Ölkə iqtisadiyyatının şaxələndirilməsi əsaslı yüksəlişə zəmin yaradır

Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. İndi ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz 17 ildən artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan Respublikası özünün müstəqil iqtisadi siyasəti sayəsində artıq dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmişdir.
Özünün zəngin karbohidrogen ehtiyatlarından səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası dünya bazarına çıxardığı neft və qazdan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatın şaxələndirməsinə nail olmuşdur. İndi ölkə iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksək inkişaf tendensiyası müşahidə olunmasın. Bütün bunlarla yanaşı, ölkəmizdə son illər bir sıra məqsədyönlü iqtisadi islahatların həyata keçirilməsinə xüsusi diqqət göstərilmişdir ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaratmışdır. Təkcə onu demək kifayətdir ki, son yeddi il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4 dəfə azalmışdır. Ötən müddətdə ölkəmizin büdcə gəlirləri 12 dəfə, hərbi xərclər isə təqribən 20 dəfə artmışdır. Prezident İlham Əliyevin yeddi il əvvəl ölkədə yeni iş yerlərinin yaradılacağı ilə bağlı verdiyi vədlər də artıq öz praktik həllini tapmışdır. Belə ki, ötən müddətdə Azərbaycanda 900 minə qədər yeni iş yeri açılmışdır ki, bu da ölkədə məşğulluq strategiyasının uğurla reallaşmasına dəlalət edir. Son yeddi il ərzində Azərbaycanın valyuta ehtiyatlarının 18 dəfəyədək artması isə öz növbəsində ölkəmizin iqtisadi cəhətdən xeyli güclənməsinə səbəb olmuşdur. Ölkənin maliyyə imkanlarının xeyli dərəcədə genişlənməsi nəzərdə tutulmuş bütün sosial proqramların reallaşdırılmasına, nəhəng investisiya layihələrinin uğurla həyata keçirilməsinə imkan yaratmışdır.
Artıq Azərbaycanda iqtisadiyyatın dayanıqlığı tam təmin edilmiş, regionların sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Yeri gəlmişkən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin sənaye potensialından daha səmərəli istifadəsinə, emal sahələrinin inkişafına səbəb olmuşdur ki, bu da hazırda ölkəmizdə həyata keçirilməkdə olan sənayeləşmə siyasətinin uğurla reallaşdırılmasına mühüm töhfələr verir. Elə hazırda dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də məhz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdan ibarətdir. Bununla yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunun digər sahələrinin də inkişafına xüsusi diqqət və qayğı göstərilir ki, bunun da müsbət nəticələri getdikcə daha çox hiss olunur. Artıq Azərbaycanın qeyri-neft sektorunda yüksək inkişaf tendensiyası nəzərə çarpır.
Azərbaycan bazar iqtisadiyyatına keçid mərhələsini arxada qoymuşdur. Artıq ölkəmiz bazar iqtisadiyyatı şəraitində yaşayır. Təsadüfi deyil ki, indi ölkə iqtisadiyyatının 85 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Bu da onun nəticəsidir ki, Azərbaycanda azad sahibkarlığa, təşəbbüskarlığa geniş dövlət dəstəyi mövcuddur. Hazırda ölkəmizdə Dövlət İnvestisiya Proqramı uğurla icra olunur. Məlum olduğu kimi, son illər ölkədə mühüm infrastruktur obyektləri tikilir, yeni-yeni istehsal və xidmət sahələri yaradılır. Son illər ərzində iqtisadiyyatın inkişafına yönəldilmiş investisiyaların böyük hissəsini daxili investisiyalar təşkil edir. Bu da Azərbaycanın büdcə imkanlarının, eləcə də yerli iş adamlarının maliyyə vəsaitlərinin getdikcə artmasından irəli gəlir. Məhz bunun nəticəsində də son illər ölkənin tələbatını ödəmək üçün investisiya şəklində yönəldilən vəsait hesabına həm sənaye istehsalının artırılması, həm də xidmət sferasının xeyli genişləndirilməsi mümkün olmuşdur.
Bütün bunlarla yanaşı, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sektoru ölkənin ümumi inkişafının prioritet istiqaməti olaraq qalır. Adı çəkilən sahə ölkəmizə böyük uğurlar, yüksək maliyyə resursları gətirməkdə davam edir. Hazırda həmin resurslardan səmərəli istifadə edilməklə həm ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, həm də əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşdırılır.
Dünyada təqribən iki il əvvəl başlanmış maliyyə böhranına baxmayaraq, Azərbaycanda iqtisadi yüksəliş, sosial-iqtisadi tərəqqi öz axarı ilə davam edir. Bunu 2010-cu ilin on aylıq statistikası da təsdiq edir. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdə 32,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. İlin on ayı ərzində istehsal olunmuş ÜDM-in 21,4 milyard manatı məhsul istehsalı, 8,8 milyard manatı xidmət sahələrində yaradılmış, 2,3 milyard manatı isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hesabat dövründə ölkənin qeyri-neft sektorunda əlavə dəyər istehsalı 5,4 faiz, neft sektorunda isə 2,4 faiz artmışdır. Qeyd etdiyimiz kimi, son illər ölkə iqtisadiyyatında yüksək sənayeləşmə tendensiyası müşahidə olunur. Sənayenin neft sektoru ilə yanaşı, qeyri-neft sahələrində də məhsul buraxılışının həcmi getdikcə artır. Bu özünü ölkənin cari ilin on aylıq sosial-iqtisadi inkişafının yekunlarında da aydın göstərir. Belə ki, yanvar-oktyabr aylarında ölkə üzrə 22,5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
2009-cu ilin doqquz ayı ilə müqayisədə cari ildə orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,5 faiz artmış, əhalinin banklardakı əmanətləri 34,4 faiz çoxalmışdır. Azərbaycan Prezidentinin sərəncamları ilə 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği isə 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Prezident təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələblərinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir.
Bütövlükdə isə, cari ilin on ayının bütün makroiqtisadi göstəriciləri uğurlu olmuşdur ki, bu da ölkədə davam edən dinamik sosial-iqtisadi inkişafın, əsaslı iqtisadi yüksəlişin məntiqi nəticəsidir. Son ayların statistik göstəriciləri sübut edir ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı davamlı və qarşısıalınmaz bir prosesə çevrilmişdir.
Yaxın illərdə isə ölkəmizi daha yüksək inkişaf perspektivləri gözləyir. Çünki Azərbaycanın getdikcə artmaqda olan valyuta ehtiyatları, büdcə imkanlarının ilbəil genişlənməsi ölkənin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev ötən ayın 29-da dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında bu məsələyə toxunaraq demişdir: "...Əldə edilmiş uğurlar və xüsusilə iqtisadi və maliyyə böhranından şərəflə çıxdığımız bizi arxayınlaşdırmamalıdır. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq. Beş ildən, on ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin uzunmüddətli inkişafını təmin etsin. Biz bu məsələlər üzərində çalışırıq".
Göründüyü kimi, Azərbaycanın son illər yürütdüyü müstəqil iqtisadi siyasəti onu dünyada və regionda yüksək nüfuz sahibinə çevirmişdir. Artıq özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan Respublikası hazırda bir sıra dünya ölkələrinə də bu sahədə mühüm töhfələr verir. Ötən illər həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində "İnkişafın Azərbaycan modeli"nə nail olmuş ölkəmiz yüksək tərəqqi yolu ilə inamla irəliləyir, sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni uğurlara imza atır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında