Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu keçirilir

Forum çərçivəsində BMT Avropa İqtisadi Komissiyasının Cenevrədəki mənzil qərargahından kənarda ilk dəfə Bakıda Enerji Səmərəliliyi üzrə Ekspertlər Qrupunun 3-cü iclası təşkil edilib

Oktyabrın 18-də Bakıda Azərbaycan hökuməti, BMT Avropa İqtisadi Komissiyası (AİK) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu işə başlayıb.

Forumda BMT-nin 70 üzv dövlətindən 400-dən çox hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar və alimlər iştirak edirlər.

ABOEMDA-nın sədri Akim Bədəlov forumun ölkəmiz üçün əlamətdar gündə keçirildiyini, məhz bu gün Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin qeyd edildiyini vurğulayıb. Bildirib ki, Bakı forumunda dünyanı narahat edən əsas məsələ - iqlim dəyişikliyi və ölkələrin, eləcə də müxtəlif cəmiyyətlərin bu sahədə göstərə biləcəkləri səylər müzakirə olunacaq.

Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev iqlim dəyişiklikləri, qlobal problemlərin həlli və qlobal çətinliklərlə mübarizə baxımından Bakıda keçirilən VII Forumun mühüm əhəmiyyət kəsb etdiyini deyib. Nazir müavini dayanıqlı və yaşıl enerjinin inkişafının, eləcə də karbon emissiyasının azaldılmasının ölkəsi üçün önəm daşıdığını bildirib. Qeyd edib ki, növbəti forum isə gələn il Astanada keçiriləcək.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai davamlı inkişaf hədəflərinə çatmaq üçün müxtəlif ölkələrin səylər göstərdiyini vurğulayıb. “Dayanıqlı inkişaf olmasa, dayanıqlı enerji də olmayacaq. Buna görə də bütün ölkələr bu sahədə üzərinə düşən vəzifələri icra etmək üçün səy göstərməlidirlər”, - deyə Q.İsakzai qeyd edib.

O, daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə Azərbaycanda yeni yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əhəmiyyətindən danışıb, BMT-nin həmin Şuraya dəstəyinin daimi olacağını vurğulayıb.

BMT AİK-in icra katibinin müavini Andrey Vasilyev isə karbon intensivliyinin azaldılması üçün alternativ və bərpa olunan enerji mənbələrinin, o cümlədən də enerji səmərəliliyinin rolunun artırılmasının qlobal əhəmiyyət daşıdığını deyib. Bildirib ki, BMT AİK bu sahədə əsasən inkişaf etməkdə olan ölkələrə öz dəstəyini göstərir. A.Vasilyev qeyd edib ki, karbon qazının həcminin artması qlobal ekologiyaya mənfi təsir edir.

“Yüksək səviyyəli siyasi dialoq: V və VI forumun nəticələri üzrə fəaliyyət - enerji nazirlərinin fəaliyyətə çağırışı” adlı plenar sessiyada çıxış edən ABOEMDA-nın sədri Akim Bədəlov bildirib ki, hazırda Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payı 16 faizə yaxındır.

“Bu, dünya ölkələri arasında pis göstərici deyil. Ötən il ölkədə alternativ enerji mənbələri hesabına 2 milyard kilovat-saata yaxın enerji əldə edilib. Burada külək, günəş və su elektrik stansiyalarından, habelə biokütlədən alınan enerji əsas yer tutur. 2020-ci ilədək Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payının 20 faizə çatdırılması nəzərdə tutulur”, - deyə A.Bədəlov qeyd edib.

Agentlik sədri əlavə edib ki, yaxın gələcəkdə Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri üzrə özəl sektorun inkişafı tam təmin olunacaq. Strategiyada üç pilləli enerji sistemi qurulub. Burada ən vacib məsələ “bir ev, bir stansiya” layihəsidir və yüz minlərlə özəl sektor təmsilçisinin iştirakı ilə Azərbaycanda alternativ enerji üzrə dönüş yaradılacaq. Azərbaycanda istər xarici investorların cəlb olunmasında, istər də yerli sahibkarların cəlbi və ya hər bir azərbaycanlı ailənin enerji istehsalçısına çevrilib, eyni zamanda, istehlak edilməsinə dövlət tərəfindən tam şərait yaradılır.

Bildirilib ki, Davamlı İnkişaf Məqsədləri və Paris İqlim Sazişindən irəli gələn öhdəliklərə nail olmaq görünməmiş siyasi dəstəyə malikdir. Enerjinin necə alınması və istehlakında əsaslı dəyişiklər vacibdir. Problem emissiyaların istiqamətinin inkişaf arzusu ilə uzlaşdırmaq və mədən əsaslı iqtisadiyyatın diversifikasiyasıdır.

BMT AİK-in Dayanıqlı enerji şöbəsinin müdiri Skot Fosterin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ölkəmizdə iqlim dəyişiklərinin təsirinin azaldılması istiqamətində bərpaolunan enerji mənbələrinin və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyaların mazutdan istifadəsinin dayandırılması və onun əvəzində daha təmiz yanacaq olan təbii qazdan istifadə edilməsi, səmt qazlarının atmosferə atılma həcmini və elektrik enerjisi sərf olunan şərti yanacağın ildən-ilə azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Gələcəkdə də iqtisadiyyatın müxtəlif sektorlarında bu cür fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur ki, bu da iqlim dəyişmələrinə təsirin azaldılması üçün göstərilən səylərə milli töhfənin daha da artırılmasına gətirib çıxaracaq.

“Alternativ və bərpaolunan enerji potensialı ilə zəngin olan Azərbaycanda bu sahənin inkişafı ölkənin prioritet inkişaf istiqamətlərindən biri hesab edilir. Əsas hədəflərimiz gələcəkdə ölkə ərazisində enerjiyə artan tələbatın ödənilməsi və qlobal iqlim dəyişmələrinin təsirinin azaldılması problemlərinə töhfə verməklə 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadənin payının 25 faizə çatdırılmasıdır”, - deyə nazir müavini qeyd edib.

Milli Məclisin sədrinin müavini, təbii sərvətlər, enerji və ətraf mühit komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, Azərbaycan hökuməti tərəfindən də imzalanan iqlim dəyişikliyi ilə bağlı Paris Sazişi bu ayın sonlarında Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunacaq və qüvvəyə minəcək.

“Əminəm ki, həmin sənədi imzalayan və bu təşəbbüsə qoşulan ölkələr bu anlaşmanın qüvvəyə minməsini təmin edəcək və sazişin məqsədinə uyğun öz enerji siyasətində və iqtisadi siyasətində müvafiq tədbirlər həyata keçirəcək”, - deyə Valeh Ələsgərov qeyd edib.

Sessiyada Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak, Ukraynanın enerji və kömür naziri İqor Didenko, Pakistanın su və enerji nazirliyinin birgə katibi Mahfoz Ahmed Bhati, Çinin Milli Energetika İdarəsinin Administrasiyasının bərpaolunan və yeni enerji idarəsinin rəis müavini Zhipenq Lianq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov və başqaları enerji ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə və Paris İqlim Sazişinin həyata keçirilməsinə nail olmaq üçün maneələrin aradan qaldırılması barədə müzakirələr aparıblar.

BMT ASİSK-nın ətraf mühit və inkişaf bölməsinin enerji təhlükəsizliyi və su resursları şöbəsinin rəhbəri Honqpenq Liunun moderatorluğu ilə keçirilən “Karbondan sürətli azadolma və bərpaolunan enerji arasında qarşılıqlı əlaqə” adlı sessiyada çıxış edən Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov digər neft hasil edən ölkələrdən fərqli olaraq, ölkəmiz üçün neftin ucuzlaşması ilə bağlı çətinliyin o qədər də kritik və qorxulu olmadığını deyib. Bildirib ki, bu əminlik öncədən görülmüş tədbirlər, Dövlət Neft Fondunun yaradılması və qeyri-neft sektorunun inkişafı üçün görülən işlərlə bağlıdır.

“Bizim valyuta ehtiyatlarımız var. Düzdür, bu işlərə bir qədər gec başlamaq olardı, lakin həyat göstərdi ki, hadisələr bizi qabaqladı. İqtisadiyyat Nazirliyi qeyri-neft sektorunun inkişafı üçün işlər görür”, - deyə nazir müavini əlavə edib.

ABOEMDA-nın sədr müavini Cəmil Məlikov isə bildirib ki, 2020-ci ilədək Azərbaycanda həyata keçiriləcək alternativ və bərpaolunan enerji mənbələri layihələri hesabına 1,1 milyard kubmetr təbii qazın qənaətinə nail olmaq mümkündür. Bu, Azərbaycanda ÜDM-in 7,9 faiz artmasına səbəb olacaq.

C.Məlikov qeyd edib ki, 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 milyon manat vəsait yatırılıb ki, onun 83 faizi dövlət, 17 faizi isə özəl sektorun hesabına əldə olunub.

Sessiyada “Holcim Azərbaycan” şirkətinin baş direktoru Rosen Papazov, Neft-qaz və enerji sektoru təşkilatları üzrə Qazaxıstan Assosiasiyasının baş direktoru Bolat Akçolakov və başqaları çıxış edərək neft və qaz qiymətlərinin davamlı olaraq aşağı olmasının ənənəvi enerjiyə əsaslanan iqtisadiyyata təsiri, ənənəvi və bərpaolunan enerji arasındakı əlaqəyə dair fikirlərini bölüşüblər.

Forum çərçivəsində BMT AİK-in Cenevrədəki mənzil qərargahından kənarda ilk dəfə Bakıda Enerji Səmərəliliyi üzrə Ekspertlər Qrupunun 3-cü iclası keçirilib. İclasda sənayedə enerji səmərəliliyi və enerji məhsuldarlığı üzrə müzakirələr aparılıb.

Həmçinin forumda “Qlobal İzləmə Çərçivəsi” kontekstində məlumatların keyfiyyəti və təfsiri üzrə seminar keçirilib. Seminarda “Qlobal İzləmə Çərçivəsi” göstəricilərinin inkişafını və siyasətçilərə-statistik agentliklərə necə faydalı ola biləcəyini nümayiş etdirmək, məlumatların toplanası problemləri üzrə milli statistik imkan və perspektivlər anlayışı, ­“Qlobal İzləmə Çərçivəsi” göstəricilərini izah və ya müəyyən etmək üçün regional hesabatlarda əks olunan milli-regional məlumatların müəyyən olunması məsələləri müzakirə edilib.

Bundan başqa, seminarda “Qlobal İzləmə Çərçivəsi, regional profillər-icmallar və ilkin məlumat nəticələrinə baxış” və “Göstəricilərin və məlumat toplama tələblərinin mümkün inkişafı” mövzularında məruzələr dinlənilib.

“Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda elektrik enerjisi üzrə əməkdaşlıq çağırışları və perspektivlər” mövzusunda seminarda isə BMT ASİSK-nın, MDB-nin Elektrik Enerjisi Şurası və Azərbaycan nümayəndələri iştirak ediblər. Seminar zamanı milli ekspertlər və enerji sektoru şirkətləri “Milli enerji sektoruna baxış və onun ölkənin sosial-iqtisadi inkişafında və enerji balansında rolu”, “Elektroenergetika sektorunun strukturu və normativ-hüquqi baza”, “Enerji sektorunun inkişafı üçün tariflər, subsidiya və maliyyə resursları”, “Mövcud fiziki enerji strukturları və onun inkişaf strategiyası”, “Enerjinin tranziti və xarici ölkələrlə ticarət” mövzusunda təqdimatlarla çıxış ediblər.

Üç gün davam edəcək forumda paralel olaraq plenar sessiyalar keçiriləcək, həmçinin davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, Paris İqlim Sazişindən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpaolunan enerji mənbələrinin və enerji səmərəliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.

Oktyabrın 20-də isə forum öz işini “Bərpa Olunan Energetikanın inkişafı” beynəlxalq konfransı ilə davam etdirəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında