Qubadlı: Doqquz ayın sosial-iqtisadi yekunları

Qubadlı Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü  ilə  rayon icra hakimiyyətinin başçısı Malik İsaqov açmış  və bildirmişdir ki, ölkəmizin sosial-iqtisadi, mədəni inkişaf sahələrində yeni-yeni uğurlar qazanması bir ənənəyə çevrilmişdir. Bu inkişafın təməlində Prezident İlham Əliyevin yürütdüyü şaxələndirilmiş iqtisadi siyasət, yaradılmış daxili sabitlik dayanır. Ölkə başçısının Azərbaycan dövlətinin hərtərəfli inkişafı, dünya dövlətləri içərisində mövqeyinin möhkəmlənməsi, xalqın güzəranının yaxşılaşması üçün apardığı ardıcıl, səmərəli fəaliyyət və atdığı qətiyyətli  addımlar 2016-cı ilin III rübündə də öz müsbət nəticələrini vermişdir. Ölkəmizdə  baş verən müsbət yönlü dəyişikliklərdən, Azərbaycanın  beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilməsindən  bəhs edən  icra başçısı Azərbaycan Respublikasının Konstitusiyasında islahatların aparılması ilə əlaqədar 26 sentyabr 2016-cı il tarixində keçirilən ümumxalq səsverməsinin də  mühüm siyasi hadisə olduğunu  vurğuladı. Bildirdi ki, rayondan olan seçicilər bu siyasi kompaniyada fəal iştirak etmiş, onların böyük əksəriyyəti Konstitusiyada edilən dəyişikliklərə öz müsbət münasibətlərini bildirmişlər.

2016-cı ilin 9 ayında rayonda görülmüş işlərlə bağlı sosial iqtisadi inkisafin təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini,YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev məruzə etmişdir. O, rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal problemlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs edərək  bildirmişdir ki, rayon icra hakimiyyətinin müraciəti əsasında Saatlı rayonunda məskunlaşan  2  ailə, Sabirabad rayonunda isə 3 ailə yeni mənzillə təmin edilmişdir.  Dövlətqaçqınkom tərəfindən Sumqayıt şəhər 10 saylı Peşə Liseyində 3 ailəyə  şəraiti olan  mənzillər tikilmişdir. Bir nəfər köçkün ailəsinə  Kimyaçılar qəsəbəsində idarə binasında,  daha bir ailəyə isə Şəfa sanatoriyasında mənzil verilmişdir. 

Məruzədə  qeyd olunmuşdur ki, Sumqayıtdakı 47-ci məhəllə və 12-ci mikrorayon ərazisində rayon icra hakimiyyəti tərəfindən əvvəllər tikilmiş sosial obyektlərdə layihələndirmə işləri aparılaraq, qaz sayğacının quraşdırılması təmin edilmişdir. “Sumqayıt” mehmanxanasında, 10 saylı Texniki Peşə Liseyinin zirzəmisində və Beton-zavod ərazisində 12 ailənin məskunlaşdığı idarə binasının  həyətində olan su təmizlənmiş, Ələt qəsəbəsindəki mədəniyyət evində məskunlaşan bir ailənin mənzilinə qaz xətti çəkilməsinə kömək edilmiş, İnşaatçılar qəsəbəsində 8 saylı yataqxanadakı su mühərriki təmir edilərək, işlək vəziyyətə gətirilmişdir. Rayon icra hakimiyyəti tərəfindən  Abşeron rayonu, Saray qəsəbəsində 3 köçkün ailəsinə fərdi mənzil tikməsinə,  “Yaşma” yaşayış sahəsində 2 ailənin, “Sumqayıt stansiyası” yaşayış sahəsində 2 ailənin, Yaşıldərə yaşayış sahəsində 5 ailənin, Xəzər bağlarında 2 ailənin, Sarıqaya ərazisində 1 ailənin fərdi  mənzilin tikilməsinə icazə alınmasına kömək göstərilmişdir.

Sarıqaya ərazisindəki xəstəxana binasında 2 ailənin, 40-cı məhəllədə köçkünlər yaşayan binada isə 5 ailənin mənzilinin dam örtüyü, məcburi köçkünlərin məskunlaşdığı Türk Liseyinin və “Sumqayıt” mehmanxanasının damındakı su novları daxili imkanlar hesabına təmir olunmuşdur. 10 saylı Texniki Peşə Liseyinin həyətinə 400 kvadratmetr asfalt örtük çəkilmiş, “Şəfa” sanatoriyasındakı məclis evində və həyətində təmir,  abadlıq işləri aparılmışdır.

Məruzədə bildirilmişdir ki, məskunlaşma yerlərində yaşayış şəraitlərinin  yaxşılaşdırılması, köçkün ailələrinin üzləşdikləri çətinliklərin aradan qaldırılması rayon icra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etdiyindən, bu sahə daima diqqətdə saxlanılmış və müəyyən layihələrin həyata keçməsi təmin edilmişdir. Cari ildə rayon icra hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə köçkünlərin məskunlaşdığı  7 yataqxanada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi istifadə sahələrində, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40-cı məhəllədə məcburi köçkünlər yaşayan binalarda su və kanalizasiya xətlərinin əsaslı təmiri işləri başa çatdırılmışdır. Kondisionerlər zavodunun sanatoriya binasında yanğın zamanı yararsız hala düşmüş bina qısa vaxt ərzində əsaslı təmir edilərək yenidən köçkünlərin istifadəsinə verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən yanğından zərər çəkən 14 ailənin hər birinə daxili imkanlar hesabına  500 manat, Nazirlər Kabinetinin xətti ilə isə 5 min manat pul köməkliyi edilmişdir.

Rayonda ötən 9 ay ərzində 110 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Ümumilikdə isə rayon üzrə 366 ailənin hər birinə 142,8 manat ünvanlı sosial yardım ödənilir. Hesabat dövründə rayonda 183 yeni iş yeri yaradılmışdır.

2015-2016-cı tədris ilində 32 ümumtəhsil məktəbində 7949  nəfər şagird  təhsil almışdır. XI sinifləri bitirən 367 nəfərin 303 nəfəri ali məktəblərə sənəd vermiş, onların 183 nəfəri tələbə adını qazanmışdır. Qəbul olunanların 14 nəfəri 600-700 arası bal toplamışdır. Cari tədris ilində rayon məktəblərində 8468 şagird təhsil alır.

Mərkəzi Xəstəxananın poliklinika şöbəsi də  öz işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. Poliklinika şöbəsində və 2 tibb məntəqəsində 11535  ambulator xəstə qəbul edilmişdir.

Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Cari ildə  rayonun 28 idmançısı müxtəlif yarışlarda  Azərbaycan birinciliyinin və turnirlərinin qalibi olmuş, 3 idmançı isə beynəlxalq yarışlarda birinci yerə layiq görülmüşdür. Bu idmançılar arasında İslam Abbasov Yunan-Roma güləş növü üzrə 4-cü dəfə dünya cempionu adını qazanmışdır.

Sonra Mərkəzi Xəstəxananın baş həkimi Nüsrət Əhmədovun, rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyevanın, mədəniyyət və turizm şöbəsinin müdiri İlham Əhmədovun və Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Eminovun çıxışları dinlənilmişdir. Onlar rayonda  həyata keçirilən tədbirlərdən, qazanılmış uğurlardan və qarşıda  duran vəzifələrdən danışmışlar.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında