Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik təkliflərinin ümumxalq səsverməsinə çıxarılması ilə ölkəmizdə daha bir mühüm tarixi hadisə yaşanacaq. Şübhəsiz ki, Əsas Qanunun 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması ilə idarəçilik sisteminin təkmilləşməsinə, demokratik cəmiyyətin daha yüksək səviyyədə inkişaf etməsinə əsaslı zəmin yaranacaq. Eyni zamanda, bu dəyişiklik və əlavələrlə ölkəmizin inkişafında yeni bir dövr başlanacaq. Bununla bağlı hüquq üzrə elmlər doktoru Qulam Behbudov söhbət zamanı dedi:
- Əminliklə bildirirəm ki, respublikamızda konstitusion dəyişikliklərə yaranan ehtiyac ilk növbədə cəmiyyətin ən müxtəlif sahələrində özünü qabarıq büruzə verən dinamik inkişafdan irəli gəlir. Başqa sözlə, Konstitusiyaya təklif olunan dəyişikliklər müasir dövrün tələblərinin ortaya çıxardığı sosial sifarişlə bağlıdır. Bu dəyişikliklər Azərbaycanda ədalət prinsiplərinin daha yüksək səviyyədə qorunmasını, dövlət idarəçilik institutlarının fəaliyyətinin təkmilləşdirilməsini, gücləndirilməsini, sosial siyasət konsepsiyasının ədalətli formada icrasını özündə ehtiva edir.
Təklif olunan dəyişikliklərin əksəriyyəti insan hüquq və azadlıqları ilə bağlıdır. Referendum Aktında diqqətçəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, təklif olunan dəyişikliklər dövlət orqanlarının vətəndaşlarla münasibətdə daha həssas olmalarını təmin edəcək.
Azərbaycan Konstitusiyasına indiyədək edilən dəyişikliklər dövlətçiliyimizin möhkəmləndirilməsi, əldə olunan sosial-iqtisadi uğurların miqyasının əhəmiyyətli dərəcədə genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində təsirli addımların atılmasını sürətləndirib. Lakin bundan sonra da ölkənin hərtərəfli davamlı inkişafı istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi və ciddi keyfiyyət göstəricilərinin əldə edilməsi üçün konstitusiya islahatlarının aparılması bir zərurətdir və bu, zamanın tələbindən irəli gəlir.
Fikirlərimi əsaslandırmaq üçün diqqəti təklif edilən dəyişiklik və əlavələrlə bağlı konkret faktlara yönəltmək istərdim. Əvvəla xatırladım ki, dəyişikliklərə əsasən, Konstitusiyanın 85 və 100-cü maddələrində müvafiq olaraq 25 yaş və 35 yaş sözləri ləğv edilərək, seçkidə iştirak etmək hüququ olan şəxslərə həm də seçilmək hüququ verilir. Bu isə təsadüfi deyil. Çünki yaşadığımız cəmiyyətdə gənclər siyasəti dövlət siyasətinin mühüm önəm daşyan tərkib hissəsidir. Ölkə gəncliyi ictimai həyatın bütün sferalarında fəal təmsil olunur. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində hazırda bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Yaş senzinin aradan qaldırılması isə gənclərin qarşısında yeni üfüqlər açır və bu addım gənclərin siyasi fəallığını stimullaşdıracaq. Eyni zamanda, gənclərin seçkili vəzifələrə marağını artıracaq və cəmiyyət həyatında fəal iştirakını təmin edəcək.
Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı bir məqama da diqqət yetirmək istərdim. Referendum aktı layihəsində prezidentlik müddətinin 7 ilə qaldırılması təklif edilir. Xatırladım ki, bu, dünya praktikasında geniş tətbiq olunan idarəçilik formasıdır. Müddətin 7 il olması seçilən şəxsin seçicilərinə vəd etdiyi proqramı tam olaraq həyata keçirməsi üçün yetərlidir. 5 illik səlahiyyət müddətinin 3 ilində ardıcıl olaraq prezident, parlament və bələdiyyələrə seçkilər keçirilir. Sözsüz ki, bu da ölkədə islahatların keçirilməsinə təsirsiz ötüşmür. Ölkəmizdə Prezidentin səlahiyyət müddətinin 7 il olması isə müasir dövrün tələblərinə cavab verən təklifdir, sosial sifarişdir.
Referendum aktı layihəsində Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması təklif olunur. Bu, onunla əlaqədardır ki, Azərbaycanın həm beynəlxalq aləmdə təmsilçiliyinin genişlənməsi, həm də respublikada ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar dövlət aparatının təkmilləşdirilməsinin aktuallığının artması vitse-prezidentlik institutunun yaradılmasını zərurətə çevirib. Birinci vitse-prezident və vitse-prezidentlər ayrı-ayrı sahələrə rəhbərlik etməklə yanaşı, eyni zamanda, Prezidentin tapşırığı əsasında dövlət əhəmiyyətli beynəlxalq sənədlərin imzalanması və digər məsələlərdə də yaxından iştirak edəcəklər. Bir sözə, vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda icra hakimiyyəti və icra intizamının möhkəmləndirilməsinə nail olunacaq, iqtisadi islahatların genişləndirilməsinə və sürətlənməsinə təkan veriləcək.
Yeri gəlmişkən, Konstitusiya layihəsinə əsasən, birinci vitse-prezident və vitse-prezidentləri Prezident vəzifəyə təyin və vəzifədən azad edir. "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir" cümləsi də referendum aktında göstərilib.
Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də Silahlı Qüvvələrlə bağlıdır. Bu, çox mühüm bir məsələdir. Ona görə ki, Azərbaycan müharibə şəraitində yaşayır, necə ildir ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, 20 faizdən artıq torpaqlarımız işğal altındadır. Burada Silahlı Qüvvələrə üstünlüyün verilməsi də təsadüfi detil. Çünki əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olacaq. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiyaya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Lakin həmin silahlı birləşmələr kifayət qədər inkişaf edib, genişlənib. Sərhəd Qoşunları, Daxili Qoşunlar və digər qoşun növləri mövcuddur ki, bunlar Silahlı Qüvvələrə daxil deyillər. Konstitusiyaya təklif olunan dəyişikliklərlə əlaqədar Silahlı Qüvvələrin hamısı Ali Baş Komandanın əmri əsasında fəaliyyət göstərəcək ki, bu da bizim həm ordu quruculuğunda, həm də təhlükəsizlik sistemimizin və Silahlı Qüvvələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edəcək.
Konstitusiyaya edilən əlavə və dəyişikliklər sırasında diqqətçəkən məqamlardan biri də mülkiyyət münasibətləri ilə əlaqədardır. Bu isə onunla bağlıdır ki, Azərbaycanda torpaq özəlləşdirilib, mülkiyyət forması Əsas Qanunumuzda öz ifadəsini tapıb. Lakin bu gün torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müəyyən narahatlıqlar nəzərə çarpır. Hətta iş o yerə çatıb ki, təyinatı üzrə istifadə olunmayan torpaqlara görə vergilər də alınmır. Respublikamızda ərzaq təhlükəsizliyinin prioritet məsələ kimi dəyərləndirildiyi bir vaxtda torpaqların səmərəli istifadə edilməsi olduqca vacib məsələlərdən biridir. Torpaqlar sosial ədalət prinsipi gözlənilməklə təyinatına uyğun istifadə olunmalıdır. Konstitusiyaya təklif olunan dəyişikliklər vətəndaşlara həmin torpaqlardan səmərəli istifadəyə təminat verir, eyni zamanda belə bir prinsipi möhkəmlədir ki, hər bir şəxs hansısa torpaq sahəsindən təyinatına uyğun istifadə etməlidir.
Azərbaycan Konstitusiyasına dəyişiklik təkliflərinin ümumxalq səsverməsinə çıxarılması ölkəmizin daha dinamik inkişafı, sosial-iqtisadi rifahın təminatlı yüksəlişi, insan hüquqlarına hörmət prinsipinin möhkəmlənməsi istiqamətində atılan növbəti addımdır. Prezident İlham Əliyevin təşəbbüslərinin təhlili də göstərir ki, dəyişiklik və əlavələr dövlət idarəçiliyinin çevikliyini əhəmiyyətli dərəcədə artıracaq, ölkə qarşısında duran siyasi, sosial- iqtisadi vəzifələrin uğurlu həllini təmin edəcək.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.