Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızın enerji siyasətini uğurla gerçəkləşdirməyi, müstəqil enerji sistemi yaratmağı qarşıya prioritet vəzifə kimi qoymuşdu. Dahi öndər elektrik enerjisinə olan tələbatın yerli imkanlar hesabına ödənilməsinə yönələn layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayırdı.
Ötən əsrin 70-80- ci illərində bu böyük şəxsiyyətin təşəbbüsü ilə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialının artırılmasını sürətləndirdi. Həmin dövrdə Sumqayıtdakı 2 saylı İEM-nin gücünün 220 MVt-a çatdırılması, Sərsəng su anbarının və eyniadlı SES-in, Şəmkir SES-in, “Azərbaycan” İES-in birinci enerji blokunun, Naxçıvanda “Araz” SES-in istifadəyə verilməsi ilə respublikamızın elektrik enerji sistemində yeni inkişaf mərhələsi başlandı.
Sonralar o zaman görülən işləri xatırlayan ümummilli liderimiz demişdir: “Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.
Lakin ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi və sosial-iqtisadi böhranın hökm sürməsi, torpaqlarımızın erməni quldurları tərəfindən işğal olunması, qaçqın-köçkün axınının yaranması respublikanın enerji sisteminə də təsirsiz ötüşmədi, elektrik enerjisi istehsalında ciddi problemlər meydana gəldi.
Bəli, o zaman Bakının elektrik enerjisi ilə təminatında acınacaqlı vəziyyət yaranmışdı. Şəhərin mərkəzində küçələrin işıqlandırılması sanki unudulmuşdu. Dənizkənarı bulvara, Dağüstü parka qaş qaralandan sonra ayaq basmaq təhlükəli idi. Ətraf kənd və qəsəbələrdə, regionlarda da bu sahə diqqətdən kənar qalmışdı. Elektrik enerjisindəki fasilələr istehlakçıları ciddi narahat edirdi. Dirəklərə birtəhər bərkidilən və hörümçək toru şəklini alan naqillər hər an ölüm təhlükəsi, partlayış qorxusu yaradırdı. İstifadə olunan elektrik enerjisinə görə ödənişlərin aparılmasına məsuliyyətsiz münasibət bəslənilirdi. Hər şeyin başlanğıcı, ilki sayılan işıq probleminin həlli, necə deyərlər, düyünə düşmüşdü.
Belə bir ağır şəraitdə ulu öndərin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilən “Azərbaycan” İES olmasaydı, enerji təchizatında yaşanan çətinliklər daha ağır fəsadlar törədə bilərdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrini, o cümlədən elektrik enerjisi sistemini böhrandan çıxarmaq, onun maddi-texniki bazasını yeniləşdirmək üçün genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əlaqələr qurulmasına yönəldilən strateji xətt elektrik enerjisi sisteminə də xarici investisiyaların cəlb olunması imkanı yaratdı. Bu isə Azərbaycanın enerji sisteminin mövcud potensialının gücləndirilməsinə, səmərəliliyinin artırılmasına, elektroenergetika təsərrüfatının yenidən qurulmasına və yeni güclərin yaradılmasına öz müsbət təsirini göstərdi. Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və SES-in, 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli elektrik verilişi xəttinin, “Şimal” ES-in istismara verilməsi, Bakı İEM-də yenidənqurma işlərinin aparılması bunun bariz ifadəsi idi.
Lakin etiraf edilməlidir ki, elektrik enerjisi istehsalı üzrə iri güclərin işə salınması istehlakçıların heç də elektrik enerjisi ilə fasiləsiz təchiz olunması demək deyil. Bunun üçün paylayıcı şəbəkələrin səmərəli fəaliyyəti əsas şərtlərdən biridir. Ona görə də ümummilli liderimiz Azərbaycanda yenidən rəhbərliyə başlayanda bu məsələyə xüsusi önəm verdi, enerji təchizatında yaranan problemləri həll etmək məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirdi: 1999-cu il noyabrın 8-də “Bakıelektrikşəbəkə” İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında”, 2000-ci il iyunun 14-də isə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə “Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılması ilə bağlı müvafiq sərəncamlar imzaladı. Bundan əsas məqsəd həm də o idi ki, həmin dövrdə adı çəkilən strukturda daxili imkanların məhdudluğu səbəbindən müvafiq inkişaf sürətinə nail olmaq mümkün deyildi. Səhmdar cəmiyyətin idarəetməyə verilməsi isə yeni texnologiyaların tətbiqi ilə şəbəkəni modernləşdirmək, paytaxtın elektrik təchizatında əsaslı dönüş yaratmaq imkanı yaradırdı. Elə buna görə də dahi öndərin 2000-ci il 14 iyun tarixli sərəncamına uyğun olaraq açıq müsabiqə keçirildi və Türkiyənin “Barmek Holdinq A.Ş.” şirkəti qalib elan edildi. Bu şirkətlə “Bakıelektrikşəbəkə” ASC-nin 25 il müddətinə idarə olunmasına dair müqavilə imzalandı. Beləliklə, “Barmek Holdinq A.S.”in yerli təmsilçisi- “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC 2002-ci ilin yanvarından fəaliyyətə başladı. Lakin, təəssüf ki, türk şirkəti ümidləri doğrultmadı. Nəzərdə tutulan tədbirlər- elektrik şəbəkəsinə müasir texnologiyaların tətbiqi, yüksək gərginlikli yarımstansiyaların və xətlərin modernləşdirilməsi, orta və alçaq gərginlikli kabel və hava xətlərinin yeniləşdirilməsi, texniki itkilərin azaldılması ilə bağlı layihələr reallaşdırılmadı. Bundan başqa, “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” istehlakçıların yeni, müasir sayğaclarla təmin edilməsinə, eləcə də elektrik enerjisi haqqının yığımının artırılmasına, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına laqeyd münasibət bəslədi. Bakı şəhərinin və ətraf qəsəbələrin sakinlərinin və müəssisələrin fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində ciddi qüsurlara yol verdi...
Təbii ki, belə vəziyyət ölkə rəhbərini narahat etməyə bilməzdi. Ona görə də dövlət başçısı tərəfindən Bakı şəhərinin və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatında “Barmek”in yarıtmaz fəaliyyəti nəticəsində yaranan ciddi problemləri təcili şəkildə aradan qaldırmaq üçün müvafiq addımlar atıldı, 2006-cı il avqust ayının 10-dan etibarən “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edildi. Beləliklə, elektrik paylayıcı sahələr üzrə islahatlara start verildi.
“Bakıelektrikşəbəkə” ona bəslənilən etimadı tez bir zamanda doğrultdu: Bakı və ətraf qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı istiqamətində yüksək səviyyəli xidmət yaradıldı, elmi-texniki nailiyyətlərdən səmərəli istifadə edildi, peşəkar kadrların formalaşdırılması məsələsi diqqət mərkəzində saxlanıldı...
Şübhəsiz ki, bütün bunlar ölkə Prezidenti tərəfindən yüksək dəyərləndirildi və cənab İlham Əliyev 2013-cü il sentyabrın 25-də 204 saylı yarımstansiyanın açılışında etdiyi nitqində dedi: “Mən çox şadam ki, Bakı Elektrik Şəbəkəsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə dövlətə qayıtması barədə vaxtilə qəbul etdiyim qərar öz səmərəsini verməkdədir. Siz - şəbəkənin əməkdaşları bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaqdır”.
Elə buna görə də belə bir vaxtda “Bakıelektrikşəbəkə”nin təkcə paytaxt və ətraf qəsəbələri deyil, bütün Azərbaycan ərazisini əhatə edən yeni bir quruma çevrilməsi zərurəti qarşıya çıxdı. Çünki həmin dövrdə regionlarda da dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı ilə bağlı ciddi problemlər yaşanırdı. Əhalini bu sahədəki mövcud vəziyyət qane etmirdi. Bu səbəbdən də dövlət rəhbərliyi tərəfindən “Bakıelekahətrikşəbəkə” kollektivinə növbəti etimad göstərilərək, onun fəaliyyət dairəsinə Bakı və ətraf yaşayış məntəqələri ilə yanaşı, bütünlüklə Azərbaycan ərazisinin daxil edilməsi qərara alındı. Beləliklə, Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamına əsasən, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradıldı.
“Azərişıq” ASC ötən müddətdə respublikamızın 57 rayon və şəhərini əhatə etməklə, 7 regional enerji təchizatı satış idarəsi yaratdı. İstehlakçıları etibarlı elektrik enerjisi ilə təchiz etmək, yeni texnologiyaların tətbiqini sürətləndirmək, maddi-texniki bazanın müasirləşdirilməsinə və ondan səmərəli istifadəsinə xüsusi önəm vermək, istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək kimi vəzifələrin gerçəkləşdirilməsi üçün tədbirlər həyata keçirdi.
Görülən işlərin miqyasını aydın təsəvvür etmək üçün diqqəti konkret göstəricilərə yönəltmək istərdik. Səhmdar cəmiyyət tərəfindən bu dövrdə 22 35 kV-luq yeni yarımstansiya, müasir standartlara cavab verən rayon enerji təchizatı və satış idarəsi üçün 17 ofis tikilib, 35 kV-luq 400-dək yarımstansiya təmir olunub. Bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri ilə əvəz edilib, 70 mindən artıq smart tipli “sms” sayğac quraşdırılıb. Yeni tikilən və əsaslı şəkildə yenidən qurulan yarımstansiyalar “SCADA” (elektrik avadanlıqlarının vəziyyətinə nəzarət və idarəetmə) sisteminə qoşulub. 110 və 35 kV-luq yarımstansiyaların “SCADA” sisteminə keçməsi ilə onların uzaq məsafədən operativ idarə olunması təmin edilib. Cəbhə bölgəsində yerləşən rayonlara diqqət və qayğı artırılıb. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnələn, istismara yararsız hala düşən elektrik dayaqları dəyişdirilib, naqillər, transformatorlar yeniləri ilə əvəzlənib və müasir tipli yarımstansiyalar quraşdırılıb. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı diqqət mərkəzində saxlanılıb.
Sonda yaxın gələcəkdə istehlakçıların keyfiyyətli enerji təminatı ilə bağlı görüləcək işlərə qısaca nəzər salmaqla yazını tamamlamaq istərdik. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına dair hazırlanan, 2016-2025-ci illəri əhatə edən master-planda ölkəmizdə mövcud energetika potensialının zənginləşdirilməsi üçün görüləcək işlər ətraflı qeyd olunub. Burada paylayıcı elektrik şəbəkələrində perspektiv və mövcud yükləri nəzərə almaqla bir sıra yarımstansiyaların yenidən qurulması və inşası, elektrik verilişi xətlərinin, transformator təmiri sexlərinin və inzibati binaların tikintisi, SCADA sisteminin, eləcə də, İKT-nin tətbiqi və maşın mexanizmlərinin alınması öz əksini tapıb.
Master-planda nəzərdə tutulan proqram regionlarda elektrik təchizatının etibarlılığını artıracaq, paylama sistemində mövcud olan elektrik enerjisi itkilərini azaldacaq, istehlakçılara göstərilən xidmətlərin səmərəliliyi və keyfiyyətini artıracaq, regional paylama şirkətlərinin əməliyyat və maliyyə perfomansını təkmilləşdirəcək, paylama subsektorunda korporativ islahatları və kadr potensialının gücləndirilməsini dəstəkləyəcək.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Məqalə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.