Əsas məqsəd daha işlək və mütərəqqi idarəetmə mexanizminin tətbiq olunmasıdır

Vergilər Nazirliyinin Ərazi Vergi Orqanları ilə İş üzrə Baş İdarəsi yeni struktur vahidlərindəndir. Bu qurumun yaradılması ilə bağlı həmin idarənin  rəisi Elçin Bəylərov söhbət zamanı dedi:

- Ölkəmizdə yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması istiqamətində atılan addımların tərkib hissəsi olaraq, vergi sistemində də geniş islahatlar aparılır. Ərazi Vergi Orqanları ilə İş üzrə Baş İdarə vergi nəzarətinin və vergitutma bazasının genişləndirilməsi, vergi daxilolmalarının artırılması, xüsusilə də regionların daim diqqət mərkəzində olması nəzərə alınaraq yaradılıb. Bu qurum ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılmasını, vergilərin tam həcmdə və vaxtında ödənilməsini təmin edəcək.

İdarənin əsas funksiyaları dövlət büdcəsində ərazi vergi orqanları üzrə müəyyən olunmuş proqnoz tapşırıqlarının icrası ilə əlaqədar nazirliyin digər funksional idarələri ilə birlikdə dövlət büdcəsinə vergi yığımını təşkil etmək, nəzarət işlərini həyata keçirmək, eləcə də ərazi vergi orqanlarının yerlərdə digər dövlət qurumları ilə işlərinin düzgün əlaqələndirilməsini təmin etməkdir.

İdarənin qarşısında duran əsas məqsədlərdən biri ərazi vergi orqanlarının kadr potensialından səmərəli istifadə edilməklə daha işlək və mütərəqqi idarəetmə mexanizmlərini tətbiq etməkdir. Vergilər nazirinin əmri ilə ərazi vergi orqanlarının strukturlarında edilmiş dəyişikliklər vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, vergi ödəyicilərinə nəzarətin daha səmərəli həyata keçirilməsi, vergi potensialının genişləndirilməsi, eləcə də vergidənyayınma risklərinin təhlili və könüllü əməletmənin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Dəyişikliklərdən əvvəl ərazi vergi orqanları tərəfindən proqnozun icrası ümumi vergi ödəyiciləri üzrə təşkil edilirdi. Struktur dəyişikliklərinə əsasən, ərazi vergi orqanlarında qeydiyyatda olan vergi ödəyicilərinə sahə təhkimçiliyi prinsipi müəyyənləşdirilib ki, bu da nəzarətin tam təmin edilməsinə imkan yaradır. Bundan başqa, bəyannamələr üzrə kameral vergi yoxlamalarının keyfiyyətinin artırılması məqsədilə bəyannamə şöbələrinin tərkibində iki yeni bölmə yaradılıb.

Regionların inkişafı ilə bağlı qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan verir və bunların nəticəsində regionlardan dövlət büdcəsinə daxilolmaların məbləği nəzərəçarpacaq dərəcədə artır. Dövlət proqramlarının icrasından öncə, məsələn, 2003-cü ildə regionlar üzrə vergi daxilolmaları cəmi 37,7 milyon manat təşkil etdiyi halda, 2015-ci ildə bu rəqəm 16,5 dəfə artaraq 622,1 milyon manata çatıb. Regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının, torpaq vergisi istisna olmaqla, uzun illərdir bütün vergilərdən azad edildiyini nəzərə alsaq, bu, çox ciddi artımdır.

2003-cü ilin göstəricisi ilə müqayisədə regionlar üzrə vergi daxilolmalarının qeyri-neft sektoru üzrə daxilolmalardakı xüsusi çəkisi 3,9 bənd artaraq 12,4 faiz təşkil edir ki, bu da regionlarda sahibkarlığın inkişafının daha bir bariz göstəricisidir.

Xüsusi vurğulamaq istərdim ki, dövlət proqramlarının uğurlu icrasının nəticəsi olaraq, bu gün artıq respublikanın 6 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırır və qarşıya qoyulmuş əsas hədəflərdən biri gələcəkdə bunların sayının artırılmasıdır. İndi respublika üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 61,6 faizi regionların payına düşür.

- 2016-cı ilin 8 ayı ərzində regionlar üzrə proqnoz tapşırıqlarının icrası necə olub?

- Regionların inkişaf tendensiyası cari ilin 8 ayında da davam edib və bu, vergi daxilolmalarında da özünü göstərir. Yanvar-avqust aylarında ərazi vergi orqanları üzrə 364,5 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 381,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoz tapşırığının 16,6 milyon manat artıqlamasilə və ya 104,6 faiz icra olunması deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, proqnoz tapşırıqları yalnız ümumilikdə regionlar üzrə deyil, həm də respublikanın ayrı-ayrılıqda bütün şəhər və rayonları üzrə yerinə yetirilib.

Daxilolmaların strukturuna gəlincə, daxil olmuş vergilərin 61,2 faizi ƏDV, mənfəət və gəlir vergisi hesabına formalaşıb. Sadələşdirilmiş vergi daxilolmaları üzrə proqnoz tapşırıqları 6,2 milyon manat artıq və ya 117,2 faiz icra olunmaqla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizə qədər artıb.

Regionlarda fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən ilin səkkiz ayında 86,7 milyon manat məbləğində vergilərin yerli büdcələrə ödənilməsi təmin edilib.

Əlbəttə, bütün bu göstəricilər həyata keçirilən islahatların, iqtisadi sistemin şəffaflaşmasının, əlverişli biznes mühitinin formalaşmasının, sahibkarlıq subyektlərində cəlbediciliyin artırılmasının nəticəsidir. 2016-cı ilin yanvar-avqust ayları ərzində regionlarda ƏDV qeydiyyatına alınmış vergi ödəyicilərinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım qeydə alınıb.

- Yaranmış yeni iqtisadi şəraitdə ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar barədə nə deyə bilərsiniz?

- 2014-cü ilin sonundan başlayaraq, neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər, təbii ki, dünyanın bir hissəsi olan Azərbaycanın iqtisadiyyatından da yan keçməyib. Bu problemin aradan qaldırılması üçün yeni yaranmış iqtisadi vəziyyətdə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanılıb. İndi sahibkarlığın inkişafı yönündə çox ciddi addımlar atılır. Sahibkarlıqda xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, onların verilməsi prosedurları sadələşdirilib və bu proseslərin "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılıb. Bundan başqa, lisenziyalar müddətsiz verilməklə regionlarda dövlət rüsumlarının ödənilməsinə 50 faizədək güzəştlər tətbiq olunub.

Regionlardakı vergi ödəyicilərinin sadələşdirilmiş vergini Bakıda fəaliyyət göstərən vergi ödəyiciləri kimi 4 faiz deyil, 2 faiz dərəcəsi ilə ödəmələri onların fəaliyyətlərini stimullaşdırmaq məqsədi daşıyır. İlin əvvəlindən ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması üçün Vergi Məcəlləsinə dəyişiklik edilərək, ticarət və ictimai iaşə sahəsində dövriyyəsi 200 min manatdan yuxarı olan sahibkarlara öz seçimləri əsasında sadələşdirilmiş vergi ödəyicisi hüququ verilib.

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Prezidentinin fərmanları ilə Apelyasiya Şuralarının yaradılması sahibkarlığın inkişafına təkan verən mühüm addımlar kimi qiymətləndirilməlidir.

- Vergilər Nazirliyi tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlıq subyektlərinə və ərazi vergi orqanlarının fəaliyyətinə necə təsir göstərib?

- İqtisadiyyatın şaxələndirildiyi və qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi yeni mərhələdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə dövlət başçısının müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Həmin fərmanlarda vergi yoxlamaları istisna hesab edilsə də, Vergilər Nazirliyinin kollegiyasının qərarına əsasən, həmin müddətdən sadələşdirilmiş vergi ödəyicilərində səyyar vergi yoxlamalarının aparılması da dayandırıldı. Bunun nəticəsi olaraq, kiçik və orta sahibkarlıq subyektlərində keçirilən vergi nəzarəti tədbirlərinin sayı regionlarda da minimumlaşdırılıb və ilin ilk səkkiz ayı ərzində həyata keçirilən səyyar vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 6 dəfəyə yaxın azalıb.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında