İqtisadi inkişaf strategiyasında sahibkarlıq mexanizmi

 

{nl}

(əvvəli qəzetimizin 3 dekabr 2010-cu il tarixli sayında)
1994-cü il sentyabrın 20-də Azərbaycanın müstəqillik tarixində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanması ilə Prezident Heydər Əliyevin dərin zəkasının, məhsulu olan neft strategiyasına start verildi. Ölkənin siyasi səhnəsində müəyyən aydınlıq yarandı, atəşkəs əldə olundu, dövlət çevrilişinə yönələn bir çox cəhdlər qansız-qadasız, müdrikcəsinə yatırıldı. Beləcə ölkədə iqtisadi inkişaf üçün çox vacib şərtlərdən biri - siyasi sabitlik təmin olundu.
Belə bir şəraitdə bazar iqtisadi mexanizminin hərəkətə gətirilməsi üçün Prezident Heydər Əliyev vaxt itirmədən, ancaq çox dəqiqliklə işlənmiş bir çox cəsarətli islahatlara start verdi. "Aqrar islahatın əsasları haqqında", "Sovxoz haqqında" və bir çox digər qanunlar qəbul olundu, Məsələn, 1995-ci il fevralın 18-də qəbul edilmiş "Sovxoz və kolxozların islahatı haqqında" Qanun "sovxozların, kolxozların, təsərrüfatlararası və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin istifadəsindəki torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın hər hansı təşkilatı-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına" təminat verirdi. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını qoymağa geniş imkan açırdı.
Bu sıradan ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri torpaq islahatının keçirilməsini sürətləndirən və 1996-cı il iyulun 16-da "Torpaq islahatı haqqında" Qanunun qəbul edilməsidir. Həmin dövrdə tanınmış iqtisadçı alimlər Şərqi Avropa ölkələrində torpaq özəlləşdirilməsinə tələsməməyi məqbul saysalar da, keçmiş SSRİ respublikalarında bunun sürətlə həyata keçirilməsini həyati əhəmiyyətli zərurət kimi irəli sürürdülər. Çünki Şərqi Avropa ölkələrində ərzaqla bağlı heç bir problem yox idi, əksinə, artıq məhsulun ixrac edilməsinə mane olan Qərb proteksionizmi mövcud idi. Bizdə isə, əksər keçmiş sovet respublikaları kimi, kənd təsərrüfatı məhsullarının kəskin qıtlığı hiss olunurdu. Sovetdən qalmış kolxoz və sovxozlar isə məlum səbəblərdən səmərəsiz idi. Bu dövrdə postsosialist və postsovet respublikalarında həyata keçirilən iqtisadi islahatları, bazar iqtisadiyyatına keçidi və özəlləşdirməni çox diqqətlə izləyən və araşdıran Cefri Saks yazırdı: "Əməkqabiliyyətli əhalinin 80 faizindən çoxunun, Çində olduğu kimi, qeyri-hökumət strukturunda çalışdığı bir vaxtda dövlət müəssisələrinin səxavətlə subsidiyalaşdırılması məqbuldur, baxmayaraq ki, bu da tam müdrik qərar deyil. Lakin əməkqabiliyyətli əhalinin cəmi 10 faizinin çalışdığı dövlət sektorunda dövlət müəssisələrinin fasiləsiz subsidiyalaşdırılması olduqca fəlakətli nəticələr verə bilər, necə ki öz şəxsi təcrübəsində M.S.Qorbaçov, sonra isə B.Yeltsin buna məruz qaldılar. Bundan əlavə, Maonun kommuna sisteminin Den Siyaopinin torpaqdan ailəvi istifadə sistemilə əvəz edilməsi yəqin ki, bütün iqtisadiyyat tarixi ərzində ən radikal islahatdır. Cəmisi üç ilə, 1979-cu ildən 1982-ci ilə qədər 600 milyon kəndlini və onların ailə üzvlərini birləşdirən kommunalar ləğv olundu və torpaq sahələri uzunmüddətli fərdi icarəyə verilmək yolu ilə faktiki olaraq özəlləşdirildi".
Prezident Heydər Əliyevin torpaq islahatının real nəticələri göz önündədir. Aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində istehsal olunan kənd təsərrüfatı məhsullarının hər il artan dinamikası müşahidə edilməkdədir. İqtisadiyyat tarixi bir daha göstərdi ki, dövlət mülkiyyətinin sərhədsiz hakimiyyəti üzərində bərqərar olmuş iqtisadi mexanizm təşəbbüs və yaradıcılıq üçün şərait təmin edə bilmədi. Buradan çıxış edərək demək lazımdır ki, sahibkarlığın inkişafının əsas şərti, heç şübhəsiz, şəxsi mülkiyyətdir. Dövlət, ictimai mülkiyyətin bu şəkildə dəqiq göstərilmiş vaxtda və həm də mərhələli şəkildə özəlləşdirilməsini sürətləndirməyi vacib hesab edən ulu öndər Heydər Əliyev, şübhəsiz, çox böyük uzaqgörənliklə bu tədbirin sahibkarlığın hərəkət mexanizminə çevriləcək şəxsi mülkiyyətçiliyi genişləndirəcəyini bilirdi.
Aydın məsələ idi ki, özəlləşdirmə həm də müxtəlif mülkiyyət forması olan müəssisələrin sahibkarlarına və rəhbər menecerlərinə sərbəst fəaliyyət imkanı verər, onlar arasında rəqabəti gücləndirərdi. Axı sahibkarlıq özü müstəqil, öz riski bahasına həyata keçirdiyi, əmlakından istifadə edərək, məhsulunun satışı ilə, qanuni qaydada müəyyən edilmiş qismdə qeydiyyatdan keçən şəxslərə işləmək və ya onlara xidmət göstərməklə müntəzəm gəlir əldə etməyə yönələn fəaliyyətdir. Azərbaycan vətəndaşlarının bu hüququnun, məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında təsbit olunması da sahibkarlıq fəaliyyətinin genişlənməsinə böyük təkan verdi.
Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə uyğun olaraq hər bir vətəndaşın öz qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ var. Eyni zamanda, Azərbaycanın Əsas Qanunu monopoliyaya və qərəzli rəqabətə yönələn sahibkarlıq fəaliyyətinə də yol vermir. Məhz Konstitusiyada bu maddələrin öz əksini tapması artıq sahibkarlıq fəaliyyətinin hüquqi bazası üçün təməl prinsipinə çevrildi. Bu ali sənəddən sonra qəbul olunan bütün qanunvericilik aktlarında, respublika hökumətinin çıxardığı normativ aktlarda sahibkarlığın fəaliyyət dairəsi və bu fəaliyyətlə məşğul olan vətəndaşların mənafeləri ciddi şəkildə nəzərə alındı.
Buradan da görünür ki, müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasını bütün incəliklərinə qədər düşünən və onun dəqiq bir mexanizm olaraq səmərəli fəaliyyət göstərməsinə çalışan ulu öndər Heydər Əliyev sahibkarlıq fəaliyyəti hüququnu təmin edən əsas şərtlərdən birini haqlı olaraq hüquqi şəraitin və mühitin təmin olunmasında görürdü. Sahibkarlığın təminatı və tam reallaşdırılması yalnız beynəlxalq, respublika və bələdiyyə haqqında qanunvericilik aktlarında təsbit olunmuş ümumi və xüsusi yuridik təminatların bütün məcmunun dəqiq sistemləşdirilməsi şərtilə mümkün idi. Ona görə prezidentliyinin sonrakı illərində də Heydər Əliyev sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazasının dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsi qayğısına qalmışdır.
Etiraf etmək lazımdır ki, dövlət başçısının sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı üçün həyata keçirdiyi tədbirlər xarici iş adamlarının da Azərbaycana biznes maraqlarının sürətlə artmasına və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırmalarına səbəb oldu. Yaradılmış əlverişli biznes mühiti zaman-zaman daha çox xarici iş adamlarını cəlb etməyə başladı. Onlar artıq öz sərmayələrinin qorunması üçün Azərbaycanda gündən-günə təkmilləşən hüquqi bazanın yarandığının şahidi olur və daha rahat və həvəslə bu ölkəyə kapital yatırırdılar.
Amma sahibkarlığın inkişafını təmin edən təkcə bu amil deyildi. Bazar iqtisadiyyatının bu əsas mexanizminin tam gücü ilə işləməsi üçün başqa şərtlər də mühüm əhəmiyyət daşıyırdı. Təbii ki, bura ilk növbədə dövlətin sabit iqtisadi və sosial siyasəti, güzəştli vergi rejimi, sahibkarlığı dəstəkləyən infrastrukturun inkişafı, intellektual mülkiyyətin səmərəli müdafiə sisteminin yaradılması, sahibkarların işgüzar fəallığının yüksəlməsinin çevik bazar mexanizmlərinin formalaşması, sahibkarların xarici bazara sərbət çıxmaq imkanları da daxil idi. Məsələn, sahibkarlar üçün münasib kredit sisteminin olması çox vacib şərtlərdən idi ki, onlar zəruri istehsal vasitələri, xammal və avadanlıq ala bilsinlər. Bütün bunlar zamanın öhdəsinə buraxıla bilməzdi. Heydər Əliyev müstəqil Azərbaycan iqtisadiyyatının gələcək inkişafının məhz bu fəaliyyət sahəsinin üzərinə düşdüyünü gördüyü üçün bunları qısa zaman çərçivəsində həll etməyə çalışırdı. Bu istiqamətdə vaxtında atılan addımlardan biri də Respublika Prezidenti Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması oldu. Bu qurum sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu, sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi.
İqtisadi və dövlət idarəetmə aparatında aparılan bu struktur islahatı ilə eyni zamanda ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçiriləcək dövlət tədbirlərinin sistemliliyini təmin edəcək yeni, ikinci "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" qəbul edildi. Proqramda sahibkarlıq infrastrukturunun yaradılması, sahibkarlara dövlət maliyyə köməyi sisteminin formalaşdırılması, vergi yükünün azaldılması, onlara zəruri texniki yardım göstərilməsi və s. tədbirlər nəzərdə tutulurdu. Bu tədbirlər reallaşdıqca sahibkarlıq fəliyyəti Azərbaycan iqtisadiyyatına daha geniş və sürətlə nüfuz etməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə görüşü və geniş fikir mübadiləsi isə Azərbaycan sahibkarlığının inkişaf tarixində xüsusi iz buraxmışdır. Bu müdrik insan öz iqtisadi inkişaf strategiyasında sahibkarlığa və onun iqtisadi mexanizmdəki yerinə xüsusi önəm verdiyi üçün bu sahənin adamlarına diqqət və qayğı ilə yanaşırdı. Onun müstəqil Azərbaycanın gənc sahibkarlar nəslini himayə etməsi həm də ondan irəli gəlirdi ki, cəmiyyətdə, elə dövlət məmurları arasında müəyyən köhnəfikirli, qeyri-təşəbbüskar adamlar bu iş adamlarını çox sərt basqı ilə qarşılayırdılar. Axı sahibkarlıq fəaliyyətinin hərəkətverici qüvvəsi şəxsi mənfəətdə idi. Onların mənfəəti artdıqca əski düşüncə sahiblərində bir qısqanclıq, paxıllıq yaranırdı. Ancaq dar düşüncəli bu adamlar başa düşmürdülər ki, şəxsi təsərrüfatla məşğul olan subyekt-sahibkar öz marağını güdsə də, bütövlükdə cəmiyyətə işləyir.
Doğrudur, haqqında danışdığımız görüşə qədər də dövlət başçısı yeni yaranmağa başlayan bu təbəqənin qayğısına qalır və onu ən müxtəlif vasitələrlə qorumağa çalışırdı. Bu məqsədlə sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmişdir. Onların arasında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli "İstehsalat, xidmət, maliyyə kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", 1999-cu il 7 yanvar tarixli "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanlarını, 1997- ci il 24 iyun tarixli fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)" xüsusi yer tuturdu.
Məhz bu tədbirlərin və iqtisadi islahatların sürətləndirilməsinin nəticəsi idi ki, 2002-ci ildə ölkədə ümumi daxili məhsul istehsalının 71 faizi, o cümlədən sənayedə 50 faizi, kənd təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına düşürdü. Lakin, buna baxmayaraq, dövlət başçısı haqlı olaraq qeyd edirdi ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidimioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir.
Ölkə Prezidentinin məhz bu görüşlər zamanı birbaşa sahibkarlıq fəaliyyətinin subyektlərindən aldığı ətraflı məlumatlar özünü çox gözlətmədi. Az bir vaxtdan sonra Prezident Heydər Əliyev sahibkarlıq fəaliyyətinin inkişafına müstəsna töhfələr verən bir neçə fərman və sərəncam imzaladı. Bu fərmanlar sırasından 28 sentyabr 2002-ci ildə imzalanmış "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərman birbaşa sahibkarlığın və şəxsi mülkiyyət sahiblərinin dövlət səviyyəsində himayəsinə yönəlmişdi. Bu fərmandan iki bəndi göstərmək kifayətdir ki, onun həmin dövrdə necə böyük əks-səda doğurduğunu təsəvvür edə biləsən. Fərmanın elə 1-ci bəndində göstərilirdi: "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iqtisadiyyatda cinayətkarlıqla mübarizə idarəsi ləğv edilsin.
Hüquq-mühafizə orqanlarının (məhkəmənin qərarları əsasında hallar istisna olmaqla) sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edilsin".
Bu fərmanla eyni vaxtda "Azərbaycan Respublikasının yanında Sahibkarlıq Şurasının yaradılması", "Sahibkarlara Kömək Milli Fondunun yaradılması" və "Azərğbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanlar da imzalandı və onların hər biri sonralar Azərbaycan sahibkarlığının inkişafında və möhkəmlənməsində çox böyük rol oynadı. Dövlət başçısı Heydər Əliyevin bazar iqtisadiyyatına keçidin mühüm mexanizmlərindən biri olan sahibkarlıq fəaliyyətinə və onun subyektlərinə prinsipial şəkildə göstərdiyi belə diqqət və qayğı sayəsində ictimaiyyət arasında, cəmiyyətdə bu fəaliyyət növünə, xüsusilə sahibkarlara münasibət dəyişdi, onlara iqtisadi inkişafın aparıcı qüvvəsi kimi baxış formalaşmağa başladı.
Yeri gəlmişkən, məhz ulu öndər Heydər Əliyevin istəyi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası dövlət başçısı ilə sahibkarlar arasında birbaşa əlaqələndirici funksiya daşıyan bir qurum kimi fəaliyyət göstərirdi. Bu təsisatın əsasnaməsində də göstərilir ki, "Şuranın məqsədi Azərbaycan Respublikasında işgüzar mühitin yaxşılaşdırılmasına və sahibkarlığın inkişafına kömək etmək, bu sahədə yaranan problemlərin həlli üçün müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməkdir". Tərkibində yerli və xarici sahibkarlar, sahibkarların ictimai birliklərinin nümayəndələrinin də geniş təmsil olunduğu və ictimai əsaslarla fəaliyyət göstərən Sahibkarlar Şurası dövlət-sahibkar münasibətlərinin sivil inkişafında bu gün də əhəmiyyətli rol oynamaqdadır.
Bütün bunlar bir daha belə bir fikri təsdiq etməyə kifayət qədər əsas verir ki, ümummilli lider Heydər Əliyev özünün iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi sahibkarlığın inkişaf modelini formalaşdırdı, dövlətlə sahibkar arasında münasibətləri institusional səviyyədə qurdu.
Məhz ölkənin sahibkarlıq fəaliyyətinə söykənən iqtisadi inkişaf tarixini təhlil edərkən hörmətli akademikimiz Ramiz Mehdiyev yazır: "1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi".
Bu gün qətiyyətlə demək olar ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl olaraq davam etdirilir. Şübhəsiz, bu sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri sahibkarlığın inkişaf etdirilməsidir. Bu özünü ilk növbədə dövlət başçısının sahibkarlığın inkişafınə və biznes mühitinin yaxşılaşdırılmasına göstərdiyi qayğıda nümayiş etdirir.
İqtisadi islahatların daha sürətlə həyata keçməsində əhəmiyyətli rol oynayan özəlləşdirmə 2003-cü ildə cənab İlham Əliyevin respublika Prezidenti kimi fəaliyyətə başlamasından sonra da davam etmişdir. Statistikanın göstərdiyi kimi, 2003-2007-ci illərdə ümumi dəyəri 73,4 milyon manat olan 11,4 min kiçik muəssisə, obyekt və avadanlıq özəlləşdirilib.
Dövlət başçısının davamlı olaraq həyata keçirdiyi iqtisadi tədbirlər bütövlükdə qarşıya qoyulan əsas hədəfə - Azərbaycanda rifah dövlətinin yaradılmasına ünvanlanmış və bu istiqamətdə yüksək nailiyyətlər əldə edilmişdir. Bunu ölkənin makroiqtisadi göstəriciləri, eyni zamanda, sahibkarlıq sektorunun inkişaf dinamikası da aydın göstərir. 2003-cü ildən etibarən ÜDM-in artım dinamikası sonrakı illərdə də təmin edilmişdir ki, bu da dünya maliyyə böhranının davam etməsinə baxmayaraq, 2009-cu ildə 9,3 faiz, 2010-cu ilin birinci yarısında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox olmuşdur. Bu nailiyyətlərin əldə olunmasında özəl sektorun, yəni sahibkarlarımızın payı əhəmiyyətli dərəcədə artmışdır. Əgər 2003-cü ildə özəl bölmənin Ümumi Daxili Məhsuldakı payı 74 faiz təşkil edirdisə, 2010-cu ilin birinci yarısında bu göstərici 85 faizə çatmışdır.
Bu gün statistika göstərir ki, aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində özəl bölmənin payı 70-99 faiz arasında dəyişir. Respublikada özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edir. Ümumi vergi daxilolmalarında qeyri-dövlət sektorunun payı 71 faizə çatmışdır.
Hazırda əməkqabiliyyətli əhalinin 2,8 milyon nəfəri özəl sektorda çalışır. Respublika Prezidenti cənab İlham Əliyev bütün bu göstəricilərin, iqtisadi inkişafın əldə olunmasında məhz milli sahibkarlığın böyük rol oynadığını qeyd edərək, 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafı yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin müşavirəsində demişdir: "...İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir".
Azərbaycanın iqtisadi inkişafının əsas mexanizminə çevrilən sahibkarlıq fəaliyyəti öz sıralarını da genişləndirməkdədir. Əgər 2003-cü ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 65109 idisə, 2010-cu ilin birinci yarısında bu rəqəm 91657-ə çatıb. Bu artan dinamikanın özü də onu göstərir ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün tam əlverişli mühit yaradılmışdır.
Onlar təkcə yazının əvvəlində sadaladıqlarımızla bitmir. Son 7 ildə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə ixrac rüsumları ləğv edilmiş, idxal rüsumlarının 15 faizlik maksimal həddi müəyyənləşdirilmiş, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edilmişdir.
Dövlətin kənd təsərrüfatında çalışan sahibkarlara diqqət və qayğısı daha böyük olmuşdur. Belə ki, məhsul istehsalçıları, torpaq vergisi istina olmaqla, bütün növ vergilərdən azad edilmiş, kənd təsərrüfatı məhsullarının islahatçıları üçün yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnika və texnoloji avadanlığın lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilməsi müddəti 5 ildən 10 ilə uzadılmış, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə 50 manat yardım verilməsi təmin olunmuşdur.
2004-2008-ci illərdə dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün cəmi 300 milyon vəsait ayrılmışdısa, 2009-cu ildə qaytarılan 56 milyon kredit vəsadətləri nəzərə alınaraq, bu məqsədlə ümumilikdə 130 milyon manat vəsaitdən istifadə edilmişdir.
İqtisadiyyatımızın sahibkarlıq mexanizmi əsasında bu şəkildə inkişafı haqlı olaraq dünyanın bir çox təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Məsələn, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doinq Biznes 2009" hesabatında Azərbaycan dünyanın ən islahatçı ölkəsi kimi qəbul olunmuşdur. Dünya İqtisadi Forumunun hesabatında isə Azərbaycan rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerdədir.
Müstəqil Azərbaycanın real iqtisadi inkişafını təsdiqləyən bütün bu faktlar və rəqəmlər bir daha ondan xəbər verir ki, müharibə şəraitində olmasına, bir milyon qaçqınının doğma torpaqlardan uzaq düşməsinə və dünyanın hələ də davam etməkdə olan maliyyə böhranına baxmayaraq, ölkəmiz ümummilli lider Heydər Əliyevin bələdlədiyi orientirlərlə, Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası ilə tərəqqi və rifaha doğru getməkdədir. Bu işdə məhz Heydər Əliyevin daim diqqət və qayğı göstərdiyi, himayə etdiyi və bu gün Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə müdafiə olunan, yardım göstərilən sahibkarlar sinfi ön cərgədədir və ölkənin iqtisadi tərəqqisinə öz əhəmiyyətli töhfələrini verir.

{nl}

Arzuman MURADLI, iqtisad elmləri namizədi

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında