Azərbaycanın müstəqillik ərəfəsində demokratik transformasiya yolunda üzləşdiyi ən mürəkkəb problemlərdən biri totalitar sovet rejiminin XX yüzilliyin sonunda tarixi məqamın tələblərinə adekvatsızlığı, baş verən ictimai-siyasi proseslərə sosial-iqtisadi ziddiyyətlərin epoxal basqısı altında qalmış cəmiyyətin təbəqə, qrup və fərdlərinin fərqli reaksiyası idi. Dünyanın fövqəldövlətlərindən birinin süquta uğramasının fəlakətli nəticələri bir çox ölkələrin, xalqların siyasi, iqtisadi və ənənəvi həyatının axarını birdəfəlik dəyişdirdi, postsovet məkanında yeni müstəqil dövlətlərin formalaşması üçün tarixi şərait yarandı.
Artıq yeni dünya nizamının və bütövlükdə üçüncü minilliyin konturları sezilməkdə idi. Hər bir dövlətin, millətin, etnosun qarşısında mahiyyəti təkcə milli siyasət, milli təhlükəsizlik və milli konsepsiyalarla müəyyənləşməyən, baş verən proseslərə yeni istiqamət, yeni konfiqurasiya verən, bütün dəyərlərin yenidən qiymətləndirilməsini labüdləşdirən bir perspektiv dururdu. Qərb dövlətlərinin təcrübəsi göstərir ki, köhnə hakimiyyət və idarəetmə təsisatlarının dağıldığı şəraitdə ölkədə əsaslı keyfiyyət dəyişiklikləri həyata keçirmək üçün, hər şeydən əvvəl, cəmiyyətdə vətəndaş konsensusuna nail olmaq, siyasi sistemin islahatına başlamaq və iqtisadi münasibətlərdə əsaslı dəyişikliklər yolu ilə modernləşdirmə aparmaq gərəkdir.
Bu gün dünya inkişafının məcrasına qoşulan hər bir ölkə dövlətçilik baxımından özünün prioritetlərini milli mənafelər nəzərə alınmaqla müəyyənləşdirir. Heç də təsadüfi deyil ki, qloballaşma dövründə milli inkişafın strateji vəzifələrindən biri ölkənin Avropa ailəsinə sıx inteqrasiyasının təmin olunması, Avropa dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin intensivləşdirilməsidir. Müstəqillik dövrünə nəzər saldıqda bəlli olur ki, Azərbaycanın milli mənafelərə əsaslanmaqla formalaşdırdığı xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik olaraq reallaşdırılmasına yönəlmiş və ölkəmiz sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri yüksək dinamizmlə inkişaf etdirməyə üstünlük vermişdir.
Azərbaycan ümummilli liderin balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq aləmdə özünün geostrateji mövqelərini möhkəmləndirmiş, Qərbin xüsusi maraq göstərdiyi transmilli layihələrin təşəbbüsçüsü və iştirakçısı olaraq qlobal məkanda cərəyan edən önəmli proseslərin aparıcı subyektinə çevrilmişdir. Nəticədə, ölkəmiz böyük dövlətlərin dəstəyini qazanaraq uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyasının gerçəkləşməsinin uğurunu təmin etmişdir.
İqtisadiyyatın qloballaşmasının mahiyyəti ondan ibarətdir ki, dünya iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və bu yeni keyfiyyət halı dünyanın bütün ölkələrinin iqtisadiyyatına sirayət edir. Hələ 1990-cı illərin əvvəlində BMT-nin sənayenin inkişafı üzrə əsas strukturu sayılan YUNİDO belə bir tezis irəli sürmüşdü ki, "qloballaşma həm imkandır, həm də təhlükə". Təbii ki, cəmiyyətin inkişafının müasir mərhələsində, oriyentirlərin həyatda az-çox sabitləşmədən sürətlə dəyişdiyi bir şəraitdə liberal ideyaların, konseptual baxışların dərk və qəbul olunması müəyyən çətinliklərlə üzləşir.
Liberal dəyərlər keçmiş sovet respublikaları ilə müqayisədə Şərqi Avropa ölkələrində daha dərin kök atdığından vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, monetarist makroiqtisadi konsepsiyaların gerçəkləşməsinə yönəlmiş iqtisadi siyasət də məhz həmin regionda daha tez reallaşdırılmağa başladı. Tarixi şərait, ənənəvi ukladlar nəzərə alınmadan administrativ liberallaşdırma cəhdləri liberal-iqtisadi texnologiyaların təhrifindən başqa bir nəsnə olmayan şok terapiyasının, vauçerləşdirmənin, girov hərraclarının bəzi postsovet dövlətlərində uğursuzluğunun əsas səbəblərindən idi.
Azərbaycan cəmiyyəti mahiyyət etibarilə daha çox mühafizəkarlığa, ənənəçiliyə meyilli olduğundan böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra əsaslı islahatlar prosesində məhz konservativ liberalizm və liberal konservatizm ideyalarını özünün siyasi kursunun determinantları sırasına daxil etdi. Burada əsas məqsəd ondan ibarətdir ki, liberal ideyaların cəmiyyətə gətirdiyi dinamik ruhu konservatizm və ənənəçilik radikalizmin ifrat təzahürlərindən qoruyur.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, liberalizmin konservatizmlə konvergensiyası demokratik dəyərlərlə məqsədyönlü şəkildə zənginləşdirildikdə tarazlı bir sistem yaranır ki, burada dövlətin uğurlu fəaliyyətinə, şəxsiyyətin işgüzarlığına, cəmiyyətin daha kamil mərhələyə transformasiyasına, maddi nemətlərin ədalətli bölgüsünə geniş imkanlar açılır.
Müstəqillik qazanmış Azərbaycanda makroiqtisadi strategiya seçimi alternativli idi: ya qeyri-rentabelli müəssisələrin tam iflasının qaçılmaz olduğu iqtisadiyyatın sərt sağlamlaşdırılması variantını, ya da qeyri-rentabelli müəssisələrin fəaliyyətinə dövlət dəstəyi yolunu seçməli idik. 1990-cı illərin ortalarından dövlət təsərrüfat sisteminin bütövlükdə səmərəliliyinin artırılması zəruriyyətindən çıxış edərək əsaslı islahatlar kursunu işləyib hazırlamağa başladı. Struktur dəyişikliklərinin əsas istiqamətini və qayəsini enerji resurslarından səmərəli istifadənin təmin olunması təşkil edirdi. Bu məqsədlə transmilli neft korporasiyaları ilə intensiv iş aparılır, onlar yerli sənayenin restrukturizasiya prosesinə cəlb olunurdular.
Hər bir iqtisadi sistem təsərrüfat fəaliyyəti ilə bağlı təbiətin, cəmiyyətin və insan təfəkkürünün qarşılıqlı əlaqə və inkişafından irəli gələn prinsipləri özündə birləşdirir. İstehlakçıların faydalı və yararlı məhsul və xidmətlərlə təmin olunması üçün mövcud resurslardan istifadə qaydalarının seçiminə görə iqtisadi sistemlər bir-birindən fərqlənir. İqtisadi sistemin formalaşmasına əsasən iki amillər qrupu təsir göstərir. Birincisi, mövcud mühit, ikincisi, iqtisadi sistemi təşkil edən elementlərin struktur əlaqələri. Təbii iqlim şəraiti, iqtisadi münasibətlər, mənəvi, hüquqi, sosial, mədəni, dini, əxlaqi amillər özlüyündə mövcud inkişaf səviyyəsindən asılı olsalar da, iqtisadi sistemin formalaşmasına əhəmiyyətli təsir göstərirlər. Odur ki, hər bir iqtisadi sistem müəyyən mənada fəaliyyətdə olan sosial-mədəni amillərdən asılı olaraq inkişaf edir və beləliklə də ayrı-ayrı modellər formalaşır. Bazar iqtisadiyyatı sisteminin bu və ya digər dərəcədə bir-birindən fərqli yapon, Çin, alman, İsveç və sair modelləri artıq günümüzün reallığıdır. Sosial-mədəni amillər qrupunun fəaliyyətindən asılı olaraq sivilizasiyanın iki mühüm Qərb və Şərq istiqamətləri meydana gəlmişdir. Qərb inkişaf yolu iqtisadi sərbəstliyə, demokratik dəyərlərə, Şərq istiqaməti ciddi nəzarət üsullarına, milli mənafelərin müdafiəsinə, dini-mədəni amillərin möhkəmlənndirilməsinə əsaslanır. İstehsal üzərində mülkiyyət formasına, iqtisadi qərarların qəbuluna, iqtisadi fəaliyyətin əlaqələndirilməsi qaydalarına və bu fəaliyyətin həyata keçirilməsində stimullaşdırma motivlərinə uyğun olaraq aşağıdakı iqtisadi sistemləri fərqləndirirlər:
- ənənəvi iqtisadi sistem; - planlı iqtisadi sistem; - bazar iqtisadi sistemi; - qarışıq iqtisadi sistem; - keçid iqtisadiyyatı.
Keçid iqtisadiyyatı, adından göründüyü kimi, bir iqtisadi sistemdən digərinə keçmə prosesini əhatə edir. XX əsrin 80-ci illərindən etibarən dağılmağa başlayan sosializm düşərgəsinə mənsub dövlətlərin iqtisadiyyatı da inzibati amirlik sistemindən bazar iqtisadi sisteminə keçid mərhələsinə qədəm qoydu. Bu mərhələnin səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, həm keçmiş sistemin iqtisadi münasibətləri, həm də yeni sistemin iqtisadi münasibətləri çulğaşaraq çoxukladlılıq yaradır, sosial münasibətləri kəskinləşdirir. Keçid dövrünün müddəti, bir qayda olaraq, cəmiyyətin sosial-iqtisadi, siyasi-mədəni və tarixi inkişaf səviyyəsindən asılıdır.
Keçid dövrünün başlanğıcında 1991-1993-cü illərdə Azərbaycanda əvvəlki dövrün ideoloji irsindən radikallıqla imtina olunması yeniləşməni ideya-nəzəri bazadan məhrum etmişdi. Elə bu səbəbdən də yeni ideya və proqramları cəmiyyətə qəbul etdirmək müəyyən çətinliklərlə üzləşirdi.
SSRİ-nin dağılmasını müşayiət edən destruktiv proseslər postsovet məkanında yaranmış bütün dövlətlərdə dərin iqtisadi və sosial böhrana səbəb olmuşdu. Bu dövlətlərdə onilliklər ərzində formalaşmış infrastruktur milli mənafelərə deyil, digər müttəfiq respublikaların tələbatına uyğunlaşdırıldığından iqtisadiyyatın inkişafına mənfi təsir göstərirdi. Azərbaycanda vəziyyət daha dözülməz idi. Ermənistanın Azərbaycana təcavüzü və ölkə ərazisinin 20 faizinin işğalı üzündən keçid dövrünün problemləri kəskin xarakter almışdı. 1990 - 1994-cü illər ərzində ümumi daxili məhsul istehsalı 55 faiz, sənaye istehsalı 52 faiz, kənd təsərrüfatı istehsalı 44 faiz, investisiya qoyuluşu 2 dəfə azalmışdı. Ölkə iqtisadiyyatı xarici investisiyaların cəlbinə, aparıcı sahələrin texniki cəhətdən yenidən qurulmasına, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə, dünya iqtisadi sisteminə sürətli inteqrasiyaya ciddi ehtiyac duyurdu. Hökumət bu məqsədlə sənayenin baza sahələrinin, kənd təsərrüfatının, sosial sferanın, infrastrukturun modernləşdirilməsini, rekonstruksiyasını nəzərdə tutan investisiya proqramı işləyib hazırladı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış bu proqramın əsas məqsədi istehsalın geriləməsinin və xalqın həyat səviyyəsinin pisləşməsinin qarşısının alınması, beynəlxalq təşkilatların tələbləri nəzərə alınmaqla maliyyə, bank və vergi sistemində islahatlar aparılması idi. Suverenliyin siyasi-iqtisadi, mənəvi-psixoloji, hüquqi təməli qoyulan ilk illərdə dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, ona dönməz, əbədi xarakter vermək üçün yeni siyasi sistem formalaşdırılmalı, iqtisadiyyatın sabit və normal fəaliyyəti təmin olunmalı idi.
Böyük dövlət xadimi Heydər Əliyev yaxşı başa düşürdü ki, dövlət keçid dövründə iqtisadiyyatın idarə olunmasında bilavasitə iştirak etməklə islahatların həyata keçirilməsinə rəhbərlik etməli, yeni infrastrukturu formalaşdırmalı, investisiya qoyuluşu, modernləşdirmə, iqtisadi artım sürətinin stimullaşdırılması, proporsiyaların müəyyənləşdirilməsi, istehsal edilən məhsulların dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi, sosial gərginliyin zəiflədilməsi, sabitliyin təmin olunması, inflyasiyaya yönəlik qabaqlayıcı tədbirlərin reallaşdırılması ilə təxirəsalınmaz vəzifə kimi məşğul olmalıdır. İqtisadi idarəetmə sistemində dövlət həm də bəzi sektorlarda mülkiyyətçi, təsərrüfatçı, başqa sözlə, bazar subyekti olmaqla iqtisadiyyatın və sahibkarlığın bazar qanunları əsasında inkişafına yardımçı olmalı idi. Bu prosesdə dövlət, əsasən, aşağıdakı funksiyaları yerinə yetirməli idi:
- bazar sisteminin səmərəli fəaliyyət göstərməsi üçün zəruri mühitin və hüquqi bazanın formalaşdırılması;
- istehsal subyektlərinin azad rəqabət şəraitində fəaliyyətinə imkan yaradılması;
- gəlir və sərvətlərin yenidən bölgüsü;
- istehsalın infrastrukturunun dəyişməsinə uyğun olaraq, resursların bölgüsünün təkmilləşdirilməsi;
- iqtisadiyyatın dinamik inkişafının, əhalinin məşğulluğunun təmin edilməsi, inflyasiyanın nəzarətdə saxlanılması.
Azərbaycan dövləti bu vəzifələrin icrasına xüsusi diqqət yetirməklə, ölkənin maddi resurslarını, intellektual potensialını səfərbər etdi və özünün bazar iqtisadiyyatı şəraitində tənzimləyici funksiyalarını uğurla reallaşdıra bildi.
Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirərkən ölkəmizin geostrateji mövqeyini, Şərq - Qərb, Şimal - Cənub nəqliyyat dəhlizləri üzərində son dərəcə əlverişli məkanda qərar tutduğunu, qloballaşan dünyada təbii ehtiyatlar və enerji mənbələri uğrunda güc mərkəzləri arasında amansız mübarizə və rəqabəti nəzərə alaraq, məhz bu sahələrin yenidən qurulmasını və modernləşdirilməsini respublikanın iqtisadi inkişaf konsepsiyasının əsas prioritetləri kimi ön plana çəkdi. Azərbaycanın beynəlxalq inteqrasiya prosesinə qoşulması üçün bu, dahiyanə bir addım idi.
Nəticədə, Cənubi Qafqazı və Xəzərətrafı regionu, Orta Asiya respublikalarını öz nəzarətində saxlamağa çalışan Rusiyanın ciddi müqavimətinə, aşkar-gizli təzyiqlərinə baxmayaraq, ABŞ və Qərb dövlətləri alternativ enerji dəhlizlərinin yaradılması layihəsini dəstəklədilər və bu istiqamətdə səylərini artırdılar.
Şərti olaraq, "Böyük İpək yolu" adlanan transmilli layihənin həyata keçirilməsində aparıcı subyekt kimi çıxış edən Azərbaycan Avropanı Asiya ilə birləşdirən nəqliyyat-kommunikasiya sisteminin qurulmasına, Rusiyadan yan keçən nəqliyyat dəhlizinin yaradılmasına önəmli töhfə verməklə həm Xəzər regionunun karbohidrogen ehtiyatlarının alternativ marşrutla dünya bazarına çıxarılmasına nail oldu, həm də ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün yeni maliyyə resursları qazanmış oldu. Nəzərə alsaq ki, dünyanın geosiyasi hədəflərinə təsir faktorlarından biri müxtəlif regionların təbii sərvətlərinin, enerji və karbohidrogen ehtiyatlarının təhlükəsiz və alternativ marşrutlar vasitəsilə dünya bazarına çatdırılması və dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasıdır, onda TRASEKA və digər analoji layihələrin gerçəkləşdirilməsinin əhəmiyyətini geniş şərh etməyə ehtiyac qalmır.
Ulu öndər Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının reallaşdırılmasına neft strategiyasından başlamaq qərarına gəlmişdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bununla da ölkəmiz çox qısa zamanda böyük investisiya axını üçün cəlbedici və əlverişli məkana çevrildi.
1995-ci ildən başlayaraq cəmiyyətdə təkcə funksional və institusional yox, eyni zamanda, həyatın bütün sahələrini əhatə edən ciddi keyfiyyət dəyişiklikləri baş verdi, sosial-siyasi, hüquqi, iqtisadi münasibətlər sferasında geniş islahatlar keçirildi. Təbii ki, bu proses hamar bir müstəvidə irəliləmirdi. Qarşıya çoxlu çətinliklər, ziddiyyətli məqamlar çıxırdı, çünki islahatlara start verildiyi dövrün reallıqları olduqca ağır iqtisadi durumdan xilas olmaq üçün, yumşaq desək, heç də ürəkaçan deyildi. Təkcə onu qeyd etmək kifayətdir ki, milli valyuta olan manat 1992 - 1995-ci illərdə öz dəyərini 90 faiz itirmişdi. 1992 - 1994-cü illərdə istehlak qiymətləri 3786 dəfə qalxdığı halda, orta əmək haqqı cəmi 130 dəfə, minimum əmək haqqı isə 57 dəfə artmışdı. Bu neqativ proseslərin təsirindən xilas olmağın və dərin böhranı aradan qaldırmağın yolu məhz iqtisadi islahatlardan, Azərbaycanın dünya iqtisadi proseslərinə inteqrasiyasından keçirdi.
Azərbaycan hökuməti iqtisadi reallığı və dövrün tələblərini nəzərə alaraq Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının iştirakı ilə pul-kredit dövriyyəsini, qiymət və vergi siyasətini, xarici-iqtisadi fəaliyyətin liberallaşdırılmasını, dövlətsizləşdirmə və müəssisələrin mərhələlərlə özəlləşdirilməsini əhatə edən konkret iqtisadi siyasət strategiyasını işləyib hazırladı. Dövlətin fiskal siyasəti ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafına, iqtisadi artımın stimullaşdırılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, inflyasiyanın cilovlanmasına yönəldildi. Keçid iqtisadiyyatı şəraitində dövlət vergi siyasətini təkmilləşdirməklə fiskal siyasətin həyata keçirilməsinə güclü baza yaratmış oldu.
İqtisadi islahatların reallaşdırılmasının uğur amillərindən biri təməl prinsipləri özündə əks etdirən normativ və qanunvericilik aktlarının qəbulu, mükəmməl hüquqi bazanın yaradılmasıdır. Bu məqsədlə ilk addım olaraq dövlət sifarişi, kvotalaşdırma, lisenziyalaşdırma sistemləri islah olundu, qiymətlər və xarici ticarət fəaliyyəti liberallaşdırıldı, müəssisələrin qazandığı valyutanın icbari satışı tələbi aradan qaldırıldı, gömrük və vergi siyasəti təkmilləşdirildi, sərt maliyyə, pul-kredit siyasəti həyata keçirilməyə başladı.
Sahibkarlığın və özəl sektorun inkişafının sürətləndirilməsi, xammal, sənaye, kənd təsərrüfatı və intellektual potensialın daha geniş istifadəsi, ixracyönümlü və ixrac məhsullarını əvəzləməyə imkan verən sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın infrastrukturunun modernləşdirilməsi, struktur-investisiya siyasətinin təkmilləşdirilməsi, xarici investisiyaların ölkəyə cəlbi, müasir texnologiyaların geniş tətbiqi, istehsalın təşkilinin və idarəçiliyinin yeni formalarından istifadə, ünvanlı sosial yardım, sosial sferanın mühüm sahələrinin (səhiyyə, təhsil, elm, mədəniyyət, idman) inkişafına dövlət dəstəyi, ekoloji siyasət hökumətin fəaliyyətinin prioritet istiqamətləri arasında mühüm yer tuturdu.
Respublikanın inkişaf proqramına, xarici investisiyaların müdafiəsi haqqında qanuna uyğun olaraq, xarici investorların ölkəyə axını üçün əlverişli şərait yaradıldı. Bu qanunla respublika ərazisində müştərək və tam xarici investisiya əsasında təşkil edilən müəssisələrin, firma və nümayəndəliklərin fəaliyyətinə icazə verildi.
1960 - 1980-ci illərdə yaradılmış və ixracyönümlü məhsul buraxılışı üçün ciddi yenidənqurmaya, modernləşdirilməyə ehtiyac duyan baza müəssisələrinin struktur dəyişiklikləri prosesinə yeni texnologiyaların cəlb olunmasının zəruriliyi respublikanın investisiya proqramında məxsusi nəzərə alınmış və kimya, neft-kimya, neft emalı, əlvan və qara metallurgiya sənayesi, maşınqayırma kompleksi qarşılıqlı faydalı əməkdaşlıq üçün prioritet sahələr elan olunmuşdu. Eyni zamanda, dünya bazarında böyük tələbat olan mis, sink, qurğuşun, kobalt istehsalı üçün iri dağ-mədən komplekslərinin yaradılması imkanları da xarici investorlar üçün cəlbedici fəaliyyət sferası idi. 1990-cı illərin ortalarında iqtisadi islahatların gedişində ortaya çıxan vəzifələrin həlli məqsədilə 25 milyard dollar məbləğində xarici investisiya cəlbini nəzərdə tutan sahə investisiya proqramları işlənib hazırlandı.
Azərbaycanda iqtisadi islahatların institusional problemlərinə, iqtisadiyyatın idarəçiliyinin təşkilati strukturlarının təkmilləşdirilməsinə, dövlətin iqtisadiyyatı tənzimləmə siyasətinin forma və metodlarının, mütərəqqi tənzimləmə siyasətinin aparılmasına ulu öndər Heydər Əliyev tərəfindən böyük diqqət yetirilirdi. "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" 29 dekabr 1998-ci il tarixli fərman imzalamaqla Heydər Əliyev idarəetmə sahəsində islahatların konseptual əsaslarını bəyan etdi. "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli, həmçinin "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanlar radikal dəyişikliklərin əsasını qoymaqla bərabər, iqtisadiyyatın buxovlardan azad olunmasına ciddi təkan verdi.
Azərbaycan iqtisadi modelində klassik iqtisadi modellərin mütərəqqi təcrübəsi ilə yanaşı, mahiyyətcə yeni keyfiyyət çalarlarını özündə əks etdirən sistemli paradiqmaya xüsusi diqqət yetirilmiş, iqtisadi və sosial inkişafın sürət asılılığının optimal variantı müəyyənləşdirilmiş, beləliklə də "paralelizm" kimi konseptual baxışın tələblərindən irəli gələn dialektik vəhdət təmin olunmuşdur.
Liberal dəyərlərin liberalizm müstəvisindən bazar münasibətlərinə keçidi, bunun ictimai-iqtisadi həyata fəal tətbiqi, hər şeydən əvvəl, ölkənin azad rəqabətə, sahibkarlıq mühitinə, investisiya yatırımlarına açıqlığını tələb edir. Azərbaycanda siyasi, sosial və iqtisadi sferalar arasında dialektik bağlılığın islahatlar prosesinin bütün mərhələlərində nəzərə alınması, milli mənafelərlə regional və planetar mənafelərin balanslaşdırılması nəticə etibarilə iqtisadi tərəqqi, xalqın rifahının yaxşılaşdırılması və milli təhlükəsizliyin təminatı kimi önəmli vəzifələrin həllinə təkan verdi.
İnstitusional mühitdə baş verən yeni keyfiyyət dəyişiklikləri geosiyasi və geoiqtisadi müstəvidə sabit inkişafa təsir göstərməklə yanaşı, həm də siyasi təkamülün mühüm şərtinə çevrilmiş qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində məqsədyönlü səylərin uğurunu təmin etmiş oldu.
1990-cı illərin ortalarında Azərbaycanın iqtisadi durumunu, texniki-iqtisadi potensialını, maliyyə imkanlarını dərindən təhlil edən Heydər Əliyev xarici sərmayələrin köməyi ilə neft-qaz sənayesini dirçəltmək və əldə olunacaq gəlirləri digər sahələrin, qeyri-neft sektorunun inkişafına yönəltməklə, ölkənin hərtərəfli yüksəlişinə nail olmaq vəzifəsini qarşıya qoydu. "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkənin davamlı inkişaf doktrinasının möhkəm və etibarlı təməli yaradıldı. Bu sahəyə böyük məbləğdə investisiya yatıran xarici tərəfdaşlar yaxşı bilirdilər ki, Xəzərətrafı regionda hər bir ölkədə neft-qaz sahəsində Azərbaycanda olduğu qədər zəngin təcrübə, intellektual potensial və texniki imkanlar yoxdur. 1997-ci ilin oktyabrında əsaslı təmirdən sonra Bakı - Novorossiysk, 1999-cu ilin aprelində Bakı - Supsa kəmərinin və Supsa terminalının istismara verilməsi Azərbaycan neftinin alternativ marşrutlarla beynəlxalq bazara nəqlini təmin etmiş oldu.
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra neft strategiyasının reallaşdırılması istiqamətində Azərbaycanın ikinci böyük qələbəsi Bakı - Tbilisi - Ceyhan kəmərinin inşası oldu. Heydər Əliyev "Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi haqqında" 29 dekabr 1999-cu il tarixli sərəncam imzalamaqla bu kəmərin əleyhdarlarının əsassız mövqelərini alt-üst etdi.
Xəzərin Azərbaycan sektorunda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neft 2005-ci ilin mayında Səngəçal terminalından nəql olunmağa başladı. Şərq - Qərb enerji dəhlizinin mühüm strukturu olan BTC ilə hazırda gündə bir milyon barrel Azərbaycan nefti dünya bazarına çıxarılır və Qərbin enerji təhlükəsizliyinin təminatı işinə əhəmiyyətli töhfə verilir. Dünya ölkələrinin təbii qaza artan tələbatı və yaranmış enerji daşıyıcıları böhranı digər bir beynəlxalq layihəyə - Cənubi Qafqaz qaz boru kəmərinə - Bakı - Tbilisi - Ərzurum xəttinə marağı getdikcə gücləndirir, onun strateji əhəmiyyətini ön plana çıxarır. Qeyd etdiyimiz kimi, Rusiyanın inhisarçılıq və imperiya ambisiyaları da alternativ marşrutların vacibliyi məsələsini gündəmə gətirmişdir.
Azərbaycanın və regionun iqtisadi yüksəlişinə yönəlik beynəlxalq nəqliyyat layihələrindən biri də Avrasiya məkanının şah damarı hesab edilən Bakı - Tbilisi - Qars dəmir yolunun inşasıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu nəqliyyat arteriyasının işğalçı dövlətin ərazisindən yan keçməsi ona ağır iqtisadi zərbə vuracaq, böyük tranzit gəlirindən məhrum edəcək.
Dövlətin funksionallığı cəmiyyətin dəstəyindən və potensialından asılıdır. Ötən minilliyin sonuna ölkə əhalisi dəyişən dəyərlər kompleksinin və iqtisadi, siyasi sistemin çətinliklərini, ağrılarını yaşamağa məhkum olmuşdu. Bu, qaçılmaz bir proses idi və labüd səciyyə daşıyırdı. Odur ki, Azərbaycan dövləti neft strategiyasının reallaşdırılmasından əldə edilən gəlirləri məqsədyönlü şəkildə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, müxtəlif dövlət proqramlarının həyata keçirilməsinə yönəltdi. Bununla da ulu öndərin "Neft digər istehsal sahələrinin inkişafına təkan verməlidir" tezisi gerçəkləşdi. Bir çox dövlətlərdə oliqarxların inhisara aldığı, müharibələrə səbəb olan, ölkəyə fəlakətlər gətirən neft Azərbaycanda nailiyyətin, tərəqqinin rəmzinə çevrildi, milli maraqlara xidmət etdi.
Ulu öndərin neft strategiyası neft gəlirlərinin şəffaf idarə və istifadə olunmasını nəzərdə tutur. 1999-cu ildə yaradılan və neft gəlirlərinin cəmləşdiyi Dövlət Neft Fondu yeni yaradılarkən büdcəsi 271 milyon ABŞ dollarına bərabər idi. 2010-cu ilin yanvar ayına olan məlumata görə fondun vəsaiti 15 milyard ABŞ dollarından çoxdur. 2001 - 2009-cu illərdə ARDNF tərəfindən dövlət büdcəsinə transfert, həmçinin müxtəlif infrastruktur layihələrinin, sosial proqramların maliyyələşdirilməsinə 12 milyard 324 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin 10 milyard 265 milyon manatı dövlət büdcəsinə transfert edilmiş, 2 milyard 59 milyon manat sosial və infrastruktur layihələrinin maliyyələşməsinə, o cümlədən, 613 milyon manat qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılmasına, onlar üçün yeni qəsəbələr salınmasına sərf olunmuşdur. Bundan əlavə, Dövlət Neft Fondunun vəsaitlərindən 280 milyon manat Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisinə, 547 milyon manat Oğuz - Qəbələ - Bakı su kəmərinin inşasına, 365 milyon manat Samur - Abşeron suvarma sisteminin yenidən qurulmasına, 48 milyon manat Bakı - Tbilisi - Qars yeni dəmir yolu layihəsinə, 90 milyon manat Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına, 87,6 milyon manat Azəri - Çıraq - Günəşli yataqlarının birgə işlənməsi layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.
2010-cu il yanvarın 1-nə olan məlumata görə, Neft Fondunun aktivləri 2009-cu il yanvarın 1-nə nisbətən 32,8 faiz artaraq 14 milyard 900 milyon ABŞ dollarına bərabər olmuşdur. Fondun şəffaf fəaliyyətinin nəticəsi olaraq 2007-ci ildə ARDNF "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülmüşdür. Yeri gəlmişkən, qeyd edək ki, Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafatı alan birinci dövlət qurumu ARDNF olmuşdur. Bu fakt Dövlət Neft Fondunun böyük uğurlarının və şəffaf fəaliyyətinə verilən yüksək qiymətin parlaq göstəricisidir.
Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası ideyanın praktikaya əməli transformasiyası üzərində qurulduğundan burada güclü dövlət və insan amili mühüm yer tutur. Bu konsepsiyada səmərəli fəaliyyət sferasındakı azad insan ictimai tərəqqinin başlıca hərəkətverici qüvvəsi kimi çıxış edir. Keçid dövrünün bütün proqnozlaşdırılan və ekstremal problemlərini, ziddiyyətlərini aradan qaldırmağa qabil olan fundamental inkişaf tezislərini özündə ehtiva edən Heydər Əliyev siyasəti bitkin bir sistem kimi formalaşmışdır.
Ötən əsrin sonlarında Azərbaycanda milli gəlirin üçdə bir hissəsi aqrar sahədə formalaşdığından ulu öndərin iqtisadi strategiyasında bu sahənin yenidən qurulması, reallıqlar nəzərə alınmaqla dünya ölkələrinin aqrar təcrübəsinin öyrənilməsi, aqrar-sənaye komplekslərinin yaradılması məsələləri də geniş yer almışdır. "Aqrar islahatın əsasları haqqında", "Torpaq islahatı haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", eləcə də kənddə orta və kiçik sahibkarlığın, fermer təsərrüfatlarının, fəaliyyətini tənzimləyən normativ sənədlərin və müxtəlif qanunların qəbulu, kənd təsərrüfatı məhsulları istehsalçılarının müəyyən müddətə torpaq vergisindən başqa, bütün vergilərdən azad olunması aqrar sektorda sosial-iqtisadi tənəzzülün dayandırılması, dinamik makroiqtisadi inkişafın stimullaşdırılması istiqamətində təsirli addımlar oldu.
Azərbaycanda sosial-iqtisadi inkişafın lokomotivi funksiyasını neft sektoru yerinə yetirsə də aqrar sahə də ölkənin inkişaf dinamikasına yetərli töhfələr vermişdir. Ulu öndərin müəllifi olduğu radikal torpaq islahatlarından sonra kənd təsərrüfatında fermer təsərrüfatlarının, özəl sahibkarlığın inkişafında böyük canlanma müşahidə olundu. Ölkədə idxalın strukturunda ərzaq məhsullarının payı 1997-ci ildə 23 faiz, 2002-ci ildə 14 faiz təşkil edirdisə, bu rəqəm 2006-cı ildə artıq 10 faizə, 2009-cu ildə 8,5 faizə bərabər olmuşdur.
2003-cü ildən sonra ölkədə islahatların yeni mərhələsini əks etdirən möhtəşəm proqramların həyata keçirilməsi, inkişafın əhatəli və müasir konsepsiyasının irəli sürülməsi, bütün resursların səfərbər olunması, modernləşmə və yeni texnologiyanın tətbiqi məsələlərinin ön plana keçirilməsi yeni dövrün çağırışlarına adekvat reaksiyanın parlaq təzahürü idi.
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və çoxsaylı layihələrin icrası müasir cəmiyyətin inkişafının mahiyyətini müəyyənləşdirən sosial-siyasi dəyişikliklər üçün əlverişli zəmin yaradılmasına, yaşayış standartlarının yüksəldilməsinə xidmət edir.
Regionların sosial-iqtisadi inkişafına dair proqramın uğurla reallaşdırılması nəticəsində yüz minlərlə iş yeri açıldı, yeni istehsal müəssisələri yaradıldı, ən başlıcası, regionların tarazlı inkişafı təmin olundu. İqtisadi rayonları hərtərəfli inkişaf etdirmək, regional inteqrasiya proseslərini təkmilləşdirmək məqsədilə daha bir mükəmməl layihə - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul olundu. Beləliklə, regional inteqrasiya proseslərinin gücləndirilməsi, dövlətin və cəmiyyətin modernləşdirilməsi, müasir istehsal komplekslərinin yaradılması, iqtisadi səmərəliliyin artırılması, siyasi və iqtisadi həyatın inteqratoru olan yeni baxış və texnologiyalara üstünlük verilməsi Azərbaycanın inkişafının əsas amillərinə çevrildi.
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi hesab edilən ümumi daxili məhsul istehsalı 2009-cu ildə əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 34,6 milyard manata çatmışdır. Son 5 ildə əlavə dəyər istehsalı 2,6 dəfə, yaxud hər il 20,8 faiz artmışdır.
İqtisadiyyatın qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin ümumi daxili məhsulda xüsusi çəkisi ötən illə müqayisədə 7,5 faiz artaraq 45,4 faiz təşkil etmişdir. 2009-cu ildə digər bir mühüm göstərici ümumi daxili məhsulun adambaşına düşən həcmi 7,9 faiz artaraq 3917 manat və ya 4874 ABŞ dollarına bərabər olmuşdur.
Son illərdə əldə edilən uğurlar ölkəmizin müstəqil siyasət yeritmək imkanlarını genişləndirməklə yanaşı, demokratik vətəndaş cəmiyyətinin qurulması istiqamətində səmərəli dövlətçilik fəaliyyətinin davam etdirilməsinə əlverişli zəmin yaratmış, yeni strateji oriyentirlərin hədəfə alınmasını labüdləşdirmiş, Azərbaycanın Avropa ailəsinə inteqrasiya prosesini sürətləndirmişdir. Avropa İttifaqının "Avropada qonşuluq siyasəti" proqramının fəal iştirakçısı olan ölkəmiz, heç şübhəsiz ki, yaxın gələcəkdə bu nüfuzlu qurumun tamhüquqlu üzvü olacaqdır.
Azərbaycanın dünya birliyində mövqeyinin, cəmiyyətdə siyasi qüvvələrin nisbətinin dəyişdiyi bir vaxtda reallıq Azərbaycan sosiumu üçün demokratik inkişafın prioritetlərini əhatəli surətdə konseptuallaşdırmağı və müəyyənləşdirməyi tələb edir.
Prezident İlham Əliyev Avropa siyasi, iqtisadi məkanına tam inteqrasiyanı öz ölkəsinin və bütövlükdə regionun qarşısına mühüm bir vəzifə olaraq qoyur: "Avropa Birliyinin Cənubi Qafqaz ölkələrini də əhatə edən yeni qonşuluq siyasəti vacib olmaqla yanaşı, həm də çox mühüm bir addımdır. Düşünürük ki, bu siyasətin praktik bəhrəsi tezliklə özünü göstərəcək, müstəqil ölkə kimi Azərbaycan Avropa strukturlarına daha çox inteqrasiya edəcəkdir. Bu, bizim xarici siyasətimizin elementlərindən biridir. Azərbaycanın Avropa strukturlarına nə dərəcədə inteqrasiya etməsi ölkənin inkişafının göstəricisidir".
Azərbaycanın son illərdə keçdiyi yol, qazandığı uğurlar, siyasi varisliyin təmin olunması, güclü, müstəqil, demokratik, modern, dünyəvi dövlət amalının gerçəkləşdirilməsi üçün etibarlı zəmindir.{nl}
Həsən HƏSƏNOV, "Xalq qəzeti"nin baş redaktoru
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.