Binəqədi rayonunda çoxmərtəbəli binaların tikintisinə başlanılıb

Nazirlər Kabinetinin "Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarına əsasən, Binəqədi rayonunda 49 çoxmənzilli yaşayış binasının və 166 fərdi yaşayış evinin sökülərək yerində daha yaraşıqlı, eyni zamanda, daha geniş mənzilləri olan çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulub.

  Nazirlər Kabinetinin bu ilin yanvarında verilmiş qərarı Binəqədi rayonunda hazırda uğurla icra edilməkdədir. Xatırladaq ki, sözügedən qərara əsasən, adıçəkilən rayonlarda 5 il müddətinə bır sıra tədbirlər həyata keçirilməlidir. Həmin tədbirlər mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl edilməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış evlərinin sökülməsini nəzərdə tutur.  Məlum  qərara əsasən, Binəqədi rayonu üzrə 1247 ailənin yaşadığı 49 çoxmənzilli yaşayış binasının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunan zonadakı 166 fərdi yaşayış evinin sökülməsi planlaşdırılıb. Sökülməsi nəzərdə tutulan digər 49 çoxmənzilli bina rayonun müxtəlif ərazilərində yerləşir. Hazırda Rəsulzadə qəsəbəsində yaşı yüzü keçmiş xeyli tikili var. Qəzalı vəziyyətdə olması üzündən həmin tikililərdə təmir-bərpa, abadlıq işlərinin aparılmasında ciddi problemlər mövcuddur.

Nazirlər Kabinetinin müvafiq qərarının icrasını təmin etmək məqsədilə bu il yanvarın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 17 saylı sərəncamı ilə  "pilot layihə"nin həyata keçirilməsi üçün müvafiq  komissiya yaradılıb və qurum davamlı olaraq hər ay qəzalı vəziyyətdəki  binalarda yaşayan  sakinlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı rayon ərazisində görülən tədbirlər haqqında  yuxarı təşkilatlara hesabat  verir. 

Komissiyanın məlumatında bildirilib ki, qəzalı vəziyyətdə olan binalarda tikinti işlərini  "Relt House" MMC və "Aztexno Kompani" MMC tikinti şirkətləri həyata keçirəcək. Bununla əlaqədar adıçəkilən  şirkətlərlə rayon icra hakimiyyəti arasında müvafiq qaydada müqavilə bağlanılıb.  Müqaviləyə əsasən, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən  5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikilməsini  "Relt House" MMC,  Azadlıq prospektində yerləşən 10 və 12 saylı qəzalı  binalarda isə tikinti işlərini "Aztexno Kompani" MMC həyata keçirəcək. 

Qeyd edək ki, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Binəqədi Rayon İcra Hakimiyyəti başçısı 26 yanvar 2016-cı il tarixli 18 saylı sərəncam imzalayıb. Rayon icra hakimiyyətinin dəstəyi ilə sərəncamdan və layihədən irəli gələn tələblərin icrası ilə əlaqədar olaraq, söküləcək binaların sakinləri ilə  maarifləndirici söhbətlər aparılıb və bu proses hazırda da davam edir.

"Relt House" MMC şirkəti tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə işi artıq başa çatdırılıb. Sənədə əsasən, qeyd olunan ünvanda podratçı təşkilat "Relt House" MMC tərəfindən tikinti işləri sakinlərin razılığı əsasında həyata keçiriləcək. Qəzalı binada yaşayan sakinlərin hər ay kirayə haqqının ödənilməsi və köçürülməsi təmin olunmaqla, hər biri 3 mərtəbəli 3 binanın, o cümlədən Azadlıq prospekti 5-də 18, Azadlıq prospekti 7-də 24, Azadlıq prospekti 9-da 18 mənzilli, ümumi sahəsi 4048 kvadratmetr olan 60 ədəd mənzilin sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi, tikinti başa çatdıqdan sonra onların yeni mənzillərlə təmin olunması nəzərdə tutulub. Bundan əlavə, "Relt House" MMC tərəfindən binaların həyətində 380 kvadratmetr olan 13 nəfərə məxsus 14 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı sakinlərlə ümumi razılığa gəlinərək müqavilə imzalanıb və qeyri-yaşayış obyektlərinin sökülməsi işləri başa çatdırılıb.

Obyekt sahiblərinin yeni yaşayış binalarının birinci mərtəbəsində və zirzəmisində inşa olunacaq ümumi sahəsi 24,191 kvadratmetr təşkil edən qaraj və qeyri-yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulub. Artıq Azadlıq prospekti 5 saylı yaşayış binasının sakinləri ilə "Relt House" MMC arasında öhdəlik müqaviləsi imzalanıb. Həmin binada 18 mənzil sahibinin kirayə evlərə köçürülməsi tam başa çatdırılıb. Həmin ərazidə yerləşən 7 və 9 saylı binaların sakinləri ilə müvafiq razılaşma işləri aparılır.

Tikintiyə hazırlıq işləri ilə əlaqədar olaraq, sahədə müvəqqəti ofis binası inşa edilib. Yeni tikiləcək bina üçün torpaq-bərkitmə, metal şpuntların vurulması işləri başa çatdırılıb, tikinti ərazisi müvəqqəti kommunikasiya xətləri - elektrik, su və kanalizasiya xətləri ilə təmin edilib. İnşa ediləcək binanın bünövrəsinin qazılması işləri başa çatdırılıb. Hazırda bünövrəyə çınqıl ballastı verilməsi, dəmir-beton özülündə armatur karkasının quraşdırılması da başa çatdırılmaq üzrədir. Sökülməsi nəzərdə tutulan 5 saylı binada magistral elektrik, qaz, su və kanalizasiya xətlərinin köçürülməsinə başlanılıb. Hazırda binanın söküntü işləri aparılır.

Xatırladaq ki, "Aztexno Kompani" MMC tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti 10 və 12 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binaların sökülərək yerində "Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair" icra hakimiyyəti başçısının 18 may 2016-cı il tarixli 113 saylı sərəncamına əsasən, qeyd olunan ünvanda podratçı təşkilat "Aztexno Kompani" MMC tərəfindən qəzalı binalarda yaşayan sakinlərin hər ay kirayə haqqının ödənilməsi və köçürülməsi təmin olunmaqla hər biri 2 mərtəbəli 2 binanın, o cümlədən Azadlıq prospekti, 10-da 22, Azadlıq prospekti, 12-də 22 mənzilli, ümumi yaşayış sahəsi 1957 kvadratmetr olan 44 ədəd mənzilin sökülərək yerində 18 mərtəbəli yeni yaşayış binasının tikintisi planlaşdırılıb.

Hazırda "Aztexno Kompani" MMC tərəfindən sakinlərlə qəzalı binaların sökülərək yenisinin tikintisi ilə əlaqədar layihədən irəli gələn tələblərin icrası istiqamətində maarifləndirmə işləri aparılır və tikintinin layihə sənədlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən razılaşdırılması və infrastrukturun yaradılması tədbirləri həyata keçirilir.

Bütün bunlar isə ondan xəbər verir ki, Nazirlər Kabinetinin qərarına  əsasən, sifarişçi tikinti şirkətləri  5 il müddətində  öz üzərlərinə düşən vəzifələri layiqincə icra edəcək və sakinləri daha yaraşıqlı və geniş mənzillərlə təmin edəcəklər. Bu da son nəticədə vətəndaş məmnunluğuna  və  şəhərimizin daha da abadlaşmasına,  gözəlləşməsinə səbəb olmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına  xidmət edəcəkdir.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında