Azərbaycan güclü sənaye mərkəzinə çevrilir

Azərbaycanda son illərdə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sənayenin inkişafına xüsusi önəm verilməsində əsas məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal edilən məhsulların rəqabət davamlılığını artırmaq və ixracı çoxaltmaqdan ibarətdir.

Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilib və yenidən qurulub, 10 min kilometrdən çox  avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Hazırda ölkədə milli sənayenin inkişafını təmin etmək məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılır. Sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, investisiyaların təşviqi, biznes forumların təşkili və digər tədbirlər sayəsində sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların ötən il noyabr ayının 1-dən 2 il müddətinə dayandırılması,   lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, qüvvədə olan müddətli lisenziyaların müddətsiz elan olunması,  lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin   azaldılması, lisenziya alınmasına tələb olunan prosedurların sadələşdirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması da sənayenin inkişafını sürətləndirir.  

Sənayenin inkişafından danışarkən sənaye parklarının və məhəllələrinin yaradılmasını xüsusi vurğulamaq istərdik. Xatırladaq ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın  əsas istiqamətlərindən biri olan sənaye və texnologiyalar parklarının, eləcə də  məhəllələrinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye və Balaxanı sənaye parkları, 2012-ci ildə isə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Hazırda Mingəçevir Sənaye və  Yüksək Texnologiya, Qaradağ sənaye parkları və Neftçala Sənaye Məhəlləsi yaradılır.

Son illərdə sənayenin inkişafına sərmayə qoyuluşu da diqqət mərkəzində saxlanılıb. Təkcə bu il ərzində Azərbaycan iqtisadiyyatına 19,9 milyard manat investisiya yönəldiləcəyi proqnozlaşdırılıb. Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri-neft sənayesi sektoruna yatırılması nəzərdə tutulub.   

Dövlət başçısının Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bunu Prezident İlham Əliyevin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar da təsdiqləyir. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönəlib.

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.

Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.

Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Respublikamızda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində isə ildə 3 min ton məhsul istehsal ediləcək.

Dövlətimizin başçısı Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bütün bunlar barədə ətraflı bəhs edib: “Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq”.

Dövlətimizin başçısı nitqində, həmçinin diqqətə çatdırıb ki, sözügedən  sənaye parkında fəaliyyət göstərəcək zavodlar ixracyönümlü müəssisələrdir. Qarşıda duran əsas vəzifələrdən biri də  məhz Azərbaycanın qeyri-neft potensialını artırmaq  və ixracyönümlü məhsullar istehsal etməkdir. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu sənaye parkının üstünlüyü də ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Digər tərəfdən adı çəkilən parka daxil olan  müəssisələrin əksəriyyətində həm də yerli xammaldan istifadə olunacaq.

Yerli və xarici investorlarla birgə investisiya qoyuluşu vasitəsilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərindən olan Azərbaycan İnvestisiya Şirkəti indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

Ərzaq təhlükəsizliyinin, istehlak bazarında qiymətlərin sabitliyinin təmin olunmasında, kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında mühüm əhəmiyyətini nəzərə alaraq dövlət başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən meyvə-tərəvəz, taxıl və digər ərzaq məhsullarının tədarükü və saxlanılması üçün müasir logistik mərkəzlər tikilməkdədir. İndiyədək ümumi tutumu 330 min ton olan 52 logistik mərkəzin maliyyələşdirilməsinə 161 milyon manat güzəştli kredit ayrılıb. Artıq bunlardan tutumu 241 min ton olan 42 logistik mərkəz istifadəyə verilib. Bu logistik mərkəzlər ərzaq təhlükəsizliyinin təmin olunmasını, regionların sosial-iqtisadi inkişafını və investisiya cəlbediciliyinin artırılmasını, ixrac potensialının gücləndirilməsini sürətləndirib. 

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır.

Strateji yol xəritəsinin əsas istiqamətlərində sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu, təsadüfi deyil. Belə ki, hazırda bu sektorda iqtisadi diversifikasiya mühüm önəm daşıyır. Burada əsas məqsəd isə yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ümumi daxili məhsulun, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsidir. Onu da xatırladaq ki, bu gün   elm tutumlu sahələrin gücləndirilməsi ilə milli iqtisadiyyat yeni mərhələyə keçib və innovativ inkişafa qədəm qoyub.

Strateji yol xəritəsində 11 istiqamət əhatə olunub. Bunlardan 4-ü istehsal, o cümlədən neft-qaz, kənd təsərrüfatı, 2-si xidmət, 2-si sosial, 3-ü isə telekommunikasiya və maliyyə xidmətləri daxil olmaq şərtilə infrastruktur adı altında birləşdirilərək strateji yol xəritəsində ehtiva edilib.

Strateji yol xəritəsi Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkələr sırasına qaldırmaq məqsədi daşıyır. Bunun üçün qarşıda kapital, talant, bazar prinsiplərinin  gerçəkləşdirilməsi kimi 3 əsas vəzifə durur. Hər üç istiqamət üzrə strateji yol xəritəsi Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli hədəflərini müəyyənləşdirir.

Göründüyü kimi, dövlətimizin başçısı sənayenin inkişafını diqqət mərkəzində saxlayır. Ölkə rəhbəri həm də bu zaman sahənin təchizat təminatına mühüm önəm verir. Məhz elə bunun nəticəsidir ki, hazırda bu sektorun inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sənayenin  keyfiyyətcə yeni mərhələyə keçməsinin  təməlini qoyub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında