Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək üçün dövlət müəssisələrinin idarə olunmasında şəffaflığın daha da artırılması və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi zərurəti yaranıb.
Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, yeni qaydalara əsasən, milli iqtisadiyyatın xüsusiyyətləri və beynəlxalq təcrübələr nəzərə alınmaqla, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin korporativ idarəetmə standartları müəyyən ediləcək.
“Bu standartlar paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin korporativ idarəetmə qaydalarını tənzimləyəcək və mərhələlərlə tətbiq ediləcək. Daha bir yenilik səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə ödəniş sistemi ilə bağlıdır. Belə ki, bundan sonra hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişi həmin hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan “Performance based remuneration system” ödəniş sistemi əsasında həyata keçiriləcək. Yaxşı təşkil edilmiş, meritokratik əsasda işləyən və əməliyyat müstəqilliyini saxlayan idarəetmə orqanı üzvlərinin göstərdikləri nəticələr əsasında qiymətləndirilməsi onların şəffaf və səmərəli fəaliyyətə stimullaşdırılması üçün əlavə imkandır. Bu addım gəlirlərin bölüşdürülməsi sahəsində şəffaflığın artırılması, idarəetmə orqanlarının üzvləri arasında sağlam rəqabət mühitinin formalaşması baxımından da əhəmiyyətlidir.
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin korporativ idarəetmənin tətbiqi üçün diaqnostikanın aparılmasına ehtiyac var. Məhz diaqnostik təhlil nəticəsində bu müəssisələrdə korporativ idarəetmə üzrə tədbirlər planını tərtib etmək mümkündür. Ən əsas məsələ idarəetmə və menecmentin şəffaf sərhədlərinin təmin edilməsidir.
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin sürətləndirilməsi zərurəti də sərəncamda əks olunub. Bu isə həm də maliyyə fəaliyyətinin auditinin aparılmasını təmin edəcək.
Korporativ idarəetmənin tətbiqi risklərin qiymətləndirilməsi, xüsusilə əməliyyat risklərinin qiymətləndirilməsi və buna uyğun ehtiyatların yaradılmasına əsas yaradır. Prezidentin sərəncamı aktivlərin idarəedilməsini – uçotu və reyestrini – daha yüksək səviyyəyə çatdırmağa imkan yaradacaq ki, bu da itkilərin minimuma endirilməsi deməkdir. Aktivlərin daha effektiv idarəedilməsi sistemi səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə əlavə üstünlüklər gətirə bilər.
Korporativ idarəetmə standartlarına keçidin sürətlənməsi səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə orta müddətli inkişaf üçün yol xəritəsi və marketinq strategiyasının hazırlanmasını asanlaşdıracaq.
Korporativ idarəetmənin tətbiqi bir tərəfdən dövlət sahibkarlığının təkmilləşdirilməsi deməkdirsə, digər tərəfdən dövlət müəssisələrinin özəl sektor analoqları qədər səmərəli fəaliyyətinin təmin edilməsi və rəqabət mühitinin daha da yaxşılaşdırılması anlamına gəlir. Çünki korporativ idarəetmə şəraitində dövlət siyasəti və dövlət sahibkarlığı arasında daha şəffaf sərhədlər müəyyənləşir ki, bu da rəqabət mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Daha təkmil korporativ idarəetmə dövlət müəssisələrinə imkan verəcək ki, daha rahat və çevik şəkildə xarici və daxili mənbələr hesabına sərmayə cəlb etsin. Dövlət müəssisələrində korporativ idarəetmənin yaxşılaşdırılması bu baxımdan Azərbaycanda qiymətli kağızlar bazarının da inkişafına əlavə töhfə ola bilər. Çünki daha şəffaf və hesabatlı dövlət müəssisələri qiymətli kağızlarını həm daxili, həm də xarici bazarlarda yerləşdirmək imkanlarını artıracaqlar. Məsələn, Malayziyada dövlət müəssisələri Bursa Malayziyanın bazar kapitallaşmasının 36 faizini, Kuala Lumpur Composite Index-nin isə 54 faizini təşkil edir. Hindistanda isə 41 dövlət müəssisəsi Mumbay Fond Birjasının bazar kapitallaşmasının 20 faizinə malikdir. Azərbaycanda daha yaxşı korporativ idarəetmə tətbiq edən dövlət qurumları dövlət büdcəsi üçün yük olmadan daxili və xarici bazarlardan vəsait cəlb edərək səmərəli fəaliyyət göstərə bilərlər. Hətta, korporativ idarəetmə ona gətirə bilər ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən dövlətə dividend hesablanar.
Korporativ idarəetmə dövlət-özəl əməkdaşlığı üçün də yeni imkanlar deməkdir.
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təkmil korporativ idarəetməsi onların göstərdikləri xidmətlər və istehsal etdikləri məhsullar üzrə istehlakçı məmnuniyyətinin artmasını şərtləndirə bilər. Xüsusilə, kommunal sahə, xidmət, əmtəə istehsalı və sərnişindaşımada xidmətin keyfiyyətinin daha da artması gözləniləndir.
Ümumiləşdirsək, deyə bilərik ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təkmil korporativ idarəetməsi onların rəqabət qabiliyyətini artıracaq, infrastrukturu təkmilləşdirəcək, hesabatlılıq və şəffaflığı yüksəldəcək, inklüzivlik, sosial məsuliyyət və ətraf mühitə təsiri müsbət istiqamətə dəyişəcək”.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.