Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, respublikamız dünyada üç və daha çox islahat həyata keçirən 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı növbəti istifadəçilərin qoşulma nöqtələrinin müəyyənləşdirilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmiz hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.
Hesabatda, eyni zamanda, Azərbaycan “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə öz mövqelərini yaxşılaşdıraraq, 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.
Qeyd edək ki, “Doing Business 2016” hesabatı 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.
Yeri gəlmişkən, “Doing Business 2016” hesabatında qiymətləndirilən sahələrin inkişafı ilə bağlı bəzi məqamlara qısaca nəzər salaq. Dövlət başçısının 2016-cı il 21 may tarixli fərmanı ilə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları” təsdiq edilib. Həmin qaydalar “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamının 3.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanıb. Bu qaydaların məqsədi gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, avtomatlaşdırılmış elektron informasiya sisteminin imkanlarından yararlanmaqla, qarşıya çıxa biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyənləşdirilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılmasından ibarətdir.
“Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması ilə bağlı məqam da hesabatda diqqət çəkir. Xatırladaq ki, son illərdə ölkəmizdə vergi ödəyicilərinə xidmətlərin spektri genişləndirilib və bir sıra yeni elektron xidmətlərin tətbiqinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə vergi sistemi əsaslı şəkildə modernləşdirilib, vergi inzibatçılığı kökündən dəyişdirilərək, beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, son 10 ildə vergi daxilolmaları 5 dəfə, qeyri-neft sektorundan daxilolmalar 5,7 dəfə, regionlardan büdcə daxilolmaları isə 10,2 dəfə artıb. Qeyri-neft sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 70 faizə çatıb.
Hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələri elektron şəkildə təqdim edilir. Artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirilir, dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan “e-audit” və “Asan imza” kimi mühüm layihələr Azərbaycanın vergi sistemində uğurla reallaşdırılır. Dünya Bankının qiymətləndirmələrinə görə, respublikamız hazırda “e-qeydiyyat” sisteminin uğurlu tətbiqi üzrə dünyanın aparıcı dövlətləri sırasındadır.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, son 10 ildə vergi ödəyicilərinin sayının 5 dəfədən çox artması nəticəsində yeni vergitutma mənbələri yaranıb. Bu baxımdan rəqəmsal iqtisadiyyatın inkişafı vergi orqanları qarşısında yeni vəzifələr qoyur.
Ölkəmizdə elektrik təchizatı şəbəkələrinə yeni istifadəçilər qoşulan zaman sərf olunan vaxta qənaət edilməsi, kiçik investorların maraqlarının qorunması, xarici ticarətin aparılması, əmlakın qeydiyyatının reallaşdırılması ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində uğurların əldə olunması sözügedən hesabatda Azərbaycanın mövqeyini daha da yaxşılaşdırıb.
Ümumiyyətlə, bu gün dünyada yaşanan iqtisadi böhranın və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin yaratdığı təsirlərin neft ixracatçısı olan Azərbaycanda da hiss edildiyi heç kəsə sirr deyil. Lakin buna baxmayaraq, ölkə iqtisadiyyatında, xüsusilə qeyri-neft sektorunda inkişaf meylləri nəzərə çarpır. Qlobal miqyasda yaşanan böhran dövründə Azərbaycanda iqtisadi inkişaf davam edərək ümumi daxili məhsulun və sənaye istehsalının artmasına mühüm təsir göstərir. İşsizliyin və yoxsulluğun səviyyəsi getdikcə aşağı düşür, yeni iş yerləri açılır.
Enerji məsələlərinə xüsusi diqqət göstərilir. Azərbaycanın və Türkiyənin mühüm rol oynadığı “Cənub” qaz dəhlizinin başa çatması istiqamətində zəruri addımlar atılır. Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyət daşıyan bu layihənin dörd mərhələsinin – “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın hər biri üzrə işlər uğurla davam etdirilir.
Son on ildə Azərbaycan sürətli tərəqqi yolu keçib, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılıb. Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının 70 faizini təşkil edib. ÜDM istehsalı 3 dəfə artıb, işsizlik 5 faizə enib, yoxsulluq 5 faizədək azalıb. On min kilometrdən çox təzə yol çəkilib, 340 körpü və tunel istifadəyə verilib.
Hazırda qeyri-neft sektorunun sürətli inkişafı davam edir. Bu inkişaf öz bəhrəsini müxtəlif sahələrdə göstərməkdədir. Misal üçün, ölkə miqyasında ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası inşa olunub, ölkəmizin ümumi enerji potensialı 6300 meqavata çatdırılıb, 25 yeni elektrik stansiyası, 6 hava limanı istifadəyə verilib, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminal binası tikilib, yeni Bakı Beynəlxalq Ticarət Limanı və gəmiqayırma zavodu istismara buraxılıb, Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrilib, 70 mindən artıq müəssisə fəaliyyətə başlayıb, 3 min məktəb, yüzlərlə səhiyyə ocağı, 50-dək olimpiya idman kompleksi inşa olunub. Ölkənin turizm potensialının gücləndirilməsi istiqamətində atılan addımlar nəticəsində dünyanın məşhur otel brendləri Azərbaycanda fəaliyyətə başlayıb, beynəlxalq standartlara uyğun istirahət ocaqları və 300 mehmanxana inşa edilib.
“Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri yaradan, Avropanın enerji təchizatında etibarlı tərəfdaş sayılan, təşəbbüsçüsü və icraçısı olduğu beynəlxalq transmilli layihələrlə dünya dövlətlərinə fayda gətirən, əməkdaşlığın yeni formatlarına həyat vəsiqəsi verən Azərbaycan artıq dünyanın tanınan dövlətlərindən biridir.
Son on ildə Azərbaycanın postneft dövrünə hazırlıq prosesində neftdən gələn gəlirlər ölkənin qeyri-neft sektorunun və ən önəmlisi, insan kapitalının inkişafına sərf olunub. Neft gəlirləri vasitəsilə Azərbaycan gəncləri xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıdaraq iqtisadiyyatın inkişafına töhfə verirlər.
Bu prosesin digər mühüm cəhəti isə Azərbaycanın investisiya qəbul edən ölkədən sərmayə yatıran ölkəyə çevrilməsidir. Azərbaycana 200 milyard dollardan artıq sərmayə yatırılıb ki, bunun da yarısı xarici investisiyalardır. Bundan başqa, ölkəmiz tərəfindən təkcə Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun 20 milyard dollara çatdırılması nəzərdə tutulur.
Azərbaycanın iqtisadi inkişafı istiqamətində son vaxtlar görülən işlərdən bəhs olunarkən ölkəmiz tərəfindən orta və uzunmüddətli perspektivdə mühüm addımların atıldığını da qeyd etməliyik. Bu baxımdan sosial təminat ilk sırada yer alır. Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin əsas məqsədi iqtisadi rifahın yüksəldilməsi, işsizliyin və yoxsulluğun aradan qaldırılmasıdır. Proqram çərçivəsində yerli və xarici sərmayədarlar təşviq edilərək fəaliyyət sahələrinin daha da yaxşılaşdırılması və iqtisadi canlanmanın sürətləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.
Ölkədə özəlləşdirmə proqramı beynəlxalq mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Bu prosesdə sahibkarlar mühüm rol oynayırlar, onlar dövlət tərəfindən planlaşdırılan layihələrə sərmayə qoymaq üçün təşviq olunurlar. Ölkədə qeyri-neft sektorunun əsas istiqamətlərini kənd təsərrüfatı, sənaye istehsalı və yeni müəssisələrin açılması təşkil edir.
Qeyri-neft sektorunun inkişafı baxımından inşaat sektorunun iqtisadiyyatdakı rolunun artırılmasına da mühüm önəm verilir. Bu baxımdan tikinti şirkətlərinə lazımi dəstək göstərilərək ölkə miqyasında inşaat layihələrinin icrasının təmin edilməsi və həmin prosesdə şəhər planlaşdırmasına dəqiq əməl olunmasına xüsusi diqqət yetirilir. İş yerlərində şəraitin yaxşılaşdırılması da atılan addımlar arasındadır. Azərbaycanın bu istiqamətdə fəaliyyəti Dünya Bankı tərəfindən yayımlanan “Doing Business 2017” hesabatında təqdirəlayiq qiymətləndirilib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.