlənilir. “Fitch”, həmçinin 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb. Agentlik 2018-ci ildə Azərbaycanda iqtisadiyyatın artımının 3 faiz olacağını proqnozlaşdırır.

Yeri gəlmişkən, Dünya Bankının proqnozunda bildirilib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dinamik xarakter daşıyır. Belə ki, bu il 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla  yüksəliş gözlənilir.

Bankın proqnozuna görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında da ön yerlərdədir.

Beynəlxalq qurumların ölkəmizlə bağlı nikbin proqnozları təsadüfi deyil. Xatırladaq ki, Azərbaycanda 2004-cü ildən indiyədək iqtisadi artıma 3,4 dəfə nail olunub. Bu dövrdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi respublikamızda əhalinin maddi təminat və rifah göstəriciləri də mütəmadi yüksəlib. 2003-cü illə müqayisədə ötən dövrdə əhalinin gəlirləri 7 dəfəyə yaxın, adambaşına gəlirlər isə 6 dəfəyə yaxın artıb.

Azərbaycanda 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Görülən işlərin nəticəsi olaraq, ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə, işsizlik səviyyəsi 5 faizədək enib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında