Azərbaycanın polad magistralları modernləşmə yollarında

13 Oktyabr Dəmir Yolu İşçiləri Günüdür

XX əsr Azərbaycan tarixində çox mühüm hadisələrlə yadda qaldı. Ölkəmiz bir əsrdə iki dəfə müstəqilliyinə qovuşdu. Əsrin əvvəlində qazanılan müstəqillik 23 aydan sonra xarici və daxili düşmənlərin təsiri ilə öz ömrünü başa vurdu. 18 oktyabr 1991-ci ildə Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsi ölkəmizin ictimai-siyasi həyatında böyük dəyişikliklərin baş verməsinə səbəb oldu. Hazırda müstəqil Azərbaycan sürətli bir inkişaf yolundadır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. da

Dövlət müstəqilliyinin 25 ili ərzində ölkə polad magistralında bir sıra mühüm layihələr həyata keçirilmiş, islahatlar prosesi daha da genişləndirilsmişdir.

Bu tarixi yubiley ərəfəsində dəmiryolçular daha bir bayramı –
13 oktyabr dəmir yolu işçiləri gününü qeyd etməyə hazırlaşırlar. Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərmişdir. Bu qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısı 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün–Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv şəkildə reallaşdırılmaqdadır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır.

Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişafa nail olunmuş, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur.

Son iki ilə yaxın bir dövr dəmir yolunun tarixində islahatlar mərhələsi kimi yadda qalacaq. Hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni və ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işləri sürətlə davam edir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri başa çatmaq üzrədir.

Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir vaxtlar mövcud olan dəmir yolu əlaqəsini bərpa etmək zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi.

3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt arasında 63 kilometr uzunluğunda baş yolların əsaslı təmirinə start verilmiş, sentyabrın 2-də işlər başa çatdırılmışdır. Layihə çərçivəsində Bakı sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının yolları və yoldəyişənləri yenilənmiş, Bakı sərnişin və Sumqayıt sərnişin stansiyalarında turniketlər və POS-terminallar quraşdırılmışdır.

Onu da qeyd edək ki, hələ 13 may 2015-ci ildə Bakıda “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 iki-  mərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalamışdır.

21 may 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda olmuş, Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirmişdir. Artıq qatarların beşi də Bakı Sərnişin Stansiyasına gətirilmişdir.

2015-ci il sentyabrın 12-də Bakı Sərnişin Stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısında işlərin bu ilin sonunda başa çatdırılması, gələn il tam istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub.

20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncamına uyğun olaraq, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin torpaq yatağının hazırlanmasına başlanmışdır.

Sentyabrın əvvəlində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 kilometr uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanmışdır. Artıq 5 kilometr yeni yol qoyulmuşdur.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Azərbaycanın tranzit potensialının artırılması istiqamıtində atılan addımlar daha təqdirəlayiqdir. Son vaxtlar daha bir marşrut - Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu öz fəaliyyətini genişləndirməkdədir. Artıq bu marşrutla dörd qatar yola salınmışdır.

Sonra Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulmuş və bu marşrut üzrə daha iki qatar yola salınmışdır. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.

13 may 2016-cı ildə Bakıda “Vikinq qatarı” layihəsi iştirakçı şirkətlərinin nümayəndələrinin müşavirəsi keçirilmişdir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq qatarı” layihəsinə qoşulması haqqında protokol imzalanmışdır. “Viking train” layihəsi 3 ölkə –Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir.

“Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Son vaxtlar “Azərbaycan Dəmir Yolları” QSC-də Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətinin rəhbərliyi ilə ikitərəfli görüş keçirilmiş, “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanmışdır.

2015-ci ilin oktyabr ayında təmir işlərinin növbəti mərhələsinə start verilmiş, bu günə kimi 160 kilometrdən artıq dəmir yolu əsaslı təmir edilmişdir.

Son vaxtlar Səngəçal istehsalat bazasının ərazisində yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir. Artıq yeni meydançada ilk yoldəyişən yığılıb. Həmin yoldəyişən 9 sentyabr 2016-cı ildə Heybət Stansiyasında quraşdırıldı. İşi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivləri həyata keçirmişdir.

Hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir.

Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Dəmir yolunun vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində görülən işlər olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmət səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu, həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, qısa müddət ərzində yeni yuk vaqonları ölkəmizə gətirilmişdir. Yeni vaqonların alınması ilə yanaşı, istismar müddətini keçmiş yük vaqonlarının əsaslı təmir olunmasına da başlanılıb.

Son vaxtlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Qazaxstandan 10 ədəd teplovozun alınması haqqında müqavilə imzalanmış, artıq teplovozlar ölkəmizə gətirilmişdir. Yük daşımalarında istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınmışdır. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilmişdir.

Aparılan irihəcmli yenidənqurma işlərinini əsas tərkib hissələrindən biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında əsaslı təmir işlərininn geniş vüsət almasıdır. Təmir işləri müasir standartlar səviyyəsində, mərhələlərlə həyata keçirilmişdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyytinin (o zamankı Azərbaycan Dəmir Yolu İdarəsinin) inzibati binası 1956-cı ildə istifadəyə verilmiş, təəssüflər olsun ki, o vaxtdan bəri cari təmirləri nəzərə almasaq, inzibati binada bir dəfə də olsun əsaslı təmir işləri aparılmamışdir. Təxminən, ilyarım ərzində inzibati binada əsaslı təmir işləri aparılmış, dam örtüyü tamam yenilənmiş, burada işləyənlər üçün müasir starndartlara uyğun iş şəraiti yaradılmış, bütün iş otaqları mebel və avadanlıqıqlarla, sürətli internet şəbəkəsinə qoşulmuş, isitmə və soyutma sistemi mərkəzləşdirilmişdir.

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərindən geniş istifadə edir, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsini, onların maddi rifah halının yaxşılaşdırılmasını həmişə ön plana çəkir. “Azərbaycan Dəmir Yolları” QSC ilə MHİRK arasında imzalanmış Saziş məhz bu ali məqsədlərə xidmət edir. Sazişin yerinə yetirilməsi həm cəmiyyətin rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarət altında saxlanılır.

Müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi hər ilin yekunlarına görə “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi”, “Firudin Ağayev” adına yol müsabiqələrinin keçirilməsini, AHİK-in müxtəlif təmayüllü baxış-müsabiqələrində dəmir yolu təşkilatlarının iştirakını təmin edir. Müsabiqələrin qaliblərinə MHİRK-nin xüsusi diplomlarının və müxtəlif pul mükafatlarının verilməsi, əməkçilərin sağlamlıqlarının qorunması məqsədi onlara sanatoriyalara və istirahət evlərinə yollayış vərəqələrinin, maddi yardımların verilməsi, dəmiryolçuların sosial iqtisadi təminat və əmək hüquqlarının müdafiəsi üzrə daxil olan ərizə və şikayətlərinə vaxtı-vaxtında baxılması və ərizələrin əksəriyyətinin müsbət həll olunması dəmiryolçulara göstərilən qayğının bariz nümunəsidir. Məhz bu qayğının nəticəsidir ki, dəmir yolu təşkilatları dəfələrlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi bir sıra respublika müsabiqələrinin qalibləri olublar.

İlin əvvəlində 78 dəmiryolçu mənzillə təmin edilmişdir. Dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzun müddət növbədə olan işçilərin yeni mənzillərlə təmin edilməsi barədə cəmiyyət rəhbərliyinin bu qərarı hamını sevindirmişdir. Daha 140 dəmiryolçunun mənzillə təmin edilməsi nəzərdə tutulur.

Əməkçilərin sağlamlıqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsi sahəsində işçilərin hüquqlarının müdafiə edilməsi həm cəmiyyət rəhbərliyinin, həm də Dəmiryolçuların Müstəqil HİRK-in daimi diqqət mərkəzində olmuş və bu istiqamətdə çox saylı işlər görülmüşdür.

“Azərbaycan Dəmir Yolları” QSC-nin idarə, müəssisə və təşkilatlarında əməyin mühafizəsinin ümumi vəziyyətini yaxşılaşdırmaq, bu məsələ ilə əlaqədar görülən işlərin gedişinə nəzarəti gücləndirmək məqsədi ilə MHİRK-in iş planına müvafiq təsərrüfatlarda yoxlamalar və təhlillər aparılmışdır.

Dəmiryolçuların sanatoriya və pansionatlarda müalicə və istirahətlərinin təşkilində də MHİRK tərəfindən çox işlər görmüşdür. Belə ki, cəmiyyətin təşkilat, müəssisə və idarələrindən MHİRK verilən sifarişlər əsasında 2016-ci ildə dəmiryolçulara AHİK-in xətti ilə sanatoriya və istirahət evlərinə 300-dən artıq yollayış vərəqəsi verilmişdir.

2016-ci ildə MHİRK-in “Lokomotiv” İstirahət Mərkəzində 2000 nəfər dəmiryolçunun və onların ailə üzvü istirahət etmişdir. “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi ilə MHİRK tərəfindən əməkçilərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində də lazımi tədbirlər görülür və bu məsələlər daim diqqətdə saxlanılır.

Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Dəmiryolçular həm dövlət müstəqilliyinin 25-ci ildönümünü, həm də 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı gününü sevindirici nailiyyətlərlə qarşılamaq üçün əzmlə çalışırlar.

 

Fəzail BAĞIROV,
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar

İttifaqı Respublika Komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında