Azərbaycan Prezidenti İlham Əliyevin son 13 ildə xarici siyasət məsələlərinə xüsusi diqqət yetirməsi, beynəlxalq aləmdə əks-səda doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan yüksək diplomatik məharətlə istifadə etməsi dövlətçiliyimizin bugünü və gələcəyi baxımından mühüm önəm daşıyır. Dövlətimizin başçısının reallaşdırdığı səmərəli xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış siyasi kursun varisliyi ilə yanaşı, müasir dünyanın geosiyasi həqiqətlərinə maksimum adekvatlığı ilə diqqət çəkir.
Azərbaycan ötən illər ərzində beynəlxalq hüquq prinsiplərindən çıxış edərək qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridib, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya göstərib, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verib. Xarici dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovması, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması cənab İlham Əliyevin xarici siyasətində mühüm prioritetlər olub.
Azərbaycan hazırda nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, dünyada əsas söz sahibi olan ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olub. Son 13 il ərzində xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilib, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilib.
Respublikamızın MDB üzvü olan ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sentyabrın 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti iclasında çıxışında diqqətə çatdırdığı fikirlər də bunun bariz ifadəsidir. Dövlətimizin başçısı nitqində MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar bu təşkilatın təsisçilərindən biri kimi, dövlətimizin mövqeyini ifadə edib. Bildirib ki, Azərbaycan MDB-də üzvlüyə mühüm əhəmiyyət verir və 25 il ərzində bu qurum çox böyük yol keçib, zamanın sınağından uğurla çıxıb.
Prezident İlham Əliyev daha sonra deyib: "Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik.
Humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində Azərbaycanın fəal rolunu qeyd etmək istərdim. Biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq bizim ümumi əməkdaşlığımızın əsasını təşkil edir. Bəlkə də bunsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı. Azərbaycan öz tərəfindən həm bizim təşkilat çərçivəsində, həm də bütövlükdə müxtəlif beynəlxalq tədbirlərlə bağlı təşəbbüslər irəli sürür. Bir neçə gündən sonra Bakıda Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə V Beynəlxalq Humanitar Forum keçiriləcək. Bu forum humanitar əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çox mühüm beynəlxalq məkana çevrilib. Bu məsələlər həmişə, xüsusən indiki vaxtda, bəzən humanitar əməkdaşlıq məsələlərinin müxtəlif ölkələrdə necə interpretasiya edildiyini gördüyümüz bir vaxtda diqqət mərkəzindədir. Biz miqrantlar böhranı adlanan böhranın şahidiyik. Təəssüf ki, xalqlar arasında qarşılıqlı anlaşmanı və humanitar sahədə əməkdaşlığı möhkəmləndirmək əvəzinə, əks istiqamətdə proseslərin baş verdiyini, etnik, dini prinsip və əlamət üzrə ayrı-seçkilik salındığını görürük. Bu, bizi narahat edir. Çünki bizim təşkilat həm də ona görə güclüdür ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə mənsub xalqlar təmsil olunub. Bizi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində ümumi səylər birləşdirir".
Dövlətimizin başçısı Azərbaycanın MDB-yə üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. Bildirib ki, dünyada iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, burada yaxşı perspektivlər yaranır. Bu şəraitdə MDB dövlətləri tərəfindən iqtisadi əməkdaşlığı inkişaf etdirmək meyillərinin qorunub saxlanılacağı gələcək perspektivlər üçün mühüm önəm daşıyır. İndiki şəraitdə isə nəqliyyat sahəsində əməkdaşlıqla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun illərdir ki, bu sahəyə geniş həcmdə investisiya yatırır. Hazırda Azərbaycanın ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri həm də əməkdaşlığın möhkəmlənməsi işinə xidmət göstərir və MDB-yə üzv ölkələrə əlavə iqtisadi dividendlər gətirir. Azərbaycan, həmçinin MDB üzvü olan qonşu dövlətlərlə birgə mühüm layihələr həyata keçirir və bu, şübhəsiz ki, yaxın gələcəkdə müsbət göstəricilərlə müşahidə ediləcək.
Azərbaycan Prezidenti çıxışında diqqətə çatdırıb ki, ölkəmiz limanların, dəmir yollarının tikintisinə, dəniz nəqliyyatı ilə daşımalara, müasir beynəlxalq aeroportların inşasına sərmayə qoyur ki, bu da daimi gəlir mənbəyi olan, həmçinin iqtisadi çərçivədən çıxan sahələrdir. Belə layihələrin gerçəkləşdirilməsi əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. Bu isə son nəticədə təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir.
Dövlətimizin başçısı nitqində digər mühüm bir məqama- beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün MDB-yə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti ilə bağlı məsələyə də toxunub. Xatırladıb ki, müstəqil Azərbaycan Respublikası ikitərəfli əlaqələrdə MDB dövlətləri ilə əməkdaşlığa hər zaman böyük əhəmiyyət verib. Bu əlaqələr yüksələn xətlə inkişaf edərək bərabərhüquqlu strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bundan başqa, respublikamız məsuliyyətli və etibarlı tərəfdaş olduğunu dəfələrlə sübuta yetirib.
Yeri gəlmişkən, MDB dövlətləri də ötən müddətdə Azərbaycanın regional iqtisadi diversifikasiyasının genişləndirilməsi istiqamətindəki səylərini dəstəkləməklə yanaşı, onun beynəlxalq terrorizmə, transmilli cinayətkarlığa və digər qlobal təhdidlərə qarşı mübarizədə fəal əməkdaşlığını da yüksək qiymətləndirib.
Azərbaycan xarici siyasət fəaliyyətini beynəlxalq hüquq normalarına riayət olunması, bir-birinin daxili işlərinə qarışmamaq, dövlətlər və xalqlar arasında qarşılıqlı faydalı əlaqələri genişləndirmək kimi prinsiplər üzərində qurur və təbii olaraq, öz tərəfdaşlarından da bu qaydalara hörmətlə yanaşmağı tələb edir. Respublikamız qlobal proseslərə fəal təsir etmək imkanına malik olan MDB dövlətləri ilə də bərabərhüquqlu əlaqələrin genişləndirilməsində və möhkəmləndirilməsində, onların yeni səviyyəyə qaldırılmasında həmişə maraqlı olub. Azərbaycan dövlətlərarası əməkdaşlıqda səmimi və aydın münasibətlərin, beynəlxalq hüquqda əksini tapan siyasi-mənəvi hədlərin gözlənilməsinin, əlaqələrə ciddi zərbə vuran qərəz, böhtan və şayiələrin yolverilməzliyinin tərəfdarı kimi daim çıxış edib.
Azərbaycanın müstəqil daxili və xarici siyasətinin mənbəyi dövlətin və xalqın mənafeyidir. Bu maraqlar isə dövrün çağırışlarını, beynəlxalq münasibətlər sistemində yaranmış vəziyyəti nəzərə almaqla çoxvektorlu xarici siyasət xəttinin yürüdülməsini gündəmə gətirir. Rəsmi Bakı hər hansı bir üçüncü tərəfin geosiyasi və geoiqtisadi məqsədlərinə, təsir və ya təzyiq cəhdlərinə baxmayaraq, tərəfdaşları ilə sağlam, konstruktiv və səmərəli əlaqələrin qurulmasında, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycan Prezidenti çıxışında yuxarıda qeyd edilən amilləri əsas götürərək deyib: "Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyillərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir".
Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. MDB məkanında nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır.
Prezident İlham Əliyev beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət bəsləyir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.
MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında diqqətçəkən məqamlardan biri də Ermənistan prezidenti Serj Sarkisyanın bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış etməsi olub. Serj Sarkisyan bu hadisələr zamanı guya Azərbaycanın atəşkəs rejimini pozduğunu deyib. Prezident İlham Əliyev isə Ermənistanın dövlət başçısına tutarlı və sərt cavab verib: "Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, – bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, – sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.
Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir...".
Dövlətimizin rəhbərinini söylədiyi həqiqətlərin qarşısında heç bir cavab verə, tutarlı arqument deyə bilməyən Serj Sarkisyanın yalnız "Yalana cavab verməyin mənası yoxdur" atmacası ilə düşdüyü pis vəziyyətdən çıxmaq istəməsinə də Prezident İlham Əliyev imkan verməyib, "Mən yalana artıq cavab verdim" kimi sərrast cavabla Ermənistan prezidentini susdurub.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.