Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) qlobal rəqabətqabiliyyətlilik reytinqini açıqlayıb. Azərbaycan reytinqdə ötən illə müqayisədə 1 pillə irəliləyərək 37-ci yeri tutub.
Postsovet ölkələrindən Azərbaycan Rusiya (43), Qazaxıstan (53) və Ukraynanı (85) qabaqlaya bilib. Reytinqə ötən il olduğu kimi, İsveçrə başçılıq edir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Sinqapur və ABŞ tutur.
Qeyd edək ki, reytinq infrastrukturun, əmək bazarının səmərəliliyi, təhsil və səhiyyə sektorlarının keyfiyyəti, makroiqtisadi sabitlik və s. meyarlar əsasında hazırlanır.
Xatırladaq ki, hazırda dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın ümumi sosial - iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında regionların, Bakı, eləcə də paytaxtətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələr mühüm önəm daşıyır. Məhz bunun nəticəsidir ki, son illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi uğurla reallaşdırılıb.
Bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı diqqət mərkəzində saxlanılır. Həyata keçirilən dövlət proqramları regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, meliorasiya layihələri, səhiyyə, təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirləri özündə birləşdirir.
Qeyd edək ki, çoxsaylı infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb. Belə ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılıb: elektrik stansiyaları tikilib, qaz və su kəmərləri çəkilib, yollar salınıb. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər, eyni zamanda, yeni iş yerlərinin açılması, insanların firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü strategiyanın mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl vurğulayaq ki, bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: "Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir".
Azərbaycanın inkişaf strategiyasının əsas xüsusiyyətlərindən biri də ölkənin sosial-əmək potensialından səmərəli istifadə edilməsidir. Çünki mövcud dünya təcrübəsi də sübut edir ki, sürətli tərəqqinin əsas bazis elementlərindən biri əmək potensialından səmərəli istifadənin təşkil olunması, iqtisadi fəaliyyət üçün lazımi şəraitin yaradılması, işçi qüvvə əmsalının yüksək göstərici ilə ifadəsidir. Bu mənada respublikamızda fərdi və ictimai tələblərin ödənilməsi ilə həyata keçirilən çeviklik, mobillik və rasionallıq kimi mühüm prinsipləri özündə ehtiva edən məşğulluq strategiyası əmək resurslarının uğurla reallaşmasında önəmli rol oynayır. Sosial-iqtisadi münasibətlərin məcmusu kimi çıxış edən bu hal ictimai istehsal prosesinin yüksələn xətt üzrə inkişaf etməsinə, əhalinin məşğulluq səviyyəsinin davamlı olaraq artımına gətirib çıxarır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 13 il ərzində Azərbaycanda çoxsaylı yeni iş yerləri yaradılıb, əhalinin məşğulluğunun təmin olunmasına xidmət edən proqramlar və sənədlər qəbul olunub, müxtəlif fərman və sərəncamlar imzalanıb.
Azərbaycanda son illər ərzində təhsilin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyasını özündə daşıyan tədris proqramlarının, çoxsaylı dərsliklərin hazırlanması, ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartların tətbiq olunması ilə bağlı da müsbət nəticələr qazanılıb.
Respublikamızda təhsil sahəsində görülən işlərdən və aparılan islahatlardan danışarkən, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncamının mühüm önəmini vurğulamaq yerinə düşər. Xatırladaq ki, təhsilin inkişafı, müəllim peşəsinin nüfuzunun artırılması adı çəkilən strategiyanın əsas hədəflərindəndir və bununla bağlı qısa zaman ərzində əldə edilən nailiyyətlər qürurvericidir.
Bu gün yüksək nəticə ilə məzun olan məktəblilər üçün hazırlanan xüsusi təqaüd proqramı təhsil sistemində Azərbaycan təcrübəsinin əvəzedilməz nümunəsi hesab edilir. Müəllimlərin ixtisaslarının artırılması, nöqsanların müəyyənləşdirilməsi üçün diaqnostik qiymətləndirmələrin aparılması ölkə tarixində ilk olaraq yüksək qiymətləndirilir. Bu qiymətləndirmə Təhsil Nazirliyində yeni islahatların aparılması ilə yanaşı, müəllimlərin yeni bilik və bacarıqlara yiyələnmələrinə də müsbət təsir göstərir.
Azərbaycanda son 13 il ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artıb. Bu dövrdə böyük əksəriyyəti respublikanın bölgələrində olan 500-dən artıq tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilib, tibb müəssisələri müasir texnika və avadanlıqla təchiz olunub. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Yoluxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə olunub, bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı düşüb.
Göründüyü kimi, Ümumdünya İqtisadi Forumunun infrastrukturun, əmək bazarının səmərəliliyi, təhsil və səhiyyə sektorlarının keyfiyyəti, makroiqtisadi sabitlik və s. meyarlar əsasında hazırladığı qlobal rəqabətqabiliyyətlilik reytinqində Azərbaycanın ötən illə müqayisədə 1 pillə irəliləyərək 37-ci yeri tutması təsadüfi deyil. Bu, eyni zamanda, bir daha təsdiq edir ki, son illərdə Azərbaycanda neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyat uğurla şaxələndirilib, əhalinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması üçün möhkəm zəmin formalaşdırılıb. Dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və regionların inkişafı daha da sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.