İqtisadi inkişaf strategiyasında sahibkarlıq mexanizmi

 

{nl}

Bəşər tarixi XX əsrin son onilliyində bir daha sübut etdi ki, sahibkarlıq özünü sivil hesab edən hər bir cəmiyyətin iqtisadi sisteminin əsas komponenti olub və hələ uzun illər belə də olacaq. Tarix üçün çox qısa bir zamanda-70 ildə siyasi "çadugərlik" edən Sovetlər Birliyinin və onun himayəsi ilə yaranan postsosialist ölkələrin mərkəzləşdirilmiş planlı iqtisadiyyatı tam iflasa uğradı. İqtisadi səmərəsizliyi, onun doğurduğu yanlış iqtisadi struktur və başlıcası, insanlara layiqli həyat tərzi və rifah təmin etməyə qabil olmayan bu iqtisadi modelin iflası böyük bir imperiyanı - SSRİ-ni də çökdürdü.
O yaxın keçmişin inqilabi proseslərinin XXI əsrin prizmasından təhlili belə bir gerçəkliyi tam təsdiq edir ki, "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" kimi sərsəm bir ideyaya söykənən quruluş daha çox məhz ozunun iqtisadi mexanizminin qurbanı oldu. Həyat özünəməxsus gerçəkliklərilə bunu parlaq şəkildə nümayiş etdirirdi. Sovet iqtisadi sisteminin geniş təhlilini aparmış, XX əsrin 90-cı illəri üçün dünyanın bir nömrəli iqtisadçı alimlərindən sayılan Harvard Universitetinin beynəlxalq ticarət kafedrasının professoru və beynəlxalq inkişaf fakültəsinin şura üzvü, ABŞ-ın iqtisadi tədqiqatlar üzrə milli bürosunun müxbir üzvü, bir vaxtlar Beynəlxalq Falyuta Fondunun, Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və BMT-nin inkişaf proqramının məsləhətçisi işləmiş Cefri Saks həmin illərdə çap etdirdiyi "Bazar iqtisadiyyatı və Rusiya" əsərində müqayisəli şəkildə verdiyi aşağıdakı cədvəldə bunu çox gözəl isbat etmişdir.
1991-ci ildə adambaşına düşən ümumi daxili məhsul

{nl}

(ABŞ dolları)
Qərbi Almaniya 23650
Şərqi Almaniya 6 900
Finlandiya 23 980
Estoniya 3830
Cənubi Koreya 6330
Şimali Koreya 636-2555
Avstriya 20140
Çexovlovakiya 2470

{nl}

Bu ölkələrin tarixinə nəzər salsaq görərik ki, onların hər biri C.Saksın yazdığı kimi, "öz iqtisadi inkişaf yollarına təqribən eyni bir nöqtədən - İkinci Dünya müharibəsindən sonra başlamışlar".
Beləcə, bütün postsovet və postsosialist ölkələrinin iqtisadiyyatında olduğu kimi, Sovet Azərbaycanının, mərkəz Moskvadan asılı olan iqtisadiyyatı da bu sistemin bir parçası kimi, Qərb ölkələrinin sahibkarlıq fəsləfəsinə və mexanizminə söykənən bazar iqtisadiyyatından neçə dəfələrlə geri qalırdı.
Əlbəttə, təkcə gəlirlərin səviyyəsinə görə deyil, bu gəlirlərdən birbaşa asılı olan sosial həyat səviyyəsinə görə də.
Ona görə də Sovetlər Birliyinin planlı və mərkəzləşdirilmiş, inzibati amirlik üsulu ilə idarə olunan dövlət təsərrüfat mexanizmi də onun özü kimi dağılandan sonra, digər müstəqil respublikalar kimi Azərbaycan Respublikası da bazar iqtisadiyyatı yolunu tutdu. Amma bunu elan etmək hələ by yolda uğur qazanılacağına təminat vermirdi. Çünki bu iqtisadi sistem cəmiyyət və dövlət qarşısında bir çox vacib məsələlər qoyurdu ki, bunların sırasında sahibkarlığın inkişafı çox mühüm yer tuturdu.

{nl}

Milli sahibkarlıq: tarixin yaddaşından
Əlbəttə, postsovet Azərbaycanında sahibkarlıq çox məhdud dairədə də olsa inkişaf etmişdi. Digər tərəfdən, Azərbaycanın qədim dövrlərdən başlayaraq XX əsrin ilk iki onilliyinə qədər inkişaf etmiş zəngin sahibkarlıq ənənələri olmuşdur. Ölkənin sahib olduğu zəngin təbii sərvətlər həm xarici iş adamlarının Azərbaycana gəlməsinə, həm də yerli sahibkarların bu istiqamətdə fəaliyyəti üçün geniş imkanlar açmışdır.
Neftlə zəngin olan ölkəmiz hələ XIX əsrdən neftin hasilatı və satışı üzrə bir çox nüfuzlu və tanınmış sahibkarlar yetişdirmişdi. Azərbaycanın, Bakının neft milyonçuları kimi dünyada böyük nüfuz qazanan bu insanlar ölkəmizin neft sənayesinin inkişafına, buradan əldə etdikləri gəlirlərlə milli iqtisadiyyatın inkişafına misilsiz töhfələr vermişlər.
Tarixi mənbələrdə göstərildiyi kimi, hələ 1870-ci ildə Bakıda ağ neft emalı ilə məşğul olan 47 zavodun yarıdan çoxu, neft quyularının isə 90 faizə qədəri Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev, Səlimov, Mirzəyev, Montaşov və sair sahibkarlara məxsus idi. XX əsrin əvvəlində dünyanın milyonçu sahibkarlarının diqqətini çəkən Bakı nefti xarici kaitalın Azərbaycana sürətli axınına, burada sahibkarlığın tərəqqi etməsinə səbəb oldu. Artıq 1901-ci ildə dünya neft hasilatının yarıdan çoxunun Azərbaycanın neft sənayesinə məxsus olduğu bir vaxtda, bu istiqamətdə fəaliyyət göstərən 167 müəssisənin 29 faizi milli kapitala, qalan 71 faizi isə xarici kapitala məxsus idi.
Neft bumunun yaşandığı məhz həmən illərdə Azərbaycanın sənaye məhsullarının 70-80 faizi paytaxt Bakıda istehsal olunmuş və bu həcm bütünlüklə neft sənayesinin payına düşürdü. Artıq 1915-ci ildə Bakıda 549 sənaye müəssisəsi fəaliyyət göstərirdi və hələ 1910-cu ildə 177 böyük firma yalnız neftçıxarma ilə məşğul idi.
Tarixi mənbələrdən məlumdur ki, XX əsrin əvvəllərindən İngiltərədən Henri Deterdingin "Royal Döyçe Şell", ABŞ-dan Jon Rokfellerin "Standard oyl", Fransadan Rotşildin "Xəzər-Qara dəniz" və "Mazut", İsveçrədən məşhur Nobel qardaşlarının sindikatları çox böyük maraqla Azərbaycan sənayesinə sərmayə yatırır və ölkədə sahibkarlığın inkişafı ilə iqtisadiyyatın yüksəlişinə töhfələr verirdilər. Neft sənayesinin əsas təşkil etməsinə baxmayaraq, digər sahələr də - mis istehsalı, dəmir yollarının çəkilişi, qiymətli kağızlar bazarı, bank fəaliyyəti, ticarət-xidmət sahələri də sürətlə inkişaf edirdi. Bakının və ətraf kəndlərin 400 mindən çox əhalisinə 5 mindən çox ticarət müəssisəsi xidmət göstərirdi. 1913-cü ildə artıq Bakıda 15 iri bank fəaliyyət göstərirdi. Şəhər artıq təkcə Zaqafqaziya və Rusiyanın yox, dünyanın bir çox ölkələri ilə idxal-ixrac əlaqələri qurmuşdu.
Təbii ki, bu tarixi faktların və Azərbaycanda zəngin sahibkarlıq ənənələrinə söykənən iqtisadiyyatın xalqımızın inkişafına verdiyi töhfələrdən çox nümunələr göstərmək olar. Məsələn, Azərbaycanın daha iri sahibkarlıq fəaliyyətinə aid sindikat tipli 4 balıqçılıq firması dünya bazarına ixrac edilən və dönərli valyutaya satılan ağ balıq kürüsünün 45 faizini verirdi. Dövlət xəzinəsinə ildə orta hesabla 2 milyon manatdan çox vəsait köçürən balıqçılıq sənayesi şirkətləri H.Z.Tağıyevə, Piralovlara, Zeyalovlara, Mailovlara və başqa sahibkarlara məxsus idi. Pambıqçılıq, ipəkçilik, üzümçülük sənayesi də beləcə tərəqqi tapır və inkişaf edirdi.
Lakin 70 illik siyasi quruluş və qırmızı imperiyanın repressiv metodları çox ənənələrin üstündən xətt çəkmişdi, insanlar müstəlilliyin ilk illərində sahibkarlıq fəaliyyətinə elə də ciddi maraq göstərmirdilər. Bunun səbəblərindən biri bu fəaliyyət sahəsinə təminat verən qanunvericilik bazasının olmaması idisə, digər mühüm səbəblərindən biri ölkənin özünün düşdüyü siyasi vəziyyət idi. Təbii ki, bunu qiymətləndirmədən Azərbaycanda müstəqillikdən sonra başlayan sahibkarlıq fəaliyyətinin təhlilini vermək, bazar iqtisadiyyatına keçidin ölkə üçün əhəmiyyətini aydınlaşdırmaq doğru olmazdı.
Bazar iqtisadiyyatının əsas mexanizmi olan sahibkarlığın inkişafı müəyyən iqtisadi, sosial-mədəni, təşkilat-texniki, fiziki, coğrafi şərait və mühitlə sıx bağlıdır. Aydın məsələdir ki, iqtisadi şəraitə siyasi vəziyyət xüsusi təsir göstərir. İqtisadiyyatın idarə edilməsi yolları əksər hallarda hakimiyyətdə olan hökumətin siyasi məqsəd və tapşırıqlarının nəticəsidir.
Doğrudur, müstəqilliyin ilk illərində Azərbaycanın siyasi hakimiyyətinin heç bir iqtisadi orientiri bəlli deyildi. Siyasi məram ölkənin müstəqil dövlətçiliyini qorumaq olsa da, iqtisadi inkişaf mexanizmi bəlli olmadan bunun rellaşacağına inanmaq sadəlövhlük olardı. Bu qeyri müəyyənlikdə tənzimlənən bazar iqtisadiyyatına keçid ideyası ortaya atılsa da konkret bir proqram yox idi. AXC hakimiyyətə gələndən sonra da vəziyyət elə də ciddi dəyişmədi. Ölkədə hakimiyyətə yiyələnmək uğrunda gedən kəskin qarşıdurma, Ermənistanın işğalçı hücumları əslində iqtisadiyyatda da bir xaos yaratmışdı. Ədalət naminə qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçid istiqamətində uğursuz da olsa, müəyyən addımlar atıldı. Özəlləşdirmə proqramı elan olundu, hətta 1992-ci ilin dekabrında ölkənin siyasi hakimiyyətinin məramını qismən açıqlamaq naminə də olsa "Sahibkarlıq fəaliyyəti haqqında" Qanun qəbul edildi.
Amma reallıq ondan ibarət idi ki, bu savadsız və səriştəsiz, əsaslı şəkildə hazırlanmamış sənəd bəzi qüvvələrə ölkənin sovet sistemindən qalan iqtisadi infrstrukturunun dağıdılmasına geniş şərait yaratdı. AXC hakimiyyəti idarəçiliyinin bir ilini yalnız siyasi demoqoqiyaya, çəkişmələrə və uğursuz müharibəyə həsr edərək ölkədəki siyasi və iqtisadi iflası daha da dərinləşdirirdi.
1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev elə ilk açıqlamalarının birində ölkənin gerçək mənzərəsini tam dolğun olaraq belə bəyan etdi: "İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz. Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir. Axı keçmiş SSRİ-nin heç bir respublikasında belə vəziyyət yoxdur. Əlbəttə, Elçibəyin rəhbərlik etdiyi hakimiyyət, ondan əvvəlki rəhbərlik də öz işini görmüşdür. Onların yalnız bir "müqəddəs" prinsipləri vardı: rəhbər vəzifəni yalnız Xalq Cəbhəsindən olan tuta bilər, dövlət işi səriştəsiz adamlara, adi aşpaza belə etibar olunurdu".
Bu sözləri ürək ağrısı ilə deyən ulu öndər Heydər Əliyevə XX əsrin 70-ci illərindən öz dərin zəkası və polad iradəsilə, sərt və amansız rejimin basqısı altında qurub-yaratdığı, inkişaf etmiş sənaye və kənd təsərrüfatı infrastrukturu olan, iqtisadi yüksəliş dövrünü yaşayan bir ölkədən o müdhiş 1993-cü ilə miras qalan bunlar idi:
1. Azərbaycan hökuməti tam müflişləşmişdi - çünki hakimiyyətdə bir-birini əvəz edən təcrübəsiz və qətiyyətsiz qüvvələr ölkənin bütün valyuta ehtiyatlarını dağıtmış və on milyonlarla dollar xarici borc yığmışdılar.
2. İqtisadi sistem tam iflasa uğramışdı, ölkədə bəlli olmayan, xaotik bir iqtisadi vəziyyət hökm sürürdü. Müəssisələr bir-bir iflasa uğrayır, dağıdılır, ölkənin strateji məhsulları necə gəldi xarici ölkələrə çıxarılır və bir qrup işbazın maraqlarının təmin olunmasına xidmət edirdi.
3. Ölkə eyni zamanda bir neçə transformasiya ilə üzləşmişdi: diktaturadan demokratiyaya, imperiyadan qoparaq müstəqil dövlət quruculuğuna, iqtisadi anarxiyadan yeni, bazar iqtisadiyyatına keçid.
Bütün bunlar çox sərt və ağır bir şəraitdə gedirdi. Gənc müstəqil dövlət ədalətsizliyin qurbanı olaraq işğala məruz qalmışdı, ölkə bir çox dövlətlərin açıq-gizli dəstəyinə arxalanan Ermənistanla müharibə aparırdı, daxildə siyasi hakimiyyət uğrunda çəkişmələr səngimək bilmirdi, iqtisadiyyat büsbütün dağılmışdı...

{nl}

"İqtisadi böhrandan əsas çıxış yolu özəlləşdirmədədir"
Qısaca, sözün əsl mənasında çıxış nöqtəsinin belə harada olduğu bəlli deyildi. Lakin dəyərlər iyerarxiyasının mövcud olduğu siyasətdə müxtəlif səviyyəli problemləri görməyi bacarmaq lazımdır ki, heç nəyi qarışdırmayasan. Bu mənada əsrin siyasət nəhənglərindən olan Heydər Əliyev hakimiyyətə qayıdışından sonra şübhəsiz ki, qarşısında hansı problemlərin durduğunu və nədən başlamağın lazım gəldiyini özünəməxsus siyasi fəhmi ilə bilirdi.
Hakimiyyətə qayıdışının ilk günlərindən təhlükədə olan müstəqil dövlətçiliyin müdafiəsi və qorunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirən dövlət başçısı Heydər Əliyev ölkənin hansı iqtisadi yolla inkişaf edəcəyini də təbii ki, çox mühüm və taleyüklü məsələ hesab edirdi. Məsələ heç də sahibkarlıq fəlsəfəsinə söykənən bazar iqtisadiyyatının qəbul edilməsindən getmirdi. Reallıq ondan ibarət idi ki, bəşəriyyət bu yolda çox zəngin təcrübə qazanmışdı və bu təcrübə özünü sonradan bir çox inkişaf etmiş ölkələrdə yüksək nailiyyətlərlə sübut etmişdi. Hələ ki, buna alternativ ola bilən uğurlu bir yol yox idi.
Digər tərəfdən inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanıb, onlardan dürüst işlənmiş bazar iqtisadiyyatı qanunvericiliyini və digər institusional nailiyyətləri əxz edərək, sınanılmış və uğur gətirmiş bu yolu daha sürətlə və tez keçmək olardı.
Ulu öndər Heydər Əliyev əvvəldə göstərdiyimiz bir özəlliyi də xüsusi nəzərə alırdı ki, Azərbaycanda tarixən sahibkarlıq fəlsəfəsinə söykənən iqtisadiyyat olmuşdur və bu mexanizm milli şüura, təfəkkürə, milli yaddaşa yad deyil. Buna baxmayaraq, yeni bazar iqtisadiyyatına keçid dövrü artıq bu dövrə uyğun sahibkarlıq təcrübəsinə yiyələnməyi tələb edirdi. Əlbəttə, kor-koranə qərbin təcrübəsini olduğu kimi ölkəyə gətirmək, bazarın inkişafı naminə olsa belə, yaxşı bir şey vəd etmirdi. Bazar strukturlarının özü də, institutları da Azərbaycanın özünəməxsus şəraitinə uyğunlaşdırılmalı idi.
Bazar iqtisadiyyatına keçid üçün dövlət strukturlarından asılılığı minimuma endirmək və elə bir azad, hüquqi cəmiyyət qurmaq lazımdır ki, orada insanlar, xüsusi şirkətlər və ictimai təşkilatlar öz problemlərinin böyük bir qisminin həlli üçün məmurların göstərişlərini, qadağa və icazələrini deyil, bazarın qanunlarını və mübarizədə rəqabəti rəhbər tutsunlar. Ölkə məhz buna doğru gedirdi və ulu öndər Heydər Əliyev bunu da ilk günlərdən bütün dünyaya bəyan etmişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Postsovet respublikalarında bazar iqtisadiyyatını çox yaxından izləmiş İsveçin tanınmış iqtisadçı alimi, Vaşinqtondakı Karneqi Fondunun əməkdaşı Anders Oslund 1994-cü ildə yazırdı: "Bu gün artıq aydın oldu ki, bazar iqtisadiyyatının normal fəaliyyəti üçün şəxsi mülkiyyətin üstünlük təşkil etməsi lazımdır. Mülkiyyət hüququ verilməlidir. Bunu etməyin sadə yollarından biri yeni şəxsi müəssisələrin yaradılmasını stimullaşdırmaqdır. Başqa daha çətin yol isə mövcud ictimai mülkiyyəti özəlləşdirməkdir".
Ümummilli lider Heydər Əliyev 1994-cü ildə respublika hökumətinin "yeni şəxsi müəssisələrin yaradılmasını stimullaşdırmaq üçün" heç bir imkanın olmadığını yaxşı bilirdi. "Əsrin müqaviləsi"nin imzalanması gündəmdə olsa da, onun sayəsində ölkəyə investisiyaların axınına isə hələ çox qalırdı. Belə bir şəraitdə Heydər Əliyev daha mürəkkəb yolu seçdi, ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verdi.
Əlbəttə, bu məqsədə hələ 1992-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Dövlət Əmlak Komitəsi yaradılaraq fəaliyyətə başlamışdı. Hətta 1993-cü ilin yanvarında "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Qanun da qəbul edilmişdi. Lakin əvvəldə qeyd etdiyimiz kimi, hakimiyyətin səriştəsizliyi və bir çox neqativ hallar üzündən ədalət prinsipi pozulmuş, ciddi qanun pozuntularına yol verilmişdi.
30 iyul 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev ölkənin qanunverici orqanı olan Milli Məclisə məktubla müraciət edərək "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı"nın təsdiq olunmasını, eyni zamanda, 1993-cü il yanvarın 7 qəbul edilmiş və qüvvədə olan "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Qanuna müəyyən dəyişikliklər və əlavələr edilməsini təklif etdi.
Həmin məktubda dövlət başçısı Heydər Əliyev çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: "İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir".
Hələ 1995-ci ilin martında Prezident Heydər Əliyev Nazirlər Kabinetinin müşavirəsində bir daha bəyan etdi ki, özəlləşdirmə proqramının həyata keçirilməsinin şəffaflığı tam təmin olunmalı və ölkə ictimaiyyətinin təklif və rəyləri nəzərə alınmalıdır.
Dövlət proqramı dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsasları ilə yanaşı, onun sahələri, istiqamətləri, müddəti, mərhələləri də göstərilmişdir. 1996-2005-ci illəri əhatə edən proqramda özəlləşdirmənin 4 mərhələdə aparılacağı əks olunmuşdu: birinci mərhələ 1996-98-ci illər, ikinci mərhələ 1999-2000-ci illər, üçüncü mərhələ 2000-2001-ci illər və nəhayət, dördüncü mərhələ 2001-2005-ci illər.
(ardı var)

{nl}

Arzuman MURADLİ, iqtisad elmləri hamizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında