Ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamının mühüm istiqamətlərindən biri də vergi yoxlamaları ilə bağlıdır.  Dövlət başçısının sözügedən sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Vergilər Nazirliyi tərəfnindən mühüm işlər görülür.

Vergilər Nazirliyinin Vergi Auditi və Operativ Vergi Nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev dedi: – 2016-cı ildə vergi sahəsində aparılacaq islahatlarda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi mühüm yer tutur. Aparılacaq islahatlara vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, habelə vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endiril¬məsi məqsədilə elektron auditin tətbiq dairəsinin genişləndirilməsi və bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətinin artırılması nəzərdə tutulub. Müəyyənləşdirilmiş istiqamətlər üzrə görülən işlər hazırda yekunlaşmaq ərəfəsindədir. Artıq  səyyar vergi yoxlamasının və elektron auditin keçirilməsi qaydaları hazırlanıb və Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilib. Yeni qaydalar vergi yoxlamalarının təyin edilməsi, yoxlamaların aparılması və nəticələri üzrə qərarların qəbul edilməsində vergi ödəyicilərinin qanuni maraqlarının qorunmasına, vergi ödəyiciləri ilə birbaşa təmasın azaldılmasına, yoxlamaya sərf ediləcək günlərin sayının azaldılmasına xidmət edəcəkdir.

Hazırda Vergilər Nazirliyi tərəfindən vergi yoxlamaları və vergi nəzarətinin təşkili sahəsində həyata keçirilən tədbirlərdən söhbət açan idarə rəisi bildirdi ki, 2015-ci ilin sonlarından sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması və vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün əlavə imkanlar verib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı az olmuşdur. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 58.574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66.527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 12.735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14.567 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir. Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil etmişdir.

Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsi və (və ya) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması faktlarının aşkar edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə görə 7292 halda vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar çıxarılıb.

Yeri gəlmişkən, vergi orqanları tərəfindən həyata keçirilən operativ nəzarət tədbirlərində əsas məqsəd heç də cərimə tətbiq etmək deyil, vergidən yayınma hallarının qarşısını əvvəlcədən alaraq, vergi mədəniyyətinin yüksəldilməsinə şərait yaratmaqdır. Bunun qarşılığında vergi ödəyiciləri də öz əməllərinə görə cavabdeh olmalı və qanunvericiliklə müəyyən edilmiş vəzifələr əsasında fəaliyyət göstərməlidir. Lakin bir sıra vergi ödəyiciləri onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirə bilmədiklərinə görə vergi qanunvericiliyinin pozulması hallarına hələ də rast gəlinir. T. Quliyevin fikrincə, bu hallar daha çox nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, əmək müqavilələri hüquqi qüvvəyə minmədən şəxslərin muzdlu işə cəlb edilməsi, gəlir və xərclərinin uçotunun aparılmaması, satış məqsədilə mallar alınarkən rəsmiləşdirilmənin həyata keçirilməməsi zamanı baş verir. Bu məqsədlə cari ilin aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb.

Riskli hesab edilmiş 1148 vergi ödəyicisi üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilmiş və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4,7 dəfə azaldıldığı müəyyən edilmişdir. Bundan əlavə, aksizli malların istehsalı və satışı fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 23,7 min manat məbləğində 2,4 min ədəd saxta aksizli mal, 55,8 min manat məbləğində 16,7 min ədəd aksiz markası olmayan malların satışı halları aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələr tərəfindən tətbiq edilmiş inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib.

Məlum olduğu kimi, qanunvericiliyə əsasən, vergi ödəyicisinin vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş akt və qəbul edilmiş qərarlarla razılaşmadıqda yuxarı vergi orqanına müraciət etmək hüququ var. Bu barədə məlumat verən T. Quliyev qeyd etdi ki, vergi ödəyiciləri tərtib edilmiş aktlarla razılaşmadıqda onların hüquqlarının qorunması, narazılıqlarının aradan qaldırılması məqsədilə həmin aktlara yuxarı vergi orqanı tərəfindən baxılır. Bu məqsədlə yuxarı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan müddəaların düzgün tətbiq olunması və prosedur qaydalarına tam əməl edilməsi araşdırılır. Tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmadıqda vergi ödəyicisi məsuliyyətə cəlb olunmur və bu hal vergi ödəyicilərinin tərtib olunmuş aktlardan narazı qalmamaları ilə nəticələnir.

Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin haqlı narazılıqları olduğu hallarda onların şikayətləri təmin olunur. Bununla yanaşı, ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür. Dövlət tərəfindən sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar da, öz növbələrində, qanunvericiliyin tələblərinə əməl etməli, gəlir və xərclərin uçotunu düzgün aparmalı, vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər. Bu, hər bir vergi ödəyicisinin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir və hamı bu vəzifəni yerinə yetirməyə borcludur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında