Vergi yükü azaldılır

İqtisadi inkişaf üçün yeni imkanlar

Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqust ayının 4-də imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamında mühüm istiqamətlərdən biri də vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi ilə bağlıdır. Vergilər Nazirliyindən bildiriblər ki, bu bənd vergi dərəcələrinin optimallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, vergi idarəçiliyi sistemində inzibatçılığın müasir standartlar çərçivəsində təşkili həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyinə, həm də vergi ödəyicilərinin vergitutma sahəsində öhdəliklərinin keyfiyyətlə yerinə yetirilməsinə təsir göstərən əsas amillərdəndir. Azərbaycanın vergi siyasətində vergi inzibatçılığının təkmilləşdirilməsi mühüm yer tutur.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən ötən dövr ərzində hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə endirilib. Bu dəyişiklik 1 yanvar 2010-cu ildən tətbiq edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin illik gəlirlərindən tutulan gəlir vergisinin dərəcəsi isə 1 yanvar 2010-cu il tarixdən 20 faiz həddində müəyyən edilməklə hüquqi və fiziki şəxslərin mənfəətinə (gəlirinə) tətbiq olunan verginin dərəcəsi eyniləşdirilib. Əlavə dəyər vergisinin dərəcəsi Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən 18 faiz dərəcə ilə müəyyənləşdirilib.

Vergilər Nazirliyindən bildiriblər ki, hazırda Azərbaycanda vergi yükü göstəricisi əksər dövlətlərdən aşağıdır. Lakin aparılan iqtisadi islahatlar fonunda qeyri-neft sektorunda investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə vəsaitlərinə qənaət etməklə istehsalın genişləndirilməsi və məşğulluğun təmin edilməsi məqsədilə, vergi yükünün yenidən qiymətləndirilməsini zəruri edir.

Ekspertlərin fikrincə, bu proses bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin sadələşdirilməsi və elektron audit sisteminin geniş tətbiqi formasında öz əksini tapa bilər.

Sərəncamda diqqətçəkən məsələlərdən biri də sabit verginin tətbiqidir. Sabit vergi, fiziki şəxslərin əldə etdiyi gəlirlərinin həcmindən asılı olmayaraq, aylıq vahid məbləğdə müəyyən edilən vergidir. Sabit verginin tətbiqi praktikası hazırda qüvvədə olan Vergi Məcəlləsində də mövcuddur. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslərə münasibətdə sabit vergi sistemi nəzərdə tutulur. Həmin şəxslər Vergi Məcəlləsinin 220-ci və 221-ci maddələri ilə müəyyən edilmiş sadələşdirilmiş vergini sabit vergi şəklində ödəyir və bu zaman istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımilllik və ya il üçün "Fərqlənmə nişanı" alırlar. Mövcud qanunvericiliyə görə, fərdi xidmətlər təqdim edən və bu tip kiçik sahibkarlıq fəaliyyəti göstərən şəxslər də digər vergi ödəyiciləri kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin ödəyiciləridir. Fərdi sahibkarlıqla məşğul olduqlarına görə, bu şəxslər əldə etdikləri gəlirdən, seçdikləri vergitutma metodundan asılı olaraq, sadələşdirilmiş və ya gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bunun üçün onlar ilk növbədə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Fərdi sahibkarlıqla məşğul olan şəxslərin vergi öhdəliklərinin sadələşdirilməsi və patent sisteminin tətbiqi ilə bağlı vergi qanunvericiliyinə dəyişikliklər edilməsi istiqamətində təkliflər son zamanlar geniş müzakirə mövzusu idi. Sərəncamda bu məsələ öz həllini tapıb.

Vergilər Nazirliyindən bildiriblər ki, yeniliklərin tətbiqi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə vergi inzibatçılığının yüngülləşdirilməsi, vergi ödəmələrinin bəyannamə təqdim edilmədən sadələşdirilmiş qaydada yerinə yetirilməsi məqsədini daşıyır. Bu məqsədlə Vergi Məcəlləsində təklif edilən dəyişiklikdə həmin kateqoriyaya aid olan fiziki şəxslərin siyahısının və aylıq sabit vergi məbləğlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sərəncamdan irəli gələn məsələlərin həlli vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın artırılmasına, real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsinə və inzibatçılığın daha da təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verəcək.

Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında"  sərəncama əsasən, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi ilə bağlı məqamlar da xüsusi diqqət çəkir. Məsələn, sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Hazırda pərakəndə satış zamanı həmin məhsulların dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir. Bununla yanaşı, ƏDV ödəyicisi olmayan şəxslərdən alınmış mallar da ticarət şəbəkələri tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməklə satılır. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətlərində süni artımın olması onların ticarət dövriyyəsinə mənfi təsir göstərir.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri ümumi dövriyyədən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur. Yeni islahatlar isə bu sahəni əhalinin və sahibkarın xeyrinə tənzimləyəcək.

Vergilər Nazirliyindən bildirilib ki, ƏDV son istehlakçıdan alınan istehlak vergisidir və bu verginin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Bu da sahibkarın dövriyyəsinin, son nəticədə isə mənfəətinin artmasına müsbət təsir göstərəcək. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmalıdır. Əgər uçotu aparılmazsa, ƏDV ümumi dövriyyəyə tətbiq olunacaq. Buna görə ƏDV-nin ticarət əlavəsindən hasablanması sosial xarakterlidir.

Bu istiqamətdə sərəncamdan irəli gələn məsələlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dairəsinin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Hazırda topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların satışı zamanı əksər hallarda ciddi hesabat blanklarından istifadə edilmir. Bununla yanaşı, həmin obyektlərdən malların pərakəndə qaydada da satışı həyata keçirilir və bu onların vergitutma obyektinin müəyyən edilməsində çətinliklər yaradır. Həmin səbəbdən topdan və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsinə zərurət yaranır.

Ekspertlərin fikrincə, bu addım, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb olacaq. Ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər ki, bu da öz növbəsində sağlam rəqabət mühitinə yol açacaq.

Əlavə dəyər vergisi ilə bağlı digər məqam ondan ibarətdir ki, islahatların davamı olaraq, ölkədə aparılan sosial siyasət bir sıra istehlak mallarının qiymətlərinin həmin mallara 18 faiz dərəcə ilə tətbiq edilən ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsini nəzərdə tutur. Beynəlxalq təcrübədə bir sıra mallara, o cümlədən uşaq qidalarına, məktəbli ləvazimatlarına, dərman vasitələrinə, əlillər üçün tibbi məhsullara və avadanlıqlara, kitablara və bir sıra xidmət növlərinə ƏDV-nin differensiallaşdırılmış dərəcəsi tətbiq edilir. Bu məqsədlə, beynəlxalq təcrübə öyrənilərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər olunacaq.

Ekspertlərin qənaətinə görə, ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır, müəssisə daha çox böyüməyə meylli olur. Eyni zamanda, bu addım sahibkarlıq subyektlərinin sayının artmına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olur.  Ümumiyyətlə, differensiallaşma iqtisadiyyatın optimallaşmasına, prioritet sektorların inkişafına və bu da, nəticədə, sahibarklara və istehlakçılara faydalı olacaq.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında