Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi sosial-iqtisadi inkişafın prioritet istiqamətlərindəndir

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr 2016-cı ilin ötən dövründə də uğurla davam etdirilib. Cari ilin doqquz ayında ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən, paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Yol infrastrukturunun yenidən qurulması ilə bağlı görülən işləri xüsusi nəzarətdə saxlayan dövlət başçısı ilin ötən dövründə 14 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, lazımi tövsiyə və tapşırıqlarını verib.

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin  göstərişi ilə əvvəlki  üç ildə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilib. Bu ilin doqquz ayı ərzində dövlət başçısının imzaladığı 43 sərəncama əsasən, 26 rayon və şəhər ərazisində uzunluğu 708,8 kilometr olan 29 avtomobil yolunun tikintisi və 2 körpünün bərpası, Bakı şəhərində və paytaxtın 12 qəsəbəsini birləşdirən  87,3 kilometrlik avtomobil yollarının tikintisi və yenidən qurulması işləri müvəffəqiyyətlə davam etdirilib. Hesabat dövründə regionlarda uzunluğu 274,6 kilometrt olan 13 kəndlərarası avtomobil yolunun və Bakı şəhərinin ümumi uzunluğu 16,4 kilometr təşkil edən və 2 qəsəbəni birləşdirən avtomobil yollarının tikintisi və yenidən qurulması başa çatdırılıb.

Bütövlükdə isə ölkənin şəhər və rayonlarının ərazisində  84 kəndlərarası avtomobil yolunun tikintisinin həyata keçirilməsi nəzərdə tutulub.  Tikiləcək və yenidən qurulacaq  kəndlərarası  avtomobil  yollarının ümumi uzunluğu 2101,2 kilometr təşkil edir. Onlardan 1149,7 kilometri isə yeni kəndlərarası avtomobil yollarıdır. Yeri gəlmişkən, bu layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək, onların rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını qısa müddət ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.

2016-cı ilin doqquz ayında ölkə üzrə uzunluğu 542,7 kilometr  olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və ya təmir olunub. Bunun da 299 kilometri respublika əhəmiyyətli, 180,5 kilometri  yerli əhəmiyyətli, 63,2  kilometri isə Bakı şəhər yollarıdır.  Bununla yanaşı, ötən doqquz ayda ölkə üzrə ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilib, 5 ədədi təmir edilib. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində bir ədəd piyada keçidi tikilib, Bakı şəhərində isə bir ədəd piyada keçidi təmir edilib.

Ölkəmizdə yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət yetirilir. Elə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının  başlıca hədəflərindən biri də yol təsərrüfatının  bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılmasından ibarətdir.  Prezident İlham Əliyev sözügedən dövlət sənədlərinin uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil". Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər edib, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar verib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin ayrı-ayrı regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı  layihələr həyata keçirilib.

Bu ilin ötən dövrü ərzində ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 115 kilometrlik Muğanlı-Yevlax, 29 kilomettrlik Qaraməryəm-İsmayıllı, Qobustan rayonunda 17 kilometrlik Təklə-Sündü-Xilmilli, Yardımlı rayonunda 46 kilometrlik Yardımlı-Deman-Arvana, Qəbələ rayonunda 12,2 kilometrlik Nohurqışlaq-Tüntül-Yengicə, Biləsuvar rayonunda 6 kilometrlik Əsgərabad-Muğan-Çaylı, Qusar rayonunda 24,7 kilometrlik Qusar-İmamqulukənd-Quxuroba, Xaçmaz rayonunda 24,8 kilometrlik Xudat-Yalama-Zuxuloba, Qazax rayonunda 8 kilometrlik Qazax-Kosalar avtomobil yolları çəkilib. Bunula yanaşı, beynəlxalq əhəmiyyətli Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 23,4 kilometrlik və Bakı-Ələt-Qazax-Gürcüstan ilə  dövlət sərhədi avtomobil yolunun 87 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin tikintisi uğurla başa çatdırılıb. Ötən dövrdə Salyanın Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü inşa olunub. Hesabat dövründə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Maştağa-Bilgəh (9 kilometr), Nardaran qəsəbəsinin  Abşeron və Nəsrulla Əsgərov küçələri (3,4 kilometr), Nizami rayonunda Mikayıl Əliyev küçəsi (2,8 kilometr) və Qara Qarayev prospekti (4 kilometr) tikilib və ya yenidən qurulub.

Son illər dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilmiş  Bakıda yol qovşaqlarının və piyada keçidlərinin  tikintisi intensiv xarakter alıb. Ötən müddətdə Bakıda 60-dan artıq   yolötürücüsü və tunelin istismara verilməsi nəqliyyat sistemində gərginliyi xeyli yüngünləşdirməklə yanaşı, paytaxtın simasına əlavə yaraşıq gətirib. Milli memarlıq ənənələri və müasir texnologiyalar əsasında inşa olunan bu qurğular isə, heç şübhəsiz, ölkə Prezidenti İlham Əliyevin nəqliyyat sahəsindəki məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. 2016-cı ilin doqquz ayında Bakı şəhəri üzrə  80,6 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib və ya yenidən qurulub. Həmin müddətdə paytaxtda 2 ədəd yol ötürücüsü, eyni sayda  tunel, 7 ədəd piyada keçidi istismara verilib. İlin ötən dövründə paytaxt üzrə 610,9 min ton asfalt-beton istehsal olunub, 33,6 min ton bitum və 1591 ton mazut istifadə edilib. Bakı şəhərində ümumi uzunluğu 63,2 kilometr olan 30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulub və  təmir olunub. Bunlara Binəqədi rayonu ərazisindəki Azadlıq prospektinin yenidən qurulmasını, Cəfər Xəndan və Musabəyov, Cəmşid Naxçıvanski küçəsinin təmirini, Nizami rayonunda Rüstəm Rüstəmov, Bəkir Çobanzadə, Nəsimi, Naxçıvani küçələri, Yasamal rayonunda Əhməd Cəmil, Xiyabani, Xətai rayonunda İlqar Zülfüqarov, Sadıqcan, Nərimanov rayonunda Arif Heydərov, Vladimir Mayakovski, Ə.Orucəliyev, Nəsimi  rayonunda Hüseynbala Əliyev, Xəzər rayonunun Zirə qəsəbəsində Ağamalıoğlu, E.Babayev, Sərdarov, Mərdəkanda Sergey Yesenin, Sabunçu rayonunun Savalan qəsəbəsində Mərkəzi küçə, Pirşağı bağları avtomobil yolu, Suraxanı rayonunun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə, Hövsan qəsəbəsində Bağça, Qaradağ rayonunun Sahil qəsəbəsində Zahid Qasımov, Emin Quliyev, Rövşən Rzayev, Lökbatan qəsəbəsində İntiqam Nəbiyev və 28 May, Səbail rayonunun Badamdar qəsəbəsində Ə.Nəzərov və s. küçələrin təmirini misal göstərmək olar. Bundan əlavə, ötən müddətdə Bakı şəhərinin bütün inzibati rayonları ərazisində  247,2 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.

Cari ilin doqquz ayında ölkə üzrə ümumilikdə 708 min ton asfalt-beton istehsal olunub, 40,4 min ton bitum və 3,5 min ton mazut istifadə edilib. Yeri gəlmişkən, asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyəsi nəzərə alınaraq 62,2 ton bituma adgeziya qatqısı və İtaliyadan xüsusi polimer alınaraq əsasən asfalt-beton örtüyünün üst-aşınma layının tikintisində  istifadə edilib.

Prezident İlham Əliyev yol infrastrukturunun təkmilləşdirilməsini  ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlamışdır. Məhz buna görə də ölkəmizdə bu sahədə həyata keçirilən və tikintisi davam etdirilən layihələrin əksəriyyəti daxili investisiyalar  hesabına reallaşdırılır. 2016-cı ilin ötən dövründə ölkənin avtomobil yollarında daxili investisiyalar hesabına mühüm layihələr həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli, 291s nömrəli sərəncamına əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsait hesabına Bakı şəhəri və qəsəbələrdə yerləşən Qala-Pirallahı, Zığ-Hövsan, “Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel yeni yolun tikintisi (II mərhələ), Xocasən - Lökbatan avtomobil yolunun 11-19 kilometr hissəsinin yenidən qurulması, həmçinin regionlardakı avtomobil yolları və yol qurğularının tikintisi davam etdirilib.

Hazırda ölkəmizin yol infras-trukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr həyata keçirilir. Cari ilin doqquz ayında “Azəravtoyol” ASC tərəfindən bu sahədə də mühüm işlər görülüb.

Gəncə regionunda Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə  dövlət sərhədi avtomobil yolunda dörd ədəd körpünün layihələndirilməsi və tikintisi layihəsi Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir. Sözügedən layihə Ağstafa rayonu ərazisində inşası planlaşdırılan ümumilikdə 4 ədəd körpünün tikintisini əhatə edir. Həmin körpülər yolun Kür çayı, Ağstafaçay, Acıdərəçay və dəmir yolu üzərindən keçən hissələrində inşa olunur. Yerli tikinti təşkilatları olan “Körpü-Bina-Tikinti” MMC və “Gəncə-Körpü-Tikinti-2” MMC şirkətlərinin yaratdığı konsorsium tərəfindən həyata keçirilən layihə üzrə  işlərin 45,53 faizi yerinə yetirilib.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin dörd  zolağa genişləndirilməsi layihəsi Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kredit sazişinə  əsasən reallaşdırılır.  Hazırda yolun 15-45 kilometr, 45-67 kilometr, 67-91 kilometr və 91-107 kilometr hissələrində layihə üzrə işlər uğurla davam etdirilir.  “Bakı-Şamaxı avtomobil yolunun  15-45 kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” üzrə kredit sazişi Azərbaycan Respublikası hökuməti ilə Dünya Bankı arasında 2010-cu il avqustun 11-də imzalanıb.  Ötən ilin oktyabr ayının 14-dək  “Azərinşaatservis” MMC tərəfindən yerinə yetirmiş tikinti işlərini cari il iyulun 29-dan   “Polat Yol Yapı Sanaye və Ticarət” A.Ş. davam etdirir. “Bakı-Şamaxı avtomobil yolunun  15-45 kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi”  üzrə işlərin artıq 70,19 faizi tamamlanıb.

Cari ilin ötən dövründə “Bakı-Şamaxı avtomobil yolunun 44,6-67,5 kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi” layihəsi üzrə işlər də davam etdirilib. Xatırladaq ki, 22,9 kilometr  uzunluğunda olan yolun tikintisinə 2013-cü ilin avqust ayında start verilib. Dünya Bankının krediti hesabına maliyyələşdirilən yolun tikintisini Türkiyənin “Polat Yol Yapı” şirkəti yerinə yetirir. Sözügedən layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faiz göstəricisi isə  83,91-ə bərabərdir.

“Bakı-Şamaxı avtomobil yolunun 67,5-91 kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi” layihəsi üzrə işlər də getdikcə sürətləndirilir. Dünya Bankının krediti hesabına maliyyələşdirilən layihənin tikintisini  Türkiyənin “Polat Yol Yapı” şirkəti həyata keçirir. Xatırladaq ki, 23,5 kilometr uzunluğunda olan yolun tikintisinə 2013-cü ilin dekabr ayının 5-də başlanılıb. Bu layihə üzrə isə işlərin artıq 63,57 faizi arxada qalıb.  Dünya Bankının krediti hesabına maliyyələşdirilən “Bakı-Şamaxı avtomobil yolunun 13,29-15,14 kilometrlik hissəsinin  dörd zolağa genişləndirilməsi” layihəsinin icrasına isə bu il avqust ayının 3-də start verilib. Yolun tikintisi  “Körpü Bina Tikinti” MMC tərəfindən  həyata keçirilir.

Avropa Yenidənqurma və İnkişaf Bankının kredit sazişi hesabına həyata keçirilən Mingəçevir-stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması layihəsi üzrə işlər də getdikcə intensivləşir. Xatırladaq ki, üç hissəyə bölünərək icra olunan layihənin birinci hissəsi uzunluğu 16,48 kilometr olan Mingəçevir-stansiya Mingəçevir yolunu əhatə edir.  “AzVirt” MMC-nin podratçılığı ilə reallaşdırılan layihə üzrə işlərin 24,5 faizi yerinə yetirilib. Sözügedən layihənin ikinci və üçüncü hissələri 111,9 kilometrlik Qarağacı-Bəhramtəpə və 26 kilometrlik Aran-Qarağacı yollarını əhatə edir.  Türkiyənin “Polat Yol Yapı Sanaye ve Ticaret” A.Ş. və "Mehmet Güneş İnş.Yat.San. ve Ticaret" A.Ş. şirkətlərinin və Azərbaycanın "KBT MMC" birgə müəssisəsi tərəfindən yenicə icrasına başlanılmış bu layihə üzrə işlərin təqribən 5 faizi yerinə yetirilib. 

Şimal-Cənub avtonəqliyyat dəhlizi son illər layihələşdirilən mühüm infrastruktur obyektlərindən sayılır. Bu baxımdan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi xüsusi  əhəmiyyət daşıyır. Xatırladaq ki, hazırda istismarda olan yolun uzunluğu 243 kilometrdir. Yeni trassa üzrə  birinci dərəcəli, dörd zolaqlı yolun uzunluğu isə 39 kilometr azalmaqla 203,9 kilometr olması nəzərdə tutulur.  Artıq yolun 54,4 kilometr hissəsinin tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərənçay üzərindəki körpülərin tikintisi başa çatdırılıb. Yolun 149,5 kilometr hissəsinin tikintisi isə davam etdirilməkdədir. Layihənin tərkib hissəsi olan Yenikənd-Salyan (23,41 kilometr) və Salyan-Şorsulu, (24,8 kilometr)  hissələri üzrə Podratçı  “Evrascon-AzVirt” birgə müəssisəsidir. Qeyd olunan layihələr Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Artıq layihə üzrə işlərin 55,44 faizi arxada qalıb.

“Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş-nin podratçısı olduğu   30,1 kilometrlik Şorsulu-Cəlilabad və 32,2 kilometrlik Masallı-Cəlilabad yollarında isə işlərin müvafiq olaraq 20,4 faizi və 80,33 faizi görülüb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsinin 61,4 kilometrlik Masallı-Astara A,B və C hissələri isə  “Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş., “Özgün Yapı, Sanaye ve Ticaret” A.Ş. və “Polat Yol Yapı Sanaye ve Ticaret” A.Ş. şirkətləri tərəfindən inşa olunur. Bu sahələrdə işlərin də artıq 65-80 faizi yerinə yetirlib.

“Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan məhdud məsuliyyətli cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə imzalanmış müvafiq əmrə əsasən, “Azəravtoyol” ASC-nin mərkəzi aparatında qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib. Tədbirlər planının icrasını təmin etmək məqsədilə cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik yaradılıb, yolların və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması təmin edilib. Ötən müddətdə 2 min  ton duz alınaraq tabeli müəssisələrə paylanılıb. Bununla yanaşı, cəmiyyətin tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərə payız-qış mövsümündə vəziyyətə operativ nəzarəti təmin etmək məqsədilə müvafiq tapşırıqlar verilib. Yeri gəlmişkən, qış aylarında nəqliyyatın hərəkətində baş verə biləcək mümkün çətinliklərin dərhal aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir və bu iş “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun şəxsi nəzarəti altındadır.

2016-cı ilin doqquz ayında “Azəravtoyol” ASC tərəfindən nəqliyyatın hərəkətinin təhlükəsizliyi sahəsində də mühüm işlər görülüb. İlin ötən dövründə Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə çıxış və girişini təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax  avtomobil yollarının müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər mütəxəssislər tərəfindən aşkar edilərək həmin maneələr aradan qaldırılıb. Belə ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 kilometrlik hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində piyadalar üçün 17,6 min kvadratmetr səki inşa olunub, 10,9 min paqonometr səki daşları quraşdırılıb, avtobusların dayanması üçün 3 ədəd “cib” tikilib, yağış sularının nizamlı axınını təmin etmək məqsədilə yol boyu lazım olan hissələrdə 490 paqonometr yağış-kanalizasiya xətti tikilib. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 kilometr olan dəmir-beton təhlükəsizlik sədləri quraşdırılıb, xüsusi siqnal dirəkləri ilə təmin edilib. 

Bununla yanaşı, paytaxtın girişində 20 Yanvar tunelinin yan yoluna “Şamaxinka” adlanan əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi və tunelin sonunda çıxış yolunun genişləndirilməsi işləri aparılıb. Nəticədə yolun hərəkət hissəsi sözügedən yerdə 6-7 metr enində genişləndirilib. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə birbaşa daxil ola bilir. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir edib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrində, yolun kənarında uzunluğu 150 metr, eni isə 15 metr olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də başa çatdırılıb. Nəticədə magistralın bu hissəsində yol daha üç hərəkət zolağı enində genişləndirilib. Eyni zamanda, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrliyində yerləşən (“Xırdalan” dairəsi yaxınlığında) mövcud yerüstü piyada keçidinin dayaqları sökülərək keçidin  7 metr uzadılması işləri başa çatdırılıb.

Həyata keçirilmiş kompleks tədbirlərin nəticəsi olaraq paytaxtın şimal girişində, Moskva prospektindən şəhərə giriş hissədə yol “20 Yanvar dairəsi”nə doğru genişləndirilib. Bundan məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tunelin sonunda şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa – “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib, nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə  aradan qaldırılıb.

Yeri gəlmişkən, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17 və 115-ci kilometrlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən 250 metr uzunluğunda, 12,5 metr enində və 440 metr uzunluğunda, 14 metr enində yeni geriyədönmə yol qovşaqları tikilib. 2016-cı ilin doqquz ayı ərzində 2985 ədəd yol nişanı və məlumatverici lövhə, 11115 ədəd siqnal dirəyi,  3860 ədəd siqnal bayrağı, 25137 paqonometr əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 685,8 min kvadratmetr həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.

İlin ötən dövründə “Azəravtoyol” ASC-nin maddi-texniki bazasını gücləndirmək məqsədilə 3 ədəd buldozer, 1 ədəd 14 tonluq vərdənə və 10 ədəd hidravlik çəkic alınıb. Hesabat dövründə  cəmiyyətin “Bakı 2 saylı Yol İstismarı” MMC-nin nəzdində Almaniya Federativ Respublikasından alınmış Lintex-3000 markalı, məhsuldarlığı 240 ton/saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilib.

“Azəravtoyol” ASC-nin kollektivi ölkədə həyata keçirilən yaşıllaşdırma tədbirlərində də fəal iştirak edir. Cəmiyyətin yol yaşıllaşdırma məhdud məsuliyyətli cəmiyyətləri 1600 kilometr magistral avtomobil yolunun, 1824 kilometr isə respublika əhəmiyyətli avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 194 min 987 ədəd, o cümlədən 956 min 638 ədəd çoxillik ağac mövcuddur. Cari ilin doqquz ayında   avtomobil yollarının təhkim zolağında 97532 ədəd, müxtəlif növ ağac və kol bitkisi əkilib.

Göründüyü kimi, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  bu sahənin inkişafı önəmli yer tutur. Qeyd etdiyimiz kimi,  “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən Prezident İlham Əliyev son on üç il ərzində avtomobil yollarının və yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirak edib, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər ediblər.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında