Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkədə əsaslı islahatların aparılması zərurətini prioritet vəzifə kimi qarşıya qoyub. Artıq ötən 13 il ərzində sosial-iqtisadi sahələrdə geniş islahatlar həyata keçirilib və bu, hazırda da uğurla davam etdirilir. Xatırladım ki, bu islahatlar Azərbaycanın həyatında fundamental dəyişikliklərlə, müasirləşmə və modernləşmə ilə müşayiət olunur. Son illərdə ölkə iqtisadiyyatının həcminin dəfələrlə artması, sərmayə yatırımı axınının güclənməsi, iqtisadi inteqrasiya prosesinin dərinləşməsi bunun bariz ifadəsidir. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazın ən güclü iqtisadiyyatına çevrilməsi, ölkəmizin dünya iqtisadiyyatında yerinin və rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi də sevindirici haldır.
Bu gün mövcud iqtisadi yüksəlişin davamlılığının təmin olunması, yeni sosial çağırışların vaxtında dəyərləndirilməsi qaçılmaz zərurətə çevrilib. Prezident İlham Əliyevin dərin iqtisadi islahatlar konsepsiyasını şərtləndirən daxili iqtisadi amillər məhz bununla əlaqədardır. İnamla onu da deyə bilərəm ki, möhtərəm dövlət başçımızın hazırda uğurla reallaşdırılan hərtərəfli və dərin islahatlar strategiyası artıq həlledici mərhələsindədir.
İslahatları şərtləndirən səbəblərdən söhbət açarkən xarici iqtisadi amillər də unudulmamalıdır. Belə ki, Azərbaycanda dinamik iqtisadi inkişafın müşahidə olunduğu indiki vaxtda dünyada müxtəlif istiqamətli proseslər cərəyan edir və bu, bir çox hallarda narahatlıq doğuran dərəcədə nəzərə çarpır. Burada söhbət həm neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, dünyada hökm sürən maliyyə-iqtisadi böhrandan, həm də iqtisadi proseslərin proqnozlaşdırıla bilinməyən mərhələyə daxil olmasından gedir. Hazırda ölkələr arasında iqtisadi uçurumun dərinləşməsinin daha da sürətlənməsi iqtisadi faktor olmaqdan çıxaraq siyasi məna qəbul edib, bütün dünyada sabitliyin və təhlükəsizliyin pozulmasına rəvac verib. Ayrı-ayrı dövlətlərdə baş verən inqilablar, vətəndaş müharibələri və dəhşətli miqyas alan beynəlxalq terrorizm, Avropaya axan böyük insan köçü, humanitar fəlakətlər, habelə kütləvi insan faciələri dünyanın mənzərəsini, demək olar ki, dəyişib. Şübhəsiz ki, bu ağrılı problemlər bütün Azərbaycanın qarşısında da ciddi sosial çağırışlar irəli sürür. Dünya birliyinin bir parçası olan, dünya iqtisadiyyatına inteqrasiya edən respublikamız həmin proseslərin təsirindən heç də sığortalanmayıb. Eyni zamanda, heç kəsə sirr deyil ki, Azərbaycan bəşəriyyəti ciddi narahat edən həmin hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil.
Beləliklə, bu gün həm daxildə islahatların uğurla davam etdirilməsi, ölkəmizin sosial-iqtisadi potensialının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, həm də dünyada yaşanan hadisələrin mənfi təsirindən qorunması Azərbaycanda zərurətə çevrilib. Sentyabrın 26-da respublikamızda keçiriləcək ümumxalq səsverməsi (referendum ) da məhz bu məsələ ilə sıx bağlıdır.
Referendum aktı layihəsində əksini tapan insan hüquqları, milli təhlükəsizlik, idarəetmə və digər dəyişiklikləri, eyni zamanda, həyata keçirilən islahatların davamı kimi xarakterizə edə bilərik. Bu baxımdan diqqəti bir məqama yönəltməyi vacib bilirəm. Referendum aktında ölkə gəncliyinin marağına cavab verən bir məsələ – seçkili orqanlarda iştirakla bağlı yaş senzinin götürülməsi dəyişikliyi gənclər qarşısında yeni imkanlar açır. Bu dəyişikliyi zəruri edən səbəblər yetərincədir. Mən onlardan biri barədə söhbət açmaq istərdim. Referendum aktında passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsini mütərəqqi təklif kimi qiymətləndirirəm. Başqa sözlə, təklif olunan dəyişikliyə əsasən, 18 yaşına çatan hər bir gəncə vətəndaşlıq hüququndan tam istifadə etmək imkanı yaradılması gənclərin seçkili vəzifələrə marağının artırılması, ictimai həyatda daha fəal olmalarının təmin edilməsi deməkdir.
Yeri gəlmişkən, mən bunu Azərbaycan gəncliyinə böyük etimadın göstəricisi kimi dəyərləndirirəm. Bu gün gənclərimiz özlərini kifayət qədər formalaşan, ayrı-ayrı məsuliyyətli vəzifələrə layiq olan insanlar kimi təqdim edirlər. Nə üçün hansısa işdə yaş həddinin məhdudlaşdırılması ilə gənclərimizin öz potensiallarını dolğun şəkildə üzə çıxarmalarının qarşısına əngəllər yaranmalıdır? Axı həm ölkəmizdə, həm də xaricdə on minlərlə intellektual gəncimiz var. Bu dəyişikliklər nəticəsində həmin gənclər sözlərini daha mötəbər tribunadan – Milli Məclisdən demək şansı əldə edəcəklər. Deputatlıq üçün tələb olunacaq yaş senzi Azərbaycan dövlətinin gəncliyimizə verdiyi dəyərin göstəricisidir.
Azər VERDİYEV,
Azərbaycan Slavyan Gəncləri
Assosiasiyası Analitik Təhlil
Mərkəzinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.