Son illərdə Azərbaycan iqtisadiyyatının inkişafı birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Doğrudur, Azərbaycan müstəqillik qazandıqdan sonrakı ilk illərdə böyük siyasi, iqtisadi və hərbi böhranla qarşılaşmışdı, ölkəni bürümüş xaos və anarxiyanın necə başa çatacağı ağır sual olaraq qalırdı. Amma təcrübəli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişdi. İstər iqtisadiyyatın inkişafı, istərsə də ölkədə yeni formalaşmaqda olan sahibkarlar sinfinin yaranması istiqamətində ilk uğurlu və səriştəli addımlar məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra atıldı. Məhz 1993-cü ilin iyulundan sonra Azərbaycanda nəinki iqtisadi tənəzzüldən çıxış yolları tapıldı, həm də aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində makroiqtisadi sabitliyə nail olundu, sahibkarlar sinfinin formalaşması üçün hüquqi baza işlənib hazırlandı, yenicə yaradılmaqda olan özəl sektor dövlətin hərtərəfli dəstəyinə söykəndi.
2003-cü ildə ümummilli liderin siyasi varisi kimi hakimiyyətə gələn Prezident İlham Əliyev onun siyasi kursunu və iqtisadi islahatlarını uğurla davam etdirdi. Son nəticədə Azərbaycan iqtisadi iflasın bir addımlığından qayıdaraq güclü iqtisadiyyata və maliyyə imkanlarına malik bir ölkəyə çevrildi. Eyni zamanda, özünün enerji, ərzaq təhlükəsizliyini təmin etdi, bununla yanaşı, qonşu ölkələrin, xüsusən Gürcüstanın enerji təhlükəsizliyinə öz töhfələrini bəxş etdi, Avropaya enerji daşıyıcıları ixracında mühüm rol oynamağa başladı.
Hazırda sahibkarlığın inkişafı üçün yüksək qayğı və diqqət göstərilməsi, iqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Son illərdə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorundan gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə artması aparılan siyasətin müsbət nəticələrə gətirib çıxardığını təsdiq edir. Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında mütəmadi olaraq ətraflı məlumat verir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik”.
Məhz dövlət başçısının ciddi qayğısı və nəzarəti sayəsində Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə sistemli və ardıcıl addımlar atılmaqdadır. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən son aylar ərzində qəbul edilmiş qərarlar, imzalanmış fərman və sərəncamlar prosesin dönməz olduğunu göstərir. Prezidentin 21 aprel 2016-cı ildə Sahibkarlar Gününün təsis edilməsi ilə bağlı imzaladığı sərəncam da məhz bu məqsədə xidmət edir. Sərəncama əsasən, aprelin 25-i Sahibkarlar Günü elan edilib. Bu da, əlbəttə ki, təsadüfi deyil. 2002-ci ilin həmin günündə - aprelin 25-də ulu öndər Heydər Əliyev Azərbaycan sahibkarları ilə geniş bir görüş keçirib və bununla da ölkədə sahibkarlığın inkişafında yeni bir dövrün başlanğıcı qoyulub.
Bu il də həmin gün ölkəmizdə böyük bir tədbirlə qeyd edildi. Bununla bağlı Bakıda İqtisadiyyat Nazirliyi və Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə geniş konfrans keçirildi. Tədbirdə dövlət idarələrinin, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının təmsilçiləri, eyni zamanda, iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışan 300-dən çox sahibkar iştirak etdi. Bu da dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.
Məhz Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli addımlarının nəticəsidir ki, hazırda Azərbaycan regionun lider dövlətinə, siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib, sahibkarlar isə iqtisadiyyatımızın aparıcı qüvvəsi kimi öz yerini möhkəmləndirmişdir. Dövlət tərəfindən göstərilən daimi səmərəli dəstək, sahikarlıq subyeklərinə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, güzəştli kreditlərin və subsidiyaların ayrılması, yeni sənaye parkları və məhəllərinin yaradılması ilə bağlı islahatlar, ayrı-ayrı ölkələrin iqtisadi və biznes strukturları ilə birgə müxtəlif biznes-forumların və beynəlxalq əhəmiyyət daşıyan sərgilərin keçirilməsi son nəticədə özəl sektorun böyük irəliləyişə çatmasına şərait yaradıb. Dövlət başçısının Nazirlər Kabinetinin son iclasında qeyd etdiyi kimi, ölkənin ümudaxili məhsulunda özəl sektorun payı 80 faizə qədər yüksəlib. Bu, sadəcə bir rəqəm deyil, sahibkarlıq və biznes üçün yaradılmış real şəraitin parlaq və canlı nəticəsidir.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dövlətin bundan sonra da sahibkarlığın inkişafına öz dəstəyini verəcəyini bəyan edib. Prezident bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verildiyini vurğulayıb və qeyd edib ki, bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. “Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir”, - deyə dövlətimizin başçısı əlavə edib.
“Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar”, - deyən Azərbaycan Prezidenti bu məqsədlə təşviq mexanizminin artıq tətbiq olunduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər.
Dövlət başçımızın rəhbərliyi ilə ölkədə iqtisadi artımın təmin edilməsi istiqamətində aparılan çox səmərəli və çevik addımlar göstərir ki, kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yaxın zamanlarda daha da böyük nəticələr əldə olunacağını bildirib: “Bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın”.
Prezident İlham Əliyev qeyd edib ki, biz əvvəlki dövrlərdə təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdik. “Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi. Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik”.
Kənd təsərrüfatı sahəsində çalışan bir sahibkar kimi, mən də dövlət başçısının bütün fikirləri ilə razıyam. Heç bir şübhə yoxdur ki, Azərbaycanda kənd təsərrüfatı istehsalını artırmaq, eyni zamanda, onu xarici ölkələrə çıxararaq valyuta qazanmaq imkanları kifayət qədər genişdir. Bütün sahibkarlar buna can atır. Dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstək verir. 1982-ci ildə məhz ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü, səyi və misilsiz qayğısı ilə fəaliyyətə başlayan, 34 il ərzində bunu həmişə xoş duyğularla xatırlayan “Sabirabad Konserv” ASC-nin rəhbəri kimi qeyd etmək istəyirəm ki, bu dəstəkdən zaman-zaman biz də yararlanırıq. Bu yaxınlarda əhalinin istehsal etdiyi məhsulu tədarük etmək üçün Sahibkarlığa Kömək Milli Fondu bizə 200 min manat həcmində güzəştli kredit ayırdı. Bu kreditin alınması zamanı heç bir çətinliklə, neqativ halla, süni əngəllə rastlaşmamağımız, yaradılmış şəffaf mühit, əlbəttə, bizi hədsiz dərəcədə sevindirir və dövlət dəstəyinin nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Biz çox yaxşı dərk edirik ki, bütün bunlar ilk növbədə möhtərəm dövlət başçısı İlham Əliyevin şəxsi diqqət və qayğısının təzahürüdür. Qeyd edim ki, bu vəsait mövsimi də olsa yüzlərlə əlavə iş yerlərinin açılmasına şərait yaradacaq və əhalini ruhlandıracaq ki, məhsulu, necə deyərlər, tökülüb qalmasın, ondan səmərəli istifadə etsin.
Cənab Prezident Xaçmazda Yalama Aqroparkının açılışı zamanı bu barədə danışdı: “Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyir gətirsinlər”.
Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı məhsullarının dünyanın digər yerlərində istehsal olunanlardan üstünlüyünü də qürurla qeyd etdi. “Məhsulumuz keyfiyyətlidir, təbiidir. Buna Avropada orqanik məhsul deyirlər. Yəni, heç bir qatqısı, heç bir təhlükəli maddəsi olmayan təbii məhsulumuz var. Bu, bizim böyük sərvətimizdir”. Dövlət başçımız, eyni zamanda, təbii və orqanik olduğu üçün bizim məhsullardan Avropada geniş istifadə olunduğunu da qürur hissi ilə qeyd etdi. Məlum oldu ki, Avropanın şokolad şirkətləri Azərbaycan fındığından gen-bol istifadə edirlər. Ona görə də fındıq istehsalını artırmaq lazımdır.
Bu yaxınlarda möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr olunmuş müşavirənin Sabirabad rayonunda keçirilməsi bizi həm qürurlandırır, həm də məsuliyyət hissimizi artırır. Sabirabadlılara yaxşı tanış olan, gərgin əmək tələb edən pambıqçılığın yenidən dirçəldilməsi ölkəmizin misilsiz tarixi nailiyyətimiz olmaqla yanaşı insanların rifahını da xeyli yaxşılaşdıracaq. Əlbəttə, bu gün hər bir sahənin - istər heyvandarlıq, istər quşçuluq, pambıqçılıq, istərsə də çayçılıq, tərəvəzçilik və digər sahələrin inkişafı üçün lazımi potensial da mövcuddur. Bu məsələlərin həllinə dövlət də öz dəstəyini əsirgəmir. Dövlət başçısının qeyd etdiyi kimi, hər bir rayon, bölgə üçün xüsusi inkişaf proqramı hazırlanır. Sabirabadlı sahibkarlar da üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə hazırdırlar.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv”
ASC-nin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.