Azərbaycanda əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən regional dövlət proqramları ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb. Regional proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoyub, bölgələrin tərəqqisini dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilən bu strategiyanın düzgünlüyü son illərdə öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb.
Regionların dinamik inkişafı Azərbaycanın nəinki bölgədə, hətta dünyada cəlbedici ölkəyə çevrilməsinə şərait yaradıb. Bu, Prezident İlham Əliyevin sözügedən məsələni daim diqqət mərkəzində saxlaması ilə birbaşa bağlıdır. Dövlət başçısının Masallı, Biləsuvar, Salyan Xaçmaz və Qusar rayonlarına səfər edərək yeni obyektlərin açılışında iştirak etməsi, sakinlərlə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanması, bununla əlaqədar müvafiq strukturlara tapşırıqlarını verməsi bunun bariz ifadəsidir. Ümumiyyətlə, Prezidentin adları çəkilən rayonlara səfəri ilk növbədə Azərbaycan iqtisadiyyatının şaxələnməsini göstərməklə yanaşı, həm də vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Xatırladaq ki, Prezident İlham Əliyev Masallıya səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rayonda yaradılan "ASAN həyat" kompleksinin açılış mərasiminə qatılıb. Tədbirdə ölkə rəhbərinə bu kompleksin tikintisinin yüksək səviyyədə həyata keçirilməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, qurumun 4480 kvadratmetr ərazisində "ASAN xidmət" mərkəzi yaradılıb. Burada 10 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ əsas, 112 növ yardımçı xidmət təşkil edilib. Mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839 min 450-dən çox vətəndaşa xidmət göstərəcək. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.
Prezident İlham Əliyev "ASAN həyat" kompleksi ilə tanışlıqdan sonra mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı mərasimdə çıxış edərək diqqətə çatdırıb ki, "ASAN xidmət" Azərbaycanda 4 ilə yaxındır ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində insanların rəğbətini qazana bilib: "ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır. Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu, onu göstərir ki, doğrudan da bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98 faizdir. Bu illər ərzində 3 milyon 500 min insan mərkəzlərə müraciət etmişdir. Müraciətlərin ümumi sayı isə 11 milyon 300 mindir. Artıq 11-ci mərkəz fəaliyyətə başlayır".
Dövlət başçısı çıxışında daha sonra xatırladıb ki, "ASAN həyat" kompleksi əvvəlki belə tip qurumlardan fərqlənir. Çünki burada "ASAN xidmət"in funksiyaları daha da genişləndirilib. Başqa sözlə, Masallı "ASAN həyat" mərkəzində həm də kənd təsərrüfatı, bank, sənaye sektorları cəmləşib. Bu isə şübhəsiz ki, sözügedən sahələrin inkişafına böyük təkan verəcək. Hazırda əsas məqsəd ondan ibarətdir ki, hər bir vətəndaş layiqli işlə təmin olunsun, yaxşı gəlir qazansın, sahibkarlıq inkişaf etsin...
Dövlət başçısı nitqində vurğulayıb ki, bu, onun Masallıya doqquzuncu səfəridir. Demək olar ki, hər il Masallıda olur. Rayonun inkişafı üçün önəmli addımlar atılır. Burada sosial-iqtisadi infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri uğurla icra edilir. Sakinlərin içməli su ilə təmin edilməsi, qazlaşdırma işlərinin görülməsi diqqət mərkəzində saxlanılır.
Yuxarıda sadalananlarla yanaşı, Bakı-Astara-İran sərhədi magistral yolunun Lənkəran-Masallı hissəsi demək olar ki, sona çatıb. Bununla bərabər, rayonda bir neçə kənd layihəsi icra edilib və onlarla yaşayış məntəqəsini birləşdirən yollar istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirakı da mühüm hadisəyə çevrilib. Mərasimdə dövlətimizin başçısına layihə üzrə görülmüş işlərin texniki-iqtisadi göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, tikinti işlərinin aparılmasına əsasən yerli işçi qüvvəsi cəlb olunub. Layihəyə uyğun olaraq Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin, eləcə də Cəlilabad şəhərinin əhalisinin də içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Viləşçay su anbarından götürüləcək saniyədə 258 litr suyun təmizlənməsi üçün su anbarının yaxınlığında gücü gündə 22 min kubmetr olan və müasir təmizləmə texnologiyasına əsaslanan qurğu kompleksi inşa edilib. Masallı-Yardımlı yolunun 7-ci kilometrliyindən sutəmizləyici qurğuya qədər uzunluğu 2838 metr, eni 6 metr olan asfalt örtüklü yol çəkilib.
Prezident İlham Əliyevin Biləsuvar rayonuna səfəri çərçivəsində 132 çarpayılıq rayon xəstəxanasının açılış mərasimində iştirakı da diqqət çəkib. Bildirilib ki, bu səhiyyə ocağının əvvəlki binası 1974-1976-cı illərdə inşa edildiyindən yararsız vəziyyətə düşmüşdü. Xəstəxana binasının əsaslı təmirinə 2013-cü ildə başlanılıb və yenidənqurma işləri bu ilin iyul ayında başa çatdırılıb. Tibb ocağının ərazisi 4 hektardan çoxdur və əsaslı təmir işləri aparılan binaların ümumi sahəsi 9477 kvadratmetr təşkil edir. Burada bütün korpuslar ən müasir standartlara cavab verir. Tibb ocağında əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən
Prezident İlham Əliyev deyib ki, ölkəmizin bütün bölgələrində yeni xəstəxanalar tikilib, köhnələri əsaslı təmir olunub. Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub. Bu, səhiyyə sisteminin inkişafının mühüm göstəricisidir.
Prezident çıxışında Biləsuvar rayonunun sosial-iqtisadi həyatının digər sahələrinə də toxunub. Rayonun içməli su təchizatının yaxşılaşdırıldığını, qazlaşdırmanın, kənd yolu layihələrinin uğurla reallaşdırıldığını diqqətə çatdırıb. Eyni zamanda, burada kənd təsərrüfatı ilə bağlı böyük işlər görüldüyünü, son vaxtlar pambıqçılığa mühüm dəstək verildiyini xüsusi vurğulayıb: "Pambıqçılığın inkişafına diqqətin artırılması əhali tərəfindən yaxşı qarşılanır. 1970-1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin fəal işi nəticəsində Azərbaycanda pambıqçılıq çox geniş vüsət almışdı. İnsanlar çox böyük maddi imkanlar əldə etmişlər. Əfsuslar olsun ki, sonralar bu sahə yavaş-yavaş tənəzzülə uğradı. İndi biz bunu bərpa edirik. Mənə verilən məlumata görə, bu il Biləsuvar rayonunda altı min hektarda pambıq əkilibdir. Keçən il iki min hektar idi. Sovet vaxtında 14 min hektar əkilirdi. Gələn il isə on min hektar əkiləcək. Biz bunu qısa müddət ərzində görülən tədbirlər nəticəsində əldə edirik və bu, məşğulluq deməkdir. Əgər hər hektarda orta hesabla iki nəfər işləsə, bu, artıq gələn il 20 min insanın işlə təmin olunması deməkdir".
Dövlət başçısı tövsiyə edib ki, kənd təsərrüfatının digər sahələri də inkişaf etdirilməlidir. Emal sənayesinin qurulması ilə bağlı mühüm tədbirlər həyata keçirilməlidir. Sahibkarlığın inkişafına böyük dəstək verilməlidir, islahatlar sürətləndirilməlidir. Belə olan halda isə neftdən asılılıq tamamilə aradan qalxacaq. Sosial layihələrin miqyası daha da genişlənəcək, xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemləri həllini tapacaq.
Prezident İlham Əliyev səfər çərçivəsində Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılış mərasimində də iştirak edib. Tədbirdə xatırladılıb ki, yeni layihənin icrası nəticəsində 35 mindən artıq əhalisi olan Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz və Qusar rayonlarına səfəri də bir daha göstərdi ki, bu gün regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilir, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Xaçmazda Heydər Əliyev Mərkəzi, Nikah evi və digər sosial-mədəni obyektlər üçün yeni binaların istifadəyə verilməsi, Yalama kəndindəki Heydər Əliyev adına parkın, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi, Yalama Aqroparkının yaradılması bunun bariz ifadəsidir.
Qeyd edək ki, dövlət başçısı Xaçmazdan sonra Qusar rayonuna gəlib, burada Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun, Hil kəndində tam orta məktəbin yeni binasının, Qusarın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılış mərasimlərində iştirak edib.
Prezident İlham Əliyevin Yalama Aqroparkı ilə tanışlığı daha çox diqqət çəkib. Xatırladaq ki, dövlət başçısının qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu sistemi özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir.
Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: "Biz son illər ərzində Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən işləri bu aqroparkın timsalında əyani şəkildə görürük. Çünki burada həm də iş yerlərinin yaradılması təmin edilib. Mənə verilən məlumata görə, 150 iş yeri açılıb, növbəti mərhələdə 300-ə yaxın iş yeri yaradılacaq. Burada işləyənlər yaxşı maaş alırlar. Bu, bizim ümumi inkişafımıza çox böyük töhfədir. Bu, son illər ərzində Azərbaycanda yaradılan birinci aqroparkdır. Düzdür, Azərbaycanda iri fermer təsərrüfatları artıq yaradılıb. Taxılçılıq və digər sahələr üzrə böyük təsərrüfatlar yaradılıb, süd emalı zavodları tikilib. Ancaq bu aqroparkın xüsusi mənası var. Vaxtilə burada damazlıq təsərrüfatı olub. Bu gün mən həmin təsərrüfatın əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxdım, o, tamamilə dağılmış halda idi. İndi 500 hektardan çox sahədə müasir aqrokompleks yaradılıb. Burada ən müasir texnologiyalar, elmi yanaşma tətbiq olunur, böyük su anbarı tikilib. Min başdan çox iribuynuzlu mal-qara gətirilib və gələcəkdə onların sayı 3 minə çatacaq. Yəni bu, ölkə üzrə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq...".
Prezident İlham Əliyev Qusarın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışı mərasimində isə son illərdə ölkəmizin, eləcə də bu rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışıb: "Yeni iş yerləri açılır, yeni imkanlar yaranır. Həm sosial layihələrə, həm də infrastruktur layihələrinə dövlət xətti ilə investisiya qoyuluşu davam etdiriləcək. Biz indi özəl sektordan daha böyük fəallıq gözləyirik. Çünki özəl sektorda çalışan həm yerli, həm də başqa ölkələrdən gələn iş adamları gərək daha da fəal işləsinlər. Onlar yaradılan bu şəraitdən maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Çünki bizdəki şərait, deyə bilərəm ki, az ölkələrdə müşahidə olunur. Bizdə olan sabitlik inkişaf üçün, biznes üçün əsas şərtdir. İnfrastruktur layihələri, biznesə dövlət dəstəyi. Bu gün mən Yalamada birinci aqroparkın açılışını etmişəm. Oranın sahəsi 500 hektardan çoxdur. Orada artıq min baş iribuynuzlu mal-qara saxlanılır. Onların sayı üç minə çatacaq. Müasir suvarma texnologiyaları yaradılıb. Orada birinci mərhələdə 150, ikinci mərhələdə 300 nəfər işləyəcək. Dövlət də, özəl sektor da kredit ayırıb".
Dövlət başçısının yuxarıda adları çəkilən rayonlara səfəri transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik tərəqqi etdiyini, qeyri-neft sektorunun, eləcə də regionların nəzərəçarpacaq dərəcədə inkişafını bir daha təsdiqlədi.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.