Aqrar sahədəki fəaliyyətin elmi-texnoloji əsasları möhkəmləndirilir

 

 

 

 

 

 

 

 

 

 

 

 


İndi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. Amma bir daha qeyd etmək istəyirəm, daxili tələbat 100 faiz təmin edilməlidir, ixrac maksimum olmalıdır. İxrac bazarları da müəyyən edilməlidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan öz dövlət müstəqilliyini bərpa  etdikdən, daha doğrusu, ulu öndər Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtdıqdan  sonra kənd təsərrüfatı torpaqları  əkib-becərilmək üçün əhalinin istifadəsinə verildi.  Aqrar sektorun bütün sahələri özəlləşdirildi. Şəxsi təsərrüfatların  yaradılmasının  hüquqi əsasları  formalaşdırıldı. İqtisadiyyatın dinamik inkişafı  üçün  yeni elmi konsepsiyaların, proqramların  yaradılmasına  və onların  özəl  təsərrüfatlara tətbiq olunmasına zəruri ehtiyac meydana gəldi.

Lakin, respublikamız çox mürəkkəb  bir geosiyasi  məkanda  yerləşdiyinə görə, müstəqilliyimizə  və  inkişafımıza mane olmağa  çalışan  xarici düşmən  qüvvələr,  eyni zamanda, milli – azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş, idarəçilik təcrübəsi  olmayan  “rəhbərlər”  ölkə daxilində  xaos yaratdılar. Bütün istehsal sahələrində  acınacaqlı tənəzzül  meydana gəldi. Bəzi siyasi qüvvələr və böyük dövlətlər   Azərbaycanın müstəqilliyini  yox etmək üçün xalqımıza qarşı erməni separatizmini  də gücləndirdilər.  Nəticədə  sənaye müəssisələri dağıdıldı  və kənd təsərrüfatının  ötən əsrin 70-ci illərində yaradılmış  elmi-texniki bazası məhv edildi. Əkin sahələrinin  böyük  bir hissəsi  istifadəsiz qaldı. Bu acınacaqlı vəziyyət uzun müddət davam edə bilməzdi və çıxış yolunu yenə də xalq tapdı.

Ümummilli liderimiz Heydər Əliyevin  1993-cü il  iyun ayının 15-də ölkədə siyasi  hakimiyyətə  qayıtması  vəziyyəti tədricən inkişafa  doğru istiqamətləndirdi. Onun  düzgün qərarları  nəticəsində bir sıra iri dövlətləri təmsil edən şirkətlərlə neft  müqaviləsinin  bağlanması ölkəmizə xarici  dövlətlərin  sərmayə qoymasına əsas yaratdı və tənəzzüldən çıxmağa imkan verdi. 1996-cı ildən başlayaraq, bütün sahələr üzrə  davamlı  inkişaf  başlandı. Bu inkişaf  neft sənayesində  olduğu kimi, kənd təsərrüfatı  sahəsində də özünü göstərdi.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi  inkişaf  konsepsiyası 2003-cü ilin payızından ulu öndərin  layiqli  davamçısı Prezident İlham Əliyev tərəfindən  daha çevik şəkildə  həyata keçirilməyə başlanıldı. Regionların həm sosial, həm də iqtisadi inkişaf proqramları hazırlandı. Digər sahələrlə yanaşı, ərzaq məhsulları istehsalının elmi-texnoloji  təminatına da diqqət artırıldı. Prezident qəti şəkildə bildirdi ki,  ölkə iqtisadiyyatının gələcək  inkişafı  bilavasitə  sahibkarlığın gücləndirilməsindən  asılıdır. Dövlət başçısının rəhbərliyi  ilə 2009–2013-cü illər üçün regionların sosial iqtisadi  inkişaf  proqramı hazırlandı və bu strategiya əsasında ölkəmizin hər yerində  sürətli inkişaf prosesi başlandı.  Daha sonra təsdiq edilmiş və həyata keçirilən digər dövlət proqramları sübut etdi ki,  iqtisadi inkişafın  prioriteti məhz sahibkarlığın inkişaf etdirilməsidir.

Heyvandarlıq, əkinçilik, üzümçülük, tütünçülük, baramaçılıq, arıçılıq və kənd təsərrüfatına  daxil olan  digər sahələrin daha da inkişaf  etdirilməsi  üçün iş adamlarına aşağı faizli kreditlər verildi.  Bunun da nəticəsidir ki, ölkəmizin  ragionlarında  müxtəlif    sənaye müəssisələri  yaradılır.  Bu sahibkarlıq strukturlarında ən müasir  texnologiyalar  tətbiq olunur  və  iqtisadiyyatın  moderniləşdirilməsi aparılır. Eyni zamanda,  ölkəmizi inkişaf  etmiş dövlətlər səviyyəsinə yüksəltmək üçün 2013–2023-cü illəri əhatə edən özəl bölmənin, xüsusilə sahibkarlığın  daha da inkişaf  etdirilməsinə aid yeni strategiya hazırlandı. Bu strategiyaya uyğun olaraq sahibkarlara xeyli güzəştlər edilir.

İndi həmin  stategiyanın tələblərinə uyğun olaraq  yeyinti  məhsullarının əksəriyyətinin öz ölkəmizdə istehsal olunmasına, xaricdən idxalın azaldılmasına  və  Azərbaycanın öz  məhsulunu  ixrac   edən dövlətə çevrilməsinə diqqət yetirilir.

Prezident İlham Əliyev Bakı Biznes  Mərkəzində bir qrup iş adamı ilə görüşündə  demişdir: “Nə üçün biz gündəlik yeyinti  məhsullarını özümüzdə olduğu halda xaricdən  alırıq”. Bu görüşdə  o, öz məhsullarımızı  dünya  standartları  səviyyəsinə  qaldırmağı və onları  böyük həcmdə xarici ölkələrə də idxal etməyimizi tövsiyə etmişdi.

Xaricdə iqtisadçı ixtisası üzrə təhsil almış bir gənc kimi düşünürəm ki, dövlət başçısının bu uzaqgörən siyasətini daha peşəkarlıqla  həyata keçirmək üçün bütün özəl  sektorlarda çalışan iş adamlarının muasir dövrün tələblərinə  uyğun olaraq elmi-texniki bilik səviyyəsi  planlı şəkildə daha da artırılmalıdır. Buna görə də gələcək sahibkarlar hələ məktəb yaşlarında  olarkən  muasir  dövrün tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə istehsalda tətbiq olunan  texnologiyalardan istifadə etmək  bacarıqlarına yiyələndirilməlidir. Onların  istedad və bacarıqları praktiki olaraq peşə yönümünə istiqamətləndirilməlidir. Müasir heyvandarlıq komplekslərində, eləcə də, başqa kənd təsərüffatı  sahələrində və digər özəl strukturlarda yeni texnologiyalardan istifadə olunur. Buna görə də orta məktəblərdə tədris olunan “Əmək təlimi” dərslərində şagirdlərə gələcək  həyat fəaliyyətlərində istifadə olunacaq  texniki vasitələr  əsasında biliklər   öyrədilməlidir. Texniki peşə məktəbləri isə müasir istehsalın tələbləri  səviyyəsinə uyğunlaşdırılmalıdır. Onların dövrün tələblərinə cavab verən əmək texnologiyaları ilə təchiz olunmasına, yeni peşələr üzrə mütəxəssislər   hazırlamasına  xüsusi  diqqət yetirilməlidir.

Yeri gəlmişkən, yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bunu Prezident İlham Əliyevin bu ilin aprelində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı fərman da təsdiqləyir. Peşə təhsilinin inkişafı istiqamətində atılan addımlar isə ölkədə bu sahənin potensialının tam üzə çıxarılmasına imkan verəcək. Çünki ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı getdikcə artırır.

Fikrimcə,  son illərdə  Azərbaycan bir  çox parametrlər üzrə Avropa ölkələrinin əksəriyyətindən önə keçib. Buna baxmayaraq, xaricdə şahidi olduğumuz bəzi məqamları qeyd etmək istəyirəm. Məsələn, sahibkarların öz fəaliyyətlərində elmin nailiyyətlərinə əsaslanmasına  kömək  məqsədilə xüsusi laboratoriyalar və texniki təchizat  mərkəzləri yaradılsa, daha böyük uğurlar əldə edə bilərik. Yaxud, hər bir sahə üzrə  fəaliyyət  göstərən fermerin elə yaşadığı ərazidə müəyyən  təlimatlar  almaq imkanı da  alqışlanmalıdır. Belə ki, vətəndaş  hansı  torpaqlarda  əkdiyi  məhsulun daha yaxşı  inkişaf  edəcəyini  bu laboratoriyaların xidmətindən istifadə etməklə aydınlaşdırmalıdır.

Əminik ki, gündən-günə inkişaf edən ölkəmizdə  qeyd olunan  təkliflər sahibkarlara yardım edən ayrı-ayrı strukturlar  tərəfindən qiymətləndiriləcək  və tətbiq olunacaq.  Bu yığcam fikrimizi Xalq şairimiz Səməd Vurğunun  sözləri ilə yekunlaşdırmaq tam yerinə düşərdi: “ Çörək bol olarsa, basılmaz Vətən”.

Sabir ŞÜKÜROV,
Böyük Britaniyanın Hult Universitetinin
magistr məzunu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında