Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı daxili investisiyaların həcminin artmasına müsbət təsir göstərir

Bu gün Azərbaycanda əsas vəzifə iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən sosial-iqtisadi tədbirlər məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə mühüm əhəmiyyət verilir. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Biz həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük...".
Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallışdırılır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluğun azaldılması ilə bağlı müsbət göstərici əldə edilmişdir - 11 faiz. Bununla belə dövlət həmin təbəqədən olan insanlara daim öz qayğısını göstərir, minimum əmək haqqı və pensiyanın qaldırılmasında, sosial müdafiə işlərində çox mühüm addımlar atır.
Ölkə Prezidentinin rəhbərliyi və daimi diqqəti altında özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın büdcə siyasətində də mühüm uğurlar əldə edilmişdir. Belə ki, əldə olunmuş makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin iştirakını, istehsalın həcminin və səmərəliliyinin artırılmasını, inflyasiyanın sabit saxlanılmasını, maliyyə intizamının gücləndirilməsini və xərclərin şəffaflığının təmin edilməsini özündə əks etdirir.
Ölkənin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin nə dərəcədə ciddi rol oynadığının əlavə şərhinə ehtiyac yoxdur. Son illər büdcə sisteminin formalaşması və inkişafı istiqamətində xeyli müsbət dəyişikliklər baş vermişdir. Maliyyə Nazirliyi tərəfindən büdcə siyasətinin təkmilləşməsi, zəruri ehtiyaclar üçün maliyyə mənbələrinin səfərbər edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla bərabər yeni vəzifələr maliyyə sistemi qarşısında da müvafiq tələblər qoyur.
Azərbaycanda bu gün effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Belə halda vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilirlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir.
Azərbaycanda maliyyə bazarında əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosialyönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.
İqtisadiyyata investisiya qoyuluşu həcmi də getdikcə artır. Bu ilin ötən aylarında ölkəmiz investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, bir sıra bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr son illər öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi artmaqda davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi. Bu gün ölkəmizdə yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, Azərbaycan daxili investisiyaların həcmini də ildən-ilə artırsın.
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşmasının əsasında da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi durur. Buna görə də Azərbaycan Respublikası XXI əsrə bazar iqtisadiyyatının formalaşdırılması və sahibkarlığın inkişafı sahəsində böyük irəliləyişlərlə qədəm qoymuşdur.
İqtisadi və dövlət idarəetmə aparatında aparılan islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, yerli və xarici investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.
Uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da olduqca mühüm əhəmiyyət daşıyır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən bu mühüm proqramda üç əsas istiqamətdə tədbirlər nəzərdə tutulmuşdur. Bunlar isə ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən ibarətdir.
Qeyd olunmalıdır ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm şərtdir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz kəmərlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı şəkildə reallaşdırılmasına əlverişli şərait yaratmışdır.
Məhz bunun nəticəsidir ki, yeni regional Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Nəzərə alsaq ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı".
Regionların inkişafında mühüm rol oynayan sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində də mühüm işlər görülür. Bu məqsədə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə bu ilin 9 ayında 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilmişdir. Bütövlükdə, fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilmişdir.
Cari ilin doqquz ayında dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 38,4 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Bu dövrdə "Naxçıvan Aqrolizinq" Şirkətinə 4,5 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait yönəldilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi üçün Dövlət Kənd Kreditləri üzrə Agentliyə 10 milyon manat vəsait ayrılmışdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı hazırda ölkə regionlarında 211 müəssisənin, o cümlədən 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
Həyata keçirilən tədbirlər əminlik yaradır ki, bundan sonra da orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.
Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığın genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixrac üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönəldiləcəkdir.
Hazırda büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan yaxın gələcəkdə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılması mühüm vəzifə kimi qarşıda durur. Ümumiyyətlə, regional Dövlət Proqramında ölkə iqtisadiyyatının prioritet istiqamətləri aydın göstərilmişdir. Bu, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə subsidiyaların artırılmasını, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlbini, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının dəstəklənməsini nəzərdə tutur.
Yeni Dövlət Proqramında vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlər də öz konkret ifadəsini tapmışdır. Məsələn, qarşıdakı illərdə vergi dərəcələrinin optimallaşdırılması, sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması, sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter terminallarının, habelə özəl vergi məsləhəti xidmətinin yaradılması nəzərdə tutulur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında