Sentyabrın 12-də Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin qlobal qiymətləndirilməsinə (xarici audit) başlanılıb.
Bu münasibətlə Dövlət Statistika Komitəsində Qiymətləndirmə üzrə Beynəlxalq Qrupun üzvləri ilə görüş keçirilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, məqsəd statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara, Avropa statistikasının normalar məcəlləsinə uyğunluğunun auditi nəticəsində ölkənin rəsmi statistika sisteminin müasir səviyyəsinin qiymətləndirilməsidir. Qeyd olunub ki, statistika sisteminin qlobal qiymətləndirilməsi ölkəmizin rəsmi statistika sisteminin inkişaf səviyyəsi ilə bağlı dəqiq məlumatların əldə edilməsinə və inkişafına dair uzunmüddətli planlaşdırmanın yaxşılaşdırılmasında milli statistika orqanlarına yaxından kömək edəcək. Belə ki, milli statistika sistemində baş verən institusional dəyişikliklər, beynəlxalq və Avropa standartlarına uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılması, keyfiyyət aspektləri və spesifik ehtiyacın qiymətləndirilməsi strateji planlaşdırma üçün əsas alətlərdən biri hesab olunur.
Tədbirdə Dövlət Statistika Komitəsinin koordinasiya və proqramlaşdırma mexanizmləri, habelə əlaqə (kommunikasiya) və məlumatların yayılması siyasəti də daxil olmaqla, milli statistika sisteminin hüquqi, institusional və təşkilati strukturu ilə təqdimatı slaydlarla nümayiş olunub.
Avropa Statistika Bürosunun statistik əməkdaşlıq bölməsinin rəhbəri Klaudiya Yunker və qlobal qiymətləndirmə üzrə baş ekspert Gerry O'Hanlon qeyd ediblər ki, milli statistika sisteminin qlobal qiymətləndirilməsi Azərbaycan statistika sisteminə müsbət təsirini göstərəcək. Mövcud vəziyyətin auditi əsasında qiymətləndirmə qrupu tərəfindən statistikanın gələcək inkişafı məqsədi ilə tövsiyələr veriləcək. Qeyd olunub ki, qlobal qiymətləndirmənin əsas prinsipi könüllülükdür, ölkənin rəsmi sorğusu əsasında həyata keçirilir. Qlobal qiymətləndirmənin vəzifələri isə ölkənin statistika sahəsində inzibati potensialının, statistika sisteminin texniki aspektlərinin və milli statistikanın beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsidir.
Görüşdə qarşlıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, beş gün davam edəcək qiymətləndirmə çərçivəsində qanunvericiliyin, milli statistika sisteminin strukturu və təşkilinin əsaslı təhlili: proqramların hazırlanması və koordinasiya, Dövlət Statistika Komitəsinin strukturu, təşkili, insan və maliyyə resurslarının, ümumi istehsal proseslərinin, yayılma-kommunikasiya, əsas istifadəçilərlə əlaqələrin əsaslı təhlili, tədiyə balansı və xarici ticarət statistikası, qiymət statistikası, innovasiya və İKT statistikası, əmək bazarı və təhsil statistikası, milli hesablar, kənd təsərrüfatı statistikası, ətraf mühit və energetika statistikası, reyestr və təsnifatlar, struktur biznes statistikası, demoqrafiya, əhalinin siyahıyaalınması və səhiyyə statistikası, qısamüddətli statistika, həyat səviyyəsinin müayinəsi, İT-infrastrukturunun əsaslı təhlili, heyətin inkişafı ilə bağlı təqdimatlar keçiriləcək.
Qiymətləndirmə qrupunun proqramında Mərkəzi Bank, Maliyyə, İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Təhsil, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dəmir Yolları QSC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi, elmi cəmiyyətlər, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri, habelə rəsmi statistikanın digər istehsalçıları ilə də görüşlər nəzərdə tutulub.
Mirbağır YAQUBZADƏ,
Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.