İnvestisiyaya “açıq qapı” siyasəti

İnvestisiya qoyulan ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrin reallaşmasında nümunə göstərən Azərbaycanda ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar, 2016-cı ilin 6 ayı ərzində isə 6,3 milyard dollar  investisiya qoyulub. Cari ilin dövlət büdcəsində isə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 milyard manat proqnozlaşdırılıb ki, bunun da 57,8 faizi daxili, 42,2 faizi isə xarici investisiyaların payına düşür.

Bu ilin ötən ayları ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7959,7 milyon manat vəsait yönəldilib. Bunun 6460,4 milyon manatı məhsul istehsalı obyektlərinin, 1175,9 milyon manatı xidmət sahələri üzrə müəssisələrin tikilməsinə sərf edilib. Ümumi investisiyanın 27,7 faizi dövlət, 72,3 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilən vəsaitlərin 70,9 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 38,1 faizini təşkil edib.

Hesabat dövründə əsas kapitala yönəldilən sərmayədən müəssisə və təşkilatların vəsaitləri 5840,3 manat, bank kreditləri 752,8 manat, büdcə vəsaitləri 1006,2 manat, büdcədənkənar fondların vəsaitləri 79,2 milyon manat, sair vəsaitlər isə 21,2 milyon manat olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 68,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,8 faizini əsaslı təmir, 3,9 faizini cari təmir, 15,8 faizini isə s.tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Cari ilin yanvar-iyul aylarında Bakıda iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni – bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları, Gəncədə "Nizami" elektrik yarımstansiyası, Tovuzda Tovuzçay su anbarı, 2478 şagirdlik 11 ümumtəhsil məktəb binası, 1032 yerlik 11 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlər tikilərək istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında investisiya qoyuluşunun ölkə üçün əhəmiyyətini qeyd edərək deyib: "Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramlarımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir".

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki ölkəmizdə əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb. Xarici investisiya üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilib. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühiti yaxşılaşdırılıb.

İndiyə qədər Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırıb. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə ölkə iqtisadiyyatının inkişafında kapital qoyuluşunun əhəmiyyətini xüsusi olaraq qeyd edib.

Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və xarici siyasətdə açıq, çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli münasibətlərin güclənməsinə müsbət təsir göstərir. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Elə bunun nəticəsidir ki, son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Ölkəmizdəki münbit investisiya mühiti həmişə xarici sahibkarları özünə cəlb edib. Məhz elə bunun nəticəsidir ki, cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4923,1 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 4328,5 milyon manatı Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Maliyyə Nazirliyinin saytında dərc olunan "Vətəndaşın büdcə bələdçisi" kitabında  bildirilir ki, bu il Azərbaycan iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb. Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyaların payı isə 65,2 faiz həddində gözlənilir.

Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcək. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.

Hazırda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.

Sonda ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin bir müddət bundan əvvəl  imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanuna qısaca nəzər salaq. Sənədin ən mühüm müddəalarından biri investisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlardan vergitutmanın müəyyən edilməsi ilə bağlıdır. Dövlət başçısı Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununa uyğunlaşdırılmasının təmin edilməsi barədə müvafiq tapşırıqlar verib. Qanuna əsasən, investisıya təşviqi sənədi – investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir. Vergi Məcəlləsinin 67-2 maddəsinə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlardan vergitutmanın mexanizmləri müəyyənləşib.

İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, eləcə də stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Bu sənədin verilməsində əsas məqsəd "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, investisiyaların təşviqi ilə bağlı mexanizmin gücləndirilməsidir.

Hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Vaqif BAYRAMOV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında