Azərbaycan hökuməti, BMT-nin regional komissiyaları, Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), BMT İnkişaf Proqramının (UNDP) Azərbaycan ofisi, Enerji səmərəliliyi üzə Kopenhagen Mərkəzi (C2E2) və XXI əsr üçün Bərpa Olunan Enerji Siyasəti Şəbəkəsinin (REN21) birgə təşkilatçılığı ilə Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII beynəlxalq forumunda və “Bərpa olunan enerjinin inkişafı” adlı beynəlxalq konfransda alternativ və bərpa olunan enerji mənbələrinin, habelə enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunub.
Xatırladaq ki, enerji sektorunda karbon intensivliyinin azaldılması məqsədilə bərpa olunan enerji sahəsinə investisiyaların qoyuluşunu reallaşdırmaq məsələsi VII forumun əsas məqsədləri sırasında idi. Eyni zamanda, gələn il iyunun 11-də Qazaxıstanın Astana şəhərində alternativ enerji üzrə bir sıra mühüm məsələlərin qəbul olunmasında xüsusi rol oynayacaq “Dayanıqlı inkişaf üçün enerji” VIII beynəlxalq forumu çərçivəsində enerji nazirlərinin birgə razılığa gələcəyi mövzular da Bakı forumunda müzakirə olunub.
VII Forum bundan əvvəlki forumların qərarlarına istinad etməklə, iştirakçı dövlətləri dayanıqlı inkişaf məqsədlərinin enerji sektoru üzrə qarşıya qoyduğu qısa və orta müddətli məqsədlərə çatmaq üçün inkişaf planının hazırlanmasına əlverişli şərait yaradacq.
Yeri gəlmişkən, ötən iki forumda qəbul edilən qərarlar dayanıqlı enerjinin gələcək inkişafını sürətləndirmək baxımından mühüm önəm daşıyır və BMT-nin regional komissiyalarının istinad edə biləcəyi addımları müəyyənləşdirir. Həmin addımlar isə bu məsələni diqqətdə saxlayan dövlətlərin milli səviyyədə dayanıqlı enerji fəaliyyət planının inkişaf etdirilməsini, milli enerji statistika proqramlarının təkmilləşdirilməsini, bərpa olunan enerji, enerjiyə çıxış, enerji təhlükəsizliyi, texnologiya, habelə energetikaya dair məlumat bazasının gücləndirilməsini, təcrübə mübadiləsinin genişləndirilməsini şərtləndirir.
Bakı forumunda xatırladılıb ki, yaxın gələcəkdə Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri üzrə özəl sektorun inkişafı tam təmin olunacaq. Bu məqsədlə hazırlanan strategiyada üç pilləli enerji sistemi nəzərdə tutulub. Burada ən vacib məsələ “bir ev, bir stansiya” layihəsidir ki, bunun reallaşması ilə Azərbaycanda alternativ enerji üzrə dönüş başlanacaq.
Forumda diqqətə çatdırılıb ki, bu gün ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan elektrik enerjisinin istehsalında qabaqcıl mövqe tuturlar. BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 milyard, neft və daş kömürün istehsalına isə 110 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51,8, Günəş enerjisindən istifadəyə 33,5, bioyanacaqdan istifadəyə isə 16,9 milyard dollar sərf olunub. Avropa ölkələri 2008-ci ildə alternativ energetikaya 50, Amerika 30, Çin 15.6, Hindistan isə 4,1 milyard dollar vəsait yönəldib. Bu isə onu göstərir ki, dünya ölkələri tərəfindən sürətlə bərpa olunan alternativ enerji mənbələrinə keçid prioritet vəzifə kimi qarşıya qoyulub.
Dövlətin iqtisadi siyasətinə uyğun olaraq Azərbaycan da öz üzərinə alternativ və bərpa olunan enerji mənbələri üzrə bir sıra öhdəliklər götürüb. Həmin vəzifələrin həllinə yüksək səviyyədə nail olmaq üçün ən mühüm amillərdən biri alternativ enerji mənbələri potensialının olmasıdır. Ona görə də respublikamızda bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bu da il ərzində təxminən 3 milyard kubmetrə yaxın qaza qənaət deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar təxminən
7-8 il ərzində geri qayıdır.
Ümumilikdə respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsini, onun zəruri olmasını şərtləndirən bir sıra amillər mövcuddur. Burada əsas meyarlardan biri də alternativ energetikanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılması, işlək mexanizmin yaradılması baxımından bu sahəni idarə edən peşəkar mütəxəssislərin yetişdirilməsidir. Paralel olaraq ekoloji cəhətdən təmiz elektrik enerjisinin əldə edilməsi, enerji alınmasının diversifikasiyası, neft-qaz resurslarına qənaət edilməsi, ixracatın artırılması və sair məsələlər də qeyd oluna bilər. Bu baxımdan, hesab edirik ki, alternativ energetika ilə bağlı istər dünyada, istərsə də Azərbaycanda baş verən proseslər müsbət dəyərləndirilməlidir.
Xatırladaq ki, Azərbaycan 2009-cu il iyunun 10-da yeni yaradılmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə qoşulub. Həmin il noyabr ayının 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsis edilməsi barədə fərman imzalayıb. Qəbul edilmiş əsasnaməyə görə, agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət tənzimlənməsini, fəaliyyətin səmərəli təşkilini və dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı isə bundan 5 il öncə, 2004-cü il 21 oktyabr tarixində imzalanıb. Respublikamızda alternativ enerji sahəsində belə ciddi və dövlət əhəmiyyətli qərarların qəbul edildiyi ərəfədə, 2009-cu il 14-18 oktyabr tarixlərində ATƏT-in Bakı ofisi tərəfindən bərpa olunan enerji üzrə hüquqi və normativ baza üçün ən yaxşı təcrübələr üzrə beynəlxalq seminar keçirilib. Həmin seminarda bu sahə üzrə xarici mütəxəssislər tərəfindən qabaqcıl ölkələrin təcrübələri dinlənilib və bununla bağlı geniş müzakirələr aparılıb.
Bərpaolunan enerji mənbələri Azərbaycan üçün çox əhəmiyyətlidir, lakin respublikada hidroenerjidən başqa praktikada bərpa olunan enerji sahələri çox azdır. Bərpaolunan enerji mənbələrindən istifadə ətraf mühitin çirklənməsinin qarşısının alınması baxımından da xeyli əhəmiyyətlidir.
Alternativ enerji mənbələrindən biri də külək enerjisidir. Bu enerji mənbəsindən istifadəyə görə, Almaniya dünya ölkələri arasında birincidir. Bu, həm də digər alternativ enerji məbələrinə nisbətən maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malik ölkələrdən biridir. Xüsusilə, ölkənin Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və şimal-qərb hissəsində olan adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir. 1999-cu ildə Yaponiyanın “Tomen” şirkəti Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırıb, küləyin sürətinin orta illik qiyməti v = 7,9-8,1 m/san olması müəyyən edilib və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki-iqtisadi əsaslandırma hazırlanıb.
Qeyd edək ki, “Dayanıqlı inkişaf üçün enerji” 7-ci Beynəlxalq Forumu əvvəlki forumların qərarlarına istinad etməklə iştirakçı dövlətləri dayanıqlı inkişaf məqsədlərinin enerji sektoru üzrə qarşıya qoyduğu qısa və orta müddətli məqsədlərə çatmaq üçün inkişaf planının hazırlanmasına mühüm imkan yaradır. Son 2 forumda qəbul edilmiş qərarlar dayanıqlı enerjinin gələcək inkişafı üçün uzunmüddətli keçidi təmin edir və BMT regional komissiyalarının istinad edə biləcəyi addımları müəyyənləşdirir. Forumlardan çıxan ümumi nəticə isə qlobal şəraitdə ölkələrin inkişafına töhfə verməkdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.