Hazırda ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan neft sənayesinə dövlət qayğısının artırılması, neftçilərin rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində neft sənayesinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütərəqqi texnologiyaların tətbiqinə diqqət artırılmışdır. Bütün bunların nəticəsidir ki, son illər ölkə neftçiləri neft və qaz hasilatına dair dövlət tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirirlər.
Neft sənayesində əldə olunmuş uğurlardan “Azneft” İstehsalat Birliyinin Ə. Əmirov adına Neft və Qazçıxarma İdarəsinin kollektivinə də xüsusi pay düşür. Azərbaycan neft sənayesinin qocaman neftçıxarma müəssisələrindən olan və ötən illər ərzində ölkəmizin neft sənayesinə mühüm töhfələr vermiş bu idarənin adı həmişə qabaqcıllar sırasında çəkilib. Artıq idarənin istismar etdiyi yataqlar neftçıxarmanın son mərhələsini yaşamasına baxmayaraq, kollektiv bu gün də neft və qaz hasilatına dair proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirir. Bu baxımdan ötən ili uğurla yola salan neftçilər həmin nailiyyətləri cari ildə də təkrarlamaq niyyətindədirlər. Elə müəssisənin bu ilin doqquz ayında əldə etdiyi yüksək iqtisadi göstəricilər də bunu deməyə əsas verir. Belə ki, hesabat dövründə idarə üzrə 57 min 570 ton əvəzinə 62 min 243 ton neft hasil edilmişdir. Bu da plandan 4673 ton çox və ya proqnoz tapşırığın 108,1 faizi deməkdir. Bundan əlavə, yanvar-sentyabr aylarında 620 min 36,3 ton “qara qızıl” təhvil verən neftçilər bu göstərici üzrə proqnoz tapşırığına 108,3 faiz əməl etmişlər. Onu da qeyd edək ki, neftin satışı üzrə əldə olunan bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4766,3 ton çox olmuşdur.
Ə. Əmirov adına NQÇİ-nin qaz hasilatı və təhvili üzrə göstəriciləri də getdikcə yaxşılaşır. Elə cari ilin doqquz ayı ərzində mədənlərdən 24 milyon 780 min kubmetr əvəzinə 32 milyon 956 kubmetr qaz hasil edilməsi də buna əyani sübutdur. Qaz hasilatı üzrə proqnoza 133,2 faiz əməl edən neftçilər “mavi yanacağın” təhvili sahəsində də uğurlu göstərici əldə ediblər. Belə ki, hesabat dövründə idarə üzrə 29 milyon 731,5 min kubmetr qaz təhvil verilmişdir ki, bu da plandan 5 milyon 31,5 min kubmetr çoxdur.
Hazırda idarənin istismar fondunda 476 quyu var. Onların 430-dan neft çıxarılır. Həmin quyulardan 352-si ştanqlı dərinlik nasosu, 49-u fontan, 29-u isə elektrik dalma nasosu üsulları ilə istismar olunur. İlin əvvəlindən fəaliyyətsiz fonddan 3 quyu istismara daxil edilmiş, bunun da hesabına 749 ton əlavə neft çıxarılmışdır. İdarə üzrə fəaliyyətsiz quyuların sayı isə 46-dır. Cari ilin ötən dövründə müxtəlif səbəblərdən ləğv edilmiş quyulardan üçü istismara qaytarılmış, bunun da hesabına 749 ton neft hasil edilmişdir. Bundan əlavə, fəaliyyətsiz fonddan 7 quyu istismara qaytarılıb. Həmin quyulardan isə 406 ton neft və 10 milyon 948 min kubmetr qaz hasil edilmişdir.
İndi Ə. Əmirov adına Neft və Qazçıxarma İdarəsi “Lökbatan-Puta-Quşxana”, “Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah”, “Korgöz-Qızıltəpə-Şonqar”, “Qalmaz”, “Qaradağ” və “Bəndovan” yataqlarının istismarını həyata keçirir. “Lökbatan-Puta-Quşxana” yatağı isə məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki, idarə üzrə hasil edilən ümumi neftin 75 faizini məhz bu yataq verir. Bütövlükdə isə idarənin istismar etdiyi yataqlardan uzun illər neft və qaz çıxarılmasına baxmayaraq, ehtiyatlar hələ tükənməyib. Məhz buna görə də hazırda işlənmənin son mərhələsində olan həmin yataqlarda hasilatın sabit saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir, yeni quyular qazılıb istismara daxil edilir. Bu ilin doqquz ayında ikinci yan lülə ilə qazmadan 2 quyu alınmış, həmin quyulardan 420 ton neft hasil edilmişdir.
Mədənlərdə neft hasilatının səviyyəsini sabit saxlamaq məqsədilə geoloji və texniki tədbirlərin həyata keçirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, cari ilin doqquz ayında idarə üzrə 155 texniki tədbir həyata keçirilmiş, bunun da nəticəsində 2666 ton neft hasil edilmişdir. Bu isə nəzərdə tutulduğundan 2 tədbir çox və 1136 ton əlavə neft deməkdir. Hesabat dövründə mədənlərdə aparılmış 70 geoloji tədbir hesabına 7588 ton neft hasil edilmişdir. Bu sahədə əldə olunmuş uğurlu göstəricilər isə həyata keçirilmiş texniki və geoloji tədbirlərin yüksək səmərə verdiyini sübut edir. Hasilatın səviyyəsini sabit saxlamağın əsas şərtlərindən biri də quyuların ahəngdar rejimdə işləməsini təmin edən yeraltı və əsaslı təmirlərin vaxtlı-vaxtında aparılması ilə bağlıdır. Neft təsərrüfatı üçün son dərəcə vacib olan bu sahədə çalışan təmir briqadaları tapşırılan işin öhdəsindən layiqincə gəlirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, idarənin təmir briqadaları bu ilin doqquz ayında quyularda 119 əsaslı təmir işi həyata keçirmiş, bu da 6634 ton əlavə neft hasilatına imkan yaratmışdır. Bununla yanaşı, hesabat dövründə idarə üzrə 2842 yeraltı təmir işi aparılmışdır. Ə. Əmirov adına NQÇİ-nin ümumi istismar fonduna daxil olan quyuların əksəriyyəti köhnə quyular olduğu üçün burada lay təzyiqinin sabit saxlanılması xüsusi diqqət tələb edir. İlin əvvəlindən başlayaraq idarə üzrə bu istiqamətdə zəruri tədbirlər həyata keçirilmiş, bir sıra quyularda 3-cü təsir üsulları tətbiq olunmuş, bu da həmin quyuların ahəngdar rejimdə işləməsini təmin etmişdir.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın təmin edilməsi və itkilərin qarşısının alınması sahəsində görülmüş işlər də qənaətbəxşdir. Belə ki, ölkə Prezidenti İlham Əliyevin Bakı ətrafındakı süni göllərin qurudulması və abadlaşdırılması ilə bağlı müvafiq tapşırığından sonra Lökbatan ərazisindəki çirkab su sahələrinin qurudulması istiqamətində işlər xeyli intensivləşdirilib. 2016-cı ilin ötən dövrü ərzində idarənin ərazisində keçirilən iməciliklər zamanı 1350 ədəd zeytun ağacı əkilmişdir. Bununla yanaşı, ləğv edilmiş quyuların ətrafının abadlaşdırılması istiqamətində işlər aparılmış, neft-qazçıxarma sexlərinin ərzaziləri abadlaşdırılmışdır.
2016-cı ilin ötən dövründə “Azneft” İstehsalat Birliyinin dəstəyi ilə idarə üzrə təmir-tikinti, yenidənqurma, sosialyönümlü, həmçinin işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür. ARDNŞ-in idarə və müəssisələrində çalışan işçilərin rifahının yaxşılaşdırılması məqsədi ilə 2016-2020 illər üçün tərtib edilmiş ”Sosial-İnkişaf Proqramı” na uyğun olaraq Ə. C. Əmirov adına NQÇİ üzrə tədbirlər planı hazırlanmış və cari ilin ötən dövründə bu istiqamətdə bir sıra zəruri işlər görülmüşdür.
Hesabat dövründə idarənin elektrik təsərrüfatının yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, “2 kilovoltluq elektrik şəbəkəsindən 6 kilovoltuq elektrik şəbəkəsinə keçid obyekti” layihəsi uğurla tamamlanaraq təhvil verilmişdir. Yeri gəlmişkən, layihə çərçivəsində neft və qazçıxarma sahələrində müasir standartlara uyğun avadanlıqlarla təchiz olunmuş 10 ədəd yarımstansiya tikilmiş, 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, İstismar müddətini çoxdan başa vurmuş hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəz olunmuş, bir sıra digər profilaktiki tədbirlər görülmüşdür.
İdarənin rəisi Ramin Quliyev kollektivin əldə etdiyi uğurların başlıca səbəbini neft sənayesinə, bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısı ilə əlaqələndirdi. Bildirdi ki, son illər ölkə Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin qarşısında neft və qaz hasilatının artırılması kimi mühüm hədəf qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi neftçilərin məsuliyyətini birə beş artırır. Məhz bunun nəticəsində də idarə üzrə neft və qaz hasilatına dair tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirmək üçün bütün imkanlar səfərbər olunub. Bundan əlavə, Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin yaxından köməyi də qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə imkan verir…
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.