Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də ümumxalq referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizin siyasi, sosial-iqtisadi sahələrində müsbət dəyişikliklər baş verib, köklü islahatlar reallaşdırılıb, milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Lakin burada bir həqiqəti də unutmamalıyıq ki, Azərbaycan inkişaf etdikcə, demokratik əhval-ruhiyyə yüksəldikcə cəmiyyətin ictimai münasibətlər sisteminin özündə müəyyən yeniliklər ortaya çıxır və bunların da qanunlarla tənzimlənməsi, ölkə Konstitusiyasında öz əksini tapması zərurəti yaranır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi də məhz bu zərurətdən irəli gəlir. Həmin gün referendumda Konstitusiyanın 29 maddəsinə 44 dəyişikliyin edilməsinə münasibət bildiriləcək. Yeri gəlmişkən, bu dəyişikliklər respublikamızda Konstitusiya quruluşunun möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, demokratik cəmiyyətin daha yüksək səviyyədə inkişafına xidmət edən dəyişikliklərdir və qloballaşan dünyanın inkişaf meyillərinə uyğun müəyyənləşdirilib.
Konstitusiyaya təklif olunan dəyişikliklərdə idarəetmə sisteminin təkmilləşdirilməsi, hüquq və azadlıqların qorunması, hüquqlardan sui-istifadənin yolverilməzliyi, təhlükəsizliyin təmin olunması və digər məsələlər öz ifadəsini tapıb. Ümumiyyətlə, sadalanan dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsidir. Demokratik inkişaf modelinə malik olan Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərin reallaşdırılması, fikrimcə, qeyd etdiyim səbəbə görə, təqdirəlayiq haldır və bu, islahatlar siyasətinin tərkib hissəsi kimi xarakterizə edilir. Həmin dəyişikliklər Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edəcək, idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaqdır. Bir sözlə, müasir dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin, o cümlədən icra hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsi, ictimai münasibətlərin daha səmərəli tənzimlənməsi kimi məsələlərin həlli ilə bağlı konstitusiya islahatlarının həyata keçirilməsi cəmiyyətin sosial sifarişi olaraq, Azərbaycanda sabitliyin qorunmasına xidmət edir.
Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda gedən iqtisadi prosesləri də, şübhəsiz ki, sürətləndirəcək. Xatırladım ki, son 13 il ərzində respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar fundamental dəyişikliklərlə, davamlı yüksəlişlə, müasirləşmə və modernləşmə ilə müşayiət olunub. Bu dövrdə milli iqtisadiyyatımızın həcmi 3 dəfədən çox artıb, ölkəyə sərmayə yatırımı güclənib, beynəlxalq iqtisadi inteqrasiya prosesi dərinləşib.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daim önəm verib. Məhz elə buna görə də biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşıb, müvafiq qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib. Vahid pəncərə sisteminin tətbiqi öz müsbət nəticələrini verməkdədir. Vergi güzəştləri və iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin daha da gücləndirilməsi nəticəsində ölkəmizdə sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. Sahibkarlara güzəştli kreditlər verilməsi diqqət mərkəzində saxlanılıb. Əlverlişli investisiya mühiti formalaşıb. Respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi imici möhkəmlənib. Azərbaycan iqtisadiyyatı bütünlüklə yeni parametrlər kəsb edərək dünya iqtisadiyyatının ayrılmaz bir parçasına çevrilib.
Təbii ki, iqtisadi inkişafın dinamikası mükəmməl iqtisadi idarəçilik mexanizminin olmasını da şərtləndirir. Bu mənada son illərdə müşahidə etdiyimiz iqtisadi yüksəlişin davamlılığının təmin edilməsi, ortaya çıxan yeni çağırışların, o cümlədən dünyadakı iqtisadi kataklizmlərin vaxtında dəyərləndirilməsi və qabaqlayıcı addımların atılmasını mümkünləşdirən operativliyin təmin edilməsi qaçılmaz zərurətə çevrilib. Digər tərəfdən, Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət bir-birini tamamlayıb və vəhdət təşkil edib. İqtisadi yüksəlişi olmayan cəmiyyətdə isə demokratik meyarların intişar tapması mümkün olmadığı kimi, mükəmməl hüquqi-siyasi prinsiplərin prioritet təşkil etmədiyi dövlətlərdə də əsaslı sosial-iqtisadi nailiyyətlər əldə edilə bilməz. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində nəzərdə tutulan təkliflər də söylənilən reallıqdan irəli gələn zərurətdir.
Konstitusiyaya təklif olunan dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir.
Hazırda dinamik iqtisadi yüksəlişin davamlılığının təmin olunması, yeni çağırışların vaxtında dəyərləndirilməsi və qabaqlayıcı addımların atılması yolunda çevikliyə mühüm önəm verilməsi qaçılmaz zərurətə çevrilib. Prezident İlham Əliyevin dərin iqtisadi islahatlar konsepsiyasını şərtləndirən daxili iqtisadi amillər ilk növbədə bununla əlaqədardır.
Yeri gəlmişkən, referendum aktı layihəsində əksini tapan iqtisadi yönümlü əlavə və dəyişikliklərlə bağlı bəzi mülahizələrimi də bildirmək istərdim. Referendum aktı layihəsində Konstitusiyanın 29-cu maddəsinə yeni hissələr əlavə edilməsi təklif olunur: "V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər".
Xatırladım ki, Konstitusiyanın 29-cu maddəsinin 2009-cu ildə dəyişiklik edilmiş IV maddəsində göstərilir: dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Hazırda isə ölkəmizdə azad sahibkarlığın və xüsusi mülkiyyətin inkişafı üçün münbit şərait yaradılıb. Əsassız yoxlamalar ləğv edilib, vicdanlı rəqabətə şərait yaradılıb. İctimai nəzarət gücləndirilib. Lakin bütün bunlar birtərəfli qaydada olmamalıdır. Əgər 2009-cu ildə edilən konstitusiya dəyişiklikləri nəticəsində Azərbaycan dövlətinin bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratması, azad sahibkarlığa təminat verməsi, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verməməsi təsbit olunurdusa, indi təklif edilən dəyişiklik xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olduğunu təsdiqləyir. Statistik məlumatlara görə, məşğul əhalinin böyük hissəsi özəl bölmədə çalışır. İri vergi ödəyicilərinin əhəmiyyətli hissəsi bu sahənin nümayəndələridir. Deyilənlər özəl sektorda çalışan işçilərin sosial müdafiəsini, onların pensiya təminatını, reabilitasiya məsələlərini, həmçinin bu qurumların sosial proqramlarda iştirakının konstitusiya əsaslarının mövcudluğunu tələb edir. Məhz bu məqsədlə xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olduğu Konstitusiya səviyyəsində öz əksini tapır.
Konstitusiyanın 29-cu maddəsinə edilən dəyişiklikləri doğuran zərurətlə bağlı bir məqamı da xatırlatmaq istərdim. Son illər regionların inkişafını Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının prioriteti kimi müəyyənləşdirən Prezident İlham Əliyev kənd təsərrüfatının dirçəldilməsi üçün müntəzəm tədbirlər həyata keçirir. Təkcə onu qeyd etmək kifayətdir ki, son iki il yarım ərzində dövlət başçısı tərəfindən bu məqsədlə 41 fərman və sərəncam imzalanıb, 3 qanun qəbul edilib və 40 qərar və qayda təsdiqlənib. Bütün bunlar isə öz növbəsində aqrar sektorda iqtisadi fəallığın kəskin yüksəlməsinə, xaricdən və respublikanın müxtəlif şəhərlərindən xeyli sayda əhalinin kənd yerlərinə dönüşünə səbəb olub. Onu da deyim ki, cənab İlham Əliyevin əkinə yararlı torpaqlardan səmərəli istifadə və zəbt olunan torpaqların müəyyənləşdirilib əkin dövriyyəsinə daxil edilməsi ilə bağlı müvafiq qurumların rəhbərlərinə verdiyi tapşırıqlar isə yaxın illərdə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının xeyli artmasına gətirib çıxaracaq.
Azərbaycan Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, məhsuldarlığın artırılması, istifadəsiz torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində bir sıra tapşırıqlar verilib. Hazırda həmin tapşırıqların icrasına xüsusi diqqət yetirilir. Belə ki, ənənəvi sahələrdən olan pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, fermerlərdən pambıq və tütünün alış qiymətləri artırılır. Bundan başqa, pambıq və tütün, eləcə də digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri, təklifləri öyrənilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Beləliklə ixracyönlü məhsul istehsalının inkişafı üçün münbit şərait yaradılır.
Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər, heç şübhəsiz, insan hüquq və azadlıqlarının daha təkmil formada qorunmasına xidmət edəcək və dövlətçilik ənənələrini daha da möhkəmləndirəcək. İrəli sürülən dəyişikliklərin referendum vasitəsi ilə qəbul olunacağına əminəm. Ümid edirəm ki, xalq bu dəfə də dövlət başçısı ilə həmrəyliyini nümayiş etdirəcək və iqtidar-xalq vəhdətini ortaya qoyacaq. Çünki xalqımız hər zaman ölkə başçısının həyata keçirdiyi islahatları dəstəkləyir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanın gələcək inkişafı baxımından önəmlidir və islahatlar zəruridir.
Qüdrət KƏRİMOV,
"Xəzər" ASC-nin sədri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.