Müstəqilliyimizin 25-ci ildönümü ərəfəsində paytaxta gələn Qusar rayonundan olan ağsaqqal və ziyallılar dahi öndərə ehtiramlarını ifadə etdilər
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası respublikamızın bütün regionlarını əhatə edib. Həmin proqramlar regionların inkişafını dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilən bu strategiyanın düzgünlüyü ötən müddətdə öz bariz təsdiqini tapıb: Azərbaycanın şəhər və kəndlərinin siması köklü surətdə dəyişib, əhalinin paytaxta axını səngiyib, hətta əks proses başlayıb. Artıq rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb.
İndi elə bir şəhər və rayon tapmaq mümkün deyil ki, orada yenidənqurma, tikinti-abadlıq işləri aparılmasın. Ürəkaçan inkişaf, müasirlik, insanların yaşaması və işləməsi üçün yaradılan gözəl şərait bütün bölgələrimiz üçün günün reallığına çevrilib.
Bu gün Qusar turistlərin ən çox axın etdiyi bölgələrdən biridir. Az vaxt içərisində burada yüksək standartlar səviyyəsində istirahət-turizm infrastrukturu yaradılıb. Açılışlarında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi hotellər, yollar, inzibati binalar bunun bariz ifadəsidir.
İnkişaf edən təkcə bölgələr deyil. Hər birimizin sevdiyi və qürurlandığı, bizə gəncliyimizi xatırladan bir şəhər – ölkəmizin döyünən ürəyi, günü-gündən gözəlləşən paytaxtımız – Bakı da var. Neçə illərdir Bakı beynəlxalq miqyaslı siyasi, iqtisadi, mədəni tədbirlərə, idman yarışlarına ev sahibliyi edir.
Son illər yaranan yeni ənənələr – "Ölkəmizi tanıyaq", "Bölgələrdən paytaxta", "Yay məktəbləri" kimi layihələr məktəblilərə, gənclərə və yaşlı təbəqənin nümayəndələrinə respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də paytaxtda aparılan nəhəng abadlıq- quruculuq tədbirlərinin nəticələrini müşahidə etmək imkanı yaradıb.
Bu ilin aprelində "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Bakıda-Gənc Tamaşaçılar Teatrında Qusar rayonunun təqdimatı keçirildi. Bu günlərdə isə ölkənin, rayonun ictimai-siyasi, mədəni, iqtisadi həyatında fəallığı ilə seçilən bir qrup rayon ziyalısı, xüsusən rayon veteranlar və ağsaqqallar şuralarının üzvləri müstəqilliyimizin 25 illiyi ərəfəsində Bakıya səfər etmək, burada ulu öndər Heydər Əliyevin adı ilə, müstəqillik tariximizlə bağlı məkanlara baş çəkmək təşəbbüsü qaldırdı. Rayon rəhbərliyi onların bu arzusunu gerçəkləşdirmək üçün səfərin təşkilinə kömək göstərdi.
Əmək, müharibə, silahlı qüvvələr veteranlarından, iqtisadiyyat qabaqcıllarından, alim və ziyalılardan ibarət böyük bir qrup paytaxtla tanışlığa Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başladı. Səfər iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarı önünə təzətər gül qoymaqla onun xatirəsini ehtiramla andılar.
Sonra ulu öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları ziyarət olunaraq üzərlərinə gül dəstələri qoyuldu.
Daha sonra Şəhidlər xiyabanına gələn Qusar ictimaiyyətinin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad edib məzarlarının üzərinə çiçəklər düzdülər.
Bakıda yaşayan ziyalılar şəhərin ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara burada görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar verdilər.
Həmin gün Heydər Əliyev Mərkəzinə ekskursiya da təşkil olundu. Öz əsrarəngiz, möhtəşəm dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev Muzeyi ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir.
Veteran və ağsaqqallar Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektlərini virtual formada izləmək imkanından yararlandılar.
Daha sonra qusarlılar Bayraq meydan- kompleksində oldular. Onlar bu möhtəşəm abidədən, buradakı muzeyindən zəngin təəssüratla ayrıldılar.
Səfər o qədər heyranedici alındı ki, qonaqlar 4-5 saat vaxtın necə gəlib-keçdiyini hiss etmədilər. Hamının yadına Bakıda keçirdikləri tələbəlik, gənclik illərini salan ekskursiya iştirakçılarının bir neçəsindən təəssüratlarını bölüşməyi xahiş etdik.
"Tərəqqi" medallı əmək veteranı Mehrəli Məmmədəliyev:
– Bakıya çox vaxt ev, ailə, məişət qayğılarını yoluna qoymaq üçün gəlmişik. Bu dəfə həmyaşıdlarımla qrup halında səfərimiz çox maraqlı alındı. Gördüklərini kiminləsə bölüşmək, paylaşmaq ehtiyacı duyulur. Təbii, Bakıda ilk ziyarət yerimiz Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı oldu. Çünki onun adı, yorulmaz fəaliyyəti Azərbaycanın son yarım əsrdən artıq bir dövrünü əhatə edən tarixi ilə əbədi bağlıdır. Xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində bu illər ərzində müşahidə edilən dirçəliş, inkişaf məhz onun müdrik siyasəti nəticəsində mümkün olmuşdur.
Əməkdar elm xadimi, "Şöhrət" ordenli professor Kamal Abdullayev:
– Bu gün böyük nailiyyətlər qazanırıq. Bunun üçün ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki Azərbaycanı uğura aparan yol Heydər Əliyevin ideyalarıdır, bu ideyalara onun layiqli davamçısı olan Prezident İlham Əliyev cənablarının sadiqliyidir...
Qusar Rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanov:
– Bakı müstəqillik illərində böyük inkişaf yolu keçib. Onun inanılmaz şəkildə dəyişməsini, gözəlləşməsini görəndə heyrətlənməmək mümkün deyil. Bu, bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənən Heydər Əliyev siyasi kursunun nəticəsidir.
Əməkdar mədəniyyət işçisi İmran Rzayev:
– 2016-cı il ölkəmizdə "Multikulturalizm ili"dir. Həmyerlilərimin paytaxta növbəti səfərini Bakıda, eləcə də Qusarda ilboyu keçirilən tədbirlərin davamı kimi də dəyərləndirmək olar.
Texnika elmləri doktoru, professor Əşrəf Balamətov:
–Ədalətli və müdrik rəhbər olan Heydər Əliyev yaxşı başa düşürdü ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi dövlətin formalaşdırılması ən mühüm şərtlərdən biridir. 1995-ci ilin fevralında ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşündə o, ölkəni uçuruma sürükləyən cəbhə hakimiyyəti dövründə azsaylı xalqların heysiyyatına toxunan şüarları qəti rədd edərək bildirdi ki, "Azərbaycan burada yaşayan bütün xalqların və millətlərin vahid Vətənidir".
İndiki şəraitdə Azərbaycan artıq multikultural və tolerantlıq dəyərlərin inkişaf etdiyi bir məkana çevrilib. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birini təşkil edir. Bütün bunlar isə multikulturalizm və tolerantlıq siyasəti sahəsində ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinin əməli nəticəsidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.