“Abşeron” yatağında ilkin qazın hasilatına 2019-cu ilin sonlarında başlanacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağı qaz ehtiyatlarının zənginliyi ilə seçilir. Hazırda adıçəkilən yatağın işlənməsi istiqamətində konkret tədbirlər həyata keçirilir. Burada ilkin qazın hasilatına isə 2019-cu ilin sonunadək  başlanması nəzərdə tutulur.

Bu barədə  Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda avqustun 29-da Bakıda öz işinə başlayan birinci Avrasiya konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.  X.Yusifzadə qeyd edib ki, “Abşeron” yatağında ilkin hasilat quyusunun qazılmasına gələn ilin üçüncü rübündə başlanacaq. Akademikin sözlərinə görə, hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağının işlənmə proqramı hazırlanır. İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planının nəzərdə tutulduğunu diqqətə çatdıran X. Yusifzadə, həmçinin deyib ki,  bu ilin sentyabrında konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqat sona çatdırılacaq.  Oktyabrın sonunda işlənmə proqramının tərəfdaşlar tərəfindən təsdiq edilməsi, noyabrın əvvəlində bu proqramın SOCAR-a təqdim olunması, gələn il yanvarın sonuna qədər isə işlənmə proqramının təsdiqi planlaşdırılır. “Abşeron” yatağında ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarı 2017-ci ilin sonuncu rübündə qəbul ediləcək.

Xatırladaq ki, Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 kilometr şərqə doğru açıq dənizdə yerləşən “Abşeron” perspektivli strukturu Azərbaycan geofiziklərinin seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilmişdir.  “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Sözügedən yataq  “ Azəri-Çıraq-Günəşli”  neft-qaz yataqlar blokundan cənub-qərbdə yerləşir.  2001-ci ildə Abşeron X-2 kəşfiyyat quyusu ilə kəşf olunan yatağın sahəsi 260 kvadratkilometr təşkil edir. “Abşeron” yatağı neftlilik-qazlılıq təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yerləşir. Yataq dənizin  dərin sulu hissəsində yerləşdiyindən o zamankı texnoloji imkanlar buradakı ehtiyatların işlənməyə cəlb olunmasını mümkünsüz edirdi.  Yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının icrası nəticəsində Azərbaycanın imkanları böyük dərəcədə artdı. Ölkəmizdə ən müasir qazma qurğuları tikilib istifadəyə verildi.

Müstəqilliyin ilk illərində--1993-cü ildə “Abşeron” perspektivli strukturu axtarış qazmasına hazırlanıb. 1997-ci ildə bu blokun “Şevron” və “Total” şirkətləri ilə birgə işlənilməsinə dair saziş imzalanıb. 2000-ci ildə müqavilə sahəsində bir quyu qazılsa da, lazımi nəticə əldə edilmədiyindən quyu  texniki səbəblərdən ləğv edilib və 2005-ci ildə sazişə xitam verilib. Bununla belə, Azərbaycan geoloqlarının,  Dövlət Neft Şirkəti mütəxəssislərinin “Abşeron” yatağı ilə bağlı fikirləri müsbət idi və onlar burada məhsuldar layların mövcudluğu qənaətində qalırdılar.  Bu da  adıçəkilən yatağa marağı artırırdı. Tarix onların inam və qətiyyətinin dəqiq elmi tədqiqatlara, düzgün təcrübi araşdırmalara əsaslandığını tam sübuta yetirdi.  Əldə olunan geoloji-kəşfiyyat məlumatlarının təkrar qiymətləndirilməsi bir müddət sonra “Abşeron” layihəsini yenidən diqqət mərkəzinə gətirdi. Nəhayət, 2009-cu il fevralın 27-də ARDNŞ ilə Fransanın “Total” şirkəti arasında yeni bir hasilatın pay bölgüsü sazişi imzalandı. Daha sonra “Total” müqavilədəki iştirak payının 20 faizini “Gaz De France Suez” şirkətinə satdı. Yeri gəlmişkən, bu, son dövrlərdə Azərbaycanın xarici şirkətlərlə bağladığı ən böyük neft-qaz müqaviləsidir. Hazırda  “Abşeron” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişinin iştirakçıları “Total”  (operator, 40 faiz),  “SOCAR” (40 faiz) və “Gaz De France Suez”  (20 faiz) şirkətləridir.

2011-ci ilin yanvarında “Abşeron” yatağında layihə dərinliyi 7200 metr olan quyunun qazılmasına başlandı və sentyabrın əvvəllərində 6558 metr dərinlikdə Fasilə lay dəstəsi açıldı. Quyuda aparılmış geofiziki tədqiqat işlərinin nəticəsi müsbət qiymətləndirildi. Bir quyuda alınmış nəticələrə əsasən, yatağın ehtiyatlarının qiymətləndirilməsi nisbətən çətin olsa da, mütəxəssislərin ilkin hesablamalarına görə, “Abşeron” yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.  Burada illik qaz hasilatının isə 5 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.

Yeri gəlmişkən, 2011-ci ilin sentyabrında yatağın kəşfi elan edildikdən sonra məlumatların dəqiqləşdirilməsi üçün birinci axtarış quyusunun yan lüləsinin qazılması haqqında qərar qəbul edildi. 2012-ci ildə işlər başa çatdırıldı və birinci axtarış quyusunun nəticələri yataqda cəlbedici kommersiya ehtiyatlarının mövcudluğunu bir daha təsdiqlədi. Hasilatın pay bölgüsü sazişinin operatoru “Total” şirkəti Azərbaycanda “Abşeron” yatağının kəşfiyyatı və işlənməsi üzrə tərəfdaşlar adından həmin yataqda iri qaz və kondensat ehtiyatlarının mövcudluğu barədə bəyanatla çıxış etdi. O zaman bu barədə məlumat yayan Böyük Britaniyanın “Financial Times” nəşri  yeni yatağın kəşfini Avropanın qaz təchizatında Azərbaycanın əsas mənbə kimi əhəmiyyətini artırdığını qeyd etmişdi. “Abşeron” dəniz yatağında 150-300 milyard kubmetr qaz ehtiyatının mövcudluğundan söhbət açan “Financial Times” sonuncu rəqəmin Böyük Britaniyanın illik qaz istehlakından təxminən dörd dəfə çox olduğunu diqqətə çatdırmışdı. 

Yeri gəlmişkən, 2011-ci ilin sentyabrında ARDNŞ və onun layihə üzrə tərəfdaşları--Fransanın “Total” və GdF şirkətləri tərəfindən “Abşeron” qaz-kondensat yatağının kəşf edildiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunmuşdur.  Heç şübhəsiz, “Abşeron” yatağının kəşfi Azərbaycanın neft-qaz sənayesi üçün əlamətdar hadisədir və bu, ölkəmizin Avropanın əsas qaz tədarükçülərindən biri kimi əhəmiyyətini xeyli dərəcədə artırır.  Təsadüfi deyil ki,  “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev demişdir: “...Doğrudan da bu, böyük hadisədir. “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir. Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır”.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında