Bakıətrafı qəsəbələrdə yeni içməli su təchizatı sistemləri yaradılır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Respublikası hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir.

Xatırladaq ki, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci  ilədək perspektiv inkişaf  nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün “Alatava” mərkəzi su anbarının imkanlarından istifadə olunacaq. Həmin obyektdən  suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 millimetr diametrli polad borularla 9,8 kilometr uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilmiş və indiyə qədər kəmərin 4 kilometrlik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Magistral kəmərin uzunmüddətli istismarını təmin etmək üçün tikintidə istifadə olunan borular korroziyaya qarşı izolyasiya olunmuşdur. Kəmərlə axıdılacaq içməli suyun keyfiyyət göstəricilərinin sabit saxlanılması üçün borular daxildən qida sənayesində istifadəsinə icazə verilən xüsusi boyalarla izolyasiya edilmişdir. Kəmərin inşası ilə paralel “Alatava” su anbarındakı mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri həyata keçirilir.

Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir.  Tikinti şirkəti tərəfindən indiyədək 25 kilometr su və 16 kilometr kanalizasiya xəttinin çəkilişi başa çatdırılmış, 474 kanalizasiya quyusu quraşdırılmış, ünvanlara birləşmələr verilmişdir. Növbəti mərhələdə su şəbəkəsinə qoşulmaların verilməsi və sayğacların quraşdırılması işlərinin aparılması nəzərdə tutulur.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ildə  başa çatdırılması planlaşdırılır. Bununla da, Badamdar qəsəbəsində istehlakçıların fasiləsiz su təminatı mümkün olacaq, eyni zamanda, mərkəzləşdirilmiş qaydada su və kanalizasiya şəbəkələrinə qoşulmayan əhalinin bu xidmətlərindən istifadəsi imkanı yaranacaqdır. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə layihəsi çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulacaqdır. Artıq layihə üzrə tender elan olunmuş və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanacaqdır.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında