...Redaksiyadan tapşırıq alanda ki, pambıqçılığın inkişafı haqqında maraq kəsb edən bir yazı hazırlayım, yadıma tələbəlik dövründə müəllimlərdən birinin dediyi sözlər düşdü. Həmin müəllim cəlbedici xəbər yazmağın sirlərindən danışarkən demişdi ki, məsələn, köynək istehsalı barədə xəbərə belə bir başlıq qoymaq olar: “Fabrikdə neftdən köynək hazırlanır”. Dərhal oxucunu maraq götürəcək ki, bu, necə ola bilər? Əslində, doğrudan da, belədir. Axı, köynəyə işlənən parçanın tərkibində neylon var və düymələri plastikdəndir. Neylon və plastik isə neftdən hazırlanır.
Mən də indi pambıq barədə bu qeydlərimi hazırlayarkən fikirləşdim ki, əvvəlində belə yazım: pambıq olsa, barıt da olar. İlk baxışda təəccüblü görünəcək, amma həqiqət budur ki, müdafiə sənayesində barıt istehsalında pambıqdan istifadə olunur. Torpaqlarımızın beşdə-birinin erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı indiki vaxtda bu, məncə, yerinə düşür.
Pambıqçılığın bərpasını zəruri edən digər amillər də az önəm daşımır. Xatırladaq ki, toxuculuq sənayesində lifin yarısı pambıqdan alınır. Lif isə çeşidli parçaların toxunmasında işlədilən iplik üçün əsas xammaldır. Səhiyyə sistemində elə sahə yoxdur ki, orada pambıq işlədilməsin. Hələ bu harasıdır? Pambıq lifi avtomobil təkəri, tor və kəmər istehsalında istifadə edilir. Bu məhsulun çiyidindən isə yağ çəkirlər və s. Bütün bunlar ölkəmizdə pambıqçılığın dirçəldilməsini zəruri edir.
Bildiyimiz kimi, bu il sentyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Sabirabad şəhərində çoxillik strateji məhsul olan pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Dövlətimizin başçısı nitqində bu sahənin əvvəlki şöhrətini qaytarmağın vacibliyini əsaslandırıb: “Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi… Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək. İndi dövlət kənd təsərrüfatının inkişafına həm daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək”.
Ulu öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanda bir milyon ton pambıq tədarük edilirdi. Təxminən 300 min hektarda bu mühüm strateji məhsul əkilirdi. Sonra zaman dəyişdi və müxtəlif səbəblərdən bu sahə də diqqətsiz qaldı. Yalnız ötən ildən sahə dirçəldilməyə başlayıb, 18 min hektarda pambıq əkilib və 35 min ton məhsul yığılıb. Bu il isə həmin rəqəmlər üç dəfəyədək artıqdır: 52 min hektarda əkin aparılıb və 100 min ton məhsul tədarükü gözlənilir. Pambığın alış qiyməti 20 faiz qalxıb. Bu da son hədd deyil. 2017-ci ildə əkin sahələri daha da artacaq, tarlalardan daha çox məhsul götürmək hədəflənir.
Dünyanın tropik və subtropik regionlarında bitən pambığın 35 növü var. Azərbaycanda əkilib becərilən pambıq Misir və Amerika, həmçinin Mazandaran və İrəvan sortlarına aiddir. Pambıqçılığın tarixi də çox qədimlərə gedib çıxır. Bizim “ağ qızıl” adlandırdığımız bu məhsul Zaqafqaziyada eramızdan əvvəl VII-IV əsrlərdən becərilir. Mingəçevirdə arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılıb. Bu tarixdən təxminən min il sonra Şamaxıdan Rusiyaya pambıq mallar aparılması ilə bağlı faktlar var. XVIII əsrdə Azərbaycandan Rusiyaya pambıq ixracı genişlənib və s. Göründüyü kimi, pambıqçılıq bizə qətiyyən yad sahə deyil. Əgər belədirsə, bu xeyirli sahənin tənəzzülü ilə nə üçün barışmalıyıq? Ölkə rəhbərliyi də elə məsələyə məhz bu aspektdən yanaşır.
Respublikamızda bu ilin pambıq əkini statistikasına görə, 6 min 40 hektar sahədə pambıq əkilmiş Biləsuvar rayonu Saatlı və Sabirabaddan sonra üçüncüdür. Həmin sahələrdən 14 min tona yaxın məhsul gözlənilir ki, bu da hektara 22-24 sentner edir.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin qənaətinə görə, pambıqçılıq özündə bir çox önəmli amili – torpaq fondundan səmərəli istifadəni, kənd təsərrüfatının tərəqqisini, yüz minlərlə iş yerinin yaradılmasını, həmçinin ixrac potensialının inkişafını birləşdirir.
Sabirabaddakı məlum müşavirədə çıxış etmiş Mahir Quliyev deyib ki, möhtərəm cənab Prezidentin qeyri-neft sektorunun inkişafı istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq görülən işlər ölkəmizin hər yerində olduğu kimi, Biləsuvarda da öz bəhrəsini verməkdədir. “Biləsuvar həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olub, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınıb. Ötən əsrin 70-80-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə rayonumuzda pambıq istehsalı ən yüksək səviyyəyə çatmış, bu sahə Biləsuvara və biləsuvarlılara firavanlıq, şöhrət gətirmişdi. Pambıqçılığın inkişafını daim diqqətdə saxlayan ulu öndər dörd dəfə Biləsuvar rayonunda olmuş və pambıq tarlalarında əmək adamları ilə görüşmüşdü. O illərdə Biləsuvarda 14 min hektar sahədə pambıq əkilir, hər il 35-40 min ton pambıq istehsal edilirdi. İstehsal olunan pambığın rayonun ümumi məhsulunda həcmi 20 faiz təşkil edirdi və 15 min nəfərə yaxın sakinin məşğulluğu təmin olunmuşdu”.
M.Quliyev vurğulayıb ki, aqrar sahənin, xüsusən də pambıqçılığın inkişafı ilə əlaqədar qəbul edilən qərarlar Biləsuvarda bu sahəyə marağı daha da artırıb. Torpaqlardan daha da səmərəli istifadə etmək üçün 5435 hektar qış otlaq sahəsi istifadəçilərdən geri alınıb. Görülmüş təşkilati işlər nəticəsində qısa müddət ərzində kənd icra nümayəndələri, bələdiyyələr, fermerlər, fiziki şəxslər pambıq şirkətləri ilə əlaqələr yaradaraq müqavilələr bağlayıblar. Bunun nəticəsidir ki, yaz aylarında havaların əlverişsiz keçməsinə baxmayaraq, əvvəlki illə müqayisədə iki dəfə çox pambıq əkilib. Sahələr sututarlarda yerləşdiyi üçün suvarma suyu ilə təminatda, bitkilərə aqrotexniki qulluq edilməsində elə bir problem olmayıb.
Onu da deyək ki, bu ilin əvvəlindən Biləsuvar rayonunun rəhbərliyi həmin məsələ ilə əlaqədar bir neçə toplantı keçirərək, imkanları araşdırmışdı. Müəyyən çətinliklərin çözülməsi üçün tədbirlər də görülmüşdü.
Sabirabaddakı müşavirədən üç gün sonra isə Biləsuvarın kənd təsərrüfatı işçiləri, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri, pambıq qəbulu və emalı məntəqələrinin əməkdaşları, sahibkarlar olmaqla 220 nəfər yenidən bir araya gəlib. Dövlət rəhbərinin müşavirədəki proqram xarakterli nitqindən irəli gələn vəzifələr müzakirə edilib. İcra hakimiyyətinin başçısı Mahir Quliyev vurğulayıb ki, bu sahə biləsuvarlılara firavanlıq və şöhrət gətirmişdir. Ulu öndər o vaxt dəfələrlə Biləsuvara gələrək əmək adamları ilə pambıq tarlalarında görüşmüşdür. Hazırda cənab İlham Əliyev pambıqçılığın inkişafına diqqəti artırıb. Pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlətin fermerləri dəstəkləməsi, iş adamlarının və emal müəssisələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı onlara köməklik göstərilməsi pambıqçılığa marağı daha da gücləndirib.
Rayon rəhbəri sonra bildirib ki, bu il toplanacaq məhsulun vaxtında və itkisiz yığılması üçün pambıq qəbulu məntəqələrinə və emal zavodlarına daşınması zamanı səmərəliliyin artırılması, ciddi təhlükəsizlik, xüsusən də yanğından mühafizə tədbirlərinin görülməsi, tədarük və emal dövründə emal zavodları və qəbul məntəqələrində fasiləsiz elektrik enerjisi ilə təchizat təmin edilməli, tədarükçü şirkətlər fermerlərlə hesablaşmaları ləngitmədən və dəqiq aparmalıdırlar. Gələn il əkiləcək pambıq sahələrinin hazırlanması üzrə görüləcək işlər də diqqətə çatdırılıb, tapşırıq və göstərişlər verilib.
Qədim Biləsuvarın - bərəkətli Şəhriyar düzünün övladları nikbindirlər: pambıqçılığın inkişafı aktuallaşır. Hazırda rayonda məhsul yığımına başlanıb. Əsas vəzifə pambığın vaxtında və itkisiz yığımını təmin etməkdir. Pambıqçılığın inkişafı ilə bağlı respublika səviyyəsində uzunmüddətli strategiyanın hazırlandığı cari mərhələdə biləsuvarlıların perspektiv üçün də nikbin proqnozları var.
Rayonun pambıq tarlalarında 12 min nəfərdən çox sakin işləyir. Bu il istehsal ediləcək pambıq rayonun ümumi məhsul istehsalında təqribən 3,4 faiz, kənd təsərrüfatında isə 6,7 faiz təşkil edəcək. İcra başçısı bu rəqəmləri belə şərh edib: “Əlbəttə, bu mövcud imkanların qarşısında çox kiçik rəqəmlərdir. Bütün bunlar bir daha göstərir ki, bizim perspektivdə görəcəyimiz işlər hələ də çoxdur”.
Sabirabaddakı müşavirədə iştirak etmiş 81 yaşlı fermer, Təzəkənd sakini Lətif Cəfərov da bu fikirdədir.
Pambıqçılıq ənənələrinin bərpası bizi sevindirir. Bu sahəni dirçəltdiyi üçün Prezidentimiz sağ olsun. Yadınıza gəlirsə, rayonumuzun pambıqçıları vaxtilə çox yüksək nəticələr əldə ediblər. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Qızqayıt Həsənova və Ərəstun Məmmədov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər. Orden və medallarla təltif olunanlarımız da çox idi. O təltiflərdən mənim də varımdır. Amma unudulmaz böyük şəxsiyyətin 1974-cü ildə öz əlləri ilə mükafat olaraq mənə “QAZ-24” markalı avtomaşının açarlarını təqdim etməsini daim iftixarla xatırlayıram... Kolxoz təsərrüfatı dağılandan sonra da həmişə pambıq əkmişəm. Dörd oğlumla birlikdə çalışıram. Digər sahələrdə - taxılçılıqda, heyvandarlıqda da uğurlarımız var. Qoy, ardıcıllarımızın sayı daha da artsın.
İxtisasca orta təhsilli aqronom olan Lətif kişi pambıqyığan maşını da az işlətməyib. Ahıl yaşında sahədə kətmən vurmaqda cavanlardan geri qalmayıb. O deyir ki, pambıq digər əkinlər üçün gərəkli bünövrə rolu oynayır. Torpağı saflaşdırır, bitkiləri xəstəliklərdən hifz edir. Pambığın qiymətinin artırılması hər kəsin ürəyincədir. Qocaman fermer keçən il 20 hektar sahənin hər hektarından 50 sentner məhsul götürüb. Bu il pambıq əkinini daha 6 hektar artırıb. Texnika sarıdan da çətinliyi yoxdur. Bir neçə kənd təsərrüfatı maşını var . Kombayn, gübrə, su sarıdan korluq çəkmədiyini bildirir. Çünki rayon rəhbərliyi, əlaqədar təşkilatlar müraciətini nəzərə alıb köməklik göstərirlər.
...Təxminən bir həftə öncə pambıqçıları sevindirən daha bir xəbər bütün ölkəyə yayıldı. Sentyabrın 22-də Prezident İlham Əliyevin Azərbaycanda pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalaması onların hədsiz razılığına səbəb oldu. Həmin sərəncamda göstərilir ki, pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilsin. Bu subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir. Bu da ölkədə pambıqçılığa dövlət dəstəyi ilə bağlı daha bir konkret addım! Biləsuvarda söhbət etdiyimiz fermerlər hər yüz kiloqram xam pambıq üçün əlavə 10 manat, hər ton pambıq üçünsə 100 manat subsidiya alacaqlarından məmnunluq hisslərini dilə gətirdilər. Əlavə stimuldur, -dedilər.
Biləsuvar rayonunda növbəti ildə daha çox - 10 min 500 hektar pambıq əkiləcək. Bunun 150 hektarı bələdiyyə, 1717 hektarı dövlət, 8633 hektarı isə vətəndaşların pay torpaqlarıdır. Bu da imkan verəcək ki, 20 mindən çox sakin işlə təmin edilsin. Eyni zamanda, 10 min hektaradək qış otlaq sahəsinin təyinatını dəyişmək və suvarma suyu ilə təmin etməklə, əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Bu gün istifadəsiz qalan həmin ərazilərdə vaxtılə pambıq əkini üçün lazımi infrastrukturlar mövcud olub və min tonlarla pambıq istehsal edilib.
Artıq payız gəlib. Sahələrdən pambıq yığılır. Əlverişli hava şəraitindən maksimum istifadə edilməlidir ki, yağışlı günlərdə pambıq itkiyə getməsini, keyfiyyəti aşağı düşməsin. Buna görə də zəhmət adamları məhsulu yığmaq üçün sübh tezdən axşamadək sahələrdə olurlar. Biləsuvarlılar mövcud təcrübə və yeni texnologiyalardan istifadə etməklə, rayonun pambıqçılıq sahəsində əvvəlki şöhrətini qaytarmaq əzmindədirlər.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.