Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda bildirilir ki, gələn il Azərbaycanda 1,4 faizlik iqtisadi artım olacağı gözlənilir. Proqnozda, həmçinin bu il Azərbaycanda orta illik inflyasiyanın 10,2 faiz, 2017-ci ildə isə 8,5 faiz səviyyəsində gözlənildiyi deyilir. Bundan başqa, BVF Azərbaycanda 2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6 faiz olacağını diqqətə çatdırır.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyində hazırlanan sosial-iqtisadi proqnoz göstəricilərinə əsasən, gələn il ölkədə ÜDM-in real iqtisadi artımı 1 faiz olmaqla 61,4 milyard manat təşkil edəcəkdir. 2018-2020 –ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-in real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır. Bununla yanaşı, qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41,7 milyard manata çatacağı gözlənilir. Özəl sektorun ÜDM-də payı isə 82,8 faiz həcmində nəzərdə tutulur.
Gələn il sahə strukturuna görə, ÜDM-in 4 milyard manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 milyard manatı və ya 36,2 faizi sənayenin, 6,1milyard manatı və ya 9,9 faizi tikintinin, 24,3 milyard manatı və ya 39,6 faizi xidmət istehsalının, 4,8 milyard manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcəkdir.
Ekspertlərin fikrincə, Azərbaycanın perspektivdə əldə edəcəyi bu müsbət göstəricilərin əsasında ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti dayanır. Həmin siyasətlə bağlı bəzi məqamlara nəzər salaq. Bu gün respublikada mövcud qanunvericilik çərçivəsində, əlverişli biznes mühiti şəraitində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.
Azərbaycanda aqrar sahədə də son illər mühüm uğurlar əldə edilir. Dünya Bankının proqnozuna görə, respublikamız bu il aqrar sahə üzrə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında göstərilir ki, ötən il Azərbaycanda aqrar sahənin inkişafı sənayedə yaranan zəifləməni kompensasiya edib.
Bankın yaydığı sənəddə, eyni zamanda, vurğulanıb ki, Azərbaycanda milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Belə ki, yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar.
Hesabatda daha sonra 2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəriciləri də qeyd edilib. Bildirilib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dinamik xarakter daşıyır. Belə ki, bu il 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla yüksəliş gözlənilir.
Bankın proqnozuna görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında da ön yerlərdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə hazırda qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanılıb. İslahatların keyfiyyətlə və nəzərdə tutulan istiqamətdə həyata keçirilməsinin əsas prinsipləri maliyyə sahəsində şəffaflığın, nəzarət mexanizmlərinin və bu bazarda likvidliyin təmin edilməsidir. Əlbəttə, bütün islahatların əsasında maliyyə sabitliyi durur və cənab İlham Əliyev vurğulayıb ki, bu sahədə dünya standartları tətbiq edilməklə maliyyə sabitliyi, bankların, maliyyə qurumlarının likvidliyi təmin edilməlidir və yalnız bundan sonra digər sahələr üzrə əsaslı islahatlara gedilə bilər. Bunun üçün hazırda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilməklə Azərbaycanda maliyyə bazarlarının iştirakçıları arasında tənzimləmə, nəzarət və icra mexanizmlərinin müəyyənləşdirilməsinə başlanılıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.