Prezident İlham Əliyev: Pambıqçılığa diqqətin artırılması yüz minlərlə iş yerinin yaradılması, ixrac potensialının inkişafı deməkdir

Subsidiyalar və digər stimullaşdırıcı tədbirlər aqrar sahənin inkişafına böyük təkan verəcək

Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahənin inkişafına daim mühüm önəm verir. Məhz elə bunun nəticəsidir ki, bu gün kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin  təməlini qoyub.

Ölkə rəhbərinin  kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar da uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Cari ildə pambıq istehsalının inkişafı da diqqət mərkəzində saxlanılır. Dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrasına başlanılıb. Bu il  50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilib, yetişdiriləcək pambığın vaxtında yığılması və tədarükü məqsədi ilə bütün zəruri tədbirlər görülüb və müvafiq texnikalar sifariş verilib. Bunun da hesabına cari ildə 100 min tondan artıq, ötən illə müqayisədə isə 3 dəfə çox məhsulun istehsalı gözlənilir ki, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcəkdir. Xatırladaq ki, növbəti ildə pambığın əkin sahələrinin 100-120 min hektara çatdırılması və onun 50 min hektara qədər hissəsində müasir pilot suvarma sistemlərinin qurulması pambıq istehsalını ən azı 250 min tona qədər artırmağa şərait yaradacaqdır. Pambıq istehsalının artımı həm qeyri-neft sektorunun inkişafına, həm də ölkəyə əlavə valyuta axınına müsbət təsir göstərəcəkdir.

Mütəxəssislərin sözlərinə görə, 1925-1926-cı illərdə pambığın hər hektardan məhsuldarlığı 6-7 sentner, cəmi məhsul isə 58-60 min ton olub. Vəziyyət sonrakı illərdə də yaxşılığa doğru dəyişməyib. Lakin 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əkinçiliyi və heyvandarlığı, ilk növbədə isə pambıqçılığı inkişaf etdirmək üçün konkret tədbirlər planı işlənib hazırlanıb. 1970-ci ildən başlayaraq pambıq istehsalı və dövlətə satış planları artıqlaması ilə yerinə yetirilməyə başlanıb. 1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu,  412 min ton təşkil edib.   

Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərdi. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdı. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilmişdi. Bir sözlə, o dövrdə Azərbaycanda  illik pambıq istehsalı bir milyon tona çatdırılmışdı. Ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edirdi. 

Həmin dövrdə respublikamızda pambığın 39 sortu  rayonlaşdırılmışdı. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat qiymətli göstəricilərinə,  məhsuldarlığına görə fərqlənirdi və ümumi istehsalın sabit artımına  zəmin yaradırdı. 

Dahi öndər tez-tez pambıq tarlalarında, kənd adamları arasında olurdu və onlara öz dəyərli tövsiyəsini verirdi. O, qabaqcıl pambıqçıların, sürücü-  mexaniklərin əməyini həmişə yüksək qiymətləndirir və onlara ölkənin ali mükafatlarını təqdim edirdi.

Pambıqçılığın dinamik inkişafının elmi əsaslarla nizamlanmasını daim diqqətdə saxlayan ulu öndər bu sahənin inkişafına hər cür qayğı göstərir, pambıçılıq bölgələrində nəticəli fəaliyyət üçün əlverişli mühit yaradırdı. Ümummilli lider alimlərin yaradıcı əməyini də yüksək qiymətləndirir, bütün elmi-tədqiqat institutlarının məhsuldar elmi fəaliyyəti üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını daim nəzarətdə saxlayırdı.

Müstəqillik  illərində isə pambıq istehsalına diqqət zəiflədi, əkin sahələri ildən-ilə azaldı. Əlbəttə, bu, bir tərəfdən  "qara qızıl"ın "ağ qızıl"ı üstələməsi, arxa plana keçirməsi, digər tərəfdən isə məhsulun dünya bazarında qiymətinin sürətlə ucuzlaşması ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 2005-ci ildə Azərbaycanda olan  112 min 500 hektar pambıq əkini sahəsi 10 ildən sonra  nə az, nə çox - 5 dəfə azalaraq 23 min hektara endi.

Sabirabadda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində də bütün  bunlar barədə ətraflı danışılıb. Dövlətimizin başçısı müşavirədə giriş nitqində deyib: "Bugünkü müşavirə ölkəmizdə pambıqçılığın inkişafına həsr olunur. Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir".

Azərbaycan Prezidenti çıxışında həmçinin qeyd edib ki,   1970-1980-ci illərdə pambıqçılığın inkişafına xüsusi qayğı ilə yanaşılıb. Elə bunun nəticəsində də yüksək göstəricilər əldə edilib. Təəssüf ki, sonrakı dövrdə pambıqçılıq tənəzzülə uğrayıb. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri olub. Keçirilən müşavirənin də məqsədi məhz sahənin inkişafı ilə bağlı görülən işləri təhlil etmək, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

Prezident çıxışında aqrar sektorun ayrı-ayrı sahələrində həyata keçirilən tədbirlərdən, ərzaq təhlükəsizliyi məsələlərinin həlli istiqamətində atılan addımlardan, qazanılan uğurlardan ətraflı bəhs edib. Eyni zamanda, hazırda kənd təsərrüfatının bəzi sahələrinin bir qədər diqqətdən kənarda qaldığını da təəssüflə vurğulayıb. Dövlətimizin başçısı bunun səbəbləri ilə bağlı danışarkən deyib: "Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil. Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi. Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki, ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək".

Prezident İlham Əliyev nitqində, eyni zamanda, diqqətə çatdırıb ki,  dünyada neftin qiymətinin düşməsi ilə bağlı Azərbaycanın gəlirləri  də azalıb. Buna görə də valyuta axını təmin edilməlidir. İxracyönümlü məhsulların istehsalına xüsusi diqqət yetirilməlidir. Pambıq da ixracyönümlü məhsul olduğundan bu sahə daim mühüm önəm daşımalıdır.

Dövlətimizin başçısı nitqində narahatlıqla bildirib ki, bu il pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə gəlir. Əgər ulu öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq əskilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, nə deməkdir?! Bu, sahənin məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür. Düzdür, biz bu il bir az gecikmişik. Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Cari il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən az 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, minlərlə adda kənd təsərrüfatı texnikası gətirilib və bəzi texnikalar hələ ki, yoldadır. Gələn ay onlar da gəlib çatacaq və 2017-ci ildə də gətiriləcək.

Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində digər çıxışçılar da sahəyə göstərilən qayğı və diqqətdən danışıblar. Bildiriblər ki,   pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikaların güzəştli şərtlərlə satılması fermerlərin daha çox qazanc əldə etməsinə zəmin yaradıb. "Aqrolizinq" ASC tərəfindən təchizatı nəzərdə tutulan müasir suvarma sistemlərinə güzəşt tətbiq edilməsi  məsələsi isə gündəmdədir.

Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən ulu öndər respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verir, pambığı neftlə müqayisə  edərək "neft qara qızıldırsa, pambıq ağ qızıldır" deyirdi. Bu gün isə Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu aqrar islahatlar, dövlət başçısının müşavirə və konfranslarda kənd təsərrüfatının inkişafı ilə bağlı dəyərli tapşırıq və tövsiyələri ötən əsrin 70-ci illərində olduğu kimi, insanların torpağa münasibətini əhəmiyyətli dərəcədə dəyişib və bu sahəyə marağı artırıb.

Ölkə rəhbərinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı aqrar bölmədə dinamik inkişafın təməlini qoyub. Cənab İlham Əliyevin ölkə üçün kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına göstərdiyi diqqət, pambığın alış qiymətinin artırılması, yanacaq və motor yağlarına görə subsidiyaların pambıq əkininə də 90 manat məbləğində verilməsi bu sahədə dönüş yaradıb.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, pambıq strateji, ölkəyə valyuta gətirən məhsul olmaqla yanaşı, həm də əhalinin həyat səviyyəsinin yüksəlməsinə və insanların işə cəlb edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Məsələn, bu il Saatlıda pambıq istehsalına 6 min nəfərə yaxın işçi cəlb olunub ki, bu da kənd rayonu üçün əhalinin məşğulluğu baxımından böyük rəqəmdir. Onu da qeyd edək ki,  dövlət başçısının tapşırığı ilə pambıq istehsalçılarına mövsümün əvvəlindən  bugünədək lazımi köməklik göstərilib. Onlar pambıq toxumu, müxtəlif texnika, aqreqat və mineral gübrələrlə, suvarma suyu ilə təmin olunublar və aqrotexniki qaydalara əməl edilib.

Prezident İlham Əliyevin yekun nitqində pambıqçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr barədə də ətraflı danışıb: "İlk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin edilməlidir. Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar bu vəzifələri icra etməlidirlər. Artıq burada səsləndi, bu il 100 min tondan çox məhsul gözlənilir. Bu, ən sürətli dinamikadır. Biz pambığın istehsalını 35 min tondan 100 min tona çatdıracağıq. Bir il ərzində biz üç dəfə istehsalı artıracağıq. Nəzərə alsaq ki, biz bu işlərlə bir neçə ay ərzində məşğul olmağa başlamışıq, göstəricilər doğrudan da təsiredicidir. Pambığın qəbul məntəqələrinə və emal zavodlarına daşınması üçün magistral yollarda təhlükəsiz hərəkət təmin edilməlidir. Daxili İşlər Nazirliyi və yerli icra orqanları bu işlərlə ciddi məşğul olmalıdırlar. Yanğından mühafizə tədbirləri görülməlidir. Pambığın tədarükü və emalı dövründə emal zavodları və qəbul məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. Bu, çox vacib məsələdir və "Azərişıq" şirkəti bu məsələni icra etməlidir".

Bütün bunlarla yanaşı, dövlətimizin başçısı müşavirədə pambığın alış qiymətinin bir daha qaldırılması, işin iqtisadi səmərəliliyinin təmin edilməsi, tədarükçü şirkətlərin fermerlərin pulunu ləngitmədən və dəqiq vermələri, tarlalarda işləyənlər üçün yaxşı şərait yaradılması, pambıqçıların əməyinin stimullaşdırılması, texniki təchizatın daha da gücləndirilməsi və digər məsələlərlə bağlı tövsiyələrini də verib.

Xatırladaq ki, pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindən az sonra cənab İlham Əliyev  pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında 22 sentyabr 2016-cı il tarixli sərəncam imzalayıb. Sərəncamda ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılan hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulması qərara alınıb. Yeri gəlmişkən, sənəddə nəzərdə tutulan subsidiyanın 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılan xam pambığa da şamil edilməsi qeyd olunur. Bundan başqa, sərəncamda  Nazirlər Kabinetinə emal müəssisələrinə satılan hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etmək tapşırılır. 

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında