Bu il vergi sahəsində aparılan islahatların istiqamətlərindən biri də "rəqəmsal iqtisadiyyat"ın, o cümlədən "e-ticarət"in vergiyə cəlb olunmasıdır. Əvvəlcə "rəqəmsal iqtisadiyyat" anlayışına aydınlıq gətirmək üçün Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədovun fikirlərinə nəzər salaq. Ə. Məmmədovun sözlərinə görə, müasir dövrdə internetin geniş yayılması iqtisadiyyatın yeni inkişaf mərhələsinə başlamasına səbəb olub, informasiya texnologiyaları iqtisadiyyata nüfuz edib.
Artıq iqtisadiyyatın özü də bir elm olaraq dəyişib və yeni anlayışlar meydana gətirib. Texnologiya və informasiya inqilabı nəticəsində son zamanlar yüksək sürətlə inkişaf edən yeni iqtisadi model kiberbiznesin yaradılmasını şərtləndirib. Kiberbiznes informasiya texnologiyasının tətbiqindən yaranan və idarə olunan bütün sahələri əhatə edir. "Rəqəmsal iqtisadiyyat" isə onun bir elementi olmaqla, iqtisadiyyatın informasiya texnologiyalarının köməyi ilə elektronlaşan hissəsidir.
Elektron ticarəti, elektron informasiya mübadiləsini, elektron idman-mərc oyunlarını, kapitalın elektron hərəkətini, elektron pulları, "e-bankinq"i, "e-sığorta"nı və s. özündə birləşdirən "Rəqəmsal iqtisadiyyat"ın ən geniş yayılmış növlərindən biri də elektron ticarətdir. Artıq dünya üzrə istifadəçilərinin sayı 1,5 milyarda çatan elektron ticarət iki yerə - "offline" və "online" bizneslərinə bölünür. Bunlardan "offline" biznesi dünya üzrə daha geniş yayılıb. Təkcə "offline" ilə pərakəndə satılan malların ümumi pərakəndə satışdakı təxmini payı 5,9 faiz müəyyən edilib.
Beynəlxalq təcrübədə bu sahədən vergitutmanın tənzimlənməsi də maraqlı məsələdir. Ə. Məmmədovun bildirdiyinə görə, dünyanın bir çox dövlətləri "e-ticarət" üzərində vergi nəzarətinin gücləndirilməsi üçün yeni xüsusi vergilərin tətbiq olunmasını zəruri hesab etmirlər. Çünki elektron ticarət əməliyyatlarının ümumi ənənəvi metodlarla vergiyə cəlb olunması mümkündür, sadəcə, bu fəaliyyət üzərində nəzarət mexanizmi kimi sertifikatlaşdırma tətbiq olunur. Yəni "e-ticarət"lə məşğul olan hər bir şəxs müvafiq dövlət orqanından xüsusi sertifikat almağa məcburdur.
Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Qərbi Avropanın bir neçə ölkəsinin, o cümlədən, İspaniya Krallığının qabaqcıl təcrübəsini araşdırır və hazırda həmin təcrübələrin tətbiqi mexanizmi üzərində müvafiq işlər aparılır. Bununla bağlı İspaniya Krallığının mütəxəssisləri ilə bir neçə treninq və seminar keçirilib. Məsələn, İspaniya Krallığında xarici internet portalları vasitəsilə oynanılan mərc oyunlarına görə, ölkə rezidentləri tərəfindən həmin portallara ödənilən və geri alınan məbləğlərin fərqindən yaranan xalis gəlirdən 30 faiz həcmində məbləğ vergi kimi ödənilir. Bu mexanizm İspaniya Krallığı ilə internet portalı arasında bağlanılan qarşılıqlı müqavilə ilə tənzimlənir. Təkcə bu ölkədə il ərzində idman-mərc oyunlarından orta hesabla 533 milyon avro gəlir qeydə alınıb.
- Azərbaycanda bu sahənin vergiyə cəlb olunması ilə bağlı hansı işlər görülür və vergi mexanizmi necə müəyyən edilə bilər,- sualına cavabında Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsinin rəisi dedi: - Son dövrlərdə Azərbaycanda da internet şəbəkəsi vasitəsilə həyata keçirilən ticarət sövdələşmələrinin sayı durmadan artmaqdadır və gələcəkdə bu tendensiyanın daha da yüksəlməsi şübhəsizdir. Lakin elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsi həmin əməliyyatların vergiyə cəlb edilməsi məsələlərini çətinləşdirir. Bütün bunlar dövlət büdcəsinin gəlirlərinin itirilməsi ilə nəticələnir. Məhz bu itkilərin aradan qaldırılması məqsədilə Azərbaycan Prezidentinin 4 avqust 2016-cı il tarixli sərəncamında şəffaflığı artırmaq və vergitutma bazasını genişləndirmək üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "rəqəmsal iqtisadiyyat"ın vergiyə cəlb edilməsi ilə bağlı tapşırıqlar verilib. Sərəncamın icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən elektron ticarətin vergiyə cəlb olunması haqqında qanun layihəsi hazırlanır və hazırda aidiyyəti qurumlarla müzakirə olunur. Bununla yanaşı, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsi tərəfindən qabaqlayıcı tədbirlər görülərək araşdırmalar aparılıb, internet portallarının yaradılmasına nəzarət edən müvafiq qurumla birgə virtual məkanda "e-ticarət"lə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi və bu sahədə ümumi vergi nəzarətinin qurulması istiqamətində işlərə başlanılıb.
Ə. Məmmədov daha sonra xatırlatdı ki, ümumi nəzarətin qurulmasının mərhələlərlə həyata keçiriləcəyi nəzərə alınaraq, ilk növbədə Baş İdarə tərəfindən cari ilin 1-ci rübündə 186 internet portalı və ya sosial şəbəkələr vasitəsilə elektron mal alqı-satqısı həyata keçirən istifadəçilər müəyyən edilib. Onlardan 54-nün vergi orqanında qeydiyyatdan keçmədiyi, 47-sinin isə qeydiyyatda durduğu halda dövriyyəsinin olmadığı və ya məhsulların satış qiymətləri ilə müqayisədə minimum olduğu müəyyənləşdirilib. Bununla bağlı vergi orqanında qeydiyyatı olmayan şəxlərin uçota alınması barədə müvafiq bildirişlər göndərilib, qeydiyyatı olan, lakin dövriyyəsi olmayan şəxslərin bank hesablarına müvafiq sorğular verilib və yaranmış kənarlaşmalar barədə vergi ödəyicilərinə məktub ünvanlanıb. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 1-ci rübü ilə müqayisədə 2-ci rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1 faiz, hesablamalarda 53,8 faiz, daxilolmada isə 69,1 faiz artım müşahidə olunub.
Hazırda elektron ticarətlə məşğul olan internet portallarının birbaşa hansı vergi ödəyicisinə aid olduğunun dəqiqləşdirilməsi, vergi qeydiyyatı olmayanların uçota alınması, nağd və ya nağdsız ödəniş qaydasında fəaliyyət göstərilməsinin, bank hesablarının, portallarda yerləşdirilən reklam və ya elanların, onların sifarişçisinin və ya tərtibatçısının müəyyənləşdirilməsi, nağd və bank hesabları üzrə əməliyyatların əldə olunması və ümumilikdə bütün gəlirləri ilə bəyannamə göstəricilərinin müqayisəli araşdırılması istiqamətində işlər aparılır.
Vergilər Nazirliyində aparılan islahatların mühüm istiqamətlərindən biri də vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə "Könüllü vergi açıqlaması" sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanmasıdır. Bu sistemin əsas üstünlüyü ilə bağlı müsahibim dedi: - "Könüllü vergi açıqlaması"nın üstünlüyü vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsidir. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququ verir. Həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcəkdir. Bütün bunlar vergi ödəyicilərinin vergi risklərinin minimuma endirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və könüllü vergi ödənişlərinin artırılması məqsədi daşıyır.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.