Azərbaycanda əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirləri irəli sürən regional dövlət proqramları ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmağa xidmət edir. Regional proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoyub, bölgələrin tərəqqisini dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilən bu strategiyanın düzgünlüyü son illərdə öz bariz təsdiqini tapıb. Respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb.
Regionların dinamik inkişafı Azərbaycanın nəinki bölgədə, hətta dünyada cəlbedici ölkəyə çevrilməsinə şərait yaradıb. Bu, Prezident İlham Əliyevin sözügedən məsələni daim diqqət mərkəzində saxlaması ilə birbaşa bağlıdır. Dövlət başçısının rayonlara mütəmadi səfər edərək yeni obyektlərin açılışında, təməlqoyma mərasimində iştirak etməsi, sakinlərlə görüşüb onların qayğıları ilə ciddi maraqlanması, müvafiq strukturlara öz tapşırıqlarını verməsi bunun bariz ifadəsidir. Regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verən bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının şaxələnməsini göstərməklə yanaşı, həm də vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.
Bu fikrin təsdiqi olaraq Prezident İlham Əliyevin oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye müəssisə ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşündə dediklərinə diqqət yetirək: “... Biz Ağstafa rayonunda sənaye parkının açılışını qeyd edirik. Mən bu təşəbbüsü çox alqışlayıram. Şadam ki, burada bütün işlər düşünülmüş qaydada öz həllini tapır. Burada bir neçə müəssisə fəaliyyət göstərəcək. Yüzlərlə, bəlkə də minlərlə yeni iş yeri yaradılacaq. Bu sənaye parkında son illər ərzində gördüyümüz işlər artıq əyani şəkildə özünü göstərir. Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb...
Sənaye parklarının yaradılması indi Azərbaycanda geniş vüsət alıb. İndi ölkəmizin müxtəlif yerlərində yeni sənaye zonaları yaradılır, dövlət investisiya ayırır - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı. Ancaq bu sənaye parkının yaradılması sahibkarlığın inkişafının göstəricisidir və sırf sahibkarlardan gələn təşəbbüsdür...”.
Ölkə Prezidenti çıxışında daha sonra bildirib ki, Azərbaycanda kənd təsərrüfatının, sənaye potensialının inkişafı təmin edilməli, daxili tələbat yerli istehsalla təmin olunmalı, eyni zamanda, respublikanın ixrac imkanları genişləndirilməlidir. Regionlarıda bu istiqamətdə tədbirlər həyata keçirilməsi sevindiricidir. Sənaye parklarının gələcəyi böyük ümidlər doğurur.
Dövlət başçısı nitqində rayonların icra hakimiyyətləri üzərinə mühüm vəzifələr düşdüyünü də diqqətə çatdırıb: “... Mən dəfələrlə bəyan etmişəm, rayonların icra hakimiyyətləri çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Biz bunu Ağstafa rayonunda, bu sənaye parkının yaradılmasında görürük. Bu gün yeni un dəyirmanının təməli qoyuldu. Burada kənd təsərrüfatı sürətlə inkişaf edir, investisiyalar cəlb olunur.
Əlbəttə ki, dövlət öz siyasətini aparır və sahibkarlığın inkişafı prioritet istiqamətdir. Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdırlar, şərait yaratmalıdırlar, sahibkarları cəlb etməlidirlər və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.
Hazırda yeni iş yerlərinin ölkənin bütün rayonlarında açılması qarşıya əsas məqsəd kimi qoyulub və yeri gəlmişkən, bu məsələ müsbət həll olunur. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2016-cı ilədək olan dövr ərzində ölkədə 336 min 300, o cümlədən, 269 min 400 daimi iş yeri yaradılıb. Bu dövrdə açılan iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorundadır.
Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində regionların inkişafı daha da sürətlənib. Dövlətin 240 milyon manat maddi dəstəyi, başqa sözlə, güzəştli kredit sayəsində 19 rayonda 40 quşçuluq təsərrüfatı, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük kompleksləri, 6 rayonda ət kəsimi və emalı müəssisələri yaradılıb. Bunun nəticəsidir ki, son 3 il ərzində ət və ət məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kredit verilib. Bu isə həmin növ məhsullarla ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər, idxal imkanların artması deməkdir.
Xatırladaq ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul edilib. Həmin proqramların icrası məqsədi ilə ölkədə irimiqyaslı sosial layihələr yerinə yetirilib. Respublika ərazisinin 90 faizi qazlaşdırılıb, 10 min kilometrdən çox yol çəkilib. Bir çox yerlərdə içməli su layihələri icra edilib. Son 13 ildə 25 elektrik stansiyası, 3 min məktəb, 600-ə yaxın xəstəxana tikilib və ya əsaslı təmir edilib. Həmin müddətdə məcburi köçkünlər üçün 89 qəsəbə salınıb, 225 min vətəndaş yeni mənzillərə köçürülüb. Sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manatdan çox kredit verilib. Ölkəyə 200 milyard dollar sərmayə qoyulub ki, bunun da 100 milyard dolları xarici sərmayədir.
Azərbaycan Prezidentinin bu gün kənd təsərrüfatının inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.
Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bununla bağlı deyib: “Bu gün Qazax rayonunda kəndli fermer təsərrüfatının işi ilə tanış oldum. Burada görülən işlər çox yaxşı təəssürat bağışlayır. Yaxşı iş görmüsünüz. Ölkəmizin, kənd təsərrüfatının inkişafı üçün belə təsərrüfatların çox böyük faydası var. Çünki bu gün ölkəmiz, bütün regionlar hərtərəfli inkişaf edir. Kənd təsərrüfatı bu gün prioritet sahədir. Qısa müddət ərzində burada görülən işlər onu göstərir ki, əgər güclü iradə varsa hər bir işi görmək olar. Bu gün mənə göstərildi ki, vaxtilə suvarılmayan torpaq sahələrində indi suvarma işləri aparılıb, ən müasir texnologiyalar tətbiq olunub və beləliklə yüzlərlə hektar torpaq sahəsi artıq əkinə cəlb edilib.
Burada yetişdiriləcək məhsul həm ölkəmizin ərzaq təhlükəsizliyini təmin edəcək, həm də gələcəkdə ixrac olunacaq. Beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcək. Bu gün bu, artıq reallıqdır. İndi dünyada böhran yaşanmasına baxmayaraq Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb. Bax, belə təsərrüfatlar hesabına. Çünki məqsədyönlü işlər aparılır. Dövlət həm texnika ilə, həm kreditlərlə öz dəstəyini göstərir, metodik tövsiyələr verilir və insanlar bu işlərə cəlb olunurlar. Mənə verilən məlumata görə, burada kənd camaatı bu işlərdə işləyir, yaxşı maaş alır. Burada həm iş yerləri yaradılır, həm də ən müasir texnika tətbiq edilir. Yəni, bu, müasir yanaşmadır və ölkəmizi gücləndirəcək. Biz ilk növbədə öz tələbatımızı təmin etməliyik. Burada kartofçuluq daha da çox inkişaf edəcək. Biz artıq nəinki öz tələbatımızı təmin edirik, eyni zamanda, ixrac da edirik.
Taxılçılıqda isə hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə də daxili tələbatımızı öz hesabımıza təmin edək. Kənd təsərrüfatı məhsullarının ixracının artırılması nəzərdə tutulur. Ənənəvi məhsullar ixrac edilir, ancaq biz bu gün digər sahələrə də böyük diqqət göstəririk”.
Hazırda Taxtakörpü və Şəmkirçay su anbarlarının və kanalların istifadə verilməsi nəticəsində yeni suvarılacaq, habelə su təminatı yaxşılaşdırılacaq rayonlarda, o cümlədən dövlət fondu torpaqlarında uyğun sahələrin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi, əkin strukturunun öyrənilməsi, eyni zamanda, təsərrüfatla bağlı digər işlərin həyata keçirilməsi davam etdirilir ki, bu işlər də yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları bolluğunun yaradılmasına öz töhfəsini verəcək.
Prezident İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş qanunlar, qərar və qaydalar aqrar sektorda iqtisadi fəallığın yüksəlməsinə səbəb olub. Bunu belə bir fakt da təsdiqləyir: Dünya Bankının 2016-2018-ci illər üçün proqnozlaşdırılan məlumatında da respublikamızda kənd təsərrüfatının inkişaf tempi qeyd olunub. Bildirilib ki, sözügedən sahə üzrə 2016-cı ildə 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Proqnoza görə, görülən işlərin, həyata keçirilən layihələrin uğurla icrası nəticəsində isə ilin sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağı proqnozlaşdırılır.
Dövlət başçısı “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: “... Fikrimiz var ki, hər il 10 minlərlə hektar torpağı dövriyyəyə gətirək, suvarma işləri təmin edilsin. Gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə artıq 80-90 min hektarda əkin aparılacaq. Yaxın gələcəkdə daha da geniş proqram tutulacaq ki, hər il biz ən azı 100 min hektarda işlər görək, yəni o torpaqları dövriyyəyə cəlb edək. Beləliklə, biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard manat həcmində güzəştli kreditlər verilmişdir, bu proses davam etdirilir. Bu il 200 milyon manat nəzərdə tutulur, gələn il də ən azı bu qədər olacaq. Yəni, bu, dövlət tərəfindən görülən işlərdir. Əgər bu işlərə infrastruktur layihələrini də əlavə etsək, mənzərə daha aydın olar. Çünki kənd təsərrüfatının inkişafı üçün ilk növbədə infrastruktur layihələri lazımdır. İndi yollar çəkilir. Bu gün Qazax-Kosalar avtomobil yolunun açılışını qeyd etdik. Elektrik enerjisi ilə təminat sahəsində də problemlər yoxdur...”.
Göründüyü kimi, bu gün Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Bütün bunlarla yanaşı, elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artıb, Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.