“Made in Azerbaijan” brendi artıq xarici bazarlarda etimad qazanır

İxracın stimullaşdırılmasına dair dəstək mexanizmləri həyata keçirilir

Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının ­sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında dövlət başçısı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxalın yerli məhsullarla əvəz olunmasını prioritet vəzifə kimi qarşıya qoyub. Xatırladaq ki, idxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsi  dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Məhz elə buna görə də  hazırda müvafiq hökumət qurumları tərəfindən ölkə rəhbərinin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli  müvafiq fərmanı ilə xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı qaydalar təsdiqlənib. Həmin qaydalarda, eyni zamanda,  yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi məsələləri də öz ifadəsini tapıb. Burada  “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılan qeyri-neft məhsullarının keyfiyyət və qiymət sarıdan rəqabətqabiliyyətli olması qarşıya əsas məqsəd kimi qoyulub.

Şübhəsiz ki, bu məsələdə dövlət öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə istehsalçılara və ixracatçılara hər cür dəstək verəcək. Bununla əlaqədar  sözügedən  sənədin “Ümumi müddəalar” bölməsində belə yazılıb: “Bu qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir”.

Hazırda ixrac missiyalarının həyata keçiriləcəyi dövlətlər, ölkə stendinin təqdim ediləcəyi beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, “Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların satılacağı mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kəlağayı və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır. Bununla yanaşı, 2016-cı ildə Çin və Birləşmiş Ərəb Əmirliklərində, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək “Yaşıl həftə” sərgisində təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri görülür. Eyni zamanda, Avropa İttifaqı, Rusiya, habelə  ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmaları aparılır.

Yuxarıda sadalananlarla yanaşı, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün tədbirlər davam etdirilir. Xatırladaq ki, artıq elektron portal test rejimində fəaliyyət göstərir.

Onu da xatırladaq ki, hazırda İqtisadiyyat Nazirliyində  dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsinə dair müsabiqənin keçirilməsi, bazar araşdırmasını və tədqiqat-inkişaf proqramlarını həyata keçirəcək ixtisaslaşan yerli və ya xarici hüquqi, habelə fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqələrin təşkili qaydalarının, ixracatçılardan daxil olan sifarişlərin qiymətləndirilməsi, beynəlxalq sərgi və yarmarkalarda iştirak meyarları hazırlanır. Bundan başqa, adı çəkilən nazirlikdə bir ay müddətində “Made in Azerbaijan” rəfləri yerləşdiriləcək xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət müəssisələrin (“duty free”) siyahısının müəyyənləşdirilməsi nəzərdə tutulur. “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və kütləvi informasiya vasitələrinin seçilməsi, tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarının hazırlanması da planlaşdırılır. ABŞ-ın prestijli mağazalarında “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına dəstək göstərilməsi də qarşıda mühüm vəzifə kimi durur.  

İqtisadiyyat Nazirliyində müvafiq strukturlara  ənənəvi bazarlarda fəaliyyətin gücləndirilməsi, yeni bazarların araşdırılması, ixracı təşviq olunan məhsulların nomenklaturunun genişləndirilməsi, bal, meyvə-tərəvəz, nar və s. üzrə assosiasiyaların yaradılmasının dəstəklənməsi barədə tapşırıqlar verilib.

Bu gün daxili bazarın qorunması da diqqət mərkəzində saxlanılır. Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının artırılması yerli istehsalın qorunmasına, genişlənməsinə və ixrac imkanlarının artırılmasına əlavə stimul yaradır. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən və cari ilin oktyabrın 13-dən qüvvəyə minən “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun icrası istiqamətində tədbirlər görülür.

Dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək, bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında tələbatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlillər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcək.

Yerli istehsalın dəstəklənməsi və ixracın genişləndirilməsi istiqamətində görülən işlərdən danışarkən, bir məqama da nəzər salaq. Son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması işlərinin intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi yüksək olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun qəbulu yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb.

İnvestisiya layihələrinin reallaşdırılması da ixracın genişləndirilməsində mühüm önəm daşıyır. Elə buna görə də son beş ayda investisiya təşviqi sənədi verilən və baxılmaqda olan layihələr üzrə iqtisadiyyata 800 milyon manatdan çox sərmayə yatırılacaq. Belə ki, indiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib və bu layihələr üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 787 milyon manat investisiya qoyulacaq. Hazırda bu sahədə  dəyəri 55 milyon manat olan daha 9 layihəyə baxılır. 

Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18 faiz, ixrac olunan məhsul çeşidləri isə 12 faiz artıb. Bu dövrdə qeyri-neft məhsulları ixracı 844 milyon ABŞ dolları olub. Qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36 faizi Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11 faizi isə digər ölkələrin payına düşür. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, Azərbaycan mənşəli məhsullara veriləcək ixrac təşviqi, İxracatçılar Klubunun və ixtisaslaşmış assosiasiyaların (şərab, nar, meyvə-tərəvəz və s.) yaradılması, artıq fəaliyyətə başlayan ixrac portalı ixracın stimullaşdırıımasında əhəmiyyətli rol oynayacaq.

Dəstək tədbirləri ilə bağlı onu da qeyd edək ki,    İqtisadiyyat Nazirliyi bu gün ixracı genişləndirmək məqsədilə yerli şirkətlərə keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac departamentlərinin yaradılması, ixrac portalında məlumatların yerləşdirilməsi, AZPROMO ilə sıx əməkdaşlıq və İxracatçılar Klubunda fəal iştirakı tövsiyə edib.

Azərbaycanın ixrac potensialından danışarkən, Sumqayıt Kimya Sənaye Parkında (SKSP) hazırda görülən işlərə də diqqət yetirmək istərdik. Sənaye və sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən SKSP-də investorlar üçün əlverişli güzəşt mexanizmləri yaradılıb. Sənaye parkının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətləri dövlət büdcəsi tərəfindən maliyyəşdirilib. Artıq sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri başa çatıb.  

SKSP-nin yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilən investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək. 

Rezidentlərin qeydiyyatının “bir pəncərə” sistemi ilə həyata keçirilməsi, onların 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olması bu parkların üstünlüklərindəndir. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.

Hazırda SKSP-də geniş infrastrukturun və müasir sosial zonanın yaradılması işləri davam etdirilir.

SKSP-nin  rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən ­polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.

“Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik polad boru, qofralı boru, fitinqlər, metal konstruksiya, metal hasar və s. məhsullar istehsal edir. Sözügedən MMC-yə məxsus Polad boru, Polietilen məmulatları və Hidrotexniki Avadanlıqlar zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda MMC-də istehsal olunan məhsulların 75 faizi ixrac olunur. Artıq “Azertexnolayn” MMC tərəfindən bu ilin 9 ayında istehsal olunan 47 milyon manat həcmində müxtəlif borular, mexaniki və hidrotexniki avadanlıqlar “Made in Azerbaijan” brendi ilə xaricə ixrac edilib.

SKSP-nin rezidenti olan “AzerFloat” QSC və Almaniyanın “HORN Glass Industries AG” şirkəti arasında imzalanan sazişə əsasən, parkda, eyni zamanda, şüşə lövhələri istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. İldə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsal etmək gücündə olan zavodda 150 nəfər işlə təmin olunacaq. Ümumi investisiya dəyəri 89 milyon avro təşkil edən layihənin 2018-ci ilin sonuna istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin olunur. “AzerFloat” QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

Ölkəmiz hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edir, meyvə-tərəvəz məhsulları, şərablar, şirələr və s. xarici ölkələrə ixrac olunur. Bununla belə, əlverişli torpaq-iqlim şəraiti, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq edilən güzəştlər, yaradılan müasir infrastruktur daha çox kənd təsərrüfatı məhsullarının ixracına geniş imkan yaradır. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı isə həmin məsulların istehsalının və ixracının artırılmasına əlavə stimul verir.

Bütün bunlarla yanaşı, hazırda gömrük prosedurlarının sadələşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı daşıma proseslərinin asanlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə ixrac üçün lazım olan sənədlər və rəsmiləşdirmə prosedurları  hazırlanır.

Sonda əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 2016-cı il yanvar ayının 18-də imzaladığı “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının artırılmasına imkan yaradacaq və daha böyük iqtisadi dividendlərin əldə olunmasına gətirib çıxaracaq. Azərbaycanda dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin aparılması qeyri-neft sektorunun sürətlə inkişafına stimul verəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında