Azərbaycanda iqtisadi artım tezliklə təmin olunacaq

Son günlər müxalif mətbuat səhifələrində ölkənin mövcud iqtisadi vəziyyəti,  az qala, “fəlakətin bir addımlığında” olduğu kimi təqdim edilir . Bəli, bütün dünyada gedən iqtisadi geriləmələr Azərbaycandan da yan keçməyib. Ancaq bunu şişirtmək, “təhlükəli həddə çatma” kimi də qiymətləndirmək olmaz.

Əgər biz bu gün 3,9 faiz ümumi iqtisadi azalmanı və 11 faiz illik inflyasiyanı fəlakət sayırıqsa, onda səriştəsiz idarəçilik nəticəsində 1991--1993-cü illərdə iqtisadiyyatda yaranmış o xaosa nə ad verməliyik?  İqtisadçı olan hər kəs çox gözəl bilir ki, məhz həmin o durumdan sonra ölkədə 1700-1800 faiz illik inflyasiya baş verdi. Yaranmış vəziyyətdə iqtisadiyyatın bərpası istiqamətində zəruri addımlar yalnız 1993-cü ilin sonlarından atılmağa başlandı. Ona qədər isə iqtisadiyyatın acınacaqlı halı heç kimi maraqlandırmırdı. Məhz 1993-cü ilin sonlarından başlayan sistemli bərpa tədbirləri 1995-ci ilin axırlarına yaxın vəziyyətin sabitləşməsinə gətirib çıxardı.

Bu gün iqtisadi duruma  qiymət verərkən istifadə olunan əsas mənbə Dövlət Statistika Komitəsinin məlumatlarıdır. Bu həmin o Statistika Komitəsidir ki, ölkədə iqtisadi artım templəri yüksək olduğu dönəmlərdə müxalif cəbhədə hər dəfə onun rəqəmlərinə bir inamsızlıq ifadə olunurdu. Bu gün, nədənsə, Dövlət Statistika Komitəsinin yayımladığı və real iqtisadi durumu əks etdirən bu rəqəmlərdən hər kəs məmnuniyyətlə istifadə edir, mövcud iqtisadi duruma qiymət verməyə çalışır və heç kim onların dürüstlüyünü şübhə altına almır. Əgər bu məlumatlar qəbul edilirsə, onda nə üçün onların yalnız iqtisadiyyatın haradasa gerilədiyini göstərən hissələrindən istifadə olunur? Axı keçən illə müqayisədə ÜDM-in 1,7 milyard manat və ya 3,9 faiz azalması nə üçün “fəlakət həddi kimi” qiymətləndirilməlidir? Axı başqa sahələrdə müsbət nəticələr də az deyil.

Cari ilin doqquz ayında sənaye məhsullarının istehsalında 0,2 faiz, qeyri-neft sənayesində 3,6 faiz, çox əlverişsiz iqlim şəraitinə baxmayaraq, kənd təsərrüfatında 2,4 faiz, informasiya və rabitə xidmətlərində 5,5 faiz artım müşahidə olunub. 2016-cı ilin yanvar--sentyabr aylarında əsas kapitala 10,3 milyard manat məbləğində vəsait yönəldilib. Bu vəsaitin 8,2 milyard manatı və ya 80,2 faizi məhsul istehsalı obyektlərinin, 1,6 milyard manatı (15,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,3 milyon manatı (4,3 faizi) isə ümumi sahəsi 1205,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard manatını və ya 39 faizini daxili, 6,3 milyard manatını və ya 61 faizini xarici investisiyalar təşkil edib.

Ağıllı xarici investorlar iqtisadiyyatı ağır vəziyyətdə olan bir ölkəyə, onun büdcəsinin gəlirlərinin 40 faizdən çox olan bir həcmdə  investisiyanı heç vaxt yatırmazlar! İqtisadiyyatı “fəlakət həddi”nə yaxınlaşan bir ölkəyə Davos İqtisadi Forumu rəqabət qabiliyyətliyinə görə 37-ci yeri heç vaxt verməz. Belə bir ölkənin 40 milyard dollardan çox valyuta rezervləri ola bilməz! Bu qəbildən olan misalların sayını çox artırmaq olar...

İqtisadi mövzuda yazan həmkarlarımı obyektiv olmağa çağırıram. Tənqid edərkən obyektivliyi itirmək olmaz! Obyektivliyi itirməklə müəllif özünün bütün yazdıqlarını şübhə altına qoyur. Azərbaycan iqtisadiyyatının mövcud durumunu düzgün qiymətləndirməyən və pessimist əhval-ruhiyyəyə köklənmiş həmkarlarıma onu demək istəyirəm ki, əgər bir ölkənin iqtisadiyyatına 9 ayda, az qala, Gürcüstanın və Ermənistanın bir illik büdcəsi qədər investisiya yatırılırsa, onda hansı “iqtisadi fəlakət”dən söhbət gedə bilər?

Əgər bu gün yaranmış durumda hökumət əl-qolunu yanına salıb heç nə etməsəydi, onda narahatlıq üçün əsas ola bilərdi. Son bir ildə qəbul edilmiş və ölkəni kardinal dəyişikliklərə aparan qətiyyətli qərarlar yaxın iki ildə milli iqtisadiyyatın neft amilindən asılılığını tam aradan qaldıracaq və iqtisadi artım templəri təmin olunacaqdır. Buna heç kimin şübhəsi olmasın...

Fikrət Yusifov,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında