Respublikamızın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu hazırda özünün sürətli inkişaf mərhələsindədir. Bütün sahələrdə olduğu kimi, bu sektorda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir.
Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində hazırda bütün qüvvələr səfərbər olunub. Həyata keçirilən islahatlar son nəticədə yük daşımalarının, xüsusilə, tranzit yük daşımalarının həcminin artırılmasına, yüklərin və sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə istiqamətlənib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri, YAP-ın "Azərbaycan Dəmir Yolları" üzrə təşkilatının sədri Xeyrulla Hümbətov söhbət zamanı dedi ki, islahatların reallaşdırılması, eyni zamanda, ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılmasına, çevik tarif siyasətinin müəyyənləşdirilməsinə, Azərbaycanın tranzit potensialının artırılmasına, bu sahənin təkmil qanunvericilik bazasının formalaşdırılmasına, dəmir yolu sahəsi ilə bağlı yüksək ixtisaslı kadrların hazırlanmasına və onların sosial müdafiəsinin təmin olunmasına da müsbət təsir göstərib.
QSC bu gün müxtəlif beynəlxalq layihələrin fəal iştirakçılarından biri kimi diqqət çəkir. Bu baxımdan, XXI əsrin əsas tikintilərindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin gerçəkləşməsi istiqamətində işlər sürətlə davam etdirilir. Layihəni iqtisadi və siyasi cəhətdən əhəmiyyətli edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımalarının asanlaşdırılması, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi rolunu oynamasıdır. İlkin mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük dövriyyəsinin 5 milyon ton, sonradan isə 15 milyon tona çatdırılması planlaşdırılır. Dəmir yolu bağlantısının cari ilin sonunda istismara verilməsi nəzərdə tutulur.
Azərbaycanın polad magistralında son vaxtlar görülən işlərin bir qisminə diqqət yetirmək istərdim. Əvvəlcə qeyd edim ki, ötən il aprelin 14-də "Azərbaycan dəmir yollarının yenidən qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çex Respublikasının "MORAVİA STEEL" şirkəti arasında "Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Həmin sazişə əsasən cari ilin ötən aylarında Bakı-Böyük Kəsik istiqamətinin Alabaşlı - Gəncə mənzilində 7 kilometr, Puta - Qaradağ mənzilində isə 10 kilometr yol əsaslı təmir edilib. Təmir işləri 5 və 11 saylı ixtisaslaşdırılmış dəmir yolu müəssisələrinin kollektivləri tərəfindən keyfiyyətlə həyata keçirilib. Bir müddət bundan əvvəl isə Qobustan-Ələt mənzilində 7,2 kilometrlik dəmir yolunun əsaslı təmiri başa çatdırılıb.
Ölkə rəhbərliyi tərəfindən dəmiryolçular qarşısında qoyulan ən mühüm vəzifə yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Buna isə daşımaların sürətinin yüksəldilməsi, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, irimiqyaslı logistika və marketinq işinin təşkili ilə nail olmaq mümkündür. Tranzit yüklərin respublika ərazisindən keçirilməsi əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunması baxımından çox əhəmiyyətlidir. Ona görə də "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyi tərəfindən son bir il ərzində Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirilib. Yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb. Təbii ki, bu tədbirlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük, 1 milyon 058,4 min sərnişin daşınıb. Orta hesabla sutkada 430 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,5 min ton, qərb istiqaməti üzrə 4,7 min ton, cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.
"Azərbaycan Dəmir Yolları" yüklərin daşınması üçün əlverişli şərtlərin yaradılmasına da xüsusi önəm verir. Məsələn, metal məmulatı, taxıl, neft-qaz yüklərinin daşınmasında, habelə Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində konteyner daşımalarında tarif dərəcələrinin aşağı salınması hazırda nəzərdən keçirilir.
Burada, yeri gəlmişkən, diqqəti bir məsələyə də yönəltmək istərdim. Belə ki, yeni bazarların mənimsənilməsi, daşımaların həcminin artırılması həm də yüklərin çatdırılması üçün təklif edilən logistika sxeminə kömək edəcək.
Ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları" ixrac və idxal mallarının daşınması üçün əlverişli şərtlər təklif etməyə maraqlıdır. Məsələn, bu ilin sonunda Azərbaycan tərəfdən Gürcüstan dəmir yolu vasitəsilə Türkiyəyə birbaşa keçid açılacaq. Beləliklə, Azərbaycanda Türkiyə, Şimali Afrika və ərəb ölkələrinın cənub limanlarına çıxış yaranacaq.
Onu da xatırladım ki, Azərbaycan, İran, Rusiya prezidentlərinin bu il avqustun 8-də Bakıda keçirilən üçtərəfli Zirvə görüşü tarixi hadisə olmaqla yanaşı, siyasi, iqtisadi və regional təhlükəsizlik baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə reallaşan həmin üçtərəfli görüşü yeni regional əməkdaşlıq formatının bariz nümunəsi kimi qiymətləndirmək olar.
Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşündə ümumi uzunluğu 7200 kilometr olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi danışıqların əsas mövzularından biri oldu. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiyanın ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəldilib.
Xeyrulla Hümbətov vurğuladı ki, Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır. Strateji baxımdan mühüm geosiyasi mövqedə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu özünəməxsus körpü rolunu oynayıb. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Bəhs olunan nəqliyyat-kommunikasiya dəhlizi layihəsi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçərək, Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas limanına çatdırılmasını, buradan da dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlərin görüləcəyi, eləcə də beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəkləri sənəddə öz əksini tapıb.
Beləliklə, yeni format - Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı yaranmaqdadır. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi Rusiyanın və Azərbaycanın tranzit potensialından tam istifadə edilməsi üçün yeni perspektivlər açılır.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qurulması ilə bağlı hazırda Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometrlik dəmir yolunun torpaq yatağının işlənməsi davam edir. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb edilib. Əraziyə 510 min kubmetr qum, qaya daşı, çınqıl daşınması nəzərdə tutulub və bunun 370 min kubmetrindən çoxu artıq daşınıb.
QSC-də işçilərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Xaçmaz rayonunun Nabran qəsəbəsində "Lokomotiv" istirahət mərkəzi dəmiryolçulara nümunəvi xidmət göstərir. Hər il yay mövsümündə bu istirahət mərkəzində 1200 dəmiryolçu və onların ailə üzvləri istirahət edir. Mərkəzdə beş korpus, hovuz, futbol, voleybol, stolüstü tennis, bilyard, trenajor zalı və uşaq meydançası fəaliyyət göstərir.
Lokomotiv depolarında texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilir. Bədbəxt hadisələrin qarşısını almaq üçün xüsusi teleqraf əmrlərinə üstünlük verilir. Dəmiryolçuların ilkin və dövri müayinəsi əhəmiyyətli məsələ kimi dəyərləndirilir. Yeri gəlmişkən, QSC-nin Sanitar-Karantin Müfəttişliyinin Biləcəridə yerləşən laboratoriyası əsaslı təmir olunub, müasir tələblərə cavab verən lazımi avadanlıqlarla təchiz edilib. Taun əleyhinə stansiyada müasir infeksion xəstəliklərin yüksək səviyyədə profilaktikası üçün əksepidemik, profilaktik, təşkilati metodik və digər işlər görülüb. Gəncə Epidemioloji Mərkəzinin sanitar şöbəsində təmir işləri aparılıb, bina əsaslı təmir olunub.Obyekt müasir tələblərə cavab verən reaktiv maddələrlə, dezinfeksiyaedici aparatlarla təchiz edilib. Burada işçilərin təhlükəsizliyi üçün müvafiq təlimatların qeydiyyat jurnalları tərtib olunub.
"Azərbaycan Dəmir Yolları"nda hazırda qışa ciddi hazırlaşılır. İşçilərin müvəqqəti istirahət otaqları təmir edilir, teplovozların təmir sexi qaydaya salınır, inzibati binaların dam örtüyü təzələnir.
Xeyrulla Hümbətov söhbətinin sonunda dedi: – Sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək. Azərbaycanın hər yerində olduğu kimi, Dəmir Yolunda da bu mühüm tarixi hadisəyə ciddi hazırlaşılır. Bu da təsadüfi deyil. Çünki Konstitusiya islahatları sosial sifarişin təzahürü olmaqla yanaşı, respublikamızın həyatında taleyüklü bir məsələdir. Belə ki, 2008-ci ildə başlanan qlobal iqtisadi böhran nəticəsində enerji resurslarının qiymətinin enməsi bir çox neft və qaz ixrac edən ölkələrin iqtisadiyyatını ciddi sınağa çəkib. Həmin dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsini qarşıda duran strateji vəzifələrdən biri kimi müəyyənləşdirib. Ötən dövrdə Azərbaycanda müasir tələblərə cavab verən qeyri-neft iqtisadiyyatının və müvafiq infrastrukturun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, mühüm dövlət proqramları icra olunub. 2015-ci ildə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi bu istiqamətdə görülən işləri intensivləşdirməklə yanaşı, həm də optimal qərarların qəbulunu və onların vaxtında və tam həcmdə icrasını təmin edə biləcək çevik iqtisadi idarəetmə mexanizminin yaradılmasını zərurətə çevirib. Ölkə Prezidenti tərəfindən 2016-cı il iqtisadi islahatlar ili elan edilib, ötən aylarda iqtisadi islahatları reallaşdıracaq çoxsaylı fərman və sərəncamlar imzalanıb, yeni qurumlar təsis olunub.
Hazırda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunan qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini təsdiq edib. Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır.
Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir. Tənzimləmənin konkret məqsədi aydınlaşır və həmin məqsədə xidmət etməyən bu və ya digər qaydalar lazımsız sayılır. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.