Qeyri-neft sektoru Azərbaycanın iqtisadi inkişafının prioritetinə çevrilib

Dünya ölkələrində davam edən maliyyə böhranının  Azərbaycana təsirinə baxmayaraq, ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, nəzərdə tutulmuş proqramlar, investisiya layihələri uğurla icra olunur. Heç şübhəsiz, bütün bunlar dünyanın bir sıra nüfuzlu  iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır, Azərbaycanın iqtisadi inkişafı  yüksək qiymətləndirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu yaxınlarda dünyanın ən nüfuzlu iqtisadi qurumu sayılan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür.

Müqayisə üçün deyək ki, ötən il ölkəmiz bu hesabatda 40-cı sırada olmuşdur. Bununla yanaşı, ölkəmiz MDB məkanında, həmişə olduğu kimi, birinciliyi qoruyub saxlaya bilmişdir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan hətta böhran şəraitinə baxmayaraq, tərəqqi, inkişaf yoluna davam edir.

Ölkəmizin davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır. Məhz bunun nəticəsidir ki, son beş-altı ildə iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi təqribən 70  faizə çatmışdır. Bütövlükdə isə rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən,  son on üç ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır.

Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına  subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir.

Göründüyü kimi,  keçid iqtisadiyyatını uğurla başa çatdıran Azərbaycan öz təbii resurslarından məqsədli şəkildə istifadə edərək iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilmişdir. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası davam edir. Məhz bu tendensiyanın nəticəsidir ki,  son on iki ildə ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılmışdır ki,  bunun da böyük əksəriyyəti hissəsi qeyri-neft sektorunun payına düşür.

Ölkə iqtisasdiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft sektorunun dinamik inkişafını müsbət amil kimi dəyərləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Son müddət ərzində Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafı artır. Baxmayaraq ki, dünyanın iqtisadi böhranı davam edir, biz bu istiqamətdə də çox ciddi addımlar atmışıq. Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin. Sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki, az artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 43 milyard 436,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bunun da 28 milyard 536,2 milyon manatı qeyri-neft sahələrinin payına düşür. Yeri gəlmişkən, cari ilin doqquz ayında qeyri-neft sektorunun ümumi daxili məhsulda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalsa da, sənayenin qeyri-neft sahələrində 3,6 faizlik artım qeydə alınmışdır. Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bununla bağlı təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Bütövlükdə isə “Sənaye ili” çərçivəsində və sonrakı dövrdə həyata keçirilmiş tədbirlər müsbət nəticələr vermişdir.  Belə ki, 2016-cı ilin doqquz ayında Azərbaycanda 16 milyard 378,1 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən 1 faiz çoxdur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin sürətli inkişafına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin doqquz ayında Azərbaycanda 6 milyard 75,4 milyon manatlıq qeyri-sənaye malları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə  3,6 faiz çoxdur. Bütün bunlar, heç şübhəsiz, ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü  tədbirlərin nəticəsidir.

Hesabat dövründə sənayenin mədənçıxarma bölməsinin bəzi qeyri-neft sahələrində (mis filizləri və konsentratları, gümüş, duz, gips və anhidrit)  artım müşahidə edilmişdir. Yanvar-sentyabr aylarında 6 milyard 482,3 milyon manatlıq məhsul  istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 0,7 faiz çoxdur. Dövlət başçısı İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi ərzaq təhlükəsizliyi ilə bağlı tapşırıqların ardıcıl şəkildə yerinə yetirilməsinin nəticəsidir ki, bu ilin doqquz ayında qeyri-neft sektorunun mühüm səhələrindən sayılan qida məhsulları  4,3 faiz artmışdır. Bununla yanaşı, hesabat dövründə ölkədə toxuculuq məhsulları 2,7 dəfə, geyim 34,6 faiz, mebel 16,3 faiz, ağacın emalı və ağacdan məmulatlar 32,2 faiz, poliqrafiya məhsulları 12,7 faiz, elektrik avadanlıqları 2,6 dəfə, kompüter və elektron məhsulları 14,9 faiz və digər mühüm növ məhsulların istehsalı artmışdır. 

Bu ilin ötən dövründə ölkədə yeni sənaye müəssisələrinin yaradılması davam etdirilmiş, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Hazırda ölkənin regionlarında qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılır. Bu baxımdan Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesinə start verilməsi, ölkədə dərman istehsalının təşkilinə başlanılması, eyni zamanda, bölgələrdə sənaye zonalarının yaradılması ilə bağlı görülən işlər diqqəti cəlb edir. Yeri gəlmişkən, ötən ilin sonlarında  Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, heç şübhəsiz, qarşıdakı illərdə qeyri-neft sənayesinin sürətli  inkişafına təkan verəcəkdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr ölkəmizə böyük xeyir gətirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Bu da Azərbaycanın qeyri-neft məhsullarının ixracını artırmağa imkan yaradacaq.

Hazırda Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları Azərbaycanda kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Hazırda ölkənin məşğul əhalisinin 44 faizdən çoxu məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramların icrası, bir sıra islahatların və yeni texnologiyaların cəlb edilməsi sürətlənir. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir:
“...Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir”. Son üç ildə Azərbaycanda kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. İndi ölkə iqtisadiyyatının vacib sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün konkret işlər görülür, mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin aqrar bölməsində 4 milyard 614,3 milyon manat məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çoxdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ötən dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi davam etdirilmişdir. Bununla yanaşı, ölkəmizdə aqrar bölmənin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra təsirli tədbirlər görülür. Bu isə Azərbaycanda kənd təsərrüfatının inkişafına yüksək inkişaf perspektivləri vəd edir. İqtisadiyyatın mühüm sahələrindən sayılan  kənd təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində həyata keçiriləcək mühüm işlər isə son nəticədə ölkəmizin qeyri-neft sektorunun  inkişafına təkan verəcək. 

Ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir. Adıçəkilən sahə gəlir gətirmək baxımından olduqca cəlbedicidir. Məhz buna görədir ki, son illər ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, Bakıda, eləcə də regionlarda müasir turizm obyektləri tikilib istifadəyə verilir, bu sahədə xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Ölkənin turizm imkanlarından tam istifadə ümumi daxili məhsulda qeyri-neft neft sektorunun payının artmasına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir. Cari ilin doqquz ayında, həmçinin nəqliyyat, informasiya və rabitə sahələrində də əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir.

Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı  özəl bölmənin fəaliyyətindən çox asılıdır. Son illər Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, özəl sektora dövlət dəstəyinin getdikcə artırılması ölkədə sahibkarlığın sürətli inkişafına səbəb olub. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq ötən il ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilib. Təkcə bu ilin doqquz ayında sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə  iqtisadiyyatın müxtəlif sahələri üzrə  120 milyon manat güzəştli kreditlər verilib. Bütövlükdə isə fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına ölkədə çoxsaylı  iri istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib.

Məlum olduğu kimi, ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olmuşdur. Bu baxımdan cari ilin otən dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində mühüm işlər görülmüş, bir sıra uğurlu layihələr həyata keçirilmiş, regionların inkişafına  bütün mənbələr hesabına kifayət qədər vəsait yönəldilmişdir.

Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti kimi getdikcə aktuallıq kəsb edir. Ölkəmizin sosial-iqtisadi inkişafı fonunda adıçəkilən bölmənin ÜDM-də xüsusi çəkisinin artması 2016-cı ilin ötən dövründə də davam etmişdir. Yeri gəlmişkən, iqtisadçı ekspertlərin proqnozlarına görə,  dövlətin iqtisadi siyasətinin aparıcı trendinə müvafiq olaraq  ÜDM-in artımı onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcək. Bu inkişaf tendensiyası növbəti illərdə də davam edəcək. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildəki 52,7 faizdən 2017-ci ildə 72,4 faizə yüksələcək. Bu dövr ərzində dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı nəzərəçarpacaq dərəcədə aşağı enəcək ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının ildən-ilə azaldığlnı göstərməklə iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-neft sektorunun dinamik inkisaf etdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər.

Son illər ixracda neft və neft məhsullarının  yüksək paya malik olması Azərbaycan iqtisadiyyatının formalaşmış ənənəvi strukturu ilə bağlıdır. Bununla belə, ixracın strukturunda neft sektorunun payının  getdikcə azalması müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ldə ixracda neft sektorunun payı  95,3 faiz, 2012-ci ilə 94,1 2013-cü ildə 92,4 faiz olmuşdusa, ötən il bu göstərici 90,1 faiz təşkil etmişdir. İqtisadçı ekspertlərin qənaətinə görə, bu tendensiya qarşıdakı illərdə də davam edərək 2017-ci ildə 81 faiz həcmində olacaq. Əvəzində isə ölkəmizdən dünya bazarlarına çıxarılacaq qeyri-neft məhsullarının həcmi artacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına  mümkün olacaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında