2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Tarixdə, bəlkə də, ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
2007-ci ildə başlayan qlobal maliyyə böhranı bütün dünyada tüğyan etməkdə davam edir. Neftin qiymətinin kəskin şəkildə düşməsi isə neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. İnkişaf etmiş ölkələr də bu təsirdən kənarda qalmamışdır. 2016-cı ildə dünyada siyasi və hərbi böhran xeyli dərinləşmişdir. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır.
Azərbaycan bu gün belə bir mürəkkəb ictimai-iqtisadi şəraitdə özünün dayanıqlı inkişafını inamla davam etdirir. Yeni tarixi şəraitdə Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsində, ölkənin sürətli sosial-iqtisadi inkişafının təmin olunmasında, dünya standartlarına yaxınlaşdırılmasında Prezident İlham Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynayır.
Tarixi təcrübə sübut edir ki, hökumət praktik fəaliyyətində o zaman yaxşı nəticələr əldə edə bilir ki, konkret şəraitdə öz qarşısına həyata keçirilməsi mümkün olan ən mühüm və real vəzifələr qoymuş olsun. Ölkə qarşısında duran problemlər kompleksindən ən vacibini seçmək və siyasəti həmin istiqamətə yönəltmək çağdaş dövlət rəhbərindən daha böyük məharət tələb edir. Bu barədə iqtisadi nəzəriyyədə hazır resept yoxdur. Dünya dövlətlərinin müsbət təcrübəsi də həmişə səmt rolunu oynaya bilməz.
Hər ölkə inkişafın müxtəlif mərhələlərində dayanır və konkret dövrdə qarşısında fərqli prioritetlər qoyur. Ölkə qarşısında duran konkret vəzifələri seçmək, cəmiyyəti, dövlət orqanlarını, ictimai təşkilatları və vətəndaşları onun yerinə yetirilməsinə istiqamətləndirmək ictimai-iqtisadi inkişafın önəmli məsələsidir. Bugünlərdə Nazirlər Kabinetinin iclasında 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişaf göstəricilərini dərindən təhlil edən Prezident İlham Əliyev bütün bunlar barədə konseptual mülahizələrini söylədi, konkret təhlillər apardı, çıxış yollarını göstərdi.
Təsadüfi deyil ki, indiki mürəkkəb beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Son illərdə neftin qiymətinin bütün dünyada kəskin şəkildə düşməsi nəticəsində ölkəmizdə dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi çətinliyə gətirib çıxardı. Lakin bu mürəkkəb ilin 9 ayında ölkəmizdə sənaye istehsalı, az da olsa – 0,2 faiz artıb. Prioritet sahə olan qeyri-neft sektoru daha sürətlə – 3,6 faiz artımla inkişaf edib. Kənd təsərrüfatı istehsalı isə 2,4 faiz yüksəlib və yaxın gələcəkdə burada artım daha da sürətlənəcəkdir. Çünki kənd təsərrüfatı sahəsində aparılan işlər yaxın perspektivdə daha böyük nəticə verəcəkdir.
Ölkə rəhbəri qeyd etdi ki, dünya böhranı şəraitində ölkəmizdə sosial layihələr uğurla davam etdirilir. Bakıda və müxtəlif rayonlarda bu il 29 məktəb tikilmiş, 485 məktəbdə əsaslı təmir işləri aparılmışdır. İlin əvvəlindən 33 səhiyyə obyekti inşa olunmuş və təmir edilmişdir. Böyük yol layihələri icra edilir, regionlar abadlaşdırılır. Bir neçə şəhərdə içməli su layihələri başa çatdırılmışdır. Neft gəlirlərinin azalmasına baxmayaraq, infrastruktur layihələri davam etdirilir.
Əhalinin işlə təmin edilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. 9 ayda 154 min iş yeri yaradılmışdır, onlardan 121 mini daimidir. Bütün dünyada böhranın hökm sürdüyü bir şəraitdə bu, xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır. Dövlət siyasətinin nəticəsi olaraq bütün iqtisadiyyat sahələrində, regionlarda böyük fəallıq müşahidə olunur. Dövlət başçısı əmindir ki, bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaqdır. İqtisadiyyatın inkişafı üçün böyük həcmdə dövlət investisiya layihələri də nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirdi ki, 2017-ci ildə ölkəmizdə makroiqtisadi sabitliyə ciddi fikir verilməlidir. Dövlət başçısı vurğuladı ki, süni qiymət artımına yol verilməməli, bu məsələyə ciddi nəzarət olmalıdır.
Məlumdur ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa, təbii ki, bizdə də artacaqdır. Ona görə, dövlət başçısı tələb edir ki, idxaldan asılılıq maksimum səviyyədə azaldılsın. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Dövlət başçısı bu komponentin də azaldılmasını tələb edir.
Bank sektoru iqtisadiyyatın qan damarıdır. Lakin bu mühüm sahədə xalqımızı və millətimizi narahat edən bir çox problemlər mövcuddur. Ona görə də bu sahədə çox ciddi islahatlar aparılmalıdır. Dövlət başçısı tələb edir ki, bank sektoru şəffaf olmalı və ən yüksək dünya standartlarına cavab verməlidir. O, böyük əminliklə vurğulayır ki, biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər. İndi bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə, bu, yeni bir yanaşma olmalıdır.
Prezident İlham Əliyev həmişə ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərir. Hazırda bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək lazımdır. Bu parkın tam işə düşməsi nəticəsində minlərlə yeni iş yeri açılacaq və ölkəmizin qeyri-neft sahəsində çox böyük ixrac potensialı yaranacaqdır. Bakıda isə Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesi gedir. Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır.
Təəssüf doğurucu haldır ki, biz xarici dərmanlardan tam asılıyıq. Bu həm təhlükəsizlik baxımından narahatedicidir, eyni zamanda, dərmanların alınması üçün xaricə böyük valyuta gedir. Buna görə də qərar qəbul olundu və investorlara yaxşı şərait yaradıldı. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunacaqdır. Bölgələrdə də böyük əhəmiyyəti olan sənaye zonalarının yaradılması prosesi gedir. Artıq Neftçalada İran ilə birlikdə avtomobil zavodu tikilir. Masallıda isə sənaye zonası yaradılır. Dövlət başçısı tələb edir ki, digər rayonlarda da bu istiqamətdə işlər getsin.
Tikinti sektorunun inkişafı çox mühüm əhəmiyyətə malikdir. Bunun üçün inşaat materialları sektoruna ölkəmizdə böyük investisiyalar cəlb edilmişdir. Yerli və xarici özəl qurumlar bu sahəyə böyük investisiyalar qoyublar. Bu investisiyalar nəticəsində ölkəmiz özünü inşaat materialları ilə kifayət qədər təmin etsə də görüləsi iş çoxdur. Ona görə də dövlət başçısı aidiyyəti qurumlara tapşırıqlar verdi ki, onlar Azərbaycana hansı inşaat materialları idxal olunduğunu müəyyən etsinlər və həmin istehsal sahələrinin yaradılması üçün əlverişli mühit yaratsınlar.
Prezident tapşırdı ki, istehlak bazarına çox ciddi nəzarət olunsun. Çalışmalıyıq ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Buna isə yol vermək olmaz. Daxili bazarının qorunması üçün çox çevik siyasət aparılmalıdır. Görəndə ki, ölkəmiz hansısa məhsulla özünü tam təmin edir, dərhal o məhsula rüsum qalxmalıdır.
Dövlət başçısı bütün sahələrdə operativ, çevik siyasət aparılmasını tələb edir. Çünki bəzi hallarda bürokratik əngəllər böyük problemlər yaradır. Hər hansı bir məsələ bəzən aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itirilir. Məlumdur ki, müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir. Çalışmalıyıq ki, bütün inşaat materialları Azərbaycan mənşəli olsun.
Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz, sadəcə, xammal kimi xaricə satılır. Prezident bildirdi ki, yaxın aylarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə də bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun.
Prezident İlham Əliyev iqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyinə xüsusi əhəmiyyət verir. Çünki hazırda ümumi daxili məhsulun 70 faizi qeyri-neft sektorunun payına düşür. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu deyən dövlətimizin başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirdi ki, asan olmasa da, növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.
Ölkə rəhbəri hesab edir ki, dövlətin müasir şəraitdə icra etdiyi nəhəng sənaye layihələri reallaşdıqdan sonra istehsal olunacaq məhsulların, demək olar ki, hamısı ixracyönümlüdür. Bu, nəqliyyat imkanlarımızın nəzərdən keçirilməsini tələb edir. İndidən planlaşdırırılmalıdır ki, ixraca yönələcək məhsulların necə daşınacağına, kifayət qədər infrastrukturun olmasına diqqət yetirilsin. Ən əsası da odur ki, bütün bunlar kompleks şəkildə öyrənilməlidir. İxrac olunacaq məhsulun, o cümlədən indi ixracı kəskin artacaq kənd təsərrüfatı məhsullarının həcmi dəqiq proqnozlaşdırılmalıdır. Çünki, bu il təkcə pambıq istehsalı üç dəfə çoxalacaq. Gələn il bu sahə iyirmi dəfəyədək artacaq.
Beləliklə, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr ölkəmizə böyük xeyir gətirəcəkdir. Minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq və qeyri-neft ixracımız artacaq. Neftin qiyməti dalğalandığından ixracın azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir. Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. Artıq Azərbaycan üçün ənənəvi istehsal sahələrində (pambıqçılıq, baramaçılıq, bağçılıq, tütünçülük, heyvandarlıq və s.) dönüş yaranıb. Prezident bu sahələrin dəstəklənməsinə xüsusi önəm verir.
Dövlət başçısı İlham Əliyev xüsusi qeyd etdi ki, biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu, artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar imzalanıb. Gözlənilir ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq. Apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir.
Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu – Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Keçən il ölkəmiz 40-cı yerdə idi, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. MDB məkanında isə ölkəmiz həmişə olduğu kimi, birincidir və liderliyi saxlayır.
Hazırda ölkəmiz üçün böyük əhəmiyyət daşıyan “Cənub” qaz dəhlizi layihəsi nəzərdə tutulduğu kimi uğurla icra edilir, Azərbaycan getdikcə çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Yəni dövlətimiz çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını etibarlı şəkildə təmin edəcək.
Beynəlxalq inteqrasiya məsələlərinə də dövlət başçısı xüsusi həssaslıqla yanaşır. Bəzi insanlar bu gün də belə düşünürlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə, özləri də dərk etmirlər ki, bu nə deməkdir. Prezident bildirdi ki, biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıb. Prezident bildirdi ki, biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlərimiz var.
Qlobal əhəmiyyətli iqtisadi layihələr olan TRASECA, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi– Ərzurum neft və qaz boru kəmərlərinin reallaşması və Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin çəkilməsi, “Şahdəniz” qaz yatağının işə düşməsi ölkəmizin nüfuzunu bütün dünyada artırır. Çin ilə Azərbaycan arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu"nun imzalanması, "Yeni İpək yolunun" real olaraq işə salınması, Türkiyədən Orta Asiyaya gedən avtomobil karvanlarının böyük sürətlə Azərbaycan ərazisindən keçməsinin təşkili Türk dünyası və bütün Şərq-Qərb münasibətləri üçün onilliklər, bəlkə də, yüzilliklərə sığmayan ümumbəşəri bir hadisədir.
Azərbaycan rəhbəri İlham Əliyevin ardıcıl olaraq yeritdiyi qlobal və milli dəyərlərə əsaslanan strateji kurs, məqsədyönlü və çevik islahatlar ölkənin qısa müddət ərzində keyfiyyətcə yeni və daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. İnkişaf sürətinə görə ölkəmiz regionda və bütün dünyada lider dövlətə çevrilmişdir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Yüksək iqtisadi göstəricilər qazanan Azərbaycanın son illər müxtəlif sferalarda əldə etdiyi nailiyyətlər ardıcıl şəkildə bir-birini tamamlayır, coğrafiyasını genişləndirir.
Prezident İlham Əliyev qətiyyətlə vurğulayır: “Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək təbii resurslarımızı insan kapitalına çeviririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir”.
Azərbaycanın bu əsrdə hərtərəfli inkişaf etməsi, dünyada ön mövqeyə çıxması üçün bütün təbii imkanlar var. Dövlət rəhbəri və hökumət ölkənin dinamik və sürətli inkişafı üçün yaradıcı, məqsədli və sistemli siyasət aparır. Problemləri ardıcıl olaraq aradan qaldırmağa, yaxşı ənənələri inkişaf etdirməyə imkan verən stimullaşdırıcı mühit ölkəmizi növbəti inkişaf hüdudlarına doğru aparır.
Dünyamalı VƏLİYEV,
AMEA Şərqşünaslıq İnstitutu
Şərq-Qərb şöbəsinin müdiri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.