Şriftin ölçüsü:
21.04.2010 07:07 | Oxunma sayı: 588
Milli Məclisin aprelin 20-də keçirilmiş iclasında əvvəlcə cari məsələlərə baxılmışdır. Parlamentin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.
İclasda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunmuş, "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında", "İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Saziş layihələri təsdiqlənmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar və Ailə məcəllələrinə, eləcə də bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilmişdir.
Sonra Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinlənilmişdir.
Hesablama Palatasının sədri Heydər Əsədov məruzə ilə çıxış edərək bildirmişdir ki, Palatanın 2009-cu ildəki fəaliyyəti barədə hesabat "Hesablama Palatası haqqında" Qanunun və Palatanın daxili nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır.
O demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimizin iqtisadi əsasları daha da möhkəmlənmiş, onun inkişaf prioritetləri formalaşdırılmışdır. Hesablama Palatası da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və çevik iqtisadi siyasətin uğurlarına layiqli töhfəsini vermək üçün işini daha da təkmilləşdirmişdir. Dövlətimizin başçısının, Milli Məclisin, onun rəhbərliyinin, komitələrinin tövsiyələrini, müraciət və sorğularını mütəmadi və keyfiyyətlə yerinə yetirərək, cari fəaliyyətini daha səmərəli təşkil etmək və qanunvericiliklə müəyyən olunmuş funksiyaların icrasını mütəşəkkil təmin etmək üçün təşkilati məsələlərin həllinə xüsusi diqqət yetirmişdir.
Hesablama Palatasının 2009-cu ildəki fəaliyyəti müvafiq qanunlara, Palatanın iclaslarında təsdiq olunmuş iş planlarına və digər normativ sənədlərə əsasən həyata keçirilmişdir.
Hesabat dövründə iş planı üzrə 31 auditin və 10 ekspert-analitik tədbirin həyata keçirilməsi təmin edilmiş, Hesablama Palatasının yeni inzibati binasının tikintisinin başa çatdırılması və işçi heyətin yeni binada yerləşdirilməsi ilə əlaqədar 4 audit və 1 ekspert-analitik tədbirin icrası 2010-cu ilə keçirilmiş və cari ilin iş planında nəzərə alınmışdır.
Nəzarət tədbirlərinin həyata keçirilməsi üçün Hesablama Palatasının malik olduğu informasiya resursları onun müxtəlif fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş, yeni tələblərə tam uyğun olmadığından qüvvədə olan bir çox məlumat formaları təkmilləşdirilmişdir. Hesablama Palatasının fəaliyyətini tənzimləmək məqsədi ilə 2009-cu il ərzində Palatanın 25 kollegiya iclası keçirilmiş və həmin iclaslarda funksional vəzifələrin icrası, o cümlədən maliyyə-büdcə nəzarəti tədbirlərinin keçirilməsi ilə bağlı 83 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat ilində Hesablama Palatasına dövlət təşkilatlarından 677, xarici təşkilatlardan 214, müxtəlif yerli təşkilatlardan 279, mətbuat orqanlarından 24, dövlət hakimiyyət orqanlarından 72 və telefonoqram şəklində 3 sənəd daxil olmuşdur. Hesablama Palatası bu müraciətləri, hesabat və məlumatları araşdırmış və müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda, müxtəlif sorğu və məlumatların əldə olunması üçün Palata tərəfindən 987 müraciət məktubları göndərilmişdir. Hesablama Palatası 2009-cu ildə dövlət büdcəsinin gəlir və xərclərinin auditini aparmış və öz rəyini Milli Məclisə təqdim etmişdir.
Aparılmış audit yoxlamaları zamanı aşkar edilmiş və sənədləşmələrin aparılmasında yol verilmiş nöqsanlar aradan qaldırılmış, pul vəsaitinin uçotunda və ödənilməsində çatışmazlıqlar bərpa edilmişdir.
H.Əsədov onu da bildirmişdir ki, aparılan analitik təhlillər zamanı da bir sıra iri vergi ödəyicilərinin fəaliyyətində nailiyyətlərlə yanaşı, qüsurlar da aşkarlanmış və bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr hazırlanmışdır.
Hesablama Palatası beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirmiş, bir sıra beynəlxalq maliyyə qurumları ilə əlaqələr yaratmışdır.
Müzakirələr zamanı deputatlar əvvəlki illərlə müqayisədə Hesablama Palatasının fəaliyyətində müsbət dəyişikliklər yarandığını, hesabatın mükəmməl hazırlandığını vurğulamış, rəy və təkliflərini bildirmişlər.
Hesablama Palatasının sədri bildirmişdir ki, əldə olunan gəlirlərin düzgün xərclənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericilik bazası təkmilləşdiriləcək, yeni qanunlar hazırlanacaqdır. Bu qanunlar ölkədə istər dövlət, istərsə də qeyri-dövlət investisiya xərcləri üzərində nəzarəti gücləndirəcək, şəffaflığı təmin edəcəkdir.
Sonda Milli Məclis Hesablama Palatasının hesabatını nəzərə almışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.