İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklər, eyni zamanda, ölkəmizdə aparılan iqtisadi islahatların miqyasının genişlənməsinə, idarəetmə sisteminin optimallaşdırılmasına, səmərəliliyinin artırılmasına imkan yaradacaqdır.
Bu dəyişikliklər, həmçinin postneft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən islahatların sürətləndirilməsinə geniş baza formalaşdıracaq.
İqtisadçı alim qeyd etdi ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108 və 110) idarəetmə sisteminin institusional təkmilləşməsi, onun optimallaşdırılması və dəqiqləşdirilməsinə imkan yaratmaqla iqtisadi islahatların daha yaxşı koordinasiyası və miqyasının genişləndirilməsinə imkan yaradacaqdlr. Həmin dəyişikliklərə əsasən, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanın siyasi idarəçilik sistemində də ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulub. İstər birinci vitse-prezident, istərsə də vitse- prezidentlər institutunun yaradılması islahatların idarəedilməsi və qərarların optimallaşdırılmasına imkan yaradacaq. Bir sıra inkişaf etmiş ölkələrdə vitse-prezident institutunun uğurla fəaliyyət göstərdiyini nəzər alsaq, bu praktikanın da Azərbaycan üçün əlverişli olacağını söyləmək mümkündür. Başqa sözlə, bu, sözügedən islahatların aparılmasına daha modern və fərqli yanaşmanın reallaşması deməkdir. Eyni zamanda, yeniləşən idarəetmə sistemi iqtisadi proqramların icrasında çevikliyi də artıra biləcək. Nəticədə yeni dəyişikliklər Nazirlər Kabinetinin fəaliyyətinin islahatların daha da dərindən dəstəklənməsi istiqamətində qurulmasına müsbət təsir göstərəcək. Bu isə iqtisadi islahatların genişləndirilməsi üçün koordinasiya edilən və eləcə də modernləşən yeni idarəetmə aparatının formalaşması deməkdir.
Vüqar Bayramov bildirdi ki, dəyişikliklər idarəetmə sisteminin institusional yeniləşməsi ilə yanaşı, əmək hüquqlarının qorunması sisteminin təkmilləşməsi daxil olmaqla mülkiyyət münasibətlərinə yeni baxışı formalaşdıracaq. Belə ki, həmin məzmunda V və VII hissələrin əlavə edilməsi nəzərdə tutulub: "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur", "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər". Burada əsas məqsəd xüsusilə aqrar sektorun inkişafının dəstəklənməsidir.
Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclaslarında istifadəsiz əkinə yararlı torpaqların fermerlərin istifadəsinə verilməsi ilə bağlı hökumət qarşısında müvafiq tapşırıqlar qoyub. Lakin problem ondadır ki, bu cür torpaq sahələrinin bir qismi müəyyən insanlar tərəfindən zəbt edilib və fermerlərin istifadəsindən yayındırılıb. Yeni dəyişikliklər məhz kənd təsərrüfatı təyinatlı torpaqların fermerlərin və sahibkarların istifadəsinə verilməsinə şərait yaradacaq, eyni zamanda, bu prosesi sürətləndirəcək. Nəticədə kənd təsərrüfatında məhsul istehsalını artırmaqla idxaldan asılılığın aradan qaldırılması üçün yeni imkanlar yaranacaq.
Aydındır ki, bu dəyişikliklər Azərbaycan üçün strateji xarakterli sahələrin (pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, heyvandarlıq və s.) daha da inkişafı və genişləndirilməsinə xidmət göstərir. Eyni zamanda, sözügedən dəyişikliklər postneft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı çağırışlara tam uyğundur.
İqtisadçı söhbətində onu da vurğuladı ki, Referendum Aktı layihəsinin 36-ci maddəsinə təklif olunan dəyişiklik əmək hüququ əsasında işləyənlərin hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə əlverişli şərait yaradır. Bu məqsədlə müvafiq maddəyə edilən dəyişikliyə lokaut anlayışı da əlavə edilib. Dəyişikliyə əsasən əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. Dəyişikliklərə əsasən, qanunla müəyyə edilən hallar istisna olmaqla, konstitusion səviyyədə lokautun tətbiqi qadağan edilir.
Vüqar Bayramov, eyni zamanda, əlavə etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək dəyişikliklər iqtisadiyyatın diversifikasiyası ilə bağlı daha geniş miqyaslı islahatların aparılmasına zəmin və baza yaradacaq. Başqa sözlə, idarəetmə sistemində həyata keçiriləcək dəyişikliklər iqtisadiyyatın şaxələnməsinə hədəflənən islahatlar üçün institutsional baza formalaşdıracaq.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.