Azərbaycanda neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və iqtisadiyyatın diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı sürətləndirib və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib.
Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülən işlərin nəticəsidir ki, son illərdə ÜDM-in artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı durmadan artır.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı bildirib ki, dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda ölkəmiz öz yolu ilə gedir, öz siyasətini aparır, heç kimin sözü ilə oturub-durmur. Ona görə də bu gün Azərbaycanda inkişaf və sabitlik var.
Azərbaycan Prezidenti, həmçinin xatırladıb ki, maliyyə böhranı ilə bağlı neftin qiymətində kəskin ucuzlaşma baş verib və bunun nəticəsində dövlət investisiyaları azalıb, tikinti sektoruna sərmayə qoyuluşu aşağı düşüb və bu, müəyyən dərəcədə iqtisadi tənəzzülə gətirib çıxarıb. Ancaq sevindirici hal ondan ibarətdir ki, sənaye potensialı 0,2 faiz artıb. Qeyri-neft sektorunda artım 3,6 faiz təşkil edib. Kənd təsərrüfatında isə bu göstərici 2,4 faiz olub. Şübhəsiz ki, bu sahədə vəziyyət yaxın gələcəkdə daha da yaxşılaşacaq. Çünki kənd təsərrüfatı sahəsində aparılan siyasət, həyata keçirilən islahatlar bunu deməyə əsas verir.
Ölkə rəhbəri, eyni zamanda, digər istiqamətlərdə də işlərin plan üzrə getdiyini, “Cənub” qaz dəhlizi layihəsinin uğurla icra edildiyini, Azərbaycanın çox önəmli nəqliyyat mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Respublikada çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqları təmin edilir.
Dövlət başçısı nitqində əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərə də toxunub: “Sosial layihələr icra edilib. İyirmi doqquz məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir”.
Azərbaycan Prezidenti nitqində digər taleyüklü məsələlərdən də bəhs edib. Dövlət başçısı bu ilin sonuna kimi qarşıda duran vəzifələrin, xüsusilə bəzi infrastruktur layihələrin həyata keçirilməsinin zəruriliyini, ixracın artırılması istiqamətində tədbirlərin reallaşdırılmasının mühüm önəm daşıdığını, 2017-ci il dövlət büdcəsinin sosialyönümlü olmasına diqqət yetirilməsini iclas iştirakçılarının nəzərinə çatdırıb.
Ölkə rəhbəri, eyni zamanda, daxili bazarın qorunmasının əhəmiyyətindən danışıb: “Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir”.
Prezident daxili bazarın qorunması üçün əlavə tədbirlər görüləcəyini, bununla bağlı çevik siyasət aparılacağını, məsələlərin operativ şəkildə həll ediləcəyini də diqqətə çatdırıb.
Dövlət başçısı çıxışında müvafiq qurumlara ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın minimuma endirilməsi ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, bildirib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir: “Artıq paytaxtın Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisinə başlanılır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır”.
Dövlət başçısı iclasda bu ilin ötən aylarında bir sıra işlərin aparıldığını və onların artıq müsbət nəticə verdiyini, bu islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb, Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdığını xatırladıb. Gələn ilin dövlət büdcəsinin yenə də sosialyönümlü olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bununla belə investisiya xarakterli layihələrin icrasının da diqqət mərkəzində saxlanmasının zəruriliyini qeyd edib.
Azərbaycan Prezidenti respublikada pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, bildirib ki, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, meliorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.
Prezident İlham Əliyev iclasda bu yaxınlarda ölkəmizdə keçirilən referendumun nəticələrinə də münasibət bildirib. Dövlət başçısı Azərbaycan xalqının referendumun nəticələrini dəstəklədiyini, onun iradəsinin ümumxalq səsverməsinin nəticələrində öz əksini tapdığını vurğulayıb. Qeyd edib ki, müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət veriblər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki, adətən, Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq, hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun müsbət nəticəsidir. Bu, həm də onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər.
Dövlət başçısı vurğulayıb ki, alternativ siyasət fəlakət ola bilər, Azərbaycanı yenə uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər: “Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “Hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz”.
Prezident İlham Əliyev iclasda daha sonra bildirib: “Mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər”.
Dövlət başçısı çıxışında maraqlı bir məqama da toxunub. Qeyd edib ki, bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var: “Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.
“Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər keçiririk”, -deyən dövlət başçısı bildirib ki, bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu yekunlaşıb: “Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak edib. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi”.
Prezident, həmçinin bildirib ki, Azərbaycanda böyük idman yarışları keçirmişik: “500 milyon auditoriyası olan “Formula-1” yarışını keçirmişik. Özü də “Formula-1” qrupunun rəhbərləri də qeyd ediblər ki, ən gözəl yarış Azərbaycanda keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan - 200-ə yaxın ölkədən nümayəndələr gəlmişdi”.
Dövlət başçısı böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini də xüsusilə qeyd edib: “Bu, tarixi bir səfər idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi. Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Bu ilin aprel ayında Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini söyləyən Prezident aprel döyüşlərinin tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb. Aprel döyüşlərindən sonra vasitəçilərin bir qədər fəallaşdıqlarını, may-iyun aylarında görüşlər keçirildiyini bildirən dövlət başçısı deyib: “Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır”.
“Bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil”, - deyən dövlət başçısı bildirib ki, Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Budur, məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir.
“Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa, öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.
Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq”, – deyə Prezident əlavə edib.
Azərbaycan Prezidenti çıxışında, həmçinin Amerikadan səslənən son bəyanata da toxunaraq, “Yumşaq desək, bu, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır”, -deyib. Prezident xatırladıb ki, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir”, - demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik”.
İslasda yuxarıda qeyd edilənlərlə yanaşı, Azərbaycanda qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından, ölkədə həyata keçirilən səhiyyə islahatlarından, son illərdə təhsildə əldə edilən uğurlardan da ətraflı danışılıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.